Azərbaycan Kəlbəcərdəki vandalizmə səssiz qalmayacaq

 

 

 

Prezident İlham Əliyev: “Düşmən Kəlbəcərə görə cavab verəcək”

 

"Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də bina qoymayıblar. Yalnız o tərəfdə özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, məktəblər, binalar, ictimai binalar hamısı düşmən tərəfindən sökülüb. Onlar buna görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər».

 

Bu sözləri noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olarkən bildirib.

 

“Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində”

 

Kəlbəcərdə ermənilərin törətdikləri yanğınların da cavabının veriləcəyini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirib ki, Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcəklər: “Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bugünlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik!”

 

Hikmət Hacıyev: “Azərbaycan humanist addım atıb və noyabrın 25-dək onlar ərazini tərk edəcəklər”

 

Qeyd edək ki, İlkin anlaşmaya görə, Kəlbəcər rayonu noyabrın 15-dək, Ağdam rayonu noyabrın 20-dək və Laçın rayonu dekabrın 1-dək təhvil verilməli idi. Lakin Kəlbəcər rayonunun təhvil verilməsi prosesi 10 gün sonraya - noyabrın 25-nə keçirildi.

 

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə Kəlbəcər rayonunun təhvil verilməsi prosesinin 10 gün sonraya - noyabrın 25-nə keçirildiyini açıqlayarkən bildirib ki, Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün noyabrın 25-nə kimi vaxt istəyib: “Kəlbəcər rayonu coğrafi baxımdan böyük bir ərazini əhatə edir. Onların gedəcəyi yol Kəlbəcər-Zod-Vardenis yoludur. Ərazinin coğrafiyası və relyefi də çətindir. Yolda sıxlıq əsaslı şəkildə artıb… Kəlbəcərdə yerləşdirilən mülki əhalinin çıxması ilə bağlı Azərbaycan humanist addım atıb və noyabrın 25-dək onlar ərazini tərk edəcəklər”.

 

Göründüyü kimi, Ermənistan hökuməti Rusiya prezidenti Vladimir Putinə Kəlbəcərin təhvil verilməsi üçün Azərbaycanın vaxt verməsini istəyib. Azərbaycan Prezidenti İlham Əliyevlə Putin arasındakı telefon danışığı zamanı bu məsələdə müzakirə mövzusu olub. Ölkə başçısının humanist addımı nəticəsində ermənilərə daha 10 gün müddət verilib. Halbuki 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək daha 10 gün gözləməyə razılaşıb.

 

Aqil Məmmədov: “Heç nə dəyişməyib, onlar gələndə də talayıb yandırırdılar, indi gedəndə də od vurub gedirlər…”

 

“İndi isə işğalçılar başlarına gələn bu böyük müsibətin, üzləşdikləri bu acınacaqlı məğlubiyyətin nəticəsində Kəlbəcəri tərk etməyə məcburdur. Amma onlar gəldikləri kimi də gedirlər-evləri, ictimai binaları talayıb yandıraraq, geridə “yandırılmış torpaq” buraxırlar. Erməni vandalizminin bu sifəti Azərbaycana çoxdan tanışdır». Bu fikirləri Milli Məclisdə Kəlbəcəri təmsil edən deputat, Kəlbəcər rayon İcra Hakimiyyətinin sabiq başçısı Aqil Məmmədov da dədə-baba yurduna qayıdacağı günü həsrətlə gözləyir: “Kəlbəcər Azərbaycanın dilbər guşələrindən biridir. Həm ərazisinə, həm təbiətinə, həm iqliminə görə əlçatmaz gözəlliyə malik bölgədir. Sovetlər dövründə 1936 kvadrat kilometr əraziyə malik idi. Emənistanla sərhədinin uzunluğu 136 kilometr, Dağlıq Qarabağla sərhədlərinin uzunluğu 96 kilometrdir. Bakı-Kəlbəcər arasındakı məsafə 445 kilometr təşkil edir. 40 min hektara yaxın zəngin meşələrə malik idi. Kəlbəcər yeraltı, yerüstü sərvətlərlə zəngin olan bölgədir. Sovetlər dövründən ta bugünədək erməni işğalında qalan Kəlbəcərin Zod mədəni işğala məruz qalmışdı. Eyni zamanda, SSRİ dövründə dünyada məşhur olan "İstisu"yuna görə Kəlbəcər ən gözəl yerlərdən sayılırdı. SSRİ-yə daxil olan ölkələrdən ora çox sayda turistlər gəlirdi. Eyni zamanda, Kəlbəcərə gözəllik verən Tərtər çayı idi. Tərtər çayı öz mənsəbini çox hündür dağlardan götürür. Oradan Kür çayına, daha sonra Xəzər dənizinə qovuşur. Çox təəssüflər olsun ki, işğaldan sonra ermənilər çayın qarşısını kəsərək, başqa səmtə yönəltmişdilər, həmin vaxt biz sudan istifadə edə bilmirdik. Suqovuşan azad edildiyinə görə artıq Tərtər çayının suyundan istifadə edə bilirik”.

 

Erməni xislətinin hər üzünü görən Kəlbəcər…

 

“1993-cü ilin aprelin əvvəllərindən erməni xislətinin hər üzünü görən Kəlbəcər əhalisinə məxsus 15 min yaşayış evi qarət edildi, yandırıldı, 100 mindən çox iribuynuzlu, 500 mindən çox xırdabuynuzlu mal-qara oğurlandı, dövlətə məxsus 500-dən çox inzibati bina, 370 ədəd sosial-mədəni obyekt, o cümlədən 76 səhiyyə müəssisəsi, 130-dan çox təhsil müəssisəsi, 170-dən çox mədəniyyət binası yerlə-yeksan edildi, 1500 minik maşın qarət olundu. Həmin vaxt Kəlbəcər rayonunun 500 oğlu Şəhid oldu ki, onların yarısı mülki, yarısı hərbi şəhidlər idi. Əhalinin 600 nəfəri girov götürüldü ki, onlardan yalnız 120 nəfər geri qaytarıldı, yerdə qalanlardan bugünədək heç bir xəbər yoxdur. Ermənilərin Kəlbəcəri 1988-ci ildən 1993-cü ilin aprelinə qədər mühasirə şəraitində saxladılar. Bu beş il ərzində kəlbəcərlilər hər cür çətinliyə sinə gəldilər, öz torpaqlarını mərdliklə müdafiə etdilər. Kəlbəcər Azərbaycanın qədim qala qapısı sayılırdı. Həm coğrafi mövqeyinə, həm də insanların torpağa bağlılığına görə Kəlbəcəri asanlıqla işğal emək mümkün deyildi. Çox təəssüflər olsun ki, ölkədəki o vaxtkı siyasi rəhbərlik, ölkədaxili hərc-mərclik düşmənə göydəndüşmə fürsət oldu. Beləliklə, ermənilər öz havadarlarının köməkliyilə 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etdilər”.

 

“Biz öz yurdumuzda tikiləcək evlərimizə qayıdacağıq”

 

“54 min nəfər respublikanın 54 rayonun mindən artıq yaşayış məntəqəsində məskunlaşdı. Hazırda Kəlbəcər əhalisinin sayı 77 min 461 nəfər, 23 min 406 ailədir. Kəlbəcər 128 kənddən, 1 şəhər və qəsəbədən ibarətdir. Dövlət tərəfindən əhaliyə mütəmadi olaraq diqqət və qayğı göstərilib. 56 mindən çox kəlbəcərli aylıq müavinət şəklində hər ay dövlət tərəfindən yardım alır. Bu isə 3 milyon 250 min manata yaxın vəsait edir. Eyni zamanda, respublikada 102-dən artıq qaçqın qəsəbələri salınıb. Bu qəsəbələrdə kəlbəcərli məcburi köçkünlər də məskunlaşıb. 4650 kəlbəcərli ailəsi bütün şəraitlə təmin olunmuş yeni, müasir evlərdə yaşayır. Proses hələ də davam etdirilir. Bu ilin sonunadək 7 mindən çox məcburi köçkün ailəsinin evlə təmin olunması nəzərdə tutulur. Ümid edirik ki, hazırda ordumuz tərəfindən həyata keçirilən uğurlu hərbi əməliyyatlarla biz öz torpaqlarımızda tikiləcək evlərimizə qayıdacağıq. Hazırda bircə arzumuz var ki, torpaqlarımız tamamilə yadellilərdən azad edilsin. Daha sonra hər bir kənd, qəsəbə minlardan təmizlənməlidir. Yollarımız təmir edildikdən, evlər mərhələli şəkildə tikildikdən, bütün sahələr üzrə-tibb, səhiyyə, mədəniyyət bərpa olunduqdan sonra cənab Prezidentimiz İlham Əliyevin tapşırığı ilə işlər mərhələli şəkildə həyata keçiriləcək. Çünki torpaqlar işğaldan azad edilən kimi əhalini həmin əraziyə buraxmaq olmaz. Bütün proseslər planlı, mərhələli şəkildə həyata keçirilməlidir. Təki biz torpaqlarımıza qayıdaq, orada hər bir çətinliyə qatlaşmağa hazırıq. İnsanlar yenidənqurma işlərində şəxsən iştirak etmək üçün qollarını çırmamağa hazır olduqlarını dəfələrlə bəyan ediblər”.

 

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan xalqı, Azərbaycan Ordusu haqq yolundadır, haqq işindədir: “Biz heç kəsin torpaqlarında deyil, öz torpaqlarımızda erməni terrorçularına qarşı döyüşürük, torpaqlarımızı bu terrorçulardan azad etmək üçün haqq savaşına çıxmışıq. Və bu gün haqq, ədalət bərpa olunud, qalib gəldi!. Qələbə Zəfəri ilə Qarabağ Azərbaycandır! Nidasını birdəfəlik qoydu!”

 

Aleksey Naumov: “Ermənilərdən fərqli olaraq, azərbaycanlılar Kəlbəcərdən ayaqyalın köçürdü”

 

Ermənilərdən fərqli olaraq, azərbaycanlılar Kəlbəcərdən ayaqyalın qaçırdılar. Aradan çox illər keçsə də, bunu unutmaq olmaz. bu barədə Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edərkən bildirib.

 

Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan torpağı olduğunu, onun öz ərazilərini geri qaytarmaq üçün mübarizə apardığını vurğulayan ekspert deyib: «Ən əsası isə rəsmi Bakı Şuşa şəhərini aldığı zaman alicənablıq göstərərək razılıq verdi ki, sülhməramlılar əraziyə buraxılsın, rayonlar mərhələ-mərhələ, tədricən Azərbaycana qaytarılsın. Azərbaycanın özünü bu vəziyyətdə bundan da artıq necə alicənablıqla apara biləcəyini təsəvvür edə bilmirəm. Ermənilərə bu rayonlardan çıxmaları üçün vaxt verildi”.

 

Aleksey Naumov 1993-cü ildə azərbaycanlıların Kəlbəcərdən çılpaq, ayaqyalın qaçmasını da xatırladıb: “Bu tamamilə faciəli vəziyyət idi və onu bu gün də unutmaq olmaz. Bəli, bu, çoxdan olub, amma biz bunu unuda bilmərik”.

 

Ekspert Ermənistan hakimiyyətinin bu vəziyyətdə belə, özünü qeyri-adekvat aparmasından danışaraq deyib: “Aydındır ki, hərbi məğlubiyyətdən sonra qisas almağı, yumruğunu sıxaraq, onların hesab etdiyi kimi – «özününkünü» qaytarmaq istəyirsən. Lakin biz qisasçılığın nəyə gətirib çıxardığını bilirik. Biz bunu Avropada XX əsrdə çox yaxşı görmüşük”.

 

Rusiyalı ekspert çıxışının sonunda Ermənistanın baş naziri Nikol Paşinyanın öz qürurunu udaraq Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməli olduğunu bildirib: “Azərbaycan bu gün belə bir vəziyyətdə özünü maksimum alicənab aparır, çünki 1993-cü ili unuda bilmərik”.

 

Bir sözlə, bu gün bütöv, yeni quruculuq layihələrinin reallaşdırılmasına hazırlaşan güclü və modern Azərbaycan var. Özü haqqında miflər uydurae işğalçı Ermənistan yoxdur, çökdürülmüş Ermənistan var…

 

Artıq qalib dövlət, qalib xalq və qalib ölkənin vətəndaşları olaraq Öz PRezidenti, Ali Baş Komandanı İlham Əliyev cənabları ilə, Müzəffər Güclü Ordusu, şücaətli əsgər və zabitləri və xalqı Qələbə Zəfəri ilə qürür duymaq haqqı var. Çünki Qarabağ Azərbaycandır!!!

 

RƏFİQƏ KAMALQIZI

 

 Səs.- 2020.- 19 noyabr.- S.8-9.