YAP-ın fədakar qurucularından biri
Əjdər Tağı oğlu
İsmayılov - 83
Sabah - aprelin 23-də Yeni Azərbaycan
Partiyasının ən fəal yaradıcılarından biri
olan, YAP Ağsaqqallar Şurasının üzvü, filologiya
elmləri doktoru, professor Əjdər İsmayılovun 83
yaşı tamam olur. Onu YAP-ın
yaradılmasından xeyli əvvəllərdən
-Naxçıvan Dövlət Universitetində işlədiyi
dövrlərdən tanıyırdım. 1990-91-ci illərdə
həmin universitetdə çalışan çoxsaylı
alimlər arasında əksəriyyəti elmlər namizədi
və dosent idilər. Lakin sayca cəmi 3 və ya dörd
elmlər doktoru var idi ki, onlardan ikisi qəbul prosesindən və
universitetin idarəçiliyindən kənarda qalmış
kimi görünür, sadəcə gəlib dərsini deyib evlərinə
gedirdilər. Onlardan biri əslən Nehrəm kəndindən
olan iqtisad elmləri doktoru, professor Əli Əlirzayev idi. O, hazırda Azərbaycan İqtisad Universitetində
kafedra müdiridir. Əli müəllim hər gün şəxsi
minik avtomobili olmadığına görə Nehrəm-Naxçıvan
şəhəri marşrutu ilə avtobusda bəzən ayaq
üstə 50 kilometrlik yolu işə gəlir, axşam
işdən sonra isə həmin basabaslı avtobuslarla geri
qayıdırdı. Bəzən sadə camaat, digər
iş adamları professorun bu sadəliyinə qibtə ilə
yanaşır, o vaxt belə insanların olduğuna təəccüb
edirdilər… Mən onun haqqında fikirlərimi və təəssuratlarımı
gələcəkdə yazacağam.
Mənim yaxından
tanıdığım, əxlaqına, şəxsiyyətinə
böyük dəyər verdiyim, olduqca sadə həyat tərzi
keçirən və şəxsi minik avtomobili olmayan, avtobus
marşrutu ilə Şərur-Sədərək istiqamətində
bəzən ayaq üstə gedib-gələn ikinci elmlər
doktoru, professor isə Əjdər İsmayılov idi.
Əjdər İsmayılov
1988-ci ildə ermənilər Qarabağa yenidən ərazi
iddiaları edəndən və Naxçıvanın
müdafiəsi məsələsi aktuallıq kəsb etməyə
başlayandan, 1990-cı ildə Yanvar faciəsi baş verdikdən
sonra universitetdə az-az görünməyə başladı.
Mən hərdən onunla salamlaşanda «Əjdər
müəllim, nədənsə universitetdə az-az
görünürsünüz, səbəbi nədir?» - deyə
soruşanda bir dəfə o mənə belə dedi: «Oğlum,
Vətən əldən gedir. Torpaqlarımıza yağı
düşmən göz tikib. Moskva da erməniləri dəstəkləyir.
Azərbaycan rəhbərliyi, Naxçıvanın rəhbərliyi
isə qorxusundan səsini şıxarmağa cəsarət
etmir. Bircə ümid yerimiz Heydər Əliyevədir. Baxaq
görək onunla əlaqə qura biləcəyikmi?»
O zaman Heydər Əliyev hələ Moskvada idi,
Azərbaycana gəlməmişdi. Mən onda
hiss etdim ki, Əjdər müəllim heç kəsə
açmadığı, izah etmək istəmədiyi gizli
işlərlə məşğul olur. Öz-özümə
fikirləşirdim ki, xalqın alimi, professoru belə
olmalıdır, daha bəzi alimlər kimi dövr və
zamandan asılı olmayaraq yem dalınca qaçmamalıdır.
Bir qədər keçəndən sonra,
1990-cı ilin iyunun 18-də Heydər Əliyev Moskvadan
Bakıya, oradan isə Naxçıvan şəhərinə
gəldi. Heydər Əliyevin gəlişi ilə sanki
Naxçıvana Günəş doğdu, blokadada olan
Naxçıvan əhalisinə yeni ruh, inam gəldi. Azərbaycanın
hər bir guşəsindən, Türkiyə, İran, Rusiya və
başqa yerlərdən dəstə-dəstə insanlar,
qabaqcıl elm, təhsil, mədəniyyət, siyasət
adamları onun ziyarətinə gəlirdilər. Mən o zaman
bilirdim ki, Əjdər İsmayılov da tez-tez Heydər
Əliyevin görüşünə gedir, onunla
Naxçıvan və Azərbaycanda, bütün dünyada
gedən prosesləri müzakirə edir. Tezliklə,1990-cı
ilin sentyabrın 9-da Azərbaycan Ali Sovetinə və
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə
seçkilər keçirildi və Heydər Əliyev hər
ikisində qalib gələrək deputat seçildi. İndi
artıq Naxçıvan şəhəri Azərbaycanda gedən
ictimai-siyasi proseslərin və xalq hərəkatının
mərkəzinə çevrilmişdi.
Əjdər İsmayılov bir dəfə mənə
dedi ki, mən Heydər Əliyevin namizədliyini Azərbaycan
prezidentliyinə təqdim etmək üçün təşəbbüs
qrupunun üzvüyəm və Naxçıvan, Şərur və
Sədərək camaatının imzasını toplayıram.
Bəlkə bu işə mən səni də qoşum. Mən
tərəddüd etmədən bu işə qoşulmaq istədiyimi
bildirdim. O, məni özü ilə götürüb Şərur
royonuna gətirdi. Biz orada gələcəkdə
YAP üzvləri olacaq bir neçə insanlarla
görüşdük və Əjdər İsmayılovun
cibindən çıxardığı təşəbbüs
siyahısının vərəq formasını birlikdə
doldurduq. Çox qısa bir zamanda Əjdər
İsmayılovun rəhbərliyi altında Şərur və
Sədərək rayon əhalisindən 30 min insanın
müsbət rəyi və qolu ilə belə bir siyahı tərtib
olunub Mərkəzi Seçki Komissiyasına təqdim olundu.
Lakin Heydər Əliyevə süni maneələr
yaradılaraq onun namizədliyi qeydə alınmadı.
YAP-ın yaradılması prosesinə start veriləndə
mən Əjdər İsmayılovla tez-tez görüşür,
fikir mübadiləsi edirdim. Biz bir neçə
dəfə Naxçıvanda YAP-ın rayon və şəhər
təşkilatlarının yaranmasında fəal iştirak edən
şəxslərlə birlikdə Naxçıvan Ali Məclisinin
sədri Heydər Əliyevin yanında olmuşduq. Əjdər
İsmayılov tez-tez təkcə Naxçıvanda deyil, Azərbaycanın
paytaxtı Bakı və respublikamızın digər
rayonlarında olur, respublika səviyyəsində YAP-ın
yaranmasında və təşkilatlanmasında iştirak
edirdi.
Bir gün Əjdər İsmayılov mənə
dedi ki, Naxçıvan şəhərinin 1¹-li Doğum evində
YAP-ın ilk təşkilatını yaratmaq üçün
yığıncaq olacaq, gəl birlikdə ora gedək. Mən
etiraz etmədim və biz Doğum evinə getdik. Əksəriyyəti
qadın həkimlər olan həmin xəstəxananın
kollektivi Əjdər İsmayılovu və məni çox
isti qarşıladılar. Onlar Heydər Əliyevin sədri
olan bir partiyaya yekdilliklə qoşulacaqlarını bəyan
etdilər. Orada Əjdər İsmayılov
respublikamızı bu ağır durumdan ancaq və ancaq Heydər
Əliyevin çıxara biləcəyini bildirdi və
hamını YAP-a qoşulmağa dəvət etdi.
Növbəti dəfə onunla Şərur
rayonuna getdim. Bu gün tam inamla demək olar ki, Əjdər
İsmayılov YAP Şərur rayon təşkilatının
yaradıcılarından və ən əsas təşkilatçılarından
biri olmuşdur. O zaman Azərbaycan Xalq Cəbhəsinin Şərur
rayon təşkilatı da çox güclü idi. Azərbaycanın
başqa yerlərində olduğu kimi Şərurda da Xalq Cəbhəsinin
fəalları bu işə - yəni Heydər Əliyevin rəhbərliyi
altında Yeni Azərbaycan Partiyasının yaradılması
prosesinə mane olmaq istəyirdilər. Lakin Əjdər
İsmayılovda olan cəsarət, qorxmazlıq, mərdlik,
heç nədən və kimsədən çəkinməmək,
güclü iradə və əzmkarlıq onları geri
çəkilməyə vadar edirdi.
1992-ci ilin oktyabrın 16-da 91 nəfər
görkəmli elm, mədəniyyət, incəsənət
xadiminin və siyasi fəalların Heydər Əliyevə
etdiyi məşhur 91-lərin müraciətinə imza
atanlardan biri də Əjdər İsmayılov olmuşdur. O,
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində
keçirilən YAP-ın təsis konfransında partiyanın
Siyasi Şurasının üzvü seçilmişdir.
1993-cü ilin yanvarın 23-də YAP Şərur
rayon təşkilatının təsis konfransı
keçirildi. Həmin konfransda Ümummilli Lider,
YAP-ın sədri Heydər Əliyev öz
çıxışında Şərur rayon təşkilatının
yaradılmasında bir çox başqaları ilə bərabər
Əjdər İsmayılovun da böyük əməyinin və
müstəsna xidmətlərinin olduğunu qeyd etdi. Mən həmin konfransda iştirak etmişəm və
Əjdər İsmayılov, Yaşar Ələkbərov,
Mehparə Abbasova, Abbas Nəcəfov, Cəfər Əliyev,
Vüsal İsmayılov, Azər Hacızadə, Vəli
Əliyev, Vasif İbrahimov, Rəfael Rəsulov, Oruc Mahmudov, Rəmzi
Camalov, İsfəndiyar Nağıyev, Vahid Əhmədov,
Sultan Xəlilov, Möhbalı Qurbanov,
Əziz Şirəliyev, Allahverdi İsmayılov, Aftandil
Babaşov, Səfər İbrahimov, Əhməd Xəlilov,
Nizami Rzayev, Elnur Əhmədov, Mübariz Şirəliyev, Yaqub
Abdullayev, Vaqif Əliyev, Vasif İbrahimov, Nürəddin Rəhimov,
Sultan Orucov, Mübariz Pənahov, Nəriman İbrahimov,
Hüseyn Cəfərov, Vidadi Əliyev və başqalarının
fədakarlığı ilə necə möhtəşəm
konfrans təşkil olunduğunu və YAP Şərur rayon təşkilatının
yrandığının şahidi olmuşam.
Sonralar Azərbaycanda proseslər sürətlə
inkişaf etdi.
Heydər Əliyev 1993-cü ilin iyunun 9-da
Naxçıvandan Bakıya gələrək əvvəlcə
Azərbaycan Respublikası Ali Sovetinin sədri, 1993-cü ilin
oktyabrında isə Azərbaycan Respublikasının prezidenti
seçildi. YAP hakim partiya oldu. Sürətlə
YAP-ın yaranmasında xidmətləri olan insanlar müxəlif
vəzifələrə təyin olundular. Əjdər
İsmayılov isə yenə də əvvəlki
ampluasında qaldı. O, vəzifə bölgüsündə
iştirak edən bəzi daşürəkli məmurların
ürəyinin zirehli qapısından keçə bilmədi və
onun sənədləri layiq olduğu vəzifələrdən
birini tutmaq üçün partiya rəhbərliyi tərəfindən
irəli sürülmədi. Necə deyərlər,
yenə də avtobus marşrutu ilə xalqın arasında
olmaqla gedib-gəldi. Yenə də qələmini
işə salıb erməni daşnaklarının
yalançı tarixi saxtalaşdırmaq cəhdlərinə
qarşı elm cəbhəsində gecə-gündüz
çalışaraq millətə, dövlətə və
dövlətçiliyimizə xidmət elədi. Yüksək vəzifə tutmasa da peşman
olmadı. Əksinə yüksək vəzifə
tutanların bəzilərindən daha faydalı bir işlə
- elmi tədqiqatlar apararaq 1000 səhifəlik kitablar yazmaqla,
«Turan» Elmi Araşdırmalar Mərkəzi İctimai Birliyini
yaratmaqla millətə və dövlətə xidmət elədi.
Hazırda Əjdər İsmayılov qürurla,
başını uca tutaraq xalq arasında gəzir. O həmişə deyir: “Təmiz
adım, qorxmaz ömrüm mənim ən böyük
var-dövlətim, tükənməz sərvətimdir”.
Professor
Əjdər İsmayılovu doğum günü münasibəti
ilə təbrik edir, ona möhkəm can
sağlığı, uzun ömür və bundan sonrakı həytını
da mənalı yaşamağı arzu edirik.
Qafar ƏLİYEV,
YAP Siyasi Şurasının sabiq
üzvu,
siyasi elmlər
üzrə fəlsəfə doktoru
Səs.-
20201.- 23 aprel.- S.11.