Nurlu ömrün böyük salnaməsi
– Zərifə xanım Əliyeva
Qeyri-adi peşəkarlığı
ilə şöhrətlənən, dünya oftamologiya elminə
töhfələrini verən, böyük qəlbli insan, nəcib
qadın Zərifə xanım Əliyeva öz əməli fəaliyyəti
ilə minlərlə insanın gözünə nur verərək,
onlara bu dünyanın gözəlliyini görmək kimi
böyük xoşbəxlik bəxş etmişdir. Hər
insan əməli fəaliyyətində bu səadətə –
insanlara nur bəxş etmək səadətinə qovuşa
bilmir. Böyük istedad, zəhmət və geniş qəlb
insanı bu yüksəkliyə ucalda bilir. Gərgin əməyi
ilə uzun illər elmi nailiyyətlərə imza atan Zərifə
xanım elm aləmində nadir istedadlı şəxsiyyət
kimi tanınır. Elmə gətirdiyi yenilik və çəkdiyi
zəhməti ilə dünya oftamologiya elmində öz
möhrünü vurub. Azərbaycanda oftalmologiya
elminin inkişafında müstəsna xidmətləri olan
böyük oftamoloq, Azərbaycanın əməkdar elm xadimi,
tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü Zərifə xanım
Əliyevanın bu gün anım günüdür. Alimləri sabaha inamla, gələcəyə
ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak
və nəcib insan, görkəmli şəxsiyyət olan Zərifə
xanımın müqəddəs xatirəsi, ülvi insani
kefiyyətləri, elmi fəaliyyəti təkrarsız bir insan
olaraq hər zaman xatırlanır. Təsadüfi deyildir
ki, Onun seçdiyi sənət də, mənalı
ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara
nur bəxş etmək olub. Bacarıqlı alimin möcüzəli
əllərindən süzülən işıq bu gün də
şəfa verdiyi insanların gözlərindədir. O, elm sahəsində elə bir yüksək zirvədədir
ki, zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir.
Özü də yaşadığı illərdə
araşdırmalar aparmış, elmi zəkası ilə gəldiyi
qənaətlər və nəticələr böyük
uğurlara yol açmışdır. Bu uğur bir
şəxsin olmuş olsa da, bundan minlərlə, milyonlarla
insan bəhrələnmişdir. Beynəlxalq aləmdə
cəm olunaraq, bir araya gələn alimlərin müzakirə
obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycan
səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib
çıxardı. Azərbaycan və Rusiya alimləri
arasında əməkdaşlığın təməlini
qoyan, oftalmologiya üzrə milli kadrların hazırlanmasında
böyük rol oynayan və bütövlükdə, elmin bu
sahəsinin inkişafına qiymətli töhfələr verən
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi
çoxcəhətli və zəngindir.
Onun keçdiyi həyat və elmi yoluna nəzər
salaq. Şərəfli bir ömür yolu. Zərifə
Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də
Naxçıvan MR-in Şərur rayonunun Şahtaxtı kəndində
dünyaya göz açıb. Uşaqlığı bu kənddə
keçsə də, sonradan onlar ailəliklə Bakıya
köçüblər. 1942-ci ildə orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsinə daxil olur və
institutu əla qiymətlərlə bitirir. Bu elə
bir zaman idi ki, Azərbaycanda gözü zədələyən
və ağır nəticəyə, hətta tam korluğa səbəb
olan traxoma infeksion xəstəliyi geniş
yayılmışdı. Bu xəstəliyə qarşı təsirli
müalicə üsulları yox idi. Belə
bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə
qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin
təşkilində və keçirilməsində fəal
iştirak edir, konkret müalicə təcrübəsindən
başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş
yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər
aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini
qarşısına məqsəd qoyan Zərifə xanım bu
problemin nə qədər çətin və mürəkkəb
olduğunu çox yaxşı bilirdi. Lakin işin
çətinliyinə və məsuliyyətinə baxmayaraq,
o, tezliklə böyük uğurlar əldə edir. Zərifə
xanım Əliyevanın bu istiqamətdə
apardığı tədqiqatlar 1960-cı ildə uğurla
müdafiə etdiyi "Traxomanın digər terapiya
üsulları ilə birlikdə sintomisinlə müalicəsi"
mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil
edir. Traxoma xəstəliyinin müayinəsi və
müalicəsi işləri ilə yanaşı, Zərifə
xanım oftalmologiya elminin bir sıra aktual məsələlərinə
də böyük əhəmiyyət verirdi. Çoxillik
müşahidələrin, klinik tədqiqatların və
eksperimentlərin nəticələri Zərifə xanım
Əliyevanın doktorluq dissertasiyasının əsasını
təşkil etmişdir. Zərifə xanım
"Azərbaycanın bir sıra kimya müəssisələri
işçilərinin görmə orqanının vəziyyəti"
mövzusunda yazdığı dissertasiya işini
dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən
birində, H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda müdafiə etmişdir. Onun
dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini
almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən
biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri
doktoru elmi dərəcəsi verilmişdir. Öz həyatını
tibb elminə bağlayan Zərifə xanım mərhələ-mərhələ
buna nail olub. Onun elmi nailiyyətlərinə nəzər
saldıqda nə qədər böyük əhəmiyyətə
malik olduğunu görürük. Zərifə xanım
Əliyeva 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun oftalmologiya
kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti
daha da genişləndi. Onun daktriologiyadan bəhs edən -
"Göz sulanmasının fiziologiyası", "Göz
sulanmasının müasir cərrahiyyə üsulları ilə
müalicəsi" monoqrafiyaları təkcə
oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb
edir. Zərifə xanım xəstəliyin
diaqnostikasının yeni istiqamətdə inkişafını
ilk dəfə tədqiq edən alimlərdəndir və bu
mövzuya bir sıra elmi məqalələr həsr
etmişdir. O, "İridodiaqnostikanın əsasları"
kimi nadir elmi əsərin müəlliflərindən biridir. Zərifə
xanım milli oftalmologiyamızın inkişafı
üçün çox işlər görmüşdür.
Onun arzularından biri də yeni oftalmoloji kompleksin
yaradılması olmuşdur. Onun təşəbüssündən
sonra Ümummilli Lider Heydər Əliyevin Sərəncamı
ilə həmin kompleksin tikintisinə başlanılmış
və istəyi müasir dövrümüzdə gerçəkləşmişdir.
Böyük xidmətlərinə,
çoxillik elmi-tədqiqat işlərinə görə,
1983-cü ildə Azərbaycan Respublikası Elmlər
Akademiyasının akademiki seçilən Zərifə
xanım ömrü boyu böyük ictimai iş
aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə
Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə
Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti
İdarə Heyətinin üzvü və keçmiş
İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə
Heyətinin üzvü olmuşdur. O, həm də
"Oftalmologiya xəbərləri" jurnalının
redaksiya heyətinin üzvü idi. Elmi və ictimai fəaliyyəti
diqqətdən kənarda qalmamış və dünya
oftalmologiya elminin tanınmış simaları Onun haqqında
tarixi sözlər demişlər. Azərbaycan
Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun direktoru, professor Nazim
Əfəndiyevin, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi
üzvü, əməkdar elm xadimi, dövlət
mükafatı laureatı A.Nesterovun, tibb elmləri doktoru,
professor Z.Skripinçenkonun, Sankt-Peterburq Gigiyena İnstitutunun
göz xəstəlikləri kafedrasının müdiri,
professor A.N.Dobromislovun və başqalarının
yazılarında alimin şərəfli və zəngin elmi fəaliyyətinin
nailiyyətlərindən danışılır. Zərifə
Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi
"Oftalmologiyanın aktual məsələləri"
monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə
birlikdə) öz əksini tapıb. Moskva Oftalmoloji Məktəbi
Zərifə xanımı oftalmologiyanın mirvarisi, professor
A.Brovkina Onu nəciblik və mənəvi paklıq timsalı
adlandırmışdır. Rusiya Tibb Elmləri
Akademiyasının həqiqi üzvü M.M.Krasnov isə
yazırdı: "Zərifə xanım Əliyeva haqqında
xatirələrimi bir sözlə ifadə etməli
olsaydım, deyərdim: O, həm xeyirxah idi, həm
ağıllı idi, həm də qüdrətli idi!". Zərifə
xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın
müxtəlif sahələri üzrə apardığı tədqiqatlar,
qazandığı nailiyyətlər, yaratdığı
fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Zərifə xanım Əliyeva tibb elminə və
praktikasına, yüksək ixtisaslı tibbi kadrların
hazırlanmasına da əvəzsiz töhfələr
vermişdir. Onun çoxcəhətli elmi fəaliyyətinin
nəticələri 130 əsərdə, o cümlədən,
5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs
vəsaitlərində, sənayenin müxtəlif sahələrində
göz zədələrinin profilaktikasına dair metodik
tövsiyələrdə öz əksini tapmışdır.
Onun elmi nailiyyətləri ilə yanaşı,
ziyalı işığı da daim insanlara nur, qüvvət
verib. Zərifə Əliyevanın hər sözü, hər
bir hərəkəti nümunəyə çevrilib. Hətta
həmkarlarına verdiyi tövsiyələr onun
ziyalılığının nümunəsidir. İnsana tibbi
yardım göstərmək, sağlamlığı
uğrunda mübarizə aparmaq onu özünə qaytaran əsl
humanist xidmətdir kimi tövsiyələri diqqəti çəkir.
Bu, Zərifə xanımın təbabət fəlsəfəsinin
başlıca qayəsi olub. Həkimin
başlıca peşəsi müalicə kursunu müəyyənləşdirməklə
yanaşı, xəstəyə insani dəyərlər
prizmasından yanaşmaq, onun şəxsiyyətinə dərin
ehtiram göstərməkdir ki, bu da Zərifə xanım
Əliyevada özünü açıq-aydın büruzə
verib. Çox alimlər, ziyalılar onun ünvanına –
şəxsiyyətinə, elmi uğurlarına, tədqiqatlarına
yüksək fikirlərini bildiriblər. Müasirləri Onun
haqqında söz açarkən, nəcib bir Azərbaycan
qadını olduğunu qeyd ediblər. Zərifə
xanım işinin gərginliyinə baxmayaraq, həmişə
bir qadın kimi mülayimliyi ilə, həssalığı,
insanlara mehriban və qayğı ilə yanaşması ilə
seçilib. Özünün insani təravəti, səmimiliyi,
başqalarının kədərinə yanması və
köməyinə çatması, ən ağır anlarda
insana dayaq durması məxsusi dəyərləri
sırasında hallanır. Bəli, bu keyfiyyətləri,
peşəkarlığı, ictimai fəallığı ilə
Zərifə xanım Əliyeva yüksəkdə dayanır və
zaman-zaman xatırlanaraq, fəaliyyətinə nəzər
yetirilir. Bu həyat yoluna nəzər saldıqda, bitib-tükənməyən
arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti
cəlb edir. Bir ana ömrü, bir tədqiqatçı
ömrü, bir həkim ömrü, bir alim ömrü və
ömürlərə sığmayan bənzərsiz şəxsiyyət
ömrü. Bu keyfiyyətlər və dəyərlər, məhz
şəxsiyyət olaraq ziyalının ömrünə
işıq saçmışdır. Zərifə
xanım incə və zərif duyğuların vəhdətində
Azərbaycan xanımına məxsus olan əlvan
çalarlı ömrünü yazılı salnamələrdə
əks etdirdi.Görkəmli dövlət və elm xadimi,
bütün bilik və bacarığını xalqa xidmətə
sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya
göz açan Zərifə xanım valideynlərinə
layiqli bir övlad, məşhur alim, tanınmış həkim,
istedadlı insan, sədaqətli ömür yoldaşı və
qayğıkeş ana idi. Zərifə xanım
Əliyeva Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin
Memarı və Qurucusu, bütün mənalı
ömrünü Vətəninin və xalqının tərəqqisinə
həsr etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin vəfalı
ömür-gün yoldaşı və etibarlı
silahdaşı olmuşdur.
Zərifə xanım Əliyevanın fəxri
adları, elmi titulları, mükafatları olduqca çoxdur.
Bu adların hər biri qürur və iftixar mənbəyidir.
Lakin bu adlar sırasında ən şərəflisi ana
adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın
övladlarına münasibəti də xüsusi olub.
Övladlarını Ulu Tanrı tərəfindən bəxş
olunan nur payı tək qəbul edib. Zərifə xanım
Əliyeva cəmiyyət üçün böyük dəyərlərə
malik övladlar tərbiyə etmişdir. Bu, Onun fədakar ana
olmasından irəli gəlirdi. O, nə edirdisə,
böyük sevgi ilə edirdi. Zərifə xanım
qayğıkeş ana, gözəl, vəfalı
ömür-gün yoldaşı olaraq iki övlad
böyüdüb - ata-anasına layiq, qəlblərində daim
Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru
sayılan övladlar kimi. Göründüyü
kimi, Zərifə xanımın bir qadın olaraq ətrafında
nə qədər məsuliyyət cəmləşib: ana, həyat
yoldaşı, övlad, Vətən keşiyində duran
elmli-zəkalı ziyalı. Elm, ədalət, səxavət, səbr,
həya və ismət kimi keyfiyyətlər Onun həyat
simvoluna çevirildi. Bu dəyərlər içərisində
güclü və fədakar oldu. Azərbaycan tarixinə məxsusi
dəyərləri ilə iz saldı. Yaşanılan
ömür yolunun sərlövhələri Onu
zamanımızın seçilən xanımı etməklə
yanaşı, gələcək nəsillər
üçün örnək olacaq bir simaya çevirdi. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi
hər kəsə bəlli bir nümunəvi yoldur.1985-ci il
aprel ayının 15-də Moskva şəhərində vəfat
edən Zərifə xanım Əliyevanın cənazəsi
1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından
Bakıya gətirilərək, Fəxri Xiyabanda dəfn
olunmuşdur.
ZÜMRÜD BAYRAMOVA
Səs.-2021.- 15 aprel.- S.4.