Qarabağ: Azərbaycanın qədim mədəniyyət
məbədi
Özünün qədim tarixi abidələri,
mədəniyyət elementləri ilə zəngin olan
Qarabağ bölgəsi nəinki Azərbaycanda, həmçinin
bütün dünyada unikal bir ərazidir.
Azərbaycanın qədim tarixi və
mədəniyyət ocaqlarından biri olan Qarabağda son 200
ildə məskunlşamış ermənilər bütün
vasitələrdən istifadə edərək zaman-zaman
bölgənin tarixini saxtalaşdırır, buradakı qədim
mədəni irsə sahib çıxmağa cəhd edirlər.
Saxtakar erməni “tarixçiləri” Qarabağ
torpaqlarının ermənilərə məxsus
olmasını "sübut edən faktlar" toplayır,
“hüquqi sənədlər” hazırlayır, ermənilərin
ərazi işğallarına qanuni don geyindirməyə
çalışırlar. Erməni
"tarixçi" və "arxeoloqları” Qarabağın
alban xristian abidələrini “erməni abidələri” kimi qələmə
verməyə çalışır, hətta guya qədim mənbələrdən
istifadə edərək, bütövlükdə Kür və
Araz çayları arasındakı ərazilərin "əzəli
erməni torpaqları" olduğunu sübut etmək
istəyirlər. Halbuki, ermənilər nəinki Qarabağda,
hətta Qafqazda XIX əsrədək heç vaxt kompakt şəkildə
məskun olmamışlar və bu maddi mədəniyyət də
onlara aid ola bilməzdi. Qarabağ tarixi və mədəniyyəti
Azərbaycan xalqına məxsusdur və bütün dövrlərdə
bu belə olub.
Qarabağın qədim mədəniyyət
tarixi
Ərazidə aparılmış
arxeoloji qazıntıların nəticələri göstərir
ki, Qarabağda yaşamış qədim insanlar tarix boyu şərəfli
yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət
əsərləri yaradıblar və onlardan biri də
memarlıqdır.
Buraya Kəlbəcər,
Ağdam, Laçın rayonlarındakı qayaüstü rəsmlər,
zəngin bəzəyə malik əmək alətləri və
məişət əşyaları, öz gözəlliyi və
rəngarəngliyilə nadir olan xalçaçılıq sənəti,
zərgərlik əşyaları və s. daxildir.
Yuxarı Qarabağın Xankəndi,
Ağdərə, Xocavənd, Şuşa, Düzən
Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi,
Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə
arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət
nümunələri, numizmatik tapıntılar
Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni
vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət
şəraitini, ümumiyyətlə, Azərbaycanın bu
bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli
əks etdirir.
Albaniyada V əsrin başlanğıcında
alban əlifbası icad edilib. Bununla əlaqədar təhsil
ocaqları yaranıb ki, bunun da əsas mərkəzi
Qarabağın qədim şəhəri Bərdə idi. Ermənilər
Alban tarixinə yiyə çıxmaq üçün bu əlifbaya
da sahiblənmək istəsələr də, həmin əlifbanın
erməni dili və əlifbası ilə heç bir
bağlılığı olmadığı sübut olunub.
Qarabağ mətbəxi Azərbaycan
kulinariyasına da öz töhfəsini verib. Bu bölgənin
mətbəxi Qarabağ kətəsi, Bərdə nanı, Xan
plovu, Qarabağ dolması kimi spesifik xörəkləri ilə
tanınır.
Memarlıq və tikinti mədəniyyəti
Albaniyada erkən orta əsrdə
(IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın
tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər
tikinti mədəniyyətini səciyyələndirən
xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər-
alban xristian dini abidələri yaradılıb.
Ağdərədə Amaras (qədim
türk dilində bu söz "ağ hun" deməkdir),
Ağdamda Govurqala (qeyri müsəlman-alban
xristianlığına məxsus qala), Laçında
(Ağoğlan), Kəlbəcərdə (Haşavəng (Xudavəng),
Çahartağ) alban xristian məbədləri, həmçinin
Xocavənd alban kilsəsi (Sos kəndi),
Ağcabədinin Təzəkənd yaşayış məntəqəsindəki
üçnefli bazilikalı bina, Bərdə şəhərində
aşkar olunmuş 3 yarım dairəvi apsidalı məbəd
Azərbaycanın Qarabağ bölgəsinin tikinti
memarlığını, eləcə də tarix və mədəniyyətini
səciyyələndirir.
Həmçinin öz nəfisliyi və zərifliyi
ilə seçilən digər memarlıq abidələri–məscidləri,
məqbərələri, sarayları, kilsələri, məbədlər,
pirlər, qəbirüstü abidələri Azərbaycan
xalqına məxsusdur.
Məşhur Qarabağ xalçaları
Əbəs yerə deyil ki, indi dünyanın ən
zəngin muzeylərində Qarabağ xalq sənətkarlığının
timsalında Azərbaycan xalq sənətkarlığının
bir çox gözəl nümunələri ilə
rastlaşmaq olur. Londonun Viktoriya və Albert,
Sankt-Peterburqun Ermitaj, Parisin Luvr, Vaşinqtonun Metropoliten, həmçinin,
Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin
zəngin muzey kolleksiyalarına baxarkən orada Qarabağ
ustalarının, həmçinin Təbriz, Naxçıvan,
Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı
ustalarının bacarıqlı əlləri ilə
yaradılmış sənət nümunələrini
görmək olar.
Müxtəlif dövrlərdə Azərbaycanın
Qarabağ xalçaçılıq məktəbində
toxunulmuş xalçalar bu günədək öz gözəlliyi
ilə insanları valeh edir. Onların bir çoxu
dünyanın məşhur muzeylərində mühafizə
olunur.
Qarabağ xalçalarının 33
kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun
xüsusiyyətlərinə görə Qarabağ
xalçaları sıx hündür və yumşaq xova
malikdir. Qarabağ xalçaları həyat eşqi və
parlaq koloriti ilə seçilirlər. Onlar 4 qrupa
bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və
süjetli. Bu xalçalar Qarabağın Malıbəyli, Muradxanlı,
Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa
yerlərində istehsal olunurdu.
XVIII əsrdə Qarabağ
xalçaçılıq məktəbinin mərkəzi
Şuşa idi. Bu dövrdə Şuşada
klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə
də Avropadan gətirilmiş məcməyi, ətirli sabun,
çit və digər müxtəlif məişət əşyaların
üzərindən götürülmüş
naxışlardan yeni xalça
kompozisiyaları–"Bağçadagüllər
xalçası", "Saxsıdagüllər xalçası",
"Bulud xalçası" və s. çeşnilər
toxunurdu. Qarabağ xalçalarının rəng–boyaq
palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin
bütün rənglərinin ən zərif
çalarlarını özündə əks etdirir.
Etnoqrafik və estetik xüsusiyyətlər
Bölgənin həyat və məişətində
geniş istifadə edilən Qarabağ el sənətinin
böyük və zəngin bir tarixi var.
Qarabağlıların zəngin yaradıcılığında
ən mühüm yerlərdən birini onun həyat və məişəti,
gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri
tutur. Təbiidir ki, onların məişət xüsusiyyətləri,
estetik zövqü, bir sözlə milli siması, mənliyi bu
sənət növündə özünü xüsusilə
parlaq şəkildə büruzə verir.
Qarabağ xalq
yaradıcılığının tarixi, etnoqrafik və bədii
xusüsiyyətləri öz əksini geyimlərdə də
tapır. Bu xüsusiyyət həm müəyyən
formalı geyim və onun bəzəklərində və həm
də bədii tikmə, toxuma və toxuculuqda özünü
büruzə verir. Arxeoloji qazıntılar vasitəsilə
külli miqdarda qədim maddi mədəniyyət nümunələrinin
aşkar edilməsi Qarabağın maddi və mənəvi mədəniyyət
tarixini öyrənməyə imkan verir. Bütün bunlar isə
xalqımızın min illərdir yaşatdığı
spesifik ənənəvi mədəniyyət elementləridir.
Xalq sənətkarlığının tarixi
Qarabağdan tapılmış qab-qacaq, silah və
bəzək nümunələri tək bir tarixi fakt kimi deyil,
həm də onu yaradan sənətkarın ustalıq
bacarığından məlumat verən qiymətli mənbədir.
Qarabağdan aşkar edilmiş hər
bir arxeoloji material, başqa sözlə maddi mədəniyyət
nümunəsi olan irili-xırdalı bütün əşyalar
– tikinti materialları, məişət əşyaları,
süfrə qab-qacaqları, bəzək əşyaları hər
biri həm özünün istehsal olunması
baxımından, həm də onların üzərindəki müxtəlif qliptik, teoreftik təsvirlərin,
naxışların həkk olunması baxımından
qarabağlıların həyatında özünə yer
tutan qədim mədəniyyətin xarakterik cəhətləri,
səviyyəsi, inkişaf xüsusiyyətlərinin təcəssümüdür.
Misdən, tuncdan, qızıldan düzəldilmiş
ev avadanlığının və zinət əşyalarının
üzərinə həkk olunmuş müxtəlif rəsmlər
Qarabağda hələ qədim zamanlarda təsviri sənətin
mövcud olduğunu sübut edir.
Bu bölgədə sənətkarlığın
inkişafında yeraltı ehtiyatların da böyük rolu
olub. Qarabağın zəngin dəmir fılizi yataqları qədim
zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik
sənətinin meydana gəlməsində mühüm rol
oynayıb.
Dulusçuluq isə Qarabağda sənətkarlıq
istehsalının ən qədim sahələrindən olub bu
günə qədər öz əhəmiyyətini
saxlayıb. Mütəxəssislər sənətin bu sahəsinin
meydana çıxmasını neolit dövrünə aid edirlər.
Qarabağ musiqi və teatrın beşiyi kimi
Zəngin mədəni irsə malik olan
Qarabağ bölgəsi musiqi, muğam diyarı kimi də məşhurdur.
Azərbaycan musiqi mədəniyyəti xəzinəsini öz
nadir inciləri ilə zənginləşdirən Qarabağ
musiqisinin çoxəsrlik ənənələri var.
Qarabağ musiqi sənətində muğamlar, xalq
mahnıları, rəqslər, aşıq yaradıcılığı
da özünəməxsus yer tutur.
Təsadüfi deyildir ki,
Qarabağ milli musiqisinin təməl daşı, onun
bünövrəsini muğamlar təşkil edir
Qarabağlı ədəbiyyat nümayəndələrinin
yaratdıqları ədəbi əsərlər Azərbaycan mədəniyyəti
xəzinəsində özünəməxsus şərəfli
yer tutur.
Qarabağda teatr sənətinin kökləri
xalqın fəaliyyəti, məişəti, şənlik və
toy ənənələri, həmçinin
dünyagörüşü ilə bağlıdır. Mərasim,
ayin və oyunlardakı tamaşa elementləri müstəqil
xalq teatrının yaranmasında mühüm rol oynayıb.
Xüsusən, bu torpaqlarda neçə min ildir
ki qeyd edilən Novruz bayramı şənliklərində xalq
teatrının qədim və çox maraqlı bir forması
təşəkkül tapıb. Qarabağ professional
teatrının təşəkkülündə xalq teatrı
əhəmiyyətli rol oynayıb. Bunun sayəsində XIX əsrdən
başlayaraq əvvəl Şuşada sonra Ağdamda
professional teatr yaranıb və çox səmərəli fəaliyyət
göstərib.
Bütün bunlar Azərbaycan xalqının bədii
mədəniyyətinin zəngin irsini təşkil edir. Həmin irs
XIX əsrin ortalarından yeni tendensiyalarla daha da
dolğunlaşdı. Bu dövrdə Rusiya-Azərbaycan bədii
və mədəni əlaqələrinin güclənməsinin
təsiri altında Qarabağ incəsənətində tədricən
keyfiyyət dəyişiklikləri baş verdi
və bu da milli incəsənətdə yeni realist xüsusiyyətlərin
meydana çıxması ilə nəticələndi.
Sovet dövründə Qarabağ mədəniyyəti
daha da inkişaf etdi. Lakin erməni işğalı nəticəsində
son 30 ildə bölgənin mədəni inkişafına son
qoyulmuşdu. İndi işğaldan azal
edilmiş Qarabağda qədim və zəngin mədəniyyətin
şölələri yenidən alovlanacaq.
Öz zənginliyinə və öz
unikallığına görə Qarabağ mədəniyyəti
Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi
olub və olacaqdır.
Elçin
Bayramlı
Səs.-
2020.- 27 noyabr.- S.15.