Yunus Oğuz:
"Paşinyanın arxasında
dayanan qüvvələr
də artıq birbaşa Azərbaycana müdaxilə edə bilmirlər"
"Beynəlxalq
aləm, dünya birliyinin Gəncə və Bərdə şəhərlərinə
Ermənistanın terror hucumu həyata keçirməsinə
göz yumması təbiidir və beynəlxalq aləm bu kimi
insanlıq əleyhinə cinayətlərə göz
yumacaq". Bu fikirləri
"OLAYLAR"-a yazıçı-publisist,
"OLAYLAR" qəzeti və
eyniadlı İnformasiya
Agentliyinin rəhbəri
Yunus Oğuz səsləndirib. O, bildirib
ki, beynəlxalq aləmin planları tamamilə başqa idi: "Onların planı nə idi? Birmənalı olaraq qeyd etmək lazımdır ki, Ermənistanın Gəncə və Bərdəyə hücumları
terror, hərbi cinayətdir. Çünki
bir dövlətin hərbi qurumu faktiki olaraq bizim mülki vətəndaşlarımızı, şəhər və rayonlarımızı atəşə
tutur, həmin ərazilərə qadağan
olunmuş kasetli bombalar atır. Qeyd etdiyim kimi bunun
arxasında tamam başqa şeylər var. Bildiyiniz kimi, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev beynəlxalq səviyyəli
görüşlərdə, toplantılarda 17 ildir qətiyyətlə bəyan
edirdi ki, Dağlıq Qarabağın
müstəqilliyindən heç
bir halda söhbət gedə bilməz və bu müzakirə predmeti deyil. Lazım gələrsə
biz torpaqlarımızı
müharibə yolu ilə azad edərik.
Nikol Paşinyan da hakimiyyətə gəldikdən sonra Azərbaycan və Ermənistan rəhbərləri
birbaşa Qarabağ problemini müzakirə etmək üçün masa arxasında oturmayıblar. Düzdür,
hansısa beynəlxalq
tədbirlər çərçivəsində
görüşlər keçirilib.
Lakin sırf Sərkisyan, Köçəryanın
zamanında olduğu kimi birbaşa Qarabağ probleminin müzakirə edildiyi görüş baş tutmayıb".
Yunus Oğuz
bildirib ki, əslində müharibəni
Paşinyanın arxasında
duranlar başladı:
"Burada da məqsəd ondan ibarət idi ki, arxayınlıqla söylədikləri Ohanyan
istehkamı yarıla bilməyəcək. Nəticə
etibarilə Azərbaycan
çoxlu sayda şəhid verəcək.
Bu isə Azərbaycanda daxili narazılığa, kütləvi
etirazlara səbəb olacaq. Yaxud Azərbaycan
Ordusunun Ohanyan istehkamlarını dəf
edə bilməyib məğlub olmasından sonra İlham Əliyevi məcbur edəcəklər ki, təslimçi müqaviləyə
imza at. Məhz bütün bunların tərkib hissəsi idi ki, əvvəlcə
ritorika başladı.
"Yeni müharibə,
yeni ərazilər" zəbt etmək barədə Ermənistan tərəfindən
fikirlər səsləndi,
"Qarabağ Ermənistandır,
nöqtə" kimi sərsəm açıqlamalar
verildi. Ardınca Paşinyan Şuşada,
Cıdır düzündə
sərxoş vəziyyətdə
rəqs etdi, separatçı rejimin rəhbərinin andiçmə
mərasimini keçirildi,
qondarma parlamentin Şuşaya köçürüləcəyi
kimi Azərbaycan tərəfini qıcıqlandıracaq
hərəkətlər edildi.
Bir sözlə, hər şey edirdilər ki, Azərbaycan müharibəyə
başlasın. Əslində
Tovuz hadisələrində
də məqsəd bu idi. Ən
əsası odur ki, onlar Azərbaycanın
əks-hücum əməliyyatı
ilə müharibəyə
başlayacağını hesablamamışdılar.
Düşünürdülər ki, Azərbaycan
buna cəsarət etməyəcək. Çünki
Paşinyanın generalları
bütün dünyanın
siyasi mənzərəsini
müəyyənləşdirən insanlarını inandırmışdılar
ki, Azərbaycan heç birinci istehkamı yara bilməyəcək. Nəinki
digər istehkamları.
Müharibə başlayana
qədərki dövrdə
Azərbaycanın kənd
və qəsəbələri,
mülki insanlarının
atəşə tutulmasında
da məqsəd o idi ki, Azərbaycanı
müharibəyə cəlb
etsinlər". Yunus Oğuz onu da
bildirib ki, Azərbaycan da öz növbəsində
neçə illərdir
müharibəyə hazırlaşır,
ordunun maddi-texniki bazasını möhkəmlədirdi:
"Heç Rusiya da gözləımirdi ki, Azərbaycan bu cür uğurlu
hərbi əməliyyatlar
həyata keçirəcək.
Azərbaycan isə erməni təxribatına
cavab vermək və əks hücum əməliyyatına
başlamaqla müharibəyə
start verdi və Ohanyan istehkamlarını yara-yara
getdi. Bütün bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevi mat vəziyyətinə salmaq istəyənlərin
özləri bu gün mat vəziyyətindədirlər.
Faktiki olaraq Paşinyanın hakimiyyətdən
getməsi gün kimi aydındır. Hətta tərəflər
arasında sülh müqaviləsi bağlansa
belə, Paşinyan hakimiyyətdən devriləcək".
Yunus Oğuzun sözlərinə görə,
bu gün Paşinyanın arxasında
dayanan qüvvələr
də artıq birbaşa Azərbaycana müdaxilə edə bilmirlər: "İndiyə
qədər deyirdilər
ki, Qarabağ probleminin həllinin açarı Moskvadadır. Ancaq Azərbaycan uğurlu hərbi əməliyyatlar
həyata keçriməklə
Qarabağ probleminin həllinin açarının
öz əlimizdə olduğunu sübuta yetirdi. Təbii ki, burada Azərbaycana
bu haqq işində
siyasi və mənəvi dəstək
verən qardaş Türkiyəyə, eləcə
də digər ölkələrə də
təşəkkür düşür.
Göründüyü kimi Azərbaycan
bu müharibədən
qalib kimi çıxır. İstənilən
halda Cenevrədə keçirilməsi nəzərdə
tutulan görüşdə
Azərbaycan artıq diqtə edən tərəf olacaq. Əvvəllər Ermənistanın keçmiş
rəhbərləri deyirdilər
ki, biz həmin torpaqları qanla almışıq, müharibəsiz verək.
İndi isə biz deyirik ki,
ərazilərimizi qanla
işğaldam azad etmişik". Yunus Oğuz onu da
diqqətə çatdırıb
ki, Azərbaycanın bir xalq kimi
müharibəyə hazır
olduğunu da heç kim gözləmirdi: "İnsanların
kütləvi şəkildə
orduya yazılmasını
heç kim təsəvvür etmirdi. Faktiki olaraq "5-ci kolon"un Azərbaycanda xalq tərəfindən zərərsizləışdirilməsi baş verdi. Artıq onlar Azərbaycanda at oynada bilmirlər. Çünki xalqın təpkisi və ictimai qınaqla rastlaşırlar. Ən əsası odur ki, çoxları hələ də Aprel döyüşlərinin
mahiyyətini başa düşmür. Aprel döyüşləri Ermənistanın
qalib sindromunu sındırdı. Xalq anladı ki, müharibə də etmək olar, qələbə qazanmaq da".
Səs.- 2020.- 30
sentyabr.- S.10.