“Ulu Öndərin ən böyük xidməti
İlham Əliyev kimi bir şəxsiyyəti yetişdirməsidir”
Şəmsəddin Xanbabayev
Azərbaycanın görkəmli
ictimai-siyasi və dövlət xadimi Şəmsəddin
Xanbabayev ulu öndər Heydər Əliyevin xeyir-duası ilə
1976-2000-ci illərdə Naxçıvan MR kommunal təsərrüfatı
nazirinin müavini, Ordubad Rayon İcraiyyə Komitəsinin sədri,
Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, Naxçıvan
Şəhər Partiya Komitəsinin birinci katibi, Naxçıvan MR baş nazirinin birinci müavini və
nəhayət, Naxçıvan Muxtar Respublikasının
baş naziri vəzifələrində
çalışmışdır. 1991-1993-cü illərdə
isə ümummilli lider Heydər Əliyevin Naxçıvanda
fəaliyyətini yaxından izləmiş, ulu öndərin
birbaşa şəxsən özünün
tapşırıqları əsasında işləyən
insanlardan biri olmuşdur. Bu səbəbdən
Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ərəfəsində
Şəmsəddin müəllimlə görüşərək,
onun tariximiz üçün xüsusi əhəmiyyəti olan
xatirələrini bizimlə bölüşməsini xahiş
etmək qərarına gəldik. Beləliklə,
müsahibimiz Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının
sədri, “Şöhrət” ordenli, “Şərəf” ordenli,
“1-ci dərəcəli əmək” ordenli Şəmsəddin
Xanbabayevdir.
- Şəmsəddin müəllim, bilirik ki,
Sizin Ulu Öndərlə bağlı xatirələriniz o qədər
çox, o qədər rəngarəngdir ki, onları bizim verə
biləcəyimiz suallarla əhatə etmək
qeyri-mümkündür. Odur ki, söhbəti Sizin
seçdiyiniz istiqamətdə aparsaq daha yaxşı olar.
Buyurun, Sizi dinləyirik.
- Mən həmişə demişəm və
bu gün də deyirəm, Heydər Əliyev haqqında
danışarkən nəyisə azaltmaq və ya nəyisə
artırmaq günahdır. Allah mənə qismət elədi,
o uzaq illərdə Heydər Əliyev məni öz yanına
gətirdi. Buna görə də mən özümü
dünyanın ən xoşbəxt adamı hesab edirəm. Ulu
Öndərlə ilk dəfə üz-üzə
görüşdüyüm gün isə mənim
yaddaşıma həyatımın ən gözəl, ən
şərəfli günü kimi əbədi həkk olunub.
Heydər Əliyev kimi dahi şəxiyyətlə şəxsən
tanış olmaq, onu yaxından görmək və dinləmək
milyonlarla insanın arzusu olub. Lakin bu milyonların arasından
mən deyərdim ki, yalnız Allahın qismətinə yazdığı
insanlara bu arzuya qovuşmaq nəsib olub. Xoşbəxtəm ki,
bu seçilmişlərdən biri də mən olmuşam. Ulu
Öndər Heydər Əliyevlə mənim ilk dəfə
yaxından görüşüm 1976-cı ildə baş
verib. O zaman Heydər Əliyev Azərbaycan Kommunist
Partiyasının Birinci katibi vəzifəsində işləyirdi.
Başqa sözlə desək, respublikaya rəhbərlik edirdi.
İyul ayının 25-də Ulu Öndər məni və
daha bir neçə nəfər yoldaşı qəbul etdi və
hərəmizi bir rayona Rayon İcrayə Komitəsinin sədri
vəzifəsinə təyin etdi. Mən də Ordubad rayonuna bu
vəzifəyə təyin edildim. Bu təyinatla bağlı
Heydər Əliyev hamımıza öz tövsiyələrini
bildirdi, müəyyən tapşırıqlar verdi. O cümlədən
Ulu Öndər mənə də xüsusi bir
tapşırıq verdi. İndiki kimi xatırlayıram, Heydər
Əliyev mənə belə dedi: “Şəmsəddin, bilmirəm
sən bilirsən ya yox, Ordubad öz meyvələri ilə
tanınan rayondur. Buna görə də orada meyvəçiliyi
inkişaf etdirmək lazımdır. Ordubadda müəyyən
məşhur meyvə növləri olub ki, indi onlar itiblər,
yox olmaq üzrədirlər. Onları bərpa edə biləcək
insanlar isə bu barədə düşünmürlər.
Buna görə də mən sənə belə bir göstəriş
verirəm. Ordubada gedən kimi, orada bir hektar
torpaq sahəsi ayır və həmin sahədə itirilmiş
və itmək üzrə olan meyvə növlərinin bərpasını
təmin elə. Meyvəçilik çox mühüm sahədir
və onu dirçəltmək, inkişaf etdirmək
lazımdır.” Sonra Ulu Öndər mənə daha bir
neçə tapşırıqlarını verdi və mənə
yaxşı yol arzuladı.İşlədiyimiz dövrlərdə
Heydər Əliyevi tez-tez partiya fəallarının
iclaslarında, plenumlarda görmək və dinləmək
imkanımız olurdu. Ulu öndərin
çıxışlarına qulaq asıb ondan doymaq
qeyri-mümkün idi. Xüsusilə Heydər
Əliyevin plenumlarda etdiyi yekun nitqlərinə hamı
çox böyük diqqətlə qulaq asardı.
Çünki Ulu Öndər hər bir katibin, hər bir
nazirin səhvlərini birbaşa həmin şəxsin
üzünə deyən bir rəhbər idi. 1980-ci ilin yanvar
ayının 12-də Heydər Əliyev məni Ordubad
Rayon Partiya Komitəsinin I katibi vəzifəsinə təyin
etdi. Deyim ki, bu rayon miqyasında ən yüksək səlahiyyətlərə
malik olan və eyni zamanda da ən çox məsuliyyət tələb
edən bir vəzifə idi. Mən də bu məsuliyyəti
kifayət qədər başa düşür və qiymətləndirirdim.
Buna görə də işimdə çox böyük
dönüşlər yaratdım.
- Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana
rəhbərlik etdiyi dövr də respublikanın intibah
dövrü sayılır. Bu barədə nə deyə bilərsiz?
- Təsəvvür edin ki, Heydər
Əliyevin sovet dönəmində Azərbaycana rəhbərlik
etdiyi 14 il ərzində respublikamız hər il İttifaq səviyyəsində
ali mükafatlardan biri sayılan SSRİ-nin keçici
Qırmızı bayrağına layiq görülürdü.
Allahın qismətilə 1977-ci ildən bu bayrağın
təqdimolunma mərasimlərində iştirak etmək şərəfi
mənə də nəsib olub.Heydər Əliyev
Naxçıvanda çox işləyərdi. Bütün gecəni,
hətta səhər saat üçə, dördə qədər
çalışardı. Ondan sonra çıxıb bir qədər
açıq havada gəzərdik. Belə gəzintilər
zamanı Ulu Öndər çox maraqlı söhbətlər
edərdi. Bir gün yenə də növbəti gəzintilərdən
birində mənə dedi: “Şəmsəddin, 70-ci ilə qədər
Moskvadan yüksək vəzifəli şəxslər Azərbaycana
gəlmək istəmirdilər. Çünki Azərbaycan
çox pis bir vəziyyətdə idi. Amma 70-ci
ildən sonra həmin vəzifəli şəxslər özləri
artıq Baş katibin yanına gedir və xahiş edirdilər
ki, onları ya keçici bayraq təqdim etməyə, ya da
hansısa başqa bir tədbirdə iştirak etməyə Azərbaycana
göndərsinlər.” Heydər Əliyev Azərbaycanı bu
qədər yüksəyə qaldırmışdı.
İnsanların rifah səviyyəsini
qaldırmışdı. İnsanlar özlərinə ev tikməyə
başlamışdılar. Halbuki 1970-ilə qədər buna
imkan yox idi. Məhz Heydər Əliyevin Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci
katibi işlədiyi dövrdə respublikada məktəblər
tikildi, yollar salındı, xəstəxanalar inşa olundu,
unikal sənaye müəssisələri yaradıldı, kənd
təsərrüfatı, o cümlədən tütünçülük,
üzümçülük və pambıqçılıq
görünməmiş inkişaf səviyyəsinə
çatdı. Biz bütün bunların canlı şahidi
olmuşuq. Bütün bu xidmətlərinə
görə də Heydər Əliyev iki dəfə SSRİ-nin
əməkdə fərqlənməyə görə verilən
ən ali fəxri adına, Sosialist Əməyi Qəhrəmanı
adına layiq görülmüşdür.1982-ci ilin
payızında Heydər Əliyevi Moskvaya dəvət
etdilər. Ulu Öndərin parlaq zəkasına artıq
ümumittifaq səviyyəsində ehtiyac var idi. Noyabr
ayının axırlarında Heydər Əliyev Sov.İKP MK
Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsinə təyin
edildi. Bilirsiniz, Heydər Əliyev çox savadlı, çox
işgüzar, çox möhkəm və çox tələbkar
bir şəxsiyyət idi. Lakin eyni zamanda da Ulu Öndər son
dərəcə qəlbi təmiz, ürəyi saf və zərif
bir insan idi. Heydər Əliyevin
işgüzarlıq qabiliyyətindən ikinci bir kimsədə
ola bilməzdi. Əgər rəsmi subordinasiya baxımından
Heydər Əliyevin tutduğu vəzifə SSRİ hökumətində
dördüncü post sayılırdısa, həqiqətdə
Ulu Öndər bu hökumətin birinci şəxsi idi.
O cümlədən xarici ölkələrin hökumət
başçıları da məhz Heydər Əliyevi sovet
hökumətinin birinci şəxsi kimi qəbul edirdilər.
Çünki Ulu Öndər çox bacarıqlı,
çox işgüzar insan idi. Heydər Əliyev
çox böyük siyasətçi idi və
özünü də bütün dünyaya məhz bu cür
tanıtmışdı. Bunu hamı bilirdi və buna görə
də bir çoxları, o cümlədən Qorbaçov kimi
insanlar Ulu Öndərə qarşı paxıllıq hissi
keçirirdilər. Heydər Əliyevin təkcə
SSRİ-də deyil, həmçinin İttifaq
hüdudlarından kənarda qazandığı hörmətə,
malik olduğu nüfuza görə onu qısqanırdılar.
Bunu biz hamımız görürdük və bilirdik. Təbii
ki, bütün bunlar ilk növbədə ermənilərin və
onlara havadarlıq edən qüvvələrin son dərəcə
böyük qısqanclığına və
paxıllığına səbəb olurdu.
- Şəmsəddin müəllim, bu erməni
paxıllığının mütləq şəkildə
hansısa təxribatlarda təzahür etməsi
qaçınılmazdır. Belə hallardan xatirinizdə
qalanları varmı?
- Əlbəttə var. 1984-1985-ci illərdə
Sov.İKP MK-nın Baş katibi və SSRİ Ali Soveti Rəyasət
Heyətinin Sədri vəzifəsində Konstantin Çernenko
idi. Heydər Əliyev isə Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsində
çalışırdı. Həmin dövrdə mən də
Naxçıvan Şəhər Partiya Komitəsinin birinci
katibi idim. Tikinti materialları almaq üçün tez-tez
İrəvana gedərdim. Orda bir küçə var, şəhərin
mərkəzi küçəsidir – Komitas prospekti, həmin
küçədə bir inşaat malları mağazası
yerləşirdi Mən də bir çox materialları ordan
alardım. Bir gün də həmin mağazaya gələndə
diqqətimi Sov.İKP MK Siyasi Büro üzvlərinin yaxınlıqda
sıra ilə asılmış şəkilləri cəlb
etdi. Sovet dönəmində ciddi qaydalar var idi. Siyasi Büro
üzvlərinin şəkilləri yalnız bir sıralamada sərgilənə
bilərdi. Birinci Baş katibin şəkli gəlməli idi.
Ondan sonra sırf soyadlarının baş hərfləri ilə
əlifba sırasına uyğun ardıcıllıq gözlənilməli
idi. Yəni Ulu Öndərin soyadı rusca Aliyev
yazıldığı üçün bu
ardıcıllıqda onun şəkli ikinci, yəni
Çernenkonun şəklindən sonra gəlməli idi.
Moskvada da, Bakıda da, Kiyevdə də, Daşkənddə də
– bütün SSRİ ərazisində bu sıralama belə
idi. Amma İrəvanda mənim gördüyüm tam fərqli
sıralama idi. Burada Ulu Öndərin şəklini ən sonda
yerləşdirmşdilər. Mən ordan çıxıb
başqa bir yerə getdim. Həmin yerdə də eyni vəziyyət
idi. Bundan sonra mən Naxçıvana qayıtdım və
sabahı günü Moskvaya, Ulu Öndərə telefonla zəng
etdim. Səhər saat on idi, Moskva vaxtı ilə doqquz. Dəstəyi
köməkçisi götürdü və dedi ki, axşam
saat 6-da zəng vurum. Axşam təkrar zəng vurdum. Ulu
Öndər doğma Vətəndən gələn zəngə
çox sevinmişdi. Məni xeyli sorğu-sual etdi,
Naxçıvanda vəziyyətlə, işlərimizlə
maraqlandı. Sonra mən şəkil məsələsini
danışdım. Ulu Öndər bu haqda mənə bircə
sual belə olsun vermədi. Yeganə bunu dedi ki, sən niyə
belə tez-tez gedirsən ora? Mən də cavab verdim ki, tikinti
materialları almağa gedirəm. Sonra mənimlə
sağollaşdı. Bir də növbəti dəfə, təxminən
bir həftə sonra İrəvana yolum düşəndə mən
gördüm ki, şəkillərin sıralamasını
düzəldiblər. Artıq Ulu Öndər bu məsələni
kimə tapşırmışdı, İrəvana kim
getmişdi bundan mənim xəbərim olmadı.İkinci hadisə
isə artıq Qorbaçovun hakimiyyəti dövründə
baş vermişdi. Sovet İttifaqı Kommunist
Partiyasının Mərkəzi Komitəsinin belə bir qərarı
var idi ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı
və yaxud iki dəfə Sosialist Əməyi Qəhrəmanı
adını alan şəxslərə onların öz
doğma vətənlərində abidə
ucaldılırdı. Bu abidə postament üzərində
qoyulmuş büstdən ibarət olurdu. Heydər
Əliyev də az öncə qeyd etdiyim kimi, iki dəfə –
1979 və 1983-cü illərdə Sosialist Əməyi Qəhrəmanı
adına layiq görülmüşdü. Naxçıvan
Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində
işlədiyim dövrdə, 1986-cı ilin iyun ayında Ulu
Öndərin büstünü qoymaq mənə qismət
oldu. 1989-cu ilin noyabr ayının axırlarında isə
haqqında danışdığım hadisə baş verdi. Mənə
xəbər verdilər ki, Roşin Vladimir İvanoviç
adlı bir şəxs, yanında da 3 nəfər Moskvadan gəliblər
və Vilayət Partiya Komitəsindədirlər. Gedib onlarla
görüşdüm və gətirdim öz iş
otağıma. Maraqlandım ki, nə əcəb gəlmisiniz?
Roşin çantadan bir məktub çıxarıb
masanın üzərinə qoydu. Həmin məktub 38 nəfər
tərəfindən imzalanmışdı və
ünvanlanmışdı Qorbaçova. Məktubu imzalayanlar
da guya Naxçıvan camaatı idi. Yazmışdılar ki,
Heydər Əliyevin büstü düzgün qoyulmayıb. Yəni
Ulu Öndərin büstü həmin məkanda qoyulmuş
Siyasi Büronun digər üzvlərinin büstlərindən
həm postamenti, həm də özü bir qədər
hündürdür. Mən məktubu oxudum və cavab verdim ki,
məktubda yazılanlar düz deyil və ümumiyyətlə,
bu məktubu azərbaycanlılar yazmaz. Sonra məlum oldu ki, həqiqətən
də, bu məktub növbəti erməni provakasiyası idi.
Belə ki, məktubu hazırlayanlar onu
çatdırmışdılar Aqanbekyana. Aqanbekyan həmin
dövrdə Qorbaçovun iqtisadi məsələlər
üzrə müşaviri idi və bu imkanından istifadə
edib, məktubu birbaşa vermişdi Qorbaçova. Qorbaçov
da məktubun üstünə dərkənar qoymuşdu ki,
yerində araşdırılsın və məruzə edilsin.
Əlbəttə ki, bu, ermənilərin və Qorbaçovun
Heydər Əliyevə qarşı etdikləri
çoxsaylı provakasiyalardan biri idi. Məktubun
altındakı imzalara gəlincə isə, məsələ
belə olmuşdu. O vaxtlar Naxçıvanda Hərtun
Mkrtıçyan adlı bir erməni vardı.
Naxçıvanda anadan olmuşdu, Bakıda dərc olunan erməni
dilində “Kommunist” qəzetinin Naxçıvan üzrə
xüsusi müxbiri idi. Ermənistandan azərbaycanlılar
Naxçıvana köçüb gələn zaman, biz də,
şəxsən mən özüm də erməniləri yola
saldıq Ermənistana. Hərtun da onların arasında idi. Moskvaya gedən məktubdakı 38 nəfərin
imzasını da həmin bu Hərtun Mkrtıçyan
saxtalaşdırmışdı. Məsələ bundadır
ki, bu Hərtun həmin insanları yaxşı
tanıyırdı. Amma görünür onun hafizəsi
artıq korlanmışdı. Çünki biz imzaları
araşdırmağa başlayanda məlum oldu ki, bu 38 nəfərdən
8-i hələ 20 il əvvəl dünyalarını dəyişiblər.
Qalan 30 imzadan əksəriyyəti ümumiyyətlə
adları keçən şəxslərin həqiqi
imzalarına uyğun deyildi. Hərtunun oxşada bildiyi az bir
qisim imzaların sahibləri də qəti şəkildə
bildirdilər ki, biz ölümə gedərik, amma Heydər
Əliyevin büstünün oradan götürülməsinə
yol vermərik.
- Yəqin ki, Ulu Öndərin Naxçıvana
rəhbərlik etdiyi illər sizin xatirələrinizdə
xüsusi yer tutur...
- 1992-ci ildə mən heç
gözləmirdim ki, Ulu Öndər məni Naxçıvana
baş nazir vəzifəsinə təyin edər.
Çünki həmin vaxt Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədrinin özünün 4 müavini var idi,
Nazirlər Kabinetində də 4 nəfər müavin var idi,
bundan başqa müəyyən tanıdığı
insanlar da var idi. Amma Ulu Öndər bu vəzifəyə məni
uyğun gördü. Həmin ərəfədə əvvəlcə
məni qəbul etdi və tam səmimi şəraitdə
keçən bu qəbul təxminən 45 dəqiqə çəkdi.
Bir neçə gün sonra Heydər Əliyev məni
sərəncamla Naxçıvan Muxtar Respublikasının
baş naziri vəzifəsinə təyin etdi və Ali Məclisin
binasında, 4-cü mərtəbədə yerləşən
böyük iclas zalında bütün nazirləri, komitə
sədrlərini, rayon rəhbərlərini
yığaraq məni hamıya təqdim etdi. Bir gün də
köməkçisi, hörmətli Vasif müəllim,
hansı ki, indi Naxçıvanın Ali Məclisinin sədridir,
mənə dedi ki, səni çağıracaq yanına. Ulu
Öndərin qarşısında danışmaq çox
çətin bir məsələ idi. Amma mən nəsə
deməliydim və durdum, öz minnətdarlığımı
bildirdim, dedim ki, mən Sizə vicdanla, namusla, qeyrətlə
xidmət edəcəyəm, mən sizə sadiq olacağam.
Dedim ki, hər şeyin ölçü vahidi var, bircə sədaqətin,
səmimiliyin ölçü vahidi yoxdur. Onda Ulu Öndər
iki barmağını masaya vurdu və dedi ki, Şəmsəddin
onun da ölçü vahidi var. Sonra üç-beş saniyə
fasilə verdi və yenidən iki barmağını masaya
vurdu və bir də dedi: “Şəmsəddin, onun da
ölçü vahidi var. Onun ölçü vahidi
zamandır, vaxtdır. Vaxt-zaman göstərər ki, kim-kimə
nə qədər səmimidir, vaxt-zaman göstərər ki,
kim-kimə sadiqdir!”Bir neçə aydan sonra ermənilər
Naxçıvanın bütün kommunikasiyaların kəsdilər.
İşıq, qaz, dəmiryolu əlaqəsi tamamilə kəsildi.
Anklav şəraitində olan və
yanacağı, ərzaq məhsullarının çox hissəsini
Bakıdan alan Naxçıvan son dərəcə çətin
vəziyyətdə qalmışdı. Ermənistan ərazisindən
keçən dəmir yolu işləmədiyi
üçün həmin məhsulların Naxçıvana gətirilməsi
qeyri-mümkün idi. Bakı ilə əlaqə yalnız
hava yolu vasitəsilə saxlanılırdı.
Naxçıvandan Bakıya “Yak” təyyarəsilə 28 nəfər
insan daşına bilirdi. Və belə bir
ağır zamanda yenə də Heydər Əliyevin şəxsi
nüfuzu, onun bütün dünyada olan hörməti
Naxçıvanı böyük bəlalardan qurtardı. Ulu
Öndərin qardaş Türkiyəyə və İrana
etdiyi səfərlərdən bəzilərində onu
müşayiət etdiyim üçün mən Heydər
Əliyevə göstərilən ən səmimi hörmət
və dərin ehtiramın canlı şahidi olmuşam.
- Şəmsəddin müəllim, elə
yaxşı olardı ki, bu səfərlər zamanı baş
vermiş yaddaqalan təfərrüatlar barədə də bir
qədər danışasınız.
- Məmnuniyyətlə Sizə şəxsən
şahidi olduğum üç epizod barədə
danışaram. 1992-ci il mart ayında Türkiyə
Respublikasının o vaxtkı Baş naziri Süleyman Dəmirəl
Heydər Əliyevi qardaş ölkəyə dəvət
etdi. Cənab Dəmirəl Ulu Öndərin arxasınca öz
təyyarəsini göndərmişdi. Həmin
görüşdə Naxçıvanla bağlı bir
çox məsələlər müzakirə olunmuşdu.
Tale elə gətirdi ki, Ulu Öndər Türkiyəyə bir
neçə ay sonra baş tutmuş növbəti səfərində
məni də özü ilə apardı. Həmin səfərin
marşrutu belə idi ki, biz əvvəlcə avtomobillə
Ərzurum şəhərinə getdik. Ordan da artıq təyyarə
ilə Ankaraya yola düşdük. Ərzurumun valisi Heydər
Əliyevin gəlişi şərəfinə böyük bir
ziyafət verdi. Sonra biz dediyim kimi, təyyarə ilə Ankaraya
yollandıq. Ankarada bizi hava limanında Baş
bakanlığın nümayəndə heyəti qarşıladı
və biz Süleyman bəyin iqamətgahına yollandıq.
Baş bakanlığa çatdıqda Süleyman Dəmirəl
özü çıxaraq Ulu Öndəri iqamətgahın həyətində
qarşıladı. Qalxdıq yuxarı. Otaqda bir divan və
iki kreslo var idi. Divanın bir başında
Süleyman Dəmirəl, bir başında isə Heydər
Əliyev əyləşdilər. Əyləşən kimi
Süleyman bəy öz əlini Ulu Öndərin əlinin
üzərinə qoydu və bir neçə saat davam edən
görüşün sonuna qədər əlini çəkmədi.
Bu, əlbəttə ki, Heydər Əliyevə qarşı
olan sonsuz hörmətin, rəğbətin və sevginin
göstəricisi idi. Süleyman Dəmirəl Ulu Öndər
haqqında belə demişdi: “Heydər
Əliyev kimi şəxsiyyətlər dünyaya üç
yüz ildə bir dəfə gəlir.”Bir müddət sonra
biz İzmirdə keçiriən iqtisadi konqresdə iştirak
etmək üçün oraya yollandıq. İzmirdə Ulu
Öndər Turqut Özalla görüşdü. Həmin
gün biz Azərbaycan dərnəyinə gedirdik Yolda avtomobilə
zəng gəldi və dedilər ki, Turqut Özal Heydər
Əliyevlə görüşmək istəyir. Əlbəttə
ki, avtomobil geri döndü və biz qaldığımız
“Şeraton” otelinə qayıtdıq. Onu da deyim
ki, həmin oteldə olan və “kral dairəsi” adlanan
üç ən yaxşı nömrənin biri Turqut Özal
üçün, digəri Süleyman Dəmirəl
üçün və üçüncüsü də Heydər
Əliyev üçün ayrılmışdı. Turqut
Özal Ulu Öndəri aşağıda qarşıladı
və onlar səmimi görüşdükdən sonra təklikdə
söhbət eləmək üçün yuxarı
qalxdılar. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm.
Konqres keçən zalda Türkiyənin dövlət və
hökumət rəhbərləri üçün birinci
sırada yer ayrılmışdı. Heydər Əliyev də
məhz həmin yerə dəvət olundu. Sırada birinci
Turqut Özal, sonra onun xanımı, daha sonra Heydər Əliyev
və sonda Süleyman Dəmirəl əyləşdilər. Azərbaycandan gələn və tərkibində
yüksək vəzifəli dövlət xadimləri olan
nümayəndə heyəti isə hardasa 12-ci sırada yer
almışdı. Həmin konqresdə ətraflı
çıxış edən Ulu Öndər təkcə
Naxçıvanın deyil, bütün Azərbaycanın dərdini
danışdı və bu çıxış bitdikdən
sonra ilk olaraq Turqut Özal ayağa qalxaraq Heydər Əliyevi
ayaq üstə alqışladı.Bir müddət sonra Ulu
Öndər cənab Rəfsəncaninin dəvəti ilə
İrana səfər etdi. Bu səfərin də
Naxçıvan üçün böyük əhəmiyyəti
oldu. İlk növbədə bu səfərin nəticəsində
hələ sovet dönəmində Babək rayonu ərazisində,
Araz çayı üzərində tikilmiş Su Elektrik
Stansiyasının istehsal etdiyi elektrik enerjisi Naxçıvana
yönəldildi. Heydər Əliyev İran ərazisi ilə
Bakıya avtomobil yolunun açılmasına nail oldu.
Şahtaxtıda ikinci körpü inşa olundu. Çox
işlər görüldü... Amma mənim İran səfərini
xatırlamaqda başqa məqsədim də var. İran
Culfasında olarkən Ulu Öndər dedi ki, Xudafərin
körpüsünü görmək istəyir. Mən
zəng etdim, maşınımızı dəyişdilər
və bir qədər sonra həmin maşınla biz gəlib
çıxdıq İranın Ordubadla üzbəüz yerləşən
bir Siyarı və yaxud da Siyaqut adlanan kəndinə.
Maşından düşəndə yaşlı kənd əhalisi
Heydər Əliyevi tanıdılar. O dəqiqə
qurbanlar kəsilməyə başladı. İranın azərbaycanlılar
yaşayan bu kiçik kəndində Ulu Öndərin
ayaqları altında 21 ədəd qoç qurban kəsildi.
Bax, budur bütün dünya azərbaycanlılarının
ümummilli lideri olmağın əsl göstəricisi. Sonra
biz yenidən maşına əyləşib əvvəlcə
Aqaraka yollandıq. Bu qəsəbə artıq Ermənistanın
Meqri rayonunun qəsəbəsidir. Burda biz gördük ki,
Aqarak ərazisindən iranlılar Ermənistana böyük
bir avtomobil körpüsü inşa ediblər. Nə qədər
əngəl olmaq istəsəm də maşından
düşdü. Mən də çalışıram
mümkün qədər onun qarşısında durum.
Körpünü nəzərdən keçirəndə
gördük ki, körpünün yanı ilə Ermənistana
500 mm-lik qaz borusu da çəkilib. Əlbəttə ki,
bütün bunlar Ulu Öndəri çox narahat edirdi. Burdan
da çıxıb, bir müddət sonra Xudəfərinə
çatdıq. Körpüdə 21-22 yaşlarında azərbaycanlı
bir gənc əsgər avtomat silahla növbə çəkirdi.
Nə qədər xahiş etsək də bizi körpüyə
buraxmadı. Elə biz qayıtmaq barədə
düşünürdük ki, birdən həmin gənc Ulu
Öndərə müraciət edərək soruşdu:
“Bağışlayın, Siz yoldaş Heydər Əliyev
deyilsiniz?” “Bəli, bəs səni məni hardan
tanıyırsan?” – deyə Ulu Öndər öz növbəsində
sual verdi. Əsgərin də cavabı maraqlı oldu: “Mən
Şəkidənəm. Rayonda evimizdə divardan xalça
asılıb. Həmin xalçanın da üstündən
atam Sizin şəklinizi asıb. Sizi ordan tanıdım.
Xahiş edirəm, məni bağışlayın. Buyurub
keçin, baxın.”
Sonra qayıtdıq Naxçıvana. Bu səfərdən
üç gün sonra, gecə saat birdə Ulu Öndər mənə
zəng etdi. Əvvəlcə soruşdu ki, işlər necədir?
Dedim, hər şey qaydasındadır. Sonra heç gözləmədiyim
halda mənə belə dedi: “Şəmsəddin, Aqarakdakı
fədakarlığına görə çox sağ ol. Bəlkə
sən elə bilirsən mən başa
düşmürdüm niyə orda maşından düşəndə
gəlib qarşımda dururdun? Guya məni vurmaq istəsələr
güllə sənə dəysin? Amma yadında saxla, əgər
məni vurmaq istəsəydilər, çoxdan vurmuşdular.
Ən azı səndən bir metr hündürəm. Nə isə,
məşğul ol...” Bu da Ulu Öndərin maraqlı bir tərzi
idi. Telefon danışığını bitirəndən
sonra sağ ol ifadəsi işlətməzdi. Deyərdi,
məşğul ol.Dahi şəxsiyyət Heydər
Əliyevin Azərbaycan üçün etdiklərini nəinki
olduğundan yüksək, hətta olduğu qədər,
layiqincə qiymətləndirmək mümkün deyil. İlk
olaraq Ulu Öndər Naxçıvana rəhbərlik etdiyi
dövrdə Muxtar Respublikanın əhalisini aclıqdan və
səfalətdən, Naxçıvanın
özünü isə birbaşa erməni
işğalından qurtardı. Artıq 1993-cü ildə
xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən
hakimiyyətə qayıtdıqdan sonra isə Heydər
Əliyev ölkəni artıq başlamaq üzrə olan vətəndaş
müharibəsindən qurtardı, xaosdan
çıxardı və birmənalı olaraq dövlətçiliyimizin
başı üzərindən qaçınılmaz məhv
olmaq təhlükəsini sovuşdurdu. Ulu Öndər
müasir, müstəqil Azərbaycan dövlətini qurdu.
Bütün bunlarla yanaşı Heydər Əliyevin Azərbaycan
üçün gördüyü ən vacib, ən əhəmiyyətli
iş ondan ibarət oldu ki, Ulu Öndər İlham Heydər
oğlu Əliyev kimi bir şəxsiyyəti yetişdirdi. Bu
gün cənab İlham Əliyevin Azərbaycan Prezidenti
olması Azərbaycan xalqının səadətidir, xoşbəxtliyidir.
Bunu gündən-günə abadlaşan, gözəlləşən
və müasirləşən şəhərlərimiz, qəsəbə
və kəndlərimiz sübut edir, insanlarımızın
getdikcə yüksələn rifahı sübut edir, artan
pensiyalar və azalan işsizlik sübut edir. Bunu müstəqil
dövlətimizin gündən-günə artan iqtisadi
gücü, hərbi qüdrəti, beynəlxalq nüfuzu
sübut edir. Və nəhayət, ən əsası, bunu
işğaldan azad edilmiş Vətən torpaqlarının hər
qarışı sübut edir. Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycanın
tarixində son üç əsrdə görünməmiş
bir nailiyyətə imza atdı. Şanlı Azərbaycan Ordusu
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi
ilə düşməni torpaqlarımızdan qovdu və
ölkəmizin ərazi bütövlüyünü təmin
etdi. Bu tarixi Qələbə sadəcə Azərbaycanın
deyil, bütün Türk dünyasının tarixinə ən
şərəfli səhifələrdən biri kimi
yazıldı. Prezident İlham Əliyev hər zaman olduğu
kimi, bu taleyüklü məsələdə də öz
sözünü tutdu və bununla həm Ulu Öndərin
ruhunu şad etdi, həm də Azərbaycan xalqının
qürurunu özünə qaytardı.Azərbaycan xalqı
xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi
xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir
sıra dövlət başçılarının dilindən
dəfələrlə səslənib. Bu, bir həqiqətdir.
Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan
dönməz müstəqilliyinə qovuşdu, inkişaf və
tərəqqi yoluna qədəm qoydu. Heydər Əliyev
bütün həyatını doğma xalqına sərf edən,
milli dövlətçiliyin əsasını qoyan dahi lider
idi. Bu gün bütün dünya azərbaycanlıları
öz ümummilli liderləri, ulu öndər Heydər Əliyevin
anadan olmasının 98-ci ildönümünü böyük
ehtiramla ilə qeyd edirlər. Heydər Əliyev dühası
Allahın Azərbaycan xalqına bəxş etdiyi ən
böyük sərvətidir! Nə qədər ki, Azərbaycan
dövləti var olacaq, Ulu Öndərin əziz xatirəsi Azərbaycan
xalqının qəlbində daim yaşayacaq!
Səs.- 2021.- 23
aprel.- S.8-9, 10.