Azərbaycan dövləti ermənilərin
qlobal informasiya məkanında yaratdıqları mifləri
dağıtmağa nail olub
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin
üzvü Ramin Məmmədov yap.org.az saytına müsahibə
verib.
"İki sahil" həmin müsahibəni təqdim
edir:
- Ramin müəllim, bir neçə
gün öncə ADA
Universitetində keçirilən “Cənubi Qafqaza yeni
baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”
adlı beynəlxalq konfrans zamanı
Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri,
xarici ekspertlərin suallarına geniş və əhatəli
cavabları gündəmin əsas mövzularından biridir.
Bu barədə fikirləriniz bilmək istərdik...
- “Cənubi Qafqaza yeni
baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”
adlı beynəlxalq konfransda cənab Prezident İlham
Əliyev regionda baş verən proseslərlə bağlı
fikirlərini bildirib, dövlətimizin mövqeyi ilə
bağlı mühüm mesajlar verib. Şübhəsiz ki, bu,
Azərbaycan həqiqətlərinin, ölkəmizin 44
günlük müharibədə qazandığı
şanlı qələbə sayəsində regionda yaranan yeni
reallıqların dünya ictimaiyyətinin diqqətinə
çatdırılması baxımından böyük önəm
daşıyır.
Ümumiyyətlə, Azərbaycan dövləti
məqsədyönlü siyasət sayəsində qısa
müddətdə ermənilərin qlobal informasiya məkanında
yaratdıqları mifləri dağıtmağa nail oldu.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, 44 günlük Vətən
müharibəsi dövründə Prezident İlham Əliyev
özünün praqmatik informasiya siyasətini daha da intensivləşdirdi.
Xatırladım ki, Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyev müharibənin davam etdiyi 44 gün ərzində
dünyada böyük populyarlığa malik olan 30-dan
çox transmilli media qurumuna müsahibələr verdi. Həmin
müsahibələri götürən müxbirlərin bəziləri
özlərini açıq-aşkar qərəzli aparır, təhrikedici
və ittihamedici suallar verməkdən belə çəkinmirdilər.
Ancaq həmin müxbirlər qərəzli suallarına
dövlət başçımızdan, bir qayda olaraq, obyektiv
və əsaslandırılmış, tutarlı cavablar
alırdılar. Prezident İlham Əliyev sözügedən
müsahibələr zamanı yüksək natiqlik
bacarığı, diplomatik məharət göstərdi.
Prezident İlham Əliyevin Vətən
müharibəsi dövründə 30-a yaxın aparıcı
transmilli media qurumuna verdiyi müsahibələri,
çıxışları, bəyanatları, xarici jurnalistlərlə
keçirdiyi 4 saatlıq mətbuat konfransı, son olaraq ADA
Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin
nümayəndələri ilə görüşə
qatılması, habelə mühüm beynəlxalq platformalarda
söylədiyi nitqləri, müzakirələrdə
iştirakı aydın göstərir ki, O, təkcə
dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə
deyil, həm də dövlətin informasiya siyasətinə
yeni strateji baxış nümayiş etdirir.
Prezident İlham Əliyevin yeni
informasiya strategiyası şəffaflıq, obyektivlik,
sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli
maraqların müdafiəsi, ölkə həqiqətlərinin
müasir üslubda dünya ictimaiyyətinə
çatdırılması, cəmiyyətin hərtərəfli
məlumatlandırılması, ictimai rəyə hörmət
kimi mühüm amillər üzərində qurulub. Təsadüfi deyil ki, nüfuzlu ekspertlər Prezident
İlham Əliyevin müzakirə və debatlarda, mətbuat
konfranslarında ən mürəkkəb suallara
açıqlığını və onları peşəkar
formada cavablandırmaq bacarığını, dərin məntiqə,
intellektə, diplomatik məharətə malik olmasını,
dünyada, regionumuzda və ölkəmizdə baş verən
hadisələr və cərəyan edən proseslər
barədə geniş məlumatlılığını,
elmi-politoloji biliyini yüksək qiymətləndirir və
dövlət başçımızın dünya səviyyəli
siyasətçi olduğunu bildirirlər.
Birmənalı şəkildə
demək mümkündür ki, istər Vətən müharibəsi
dövründə, istərsə də münaqişədən
sonrakı mərhələdə Prezident İlham Əliyevin
informasiya sahəsində fəaliyyəti Ermənistanın,
erməni lobbisinin, həmçinin Azərbaycanı istəməyən
xarici qüvvələrin
yalanlarının ifşa edilməsində, beynəlxalq
ictimaiyyətin obyektiv məlumatlandırılmasında
çox mühüm rol oynadı. Deyilənlər
baxımından dövlət başçımızın ADA
Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin
nümayəndələri ilə görüşdə verdiyi
mesajlar da böyük aktuallıq daşıyır. Prezident İlham Əliyev konfransda çoxsaylı
sualları yenə də yüksək diplomatik məharətlə
cavablandıraraq Azərbaycanın Vətən müharibəsində
işğaldan azad edilən ərazilərdə bərpa
işlərinə, infrastruktur quruculuğuna
başladığını, eyni zamanda, regional əməkdaşlıq
üçün yaranan perspektivlərin
reallaşdırılmasından ötrü öz
imkanlarını təqdim etməyə hazır olduğunu
diqqətə çatdırdı.
- Dövlətimizin başçısı beynəlxalq
konfransda ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub.
Yeri gəlmişkən, bugünlərdə həmsədrlər
bəyanatla çıxış ediblər. Bu bəyanata
münasibətiniz necədir?
- Həmin bəyanatla tanışam. Bilirsiniz ki, rəsmi səviyyədə həmsədrlərin
bəyanatına münasibət bildiirlib. 1992-ci ildən fəaliyyət
gösətərən
ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir real
addım atmadı, əksinə işğalçı ilə
işğala məruz qalan tərəfə bərabər
münasibət sərgilədi. Bu isə yaddaşlarda daha
çox “turist səfərləri edən diplomatlar” kimi qalan
ATƏT-in Minsk qrupunun tərəfsizlik prinsipini pozduğunu
sübut etdi.
Əslində, Minsk qrupunun həmsədrlərinin
bu cür “fəaliyyəti” dolayısı yolla
işğalçı Ermənistanın status-kvonu saxlamaq
planlarına dəstək xarakteri daşıyıb. 44
günlük Vətən müharibəsində Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı
Zəfər qazanan Azərbaycan ordusu torpaqlarımızı
işğaldan azad etdi və bununla da Dağlıq Qarabağ
münaqişəsi artıq tarixə qovuşdu. Hesab etmək
olardı ki, heç olmasa bundan sonra həmsədrlər
özlərində güc tapıb düzgün istiqamət
götürəcəklər. Lakin görünən odur ki,
onlar nə buna cəhd etmirlər, nədə ki, bundan
sonrakı proseslərlə bağlı hər hansı təkliflə
çıxış etmirlər.
ADA Universitetində keçirilən "Cənubi
Qafqaza yeni baxış: münaqişədən sonra
inkişaf və əməkdaşlıq" adlı beynəlxalq
konfransda bu məqama toxunan Prezident İlham Əliyev bildirib:
“Biz, həmsədrlərin - Rusiya, Amerika Birləşmiş
Ştatları və Fransanın mövqeyinin nədən ibarət
olduğunu bilməliyik. Onlar Minsk qrupunun gələcək fəaliyyətini
necə görürlər? Çünki bu quruma həmsədrlik
edən onlardır. Bu da bizim mövqeyimizdir. Münaqişə
öz həllini tapdıqdan sonra problemin həllinə kömək
etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm.
Eyni zamanda, mən bizə artıq Minsk qrupu lazım deyil,
çıxın gedin də deyə bilmirəm. Xeyr. Nəyə
görə bunu deyim ki? Buna görə mən onlara diplomatik
şəkildə düşünməyi və kreativlik
göstərməyi xahiş etdim. Onlar bu 29 il ərzində çox
kreativ olublar. Bir az da kreativlik göstərsinlər”.
Beləliklə, Azərbaycan tərəfinin haqlı
mövqeyi ortadadır. Artıq Dağlıq Qarabağ
münaqişəsi yoxdur. Və deməli
həmsədrlər bundan sonra postmünaqişə
dövrü üçün hansı addım ata biləcəklərinə
dair konkret təkliflərlə çıxış etməlidirlər,
ancaq hələ ki, biz bununla bağlı konkret mövqenin sərgiləndiyini
görmürük.
- Bakıda Hərbi Qənimətlər Parkı yaradılıb. Sizcə, belə
bir parkın yaradılmasının əhəmiyyəti nədən
ibarətdir?
- Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin
açılışını etdiyi Hərbi Qənimətlər
Parkı Vətən müharibəsində parlaq qələbəmizi,
düşmənin isə ağır məğlubiyyətini
özündə ehtiva edir. İkinci Qarabağ
müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi
ilə şanlı ordumuz düşməni diz
çökdürdü. Bu dünya tarixində
görünməmiş Vətən müharibəsi idi.
Düşmənin və onların
havadarlarının ağlına belə gəlməzdi ki, Azərbaycanın
vətənpərvər oğulları torpaqlarımızı
həm tezliklə, həm də belə bir cəsarətlə
işğalçılardan təmizləyəcək.
Uzun illər davam edən diplomatik
danışıqların fayda verməməsi, düşmənin
davamlı təxribatları Azərbaycan xalqını hərbi
yolla torpaqlarını azad etməyə məcbur etdi və
möhtəşəm qələbə qazanıldı. Azərbaycanın "dəmir
yumruğu" işğalçı Ermənistana elə bir
dərs verdi ki, bu işğalçı
ölkə tarixboyu onun zərbəsinin
ağırlığını unuda bilməyəcək.
Bu gün qarşıda duran əsas vəzifələrdən
biri Vətən müharibəsindəki qələbənin əbədiləşdirilməsidir.
Vətən müharibəsində tarixi qələbənin əbədiləşdirilməsinə
xidmət edən vacib layihələrdən biri Prezident
İlham Əliyevin təşəbbüsü ilə
reallaşan Hərbi Qənimətlər Parkının
yaradılmasıdır. Hərbi Qənimətlər
Parkında təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin
qəhrəmanlığını və rəşadətini
tərənnüm edir. Minalanmış sahələr,
toxunarkən səs salan tikanlı məftillər, zirehli
texnikanın hərəkətinin qarşısını alan dəmir
konstruksiyalar və materiallar, dərin xəndəklər,
betonlaşdırılmış istehkamlar, bombalardan qorunmaq
üçün bunkerlər və onların arasındakı
tunellər işğalçıların Azərbaycan Ordusu ilə
təmas xəttində yaratdıqları müdafiə
mövqeyinin ayrı-ayrı elementləridir. Bu cür gücləndirilmiş
müdafiə xəttinin yaradılması, ilk növbədə,
onu göstərirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan
torpaqlarını heç vaxt sülh yolu ilə azad etmək
fikrində olmayıb. Bu mənada, ötən il sentyabrın
27-də əks-hücuma başlayan Azərbaycan Ordusunun
bölmələri çətin bir şəraitdə
döyüşə atılmalı olmuşdular. Buna baxmayaraq,
ordumuz əks-hücum əməliyyatlarına
başladığı cəbhənin bütün istiqamətlərində
elə döyüşlərin ilk günü Ermənistanın
əsas müdafiə mövqelərini darmadağın edərək
düşməni geri oturtdu. Qəhrəman Azərbaycan əsgərləri
işğalçının alınmaz hesab etdiyi
istehkamları ilk həmlədə ələ keçirdilər.
Bütövlükdə, döyüşlərdə
düşmənin yaratdığı bütün mövqelər
ard-arda yüksək hərbi peşəkarlıqla
darmadağın olundu və işğalçı əsgərlərin
böyük qismi məhv edildi. Bununla
yanaşı, Azərbaycan Ordusu müasir hərbi
texnologiyaları döyüş şəraitində uğurla
tətbiq etməklə Ermənistanın Qarabağdakı
bütün hərbi infrastrukturunu və hərbi texnikasını
sıradan çıxardı. Beləliklə, Hərbi Qənimətlər
Parkı Azərbaycan Ordusunun döyüş əzminin, qəhrəmanlığının
təcəssümüdür.
Səs .-2021.- 20 aprel.- S.7.