Ermənistan Azərbaycana axan
çayları “öldürür”
Təmiz su çatışmazlığı XXI əsrdə
bütün bəşəriyyət üçün ən
aktual mövzulardan biridir. Belə ki, tələbat
getdikcə artır, amma resurslar azalır.
BMT-nin məlumatlarına
görə, Yer kürəsi əhalisinin 1/3 hissəsi (2,2 milyard insan) təhlükəsiz içməli
su çatışmazlığından əziyyət çəkir.
2040-cı ildə suya olan qlobal tələbat 50%-dək artacaq,
2050-ci ilədək isə planetimizin 5,7
milyard sakini il ərzindən azı 1 ay içməli su
çatışmazlığının hiss olunacağı ərazilərdə
yaşayacaq.
Azərbaycan üçün təmiz içməli su
mövzusu kifayət qədər aktualdır, belə ki,
ölkənin səth sularının təxminən 70%-i
qonşu ölkələrin ərazisində formalaşır. Lakin, sonradan
Azərbaycan ərazisinə axan çayların çoxunun
formalaşdığı nə Gürcüstan, nə də
Ermənistan “Sərhəddən keçən su
axınlarının və beynəlxalq göllərin
mühafizəsi və istifadəsi üzrə” Helsinki
Konvensiyasına qoşulmayıb.
1922-ci ildə Helsinki şəhərində (Finlandiya) qəbul
edilmiş bu beynəlxalq sənəd sərhəddən
keçən yeraltı suların və səth
sularının ekoloji cəhətdən əsaslandırılmış
idarəetməsi və mühafizəsinə yönəlmiş
milli tədbirlərin və beynəlxalq əməkdaşlığın
güclənməsinə xidmət edən mexanizmdir.
Kür
çayının suyunun ekoloji vəziyyəti mövzusunda
Gürcüstanla ikitərəfli iş aparılsa da, 30 illik
münaqişə və işğal səbəbindən Araz
çayının ümumi su ehtiyatlarının idarə
olunması ilə bağlı Ermənistanla hər hansı
regional əməkdaşlıq mümkün olmayıb.
Kür çayının ən böyük sağ qolu
olan Araz çayı Azərbaycan ərazisində kənd təsərrüfatına
yararlı sahələrin suvarılması baxımından
çox böyük əhəmiyyət kəsb edir. Lakin suyun
keyfiyyəti heç də arzuolunan səviyyədə deyil.
Vətən müharibəsində qələbə və
əvvəl Ermənistan tərəfindən işğal
edilmiş ərazilərin, xüsusilə də Zəngilan
rayonunun azad edilməsi nəticəsində Azərbaycan
ekoloqlarının yerli çaylara çıxışı
təmin olunub.
Araz çayına tökülən
Oxçuçaydan götürülmüş su nümunələri
üzərində aparılan analizlərin nəticələrinə
görə çayda mis, molibden, manqan, dəmir, sink, xrom kimi
ağır metalların miqdarının çox olduğu məlum
olub.
“Digər sərhəd çayları ilə müqayisədə
bu çayda çirklənmə səviyyəsi daha yüksəkdir. Yanvar-mart
aylarında aparılmış monitorinqə görə, bu
çaylarda nikelin miqdarının 7, dəmirin 4, mis-molibdenin
isə 2 dəfə normadan artıq olduğu
aşkarlanıb”, – deyə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev jurnalistlərə
açıqlamasında bildirib.
Onun sözlərinə görə, mart ayının əvvəlində
Oxçuçay hövzəsində farel
balıqlarının kütləvi məhv olmasını adi
gözlə görmək olardı.
Foto:
Oxçuçayda monitorinq, 2021-ci ilin mart ayı
Ağır
metal tərkibinin yüksək olması təkcə çay
faunasını məhv etmir, həm də insan
sağlamlığı üçün son dərəcədə
təhlükəlidir. Belə sudan istifadə
həzm pozuntuları, böyrəklərdə və
sümük toxumasında destruktiv proseslərdan tutmuş
orqanizmin ürək-damar, əsəb və və qan
dövranı sistemlərinin xəstəlikləri kimi
çox zərərli fəsadlara səbəb ola bilər.
Məsələn, suda manqan tərkibinin yüksək
olması uşaqlar üçün son dərəcə təhlükəlidir,
belə ki, bu, dayaq və hərəkət sistemində “manqan
raxiti” adlanan xəstəliyin meydana gəlməsi riskini
artırır.
Araşdırmalar qurğuşunun insan orqanizminə
xərçəngyaradıcı təsirə malik olduğunu
ortaya çıxarıb. Uşaqların
qurğuşunla zəhərlənməsi isə onlarda əqli
inkişaf səviyyəsinin aşağı düşməsinə
səbəb ola bilər.
Məlumdur
ki, ağır metal duzlarının böyük hissəsi ətraf-mühitə
antropogen yolla, əsasən çıxarma və emal müəssisələrinin
tullantıları vasitəsilə düşür. Bu isə
Qacar mədənini idarə edən “Zəngəzur mis-molibden
kombinatı”nın, həmçinin “Chaarat
Kapan” şirkətinin (keçmiş “Kapan dağ-zənginləşdirici
kombinatı”) ilkin təmizləmə işləri aparmadan
istehsalat tullantılarını birbaşa Oxçuçaya
buraxmaqla, ekoloji standartlara riayət etmədiklərini
düşünməyə əsas verir.
“Zəngəzur mis-molibden kombinatı” Ermənistanın ən
əsas sənaye müəssisələrindən biri və
ölkənin əsas vergi ödəyicisidir. Şirkət, Qafqazın ən
böyük mis-molibden mədəni olan və metal
konsentratları hasil edən Kacaran mədənini idarə edir.
Kombinat Almaniyanın “Cronimet Holding” şirkətinin
mülkiyyətindədir.
“Kapan dağ-zənginləşdirici kombinatı” da
ölkənin əsas vergi ödəyiciləri
sırasındadır. Şaumyan qızıl-polimetal
yatağını istismar edən müəssisə
qızıl və gümüş tərkibli konsentratlar
istehsal edir. 2019-cu ildə bir neçə
dəfə əldən-ələ keçən kombinat sonda mərkəzi
ofisi Londonda yerləşən, Böyük Britaniyanın
“Chaarat Gold Holdings Limited” şirkətinin tərkibinə
qatıldı və hazırda “Chaarat Kapan” adlanır.
Hər
iki müəssisə şərqdən Azərbaycanın əsas
hissəsi ilə qərbdən Naxçıvan MR arasında yerləşən Ermənistanın
Sünik vilayətində (tarixi Azərbaycan torpağı olan
Zəngəzur) fəaliyyət göstərir.
Ermənistanın Sünik vilayətində fəaliyyət
göstərən hər iki müəssisənin ekoloji
standartlara riayət etmədiyini Ermənistanın dövlət
strukturlarının, həmçinin ekologiya fəallarının
yerli KİV-lərdə dərc olunan məlumatları da
sübut edir.
2019-cu ilin oktyabr ayında Ermənistan FHN-nin mətbuat
xidməti məlumat vermişdi ki, tullantı anbarında
baş vermiş nasazlıq səbəbindən Kacaran
mis-molibden mədəninin tullantıları Voxci
çayına (Oxçuçayın ermənicə adı)
tökülmüşdür.
“Bu
gün səhər saat 08:40-da “911” xidmətinə Sünik ərazisindən
axan Voxci çayının (red. Oxçuçay) ağ rəng alması barədə məlumat
daxil olmuşdur. FHN əməkdaşları
müəyyən etmişlər ki, suyun rənginin dəyişməsi
kombinatın Sünik vilayətinin Nerkin Giratax kəndi
yaxınlığında yerləşən tullantı
anbarının zədələnməsi səbəbindən
meydana gələn çirklənmə nəticəsində
baş vermişdir”, – nazirlikdən bildirmişdilər.
Həmin vaxt Ümumermənistan Ekologiya Fondunun
üzvü Levon Qalstyan bildirmişdi ki, bu, kombinatın
böyük həcmdə tullantılarının ətraf-mühitə
atılması ilə nəticələnmiş böyük qəzadır. O qeyd etmişdi ki, bu cür
qəzalar kombinatda birinci dəfə deyil ki, baş verir. “Təkcə
son 6-7 il ərzində onlarla bu cür fakt
qeydə alınsa da, hər dəfə ya qəza halları,
ya da onun fəsadları ört-basdır edilib”.
Foto:
Oxçuçayda monitorinq, 2021-ci ilin mart ayı
Levon Qalstyan qəzanı “ekoloji cinayət”
adlandırmış və həm riskləri qiymətləndirən,
həm də bu risklərə nəzarət edən şəxsləri
məsuliyyətə cəlb etməyə
çağırmışdı.
Sünik vilayətindən olan digər ekoloq Boris Sarqsyan
qeyd etmişdi ki, Voxci çayı (red. Oxçuçay)
bütün uzunluğu – azı 50 km boyunca çirkləndirilir.
Çayın suları Araz çayına
tökülür. “Oxşar qəzalar
birinci dəfə deyil ki, baş verir, amma bu misli görünməmiş
qəzadır. Həm qəza daha
böyükdür, həm də çirklənmə səviyyəsi
daha yüksəkdir. Ətrafda xoşagəlməz
iy hakimdir”, – həmin vaxt o demişdi.
Dövlətlə
bağlanmış müqavilə şərtlərini
pozduğuna, həmçinin ekoloji normalara riayət etmədiyinə
görə kombinat bu hadisədən yarım il
əvvəl cərimələnmişdi.
Verilən
məlumata görə, 2017-cu ildə kombinat 27,2
milyon ton filiz hasil etmişdi, halbuki dövlətlə olan
lisenziya müqaviləsində il ərzində 22 milyon ton
filizin hasil və emal edilməsi nəzərdə tutulur.
Şirkət isə müəyyən edilmiş həddən
daha çox hasil etmiş və daha az emal
etmişdi. Kombinat zənginləşdirmə fabrikinə cəmi
19,65 milyon ton filiz göndərmiş, qalan
bir neçə ton filizi isə mədənin ərazisində
anbarlara vurdurmuşdu. Bundan əlavə, ətraf
mühitə atılan tullantıların həcminin icazə
verilən həddi aşdığı da müəyyən
olunmuşdu.
Kapan mədəninə gəlincə, 2017-ci ildə mədənin
tullantı anbarında baş vermiş qəza nəticəsində
1800 kv.m ərazinin çirkləndiyi barədə məlumat
verilmişdi.
Ətraf mühitə zərər dəyməsi
faktı öz təsdiqini tapmış, şirkət isə cərimələnmişdi.
2018-ci
ilin mart ayında mədənin 3 əməkdaşı “kəskin
ekzogen zəhərlənmə” diaqnozu ilə xəstəxanaya
yerləşdirilmiş, onlardan biri – 1994-cü il təvəllüdlü
sürücü – malyükləyən xəstəxanada vəfat
etmişdi. Ölüm faktı ilə əlaqədar
olaraq, ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olmaqla, tikinti,
dağ-mədən işlərinin və ya sair işlərin
aparılmasının təhlükəsizlik qaydalarını
pozma maddəsi ilə cinayət işi
başladılmışdı.
Oxçuçayın çirkləndirilməsini Ermənistanın
dövlət strukturları da etiraf edir. Xüsusilə də, İrəvan
Dövlət Universiteti yanında Ekoloji Təhlükəsizlik
Mərkəzinin əməkdaşı L.Marqaryan çayın
suyunun keyfiyyətinin pisləşdiyini və suyun tərkibində
molibden, dəmiz, qurğuşun, sink, xrom və
digər ağır metalların miqdarının çox
olduğunu təsdiq etmişdi.
Ermənistanın
“Azatutyun” nəşri 2019-cu ilin oktyabr ayında yazırdı:
“Sənaye zonasının fəaliyyəti nəticəsində
Zəngəzurun ən böyük ikinci çayı olan Voxci
çayı (red. Oxçuçay) suvarma
üçün yararsız hala düşmüş,
çayda balıqlar yoxa çıxmışdır”.
Ölkə iqtisadiyyatında vacib rol oynayan Ermənistanın
dağ-mədən sənayesi təkcə Ermənistanın
özündə deyil, qonşu ölkələrdə də
ekosistemi məhvə sürükləyir. Bu baxımdan
Azərbaycan əlverişsiz mövqeyə malikdir. Belə ki, ölkəmiz bu çayların
aşağı axarında yerləşir. Çirklənmiş Oxçuçayın suyu Araz
çayına tökülməklə, son nəticədə
ölkənin əsas su arteriyası olan Kür çayına
axır. Beləliklə, bütün Xəzər
dənizi hövzəsi təhlükə altına
düşmüş olur.
Növbəti yazımızda Zəngəzurdakı mədənlərin
istismarının arxasında kimin dayandığı, həmçinin
varlanmaq üçün Ermənistanın siyasi
elitasının qərb şirkətlərinin köməkliyi
ilə bütün Cənubi Qafqazın ekologiyasını məsuliyyətsiz
şəkildə necə məhv etdikləri barədə
danışacağıq.
Yelena Ostapenko
Səs.- 2021.- 21 aprel.- S.10