Bəşər mədəniyyətinə qarşı
vəhşilik
İƏT Dağlıq Qarabağda və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirib
Bu gün 30 ilə yaxın erməni işğalçıları tərəfindən işğal olunan torpaqlarımız azad nəfəs alır. İşğaldan azad olunmuş qədim tarixi torpaqlarımızda Ermənistanın hərbi birləşmələri yaşayış yerlərini, insan məskənlərini, eləcə də milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri qalmışdı. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı idi.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirir. Bu haqda İƏT-in yaydığı bəyanatda bildirilir ki, maddi və mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun bu yaxınlarda azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutudur. Bəyanatda qeyd olunur ki, işğal olunmuş ərazilərdə əsrlərboyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən "Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası"nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. xarici işlər nazirləri Şurasının 46-cı iclasında İƏT "İslamın müqəddəs yerlərinin qorunması haqqında" 3/46-S saylı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilib".
Ermənilərin bu əməli "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyası və "Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında" Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyası, UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil edir. Məlumdur ki, zəngin ədəbi və mədəni irsi olan Azərbaycan xalqının yaşadığı bölgələr əsrlər boyu işğalçıların hücumlarına və vəhşiliklərinə məruz qalmış, həmin işğallar nəticəsində yaxın və uzaq tarixi keçmişimizdən xəbər verən bir çox tarixi mədəniyyət abidələrimiz məhv olmuşdur. Əslində, ermənilərin etdikləri yalnız Azərbaycana qarşı yönəlməyib. Bu, bəşər mədəniyyətinə qarşı vəhşilik və təxribatdır. Bütün məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır.
Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən XIX əsrin ikinci yarısında Şuşa şəhərində inşa edilmiş Gövhər ağa məscidi erməni terrorunun qurbanına çevrilib. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilib. Bundan başqa, Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın və Mir Möhsün Nəvvabın ev muzeyləri fəaliyyət göstərirdi. Bütün bu muzeylər 1992-ci ilin mayında Şuşanı işğal etmiş erməni vandalları tərəfindən dağıdılaraq, yerlə-yeksan edilmiş, onların eksponatları qarət edilərək, aparılmışdır. Yalnız Xalça Muzeyində saxlanılan və 300-dən artıq əl işi olan xalçaların 145-ni xilas etmək mümkün olmuşdur. Məkrli niyyət və mənfur siyasət sahibi olan ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandalizm hərəkətləri hər zaman pislənilib. 2006-cı ilin iyununda ermənilərin işğal edilmiş Xocavənd ərazisində törətdikləri yanğınlar nəticəsində yaşı 800 il olan XII əsr abidəsi Qaraca Çobanın qəbri yanmışdır.
Ermənilərin törətdikləri yanğınlar e.ə. II minilliyə aid olan Nərgiztəpə mədəni abidəsini külə döndərmiş, yanğının yaratdığı yüksək temperatur nəticəsində Qaraca Çobanın qəbri parça-parça olmuşdur. Yanğınlar nəticəsində qədim türk tayfalarına mənsub olan "Əfşarlar qəbiristanlığı" da məhv edilmişdir. Ermənilər Azərbaycan xalqının tarix və mədəniyyətinə dair fakt və həqiqətləri saxtalaşdırmaqla bərabər, abidələrin görünüşünü və yazılarını da süni şəkildə "erməniləşdirmişlər".
Şuşa mağarası, Şuşanın qala divarları, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi, Füzulidə Şah Abbas karvansarası, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və s. yaşayış məntəqələrində olan mədəni-tarixi abidələrimiz ermənilər tərəfindən tamamilə dağıdılmış, Qarabağ ərazisindəki qədim alban kilsələri silah anbarlarına çevrilərək, yararsız hala salınmışdır. Bu gün Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edib və Dağlıq Qarabağ və ona bitişik rayonlarda olan dini-mədəniyyət abidəlrimiz tezliklə bərpa olunacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2020.- 13 noyabr.- S.- 12.