Bu gün Qarakənd faciəsindən
29 il ötür
Bu gün vertolyot
qəzası faciəsinin
29-cu ildönümüdür. Məhz
29 il bundan
öncə Ayaz Mütəllibovun Azərbaycana
rəhbərlik etdiyi dövrdə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında,
Ağdam rayonunun Mərzili kəndi ərazisində hərbi vertolyot qəzaya uğradı. Hesablamalara görə, Qarakənd üzərində üç
yüz metr yüksəklikdə uçan
Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də
saat 14:42 dəqiqədə
vuruldu. Faciə haqqında ilkin məlumat Azərbaycan Respublikasının Prezidenti
Aparatına saat 19:55-də
çatır. Lakin nə qədər maraqlı olsa da, bu faciə haqqında
xəbər ilk olaraq Xankəndidən erməni
dilində yayımlanan
“Vətən və vətəndaş” verlişinin
xəbərlər bölümündə,
saat 15:30-da yayımlanmışdı.
Həmin faciə haqqında İrəvan radiosu saat 16:15-də,
Tehran radiosu 17:00-da məlumat
verdilər.
20 noyabr faciəsi nəticəsində Azərbaycanın
keçmiş dövlət
katibi Tofiq İsmayılov, ölkənin
baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, jurnalistlər
Osman Mirzəyev, Alı Mustafayev
və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki,
Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki, həmin vaxt Azərbaycanın yüksək
rütbəli məmurları
ilə birgə onlar da vertolyotda olublar. Xankəndidəki rus qarnizonunun
hərbi prokuroru, polkovnik (bu rütbə
ona cinayət işindən sonra verilib) İ.Lazukitin baş vermis qəza ilə bağlı 248-ci maddə
ilə (RF CM) (Uçuşun
düzgün idarə
olunmaması və insan tələfatı")
cinayət işi açır. Qeyd edək
ki, onun anası Emilya Arustavna Baqdasaryan ermənidir. Axalkalakidə anadan olub.
İ.Lazutikin özü də
1989-cü ilədək Cavaxetiyada
işləyib. O, ilkin istintaq materiallarını
düzgün tərtib
etmədiyindən ümumiyyətlə
istintaq materiallarından heç
nə anlamaq olmurdu. 1991-ci il
noyabrın 24-də İrəvan
televiziyasının xəbərlər
proqramına müsahibə
verən prokuror İ.Lazutikin iddia edirdi ki, həlak
olan azərbaycanlılara
ilkin yardımı guya ermənilər göstərib. Polkovnik bu terror aktını
adi bir qəza
kimi soyuqqanlılıqla
şərh edirdi.
Vertolyotun “Qara qutusu”nu
da əlinə keçirən
polkovnik oldu. Ona toxunmaq qadağan edildi. Erməni əsilli prokuror belə bir məlumat da yaydı ki, “Qara qutu” “istidən”
və “yanğından”,
“partlayışdan” sıradan
çıxıb, əriyib.
Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı.
Halbuki “qara qutu” Gəncədəki
vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Prokuror İ.Lazutikin hamını
aldadırdı. Onun əzilməsi
və sıradan çıxması üçün
3800 dərəcə istilik
lazım idi. Hadisədən bir neçə
gün keçəndən
sonra həqiqəti bilmək üçün
vertolyotdakı “qara qutu”nu Rusiyaya göndərdilər. Ancaq sözügedən
“qara qutu” dan indinin özündə
də heç bir səs-soraq yoxdur. Bütün bunları əlində
əsas tutan erməni tərəfi bu gün də
helikopterin vurulduğunu
yox, qəzaya uğradığını iddia
etməkdədir.
Əvvəl rəsmi məlumat səsləndi ki, vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun
vurulduğunu bir neçə gün sonra etiraf etdilər.
Bütün şübhələri
aradan qaldırmağa
və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını
elan etməyə isə bizə bir neçə il lazım
oldu. İndiyə qədər hələ
də məlum deyil ki, niyə
içində dövlət
katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər
olan, hərbi əməliyyat zonası üzərindən uçan
Mi-8-i silahlı mühafizə
vertolyotu müşayiət
etmirdi? Niyə onların hamısı
bir vertolyotda idi? Sadəcə, elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik
qaydalarına ziddir.
Sonradan aparılan
araşdırmalar nəticəsində
məlum olur ki, Mi-8 72 hərbi vertolyotuna Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb
(silahın tərkibində
birləşmiş uran
izotopu U-238 var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla
2 km məsafədə uçan
təyyarələri, helikopterləri,
həmçinin zirehli
maşınları sıradan
çıxarmaq mümkündür.
ABŞ Konqresində adı hallanan bu silah həm
də kütləvi qırğın silahları
sırasında yer alır. Bu silah
hədəfə dəyərkən
ilkin olaraq güclü yanğın törədir. Buna nüvə yanğını
deyirlər. Bu yanğının yayılma
zərbəsindən obyektin
qalıqları mərkəzdən
500-600 metr kənara atılır.
Artıq 29 ildir ki, cavabını
gözləyən çoxsaylı
suallar bu gün də açıq qalmaqdadır.
Röya Rasimqızı
Səs - 2020.- 20 noyabr - S.9.