Albaniya tarixinə və mədəniyyətinə
niyə sahib çıxmırıq?
Alban abidələrinin, mədəni irsinin ermənilərlə
heç bir bağlılığı yoxdur, ola da bilməz,
çünki, Albaniyada erməni adlı xalq yox idi
II YAZI
əvvəli burada
https://sia.az/az/news/politics/838652.html
Sovet dövründə Azərbaycanın müxtəlif
bölgələrinə təşkil edilmiş arxeoloji
ekspedisiyalar zamanı alban mədəniyyətinin incəliklərini
özündə əks etdirən külli miqdarda maddi-mədəniyyət
nümunələri aşkarlanıb. 80-ci illərdə Azərbaycan
arxeoloqları tərəfindən Qarabağda çoxlu sayda,
tarixi tikililər, məbədlər, qalalar, abidələr
elmi şəkildə araşdırılıb. Bu tikililər, qalalar, heykəltaraşlıq abidələri
qədim zamanlarda Qarabağın dağlıq və düzənlik
hissələrinin vahid etno-mədəni məkana daxil
olduqlarını təsdiq edir. Üstəlik,
Qarabağın (qədim Arsakın) da daxil olduğu Albaniya əhalisinin
dünyagörüşünü, dini və etnik fərqlərini
əks etdirən zəngin material verir. Bu abidələrin,
mədəni tapıntıların, məzar
daşlarının ermənilərlə heç bir
bağlılığı yoxdur, ola da bilməzdi.
Çünki, Albaniyada son əsrlərə qədər
erməni adlı xalq yox idi.
Alban xaç daşları kimlərə məxsusdur?
Azərbaycan
Respublikası və indiki Ermənistan Respublikasının
müxtəlif bölgələrində aşkar olunmuş
xatirə daşlarında Qafqaz Albaniyasının erkən və
orta əsrləri, xristianlıqdan əvvəlki dini, mədəni
dünyagörüşü və simvolik təsəvvürlər
əks olunub. Alban qəbir, xatirə və sərhəd
stellalarının, xaç daşlarının
yaranmasında, göstərildiyi kimi, üzərində
dünyanın quruluşu haqqında təsəvvürlər
və bütpərəstlik simvolikasının təsvirləri
qalmış xristianlıqdan əvvəlki stellalar müəyyən
rol oynayıb. Əvvəllər günəş,
məhsuldarlıq, həyat ağacı simvolu olan bərabərtərəfli
xaç sonralar xristianlıqda başqa formada (çarmıx)
təcəssüm edib.
Araşdırmalar göstərir ki, xaçların
yaranmasında hələ xristianlıqdan çox-çox
qabaq qədim türk tayfalarının böyük rolu olub. O zamankı insanların
günəş obrazını yerdə, torpaq üzərində
yaradaraq, ağac, daş üzərində yüksəyə
qaldıraraq yenidən göylərə qovuşdurmaq istəyi
xaçların indiki formasının meydana gəlməsinə
səbəb olub.
Məhz bu səbəbdəndir ki, alban xaçları
özünün daha çox klassik ənənələrinə
uyğunlaşdırılırdı. Belə ki, alban
xaçları xristianlığaqədərki elementlər və
dini ayinlərlə birbaşa bağlıdır. Bu bərabərtərəfli xaçlar 4 cəhət
mənasında həm də bütün dünyanı simvolizə
edirdi.
Alban xaç daşları müxtəlif bir-birinə
aidiyyatı olmayan dini dünyagörüşləri və mədəniyyətləri
qovuşdurur.
Alban xaçı dünyada yeganə
xaçdır ki, xristianlığaqədərki inamların və
kainatı dərketmənin əlamətlərini özündə
cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları
göylə yerin əlaqəsi, günəş və məhsuldarlıq
simvolu kimi əks olunub.
Mütəxəssislər Cənubi Qafqaz ərazisinə
səpələnmiş alban xaç daşlarını əsasən
4 qrupda cəmləşdirirlər ki, onlar da Xaçın,
Arsak, Cuğa və Yenivəng xaç daşlarıdır. Xaçın
alban knyazlığı dövründən yadigar
qalmış xaç daşları əsasən Kəlbəcər
rayonu ərazisində tədqiq edilib. Bu tədqiqatı
ilk dəfə memarlıq elmləri doktoru D.A.Axundov və fəlsəfə
elmləri namizədi M.D.Axundov aparıblar. Xaçın xaç daşlarının ən
maraqlı nümunəsi Xudavəng monastır kompleksində
yanaşı olan 2 xaç daşıdır.
Arsak xaç daşlarının ən məşhuru və
elmi ədəbiyyatda böyük marağa səbəb
olanı xaçvari Arsak daşıdır. Xaçvari şəkilli Arsak
xaçdaşı (1633-cü il) olduqca
maraqlı və orijinaldır, o Qafqaz Albaniyasının hər
yerində qəbul olunmuş kanonlar çərçivəsində
həll olunub. Bu xaçdaş keçən əsrdə
Eçmiədzinə aparılıb və bu gün də
dünyaya erməni təfəkkürünün bədii
nümunəsi kimi təqdim edilməkdədir.
Cuğa xaç daşları əsasən, İranla sərhəddə,
Araz çayı sahilindədir. Onların əksəriyyətində
eyni motiv təsvir olunur: qarşı-qarşıya durmuş
iki qanadlı əjdahanın bədəni buynuz zirehlə
örtülüb, onların adətən açıq
ağızları yana çevrilib. İki
əjdaha arasında qanadlı halə, yaxud da haləyəbənzər
saçı olan kişi başı təsvir
olunub. İkonaqrafik əlamətlərinə
görə o, İsanın başına oxşayır.
D.A.Axundov qeyd edir ki, bu mürəkkəb təsvirdə bir
neçə din və etiqadın (zərdüştlük,
mitraizm, xristianlıq, islam) birləşməsindən
yaranan simvolik qrup alban sənətkarları tərəfindən
təsvir edilib. Bu xristian-bütpərəst
kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin
mövcud olması nəticəsində yaranıb. Cənubi Qafqazda yeganə belə xalq Qafqaz
albanları idi.
Yenivəng xaç daşları əsasən Qərbi
Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki
Yenivəng alban monastırının ərazisində və Azərbaycan
Respublikasının qərb rayonlarında aşkarlanıb. Yenivəng
xaçdaşları da kompozisiya cəhətdən Cuğa
xaçdaşlarına oxşayır. Bu
daşların əksərində birinci planda Tanrı fiquru
yerləşir.
Yenivəng
(ermənilər hazırda bu məbədi Noravəng adı ilə
dünyaya qədim erməni məbədi kimi təqdim edirlər)
xaçdaşlarının əsas səciyyəvi və fərqləndirici
cəhəti xaçın təpəsində və əsasında
kişi (güman ki, İsa) sifətinin təsviridir.
Bu təsvirlərin başı üzərində
ay, çox güman ki, mitraist haçalar yerləşir.
Xristian simvolikası baxımından ən son və
kamil Yenivəng xaç daşları XIII əsrə aiddir.
Əksərinin üzərində alban
yazıları olan bu xaçdaşları əraziyə ermənilərin
köçürülməsindən sonra ya tamamilə məhv
edilib, ya da alban yazıları sındırılaraq
daşların tarixi əhəmiyyəti
öldürülüb. Bu xaç
daşlarından görünür ki, erkən orta əsrlərdə
Qafqaz Albaniyasında səcdə edilən xristian
tanrısı və Mitra vahid dini-bədii obrazda birləşən
eyni bir Tanrının törəmələridir.
Qarabağ Alban memarlığı hansı mədəniyyəti
nümayiş etdirir?
Alban memarlığınn nümunələri Azərbaycan
Respublikası, Ermənistan Respublikası və Dağıstan
ərazilərində aşkarlanıb və tədqiq edilib. Alban
memarlıq nümunələrinin dövrümüzə
çatan ən maraqlı nümunələri müdafiə
tipli qala və istehkamlar və dini xarakterli tikililər olan kilsə
və monastırlardır. Türk
tayfalarının alban dövlətinin idarə olunmasında,
onun mədəniyyətinin və memarlığının
inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər
alban memarlığından danışarkən
"Alban-türk memarlığı" ifadəsini işlədirlər
ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir.
Albaniya ərazisində yaşayan bu tayfaların
bir qismi xristianlığı qəbul edərək
xristianlaşmış, bir hissəsi isə sonradan
İslamı qəbul etmişdi. Alban mədəni
irsinə məxsus müdafiə tikililərindən öz
möhtəşəmliyi ilə bu gün də seçilən
Dərbənd qalası, Cavanşir qalası, Çıraqqala
və başqalarını göstərmək
mümkündür.
Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin
əksəriyyəti öz ilkin formasını qoruyaraq
dövrümüzə çatıb. Bu abidələr içərisində
Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi (XIII
əsr), Laçın rayonu Kosalar kəndindəki
Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki
Amaras monastrı (IV əsr) və Ağdərə (IV əsr)
rayonlarındakı Müqəddəs Yelisey məbədləri,
Ağdərə rayonu Vəng kəndində Gəncəsər
məbədi (XIV əsr), hazırki Ermənistan ərazisində
Haqapat məbədi, Qoşavəng məbədi, Ağtala məbədi,
Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi,
Sanain məbədi alban məbəd memarlığının
dövrümüzə qədər çatmış ən
gözəl nümunələridir.
Bunlar Azərbaycan xalqının babaları olan Albaniya
hökmdarları tərəfindən tikilib. Məsələn,
Gəncəsər baş kilsəsi 1216-cı ildən 1238-ci
ilədək hökmdar Həsən-Cəlalın göstərişi
ilə tikilib. Hökmdar özü bu kilsəni
"Albaniyanın taxt-tac kilsəsi" adlandırırdı.
Kilsədə olan daşüstü yazıda
bildirilir ki, bu kilsə albanlar üçün inşa edilib.
Bu kilsədə cəmi 84 daşüstü
yazı mövcuddur. Hazırda Qarabağda-
keçmiş Ağdərə rayonunun Vəngli kəndində
yerləşən Gəncəsər monastır kompleksi orta
çağların alban memarlığının incisidir və
erməni memarlığında həmin abidənin bənzəri
yoxdur.
Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi
məbədlər deyilən xüsusi memarlıq da
yayılmışdı və bu üslub yalnız albanlara
aiddir. Bunun da öz səbəbi var. Belə ki, Albaniyada
dairəvi məbədlərin tikilməsi erkən
xristianlıq dövrünə aiddir və tədqiqatçıların
fikrincə bu məbədlər günəşə ibadət
edən albanlar tərəfindən, yəni hələ
xristianlığın tam mənimsənilmədiyi və səma
cismlərinə ibadətlə
qarışdırıldığı dövrlərdə
tikilib. Bu cəhət erkən
xristianlıq dövrü alban xaçlarında da
özünü göstərir. Alban
dövrünün ən mürəkkəb tikililəri isə
bazillikalar və monastırlar hesab olunur. Bir
çox tədqiqatçılar hesab edirlər ki, bu üslub
Cənubi Qafqazda yalnız albanlara məxsusdur.
Ümumiyyətlə, Albaniya dövründən
qalmış toponimlərin, memarlıq abidələrinin, mədəni
tapıntıların, alban hömkdarlarının ermənilərlə
heç bir bağlılığı yoxdur. Eramızdan əvvəlki
əsrlərdən bu günədək indiki Ermənistan və
Azərbaycan respublikalarının ərazisi tarixi və mədəni
baxımdan xalqımızın irsidir. Bu
irsə sahib çıxmalıyıq. Biz
sahib çıxmadığımıza görə görə
ermənilər sahiblənməyə çalışır.
Çünki bizim bir çox tarixçilər islam dövründən o yana getməyi
xoşlamırlar. Zərdüştlük kimi
dünyanın ən qədim dinini, mədəniyyətini
babalarımız yaratdığı haqda, biz
özümüzü elə aparırırq ki, sanki bizə
heç bir dəxli yoxdur. Belə halda
farsların, ermənilərin, gürcülərin bu
coğrafiyadakı qədim tarix və mədəniyyətə
yiyilələnmə cəhdləri təəccüblü
deyil.
Elçin Bayramlı
Səs.-
2020.- 24 noyabr.- S.15.