Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu

 

   

 

Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olmuşdur. Azərbaycanın bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı AzərbaycanRespublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir.Bu gün ölkəmizdə davam edən genişmiqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi - ictimai və mədəni həyatında böyük xidmətlər göstərmişdir. Heydər Əliyev xalqını böyük məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdı. 1993 –cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük dövlət adamı Heydər Əliyev respublikamızda ictimaisiyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkənin parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamızda tüğyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin, Azərbaycanın qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən həmin çətin ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının mübarizəsinin tarixində ən mühüm hadisədir. Mili Məclisin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Milli Məclisin həmin gün keçirilən iclasında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə bu strategiyanı həyata keçirdi.1993-cü ilin oktyabr ayının 10–da keçirilmiş prezident seçkisində Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir və son nəfəsinə qədər öz xalqına sədaqətlə xidmət etmişdir. Bütün çətinliklərə, manelərə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümumilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əminamanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycan dünya birliyinə inteqrasiyaya başladı. Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun qurucusu olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biridir. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dönəmindən götürürdü. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərbi xadimlərin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdur.Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işlərin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması oldu. Çox böyük maneələrin olmasına baxmayaraq milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün fövqəladə əhəmiyyətə malikolan belə bir təhsil ocağının açılması Heydər Əliyev mübarizliyinin, fədəkarlığının təntənəsi idi. C.Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin diqqət və qayğısı ilə qısa müddət ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Belə xüsusi diqqət və qayğı Azərbaycanda hərbçi peşəsinin nüfuzunun artmasında çox mühüm rol oynamışdır. Nəticədə, orduda peşəkar hərbçilərin sayı artdı. Bu təhsil ocağını bitirən çoxlu sayda gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, Sovetlər birliyinin ali hərbi məktəblərində hərbçi peşəsinə yiyələndilər. 44 günlük Vətən Müharibəsində düşmən üzərində parlaq qələbə qazanan Şanlı Azərbaycan Ordusunun formalaşmasında bu təhsil ocağının məzunları böyük rol oynamışlar.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq Sərənvamına əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyi münasibəti ilə respublikamızda silsilə tədbirlər həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ həyata keçirdiyi neft strategiyası Azərbaycan dövlətinin gələcəyi üçün müstəsna əhəmiyyət kəsb etmişdir. 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkələrini təmsil edən 13 məşhur neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və Günəşli yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi” haqqında saziş-tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş sənəd imzalanmışdır. Müqavilənin bağlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev misilsiz rol oynamışdır. Xalqın iradəsi, çağrışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev Azərbaycanı siyasi böhrandan çıxarmaqla yanaşı iqtisadi böhrandan da çıxarılması üçün öz ideyalarını həyata keçirməyə başladı. Bu müqavilənin bağlanması ilə müstəqil dövlətimizin neft strategiyası və doktirinasının əsası qoyuldu. Bu qlobal layihəAzərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya nümayiş etdirdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. 20 sentyabr günü, eyni zamanda, ulu öndər Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildən Azərbaycanda Neftçilər günü kimi qeyd olunur. Müqavilənin hazırlanmasının ilk günlərindən o vaxtlar ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin üzvü İlham Əliyev danışıqlar prosesinə cəlb olundu, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu.Cənab İlham Əliyevin bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur “Bizim məqsədimiz təkcə neft hasil etmək, bundan vəsait etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətin həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarərdir”. “Əsrin müqviləsi” nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyəatının bütün sahələrində dönüş yarandı və nəhəng layihələrin həyata keçirilməsinə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı çərçivəsində Çıraq-1 özülü dünya standartlarına uyğun olaraq bərpa edili. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı. 1997-ci ildəsimal istiqamətində Bakı-Novorossiysk neft kəməri bərpa və inşa edildi. 1999-cu ildə qərb istiqamətində Bakı-Supsa neft boru kəməri istifadəyə verildi. 2006-cı ilin iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XX əsrin ən böyük enerji layihələrindən biri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açlış mərasimi keçirilmişdi. Bu kəmərin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin genişləndirilməsinə təkan vermiş, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə şərait yaratmışdır. Daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Neft və qazdan əldə olunan gəlirlərin bir hissəsi nəqliyyat sektoruna yönəlmişdir.Bu da Azərbaycanın bu bölgədə, Avrasiya məkanında çox strateji nəqliyyat mərkəzinə çevirilməsinə şərait yaratdı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması əldə olunan uğurlardandır.“Əsrin müqaviləsi” Azərbaycana aşağıda göstərilənləri əldə etməyə imkan yaratdı: 1994-cü ildə bağlanmış müqavilə ölkədə sabitliyi təmin etdi, Azərbaycanın hərtərəfli və sürətlə inkişaf etməsi üçün zəmin yaratdı. Müqavilə uzunmüddətli yatırımlar tələb etdiyi üçün xarici şirkətlər və onların təmsil etdiyi dövlətlər stabil investisiya mühütinin qorunmasında maraqlı idilər. Bütün aparıcı beynəlxalq sərmədarların layihələrə daxil edilməsi Azərbaycanın dünyanın böyük güclərinin geosiyasi maraqlarını balanslaşdıran xarici siyasət məqsədlərinə xidmət edirdi. Bu müqavilə yenidən Azərbaycanı dünyanın neft xəritəsinə yerləşdirdi. Müqavilə maliyyə baxımından da Azərbaycan üçün sərfəlidir. Müqavilə Azərbaycanın qlobal neft bazarına çıxmasına şərait yaratdı və dövlət büdcəsi üçün böyük həcmdə gəlir mənbəyi yaratdı. Müqavilənin şərtləri imkan verir ki, Azərbaycan bu layihədə iştirak edən xarici şirkətlərdən daha çox gəlir əldə etsin. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər yerli kadrlara neft mühəndisliyi sahəsində son dərəcə yeni, təkmil, qabaqcıl biliklər və təcrübə verdi. “Əsrin müqaviləsi” ilə müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. “Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev demişdi: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətinə sahib olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş ölkələri, onların ən böyük şirkətləri arasında əlaqələr yaratdıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrin Azərbaycana investisiya qoyması üçün böyük yol açdıq”. Bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək saziş imzalanmasına yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına həm də qoyulan sərmayələrin həcminı görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş nefr strategiyası uğurla inkişaf etdirilir.2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırmış və bu sahənin inkişafına dair müvafiq Fərman və Sərəncamlar imzalamışdır. 2017-ci ilin sentyabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilmiş və yanidən tərtib olunmuş Sazişin imzalanma mərasimi keçirilmişdir. “Əsrin müqaviləsi” nin müddəti 2050-ci ilə kimi uzadılmışdır. Bu, çox böyük əhəmiyyətə malik bir hadisədir. Azərbaycanın gələcək inkişafı üçün, maliyyə imkanlarının genişlənməsi nöqteyi-nəzərindən bu Sazişin çox böyük əhəmiyyəti vardır. Müqavilənin müddətinin uzadılması onu göstərir ki, xarici dövlətlər və şirkətlər Azərbaycanı ciddi və etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu bir daha sübut edir ki Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. 29may 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə daha bir mühüm layihənin- “Cənub Qaz Dəhlizi “ nin açılış mərasimi keçirilmişdir. Bu ölkəmizin tarixində çox mühüm bir tarixi gündür. “Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, “Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng razılaşmalarından biridir. Bu layihə yeni qaz mənbələrini əmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizin beynəlxalq nüfuzunu artırır, ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirir. Bu layihələrin həyata keçirilməsi onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihələrin reallaşması ölkəmizdə neft-qaz sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Ulu Öndərin layiqli siyasi varisi Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan Ümummili Lider Heydər Əliyevin müyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək ölkəmizi daha yüksək inkişaf mərhələsinə çıxartmışdır. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş daxili və xarici siyasət Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. 2020-ci ilin son günü çox əlamətdar bir hadisə baş verdi-Azərbaycan qazı Avropaya çatdı. Bu, “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan TAP-ın (TransAdriatik Qaz Boru Kəməri) işə düşməsi nəticəsində həyata keçdi. TAP-ın istismara verilməsi ilə “Cənub qaz dəhlizi” tam fəaliyyətə başladı. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya birbaşa nəql edildi. Bu hadisənin Azərbaycanın tarixində xüsusi yeri və əhəmiyyəti var. Bu layihə müsir dövürdə təbi qaza tələbatın artdığı şəraitdə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirib. “Cənub qaz dəhlizi”ndə yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi-Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihəyə qoşulmaq niyyətindədirlər. Layihənin həyata keçirilməsində Türkiyəni, Gürcüstanı, Böyük Britaniyanı, Rusiyanı, Fransanı və digər ölkələri təmsil edən 12-ə qədər məşhur şirkətlər iştirak edir. Bu layihə geniş beynəlxalq əməkdaşlığı reallaşdıran bir layihədir. Azərbaycan belə genişmiqyaslı iqtisqdi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin etdi. 2003-cü ildən sonrakı dövrü böyük yolun davamı kimi dəyərləndirən cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış siyasi kursu ilə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları xalqımızın tarixi keçmişinin, müstəqillik tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır.Prezident İlham Əliyevin qətiyyəti sahəsində Ulu Öndərin yeni neft strategiyasının uğurla reallaşması və inkişaf etdirilməsi, yeni sosial-iqtisadi layihələrin həyata keçirilməsi, regionda, eləcə də dünyada cərəyan edən proseslərə dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın dövət müstəqilliyinin daha da möhkəmləndirilməsinə və dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Hazırda bütün dünyanı əhatə edən koronavirus pandemiyasının Azərbaycanda yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə işlənib hazırlanmış və həyata keçirilən kompleks tədbirlər göstərir ki, ölkəmiz pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olacaq. Bu tədbirlərin həyata keçirilməsi bir daha göstərdi ki, Azərbaycanda aparılan dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaq. 2003-cü ildən başlayaraq cənab Prezident tərəfindən yeni tarixi şərait, reallıqlar müdrikcəsinə qiymətləndirərək müəyyənləşdirilən və həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın hərtərəfli, sürətlə inkişaf edən dövlətlərimdən birinə çevrilmişdir. Ötən illər ərzində cənab Prezidenin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlara imza atmışdır. Əlbəttə, bu uğurların başında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən Müharibəsində Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnən böyük qələbəsidir. Bu qələbə bütünlükdə Azərbaycan xalqının, lider-xalq, xalq-iqtidar birliyinin sarsılmaz olduğunu göstərdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç bir vaxt bu qədər güclü olmamışdır. Dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranlarına, hal-hazırda davam edən COVID-19 koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanda əldə olan uğurlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qeydə alınmışdır. Dünya Bankının “Doing Business” hesabatında reytinqə görə, Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə görə Azərbaycan dünyanın 74 inkişaf etmiş ölkəsi arasında öncül sıralardadır. Əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Azərbaycan Hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu yerdədə, hökumətin siyasi sabitliyi təmin etməsi üzrə 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı göstəricilərdə yüksəkdir. Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 11-ci yerdə, hava yolları xidmətlərinin səmərəliliyi üzrə12-ci yerdə, avtomobil yollarının keyfiyyəti üzrə isə 24-27-ci yerlərdədir. İnklüziv inkişaf indeksi üzrəAzərbaycan üçüncü yerdədir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış həm xarici siyasət, 44 gün davam edən Vətən Müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar nəticəsində, Azərbaycan dünyaya günəş kimi doğmuşdur. Bir vaxtlar Ulu Öndər Heydər Əliyev demişdi: “Vaxt gələcək Azərbaycan günyaya Günəş kimi doğacaq”. Bu gün həmin gündür. Azərbaycan dünyaya Günəş kimi doğmuşdur.

 

Rauf Əliyev

Milli Məclisin deputatı

 

Səs.- 2021.- 27 aprel.- S.8-9