Şuşa Bəyannaməsi: yeni müttəfiqlik formatına yol açan tarixi sənəd

 

 

Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. Siyasi liderlər dəfələrlə bu faktı təsdiq ediblər. İkinci Qarabağ müharibəsindən sonra iki qardaş ölkənin münasibətlərinin inkişaf xarakteri və dinamikası göstərir ki, yeni tarixi şəraitdə onlar daha dərin və əhatəli əlaqələr səviyyəsinə keçməkdə qətiyyətlidirlər. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir. İndi ekspertlər həmin sənədi müxtəlif bucaq altında analiz etməyə çalışırlar. Meydana çox maraqlı tezislər çıxır. Biz bu yazıda Şuşa Bəyannaməsini geosiyasi, siyasi, təhlükəsizlik və geoiqtisadi kontekstlərdə analiz etməyə çalışacağıq. Təbii ki, bu sənəd hələ uzun müddət təhlil ediləcək. Onun strateji özəllikləri tədqiq olunacaq. Hesab edirik ki, bu istiqamətdə tutarlı və elmi əsaslı araşdırmalara ciddi ehtiyac yaranıb.

 

Siyasi-hüquqi bazaya əsaslanan "yol xəritəsi": dövrün tələbləri kontekstində

 

Azərbaycan ilə Türkiyə arasında 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan Bəyannamə artıq tarixi sənəd kimi qiymətləndirilir. Bəyannamədə iki müstəqil türk dövləti arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinin siyasi-hüquqi çərçivəsi və konseptual istiqamətləri dəqiq müəyyənləşdirilib. Sənəddə bir çox önəmli məsələlər öz əksini tapıb. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, həmçinin enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunur. Ekspertlər şübhə etmirlər ki, Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlıq prinsipi üzrə və beynəlxalq hüquq normalarına tam uyğun inkişaf etdirilməsinə xidmət edəcək. Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir. Burada Türkiyə və Azərbaycanın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. Bütövlükdə sənədin tarixiliyini təmin edən məqamlardan biri məhz münasibətlərin hüquqi zəmində qurulması və inkişaf etdirilməsi ilə əlaqəlidir.

 

Ekspertlər hələlik məsələnin bu aspekti üzərində nədənsə geniş dayanmırlar. Lakin əgər söhbət iki müstəqil dövlətdən gedirsə, münasibətlərin beynəlxalq hüquq normaları əsasında, suverenliyi gözləmə şərti ilə inkişaf etdirilməsi vacib şərtdir. Əks halda, həm ədalət prinsipi pozulur, həm də gələcək üçün müəyyən risklər yaranır. Bəyannamənin preambula hissəsində tərəflər əlaqələrin ümumi prinsiplərini ifadə edən müddəalara yer veriblər. Onlar üç aspektdə – tarixi, siyasi və hüquqi olaraq münasibətlərin siyasi-hüquqi prinsiplərə görə qurulmasını təsbit edirlər. Sənəddə ilk olaraq 1921-ci il Qars müqaviləsinə istinad edilir və çox aydın şəkildə göstərilir ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi beynəlxalq hüquqa dayanan və zamanca 100 il bundan öncə böyük dövlətlərin də iştirakı ilə imzalanan tarixi Qars müqaviləsinə əsaslanır. Yəni Türkiyə və Azərbaycan münasibətlərini müasir dövlətlər üçün vacib olan tarixi-hüquqi təməl üzərində müstəqil dövlətlər olaraq qururlar.

 

Siyasi və hüquqi baxımdan müstəsna əhəmiyyəti olan bu məqam Bəyannamədə belə göstərilir: "Tərəflər ... 9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutaraq" milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsinə xüsusi önəm verirlər. Bu fikir artıq iki ölkənin əlaqələrinin məzmunu və strategiyasını müəyyən edən iki sənədin əhəmiyyətini göstərir.

 

Nəhayət, iki qardaş ölkə qarşılıqlı münasibətlərin beynəlxalq səviyyədə mövcud olan şərtlər nəzərə alınmaqla, onlara tam əməl edilməklə qurulduğunu təsdiq edirlər. Bu bağlılıqda Bəyannamədə belə bir müddəa da vardır: "Tərəflər ... beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini" vurğulayar.

 

Bu üç aspekt sənəddə məzmunca çox vacib bir müddəada birləşdirilir. Həmin tezis Şuşa Bəyannaməsində belə ifadə olunub: "Azərbaycan Respublikası və Türkiyə Respublikası ... müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər". Bu, qlobal əhəmiyyətli və çox dəyərli bir siyasi-hüquqi seçimdir. Konkret deyilsə, Azərbaycanla Türkiyə münasibətlərini prinsipial olaraq siyasi-hüquqi mexanizmlər əsasında qururlar. Bu isə müasir tarixi mərhələdə dövlətlərarası münasibətlərdə müstəqilliyi, suverenliyi, insan haqlarını, multikultural dəyərləri ön plana çıxarmaq deməkdir. Beynəlxalq münasibətlərdə bütün dünyanın ən çox ehtiyac duyduğu faktorlar bunlardır.

 

Beləliklə, Şuşa Bəyannaməsi tarixi, milli, regional və qlobal miqyaslı siyasi-hüquqi təmələ söykənir. Bu, sənədin müasir mərhələdə geniş istifadə olunan və dövlətlərarası münasibətləri suverenlik, bərabərhüquqluluq, qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənmiş şərtlər daxilində tənzimləyən prinsiplər üzərində bərqərar olduğunu nümayiş etdirir. Həmin tezisin işığında Şuşa Bəyannaməsinin konkret müddəalarına nəzər saldıqda iki ölkə arasında, region ölkələrini əhatə edən və daha geniş geosiyasi məkanda təsir gücü ola biləcək çox aktual və maraqlı məqamları görə bilərik. İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan geosiyasi mənzərənin fonunda bunun tarixi əhəmiyyətini dərk etmək çox vacibdir. Çünki ekspertlər Şuşa Bəyannaməsinin tarixiliyindən bəhs edərkən, strateji aspekti ciddi surətdə nəzərə almalıdırlar. Şuşa Bəyannaməsi geniş geosiyasi məkanda sabitliyin, təhlükəsizliyin, sosial-mədəni və iqtisadi tərəqqinin yeni mərhələyə keçməsini təmin edə biləcək sənəddir. Bunlardan başqa, həmin Bəyannamə regional əməkdaşlığın yeni formatını qlobal səviyyədə mövcud olan reallıqlara uyğunlaşdırmaq üçün tarixi bir fürsətdir. Bir neçə konkret misal üzərində dayanaq.

 

Müttəfiqliyin sivil və müasir modeli: Ankara və Bakının qətiyyətli addımı

 

Bəyannamənin preambuladan sonrakı ilk müddəası belədir: "Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər". Burada aydın ifadə olunur ki, Türkiyə-Azərbaycan münasibətləri istisnasız siyasi dialoqa əsaslanır.

 

Müasir tarixi mərhələdə dövlətlərarası münasibətlərdə bu prinsipial məqamın nə dərəcədə əhəmiyyətli olduğunu mütəxəssislər çox yaxşı bilirlər. Məsələ ondan ibarətdir ki, bununla Bakı və Ankara iki qardaş dövlətin münasibətlərini emosional yaxınlıq üzərində deyil, beynəlxalq hüquq çərçivəsində qururlar. Bunun üçün ən yaxşı və səmərəli vasitə, təbii ki, dialoqdur. Təsadüfi deyil ki, dünyanın hər hansı regionunda münaqişə və ya anlaşılmazlıq baş qaldırdıqda, böyük dövlətlər dərhal "siyasi dialoq" vurğusu edirlər. Lakin bu prinsipə əməl edənlər çox azdır. Hətta böyük dövlətlər belə əksər hallarda dialoq yerinə öz maraqlarını, istəklərini güc yolu ilə qəbul etdirməyi seçirlər.

 

Bunların fonunda Azərbaycanla Türkiyənin dialoqu qarşılıqlı münasibətlərin əsas mexanizmi kimi təqdim etmələri onların beynəlxalq hüququn və humanizmin prinsipləri əsasında fəaliyyət göstərdiklərini nümayiş etdirir. Şübhə yoxdur ki, bu nümunə bütün region üçün vacibdir və real proseslərin dinamikasına ciddi təsir edəcəkdir.

 

Digər tərəfdən, iki türk dövlətinin münasibətlərini siyasi dialoq üzərində qurmaları Cənubi Qafqazın geosiyasi mənzərəsinə əməkdaşlıq və təhlükəsizlik aspektlərində yeni ruh verir. Bu tezisin konkret təzahürləri Bəyannamədə mövcuddur. Sənəddə açıq vurğulanır: "Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tuturlar". Buradan iki qardaş ölkənin regional münasibətlərdə vacib hesab etdikləri prinsiplər aydın görünür: 1) Müstəqillik; 2) Suverenlik; 3) Ərazi bütövlüyü; 4) Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı; 5) Dövlətlərin daxili işlərinə qarışmamaq!

 

Bu punktların Bəyannamədə xüsusi vurğulanmasına, ən azı, üç aspektdən baxmaq doğru olardı. Birincisi, onların hər biri BMT-nin Nizamnaməsinə tam uyğundur. İkincisi, Türkiyə ilə Azərbaycanın həm öz aralarında sivil münasibətlər qurma mexanizmidir, həm də hər iki qardaş dövlətin regional və qlobal miqyasda yeritdikləri siyasətin real məzmunudur. Üçüncüsü, bu prinsiplər hətta Ermənistana belə əməkdaşlığın perspektivi ilə bağlı çağırışdır! Bu mənada Şuşa Bəyannaməsi Ermənistan, İran, Gürcüstan və Rusiya üçün yeni fürsətdir. Azərbaycan və Türkiyə tərəfdən əməkdaşlıq yolu tam açıqdır!

 

Şuşa Bəyannaməsində yuxarıda vurğulanan əməkdaşlıq üçün konkret yol da öz əksini tapıb. Sənəddə yazılıb: "Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır". Deməli, Ankara və Bakı hesab edirlər ki, sabitlik, təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və region dövlətləri arasında münasibətlərin normallaşdırılması uzunmüddətli sülhün təmininə aparan konkret mexanizmlərdir. Şübhə yoxdur ki, vurğulanan bu məqamlar tamamilə beynəlxalq hüquq çərçivəsindədir!

 

Həmin kontekstdə Bəyannamədə sabitlik və sülhün konkret əməkdaşlıq formatlarından qaynaqlanacağını ifadə edən fikirlər olduqca əhəmiyyətlidir. Bu barədə indi ekspertlər də açıq danışırlar. Həmin bağlılıqda bir neçə məqamın üzərində dayanmağı gərəkli sayırıq.

 

Əvvəla, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfəri zamanı bildirib ki, "Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək".

 

Lakin, aydındır ki, Azərbaycan və Türkiyənin altılı əməkdaşlıq formatının reallaşması üçün regionda ölkələr arasında əlaqələr bərpa olunmalıdır, düşmənçilik aradan qaldırılmalıdır və ünsiyyət davamlı xarakter almalıdır. Bu şərtləri təmin etmənin geosiyasi, geoiqtisadi və mədəni aspektlərini əhatə edən, regional imkanları qlobal tələblərlə uzlaşdıran və ölkələr arasında nəqliyyat-daşınma imkanlarını təmin edən təklifi də Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsində edib. O, indi dünya ekspertlərinin müxtəlif kontekstlərdə analiz etdiyi və qiymətləndirdiyi Zəngəzur dəhlizidir.

 

İkincisi, vurğulanan kontekstdə Bəyannamədə oxuyuruq: "Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər".

 

Ekspertlərin əksəriyyəti Zəngəzur dəhlizini Türkiyə və Azərbaycanın "geosiyasi çıxış qapısı" kimi siyasi-iqtisadi dividendlər aspektində qiymətləndirməyə çalışırlar. Bu, təbii ki, doğrudur və iki qardaş ölkənin ona haqqı vardır. Lakin məsələnin başqa tərəfi siyasi, geosiyasi və tranzitor – nəqliyyatda vasitəçiliyi təmin edən ölkə-oyunçular kimi Azərbaycanla Türkiyənin üzərinə böyük məsuliyyət götürmələri ilə əlaqəlidir.

 

Son 300 ildə regionun geosiyasi dinamikasına nəzər salsaq, ortada nə qədər maneənin və fərqli təbiətli problemlərin olduğunu görərik. Şübhə yoxdur ki, destruktiv güclər həmin faktorlardan əməkdaşlığın əleyhinə istifadə etməyə çalışacaqlar. Məsələn, qanunsuz ticarətə baş vurarlar, terror təhdidi ola bilər, Çindən gələn yüklərə qarşı təxribatlar istisna deyil və s.

 

Bütün bunlardan sığortalanmanın qarantları Türkiyə, Rusiya və Azərbaycandır. Deməli, bu üç ölkə Zəngəzur dəhlizinin təhlükəsiz fəaliyyətini təmin etməlidirlər. Geosiyasi və siyasi kontekstdə bu, Türkiyə və Rusiya ilə yanaşı, Azərbaycanın da regional güc kimi aparıcı mövqeyə çıxdığını göstərir. Şuşa Bəyannaməsi isə bu reallığı rəsmi olaraq bütün dünyanın qəbul edə biləcəyi statusda təsdiq və təsbit edir!

 

Belə çıxır ki, Zəngəzur dəhlizi sadəcə nəqliyyat marşrutu olmayıb, həm də geosiyasi, siyasi, coğrafi və hüquqi fakt kimi Azərbaycanın müstəqil dövlət olaraq yüksəldiyi və hər kəs tərəfindən qəbul edilən geosiyasi statusunun rəsmi təsdiqidir!

 

Üçüncüsü, Şuşa Bəyannaməsində Cənub Qaz Dəhlizinin adının ayrıca vurğulanması vacib geosiyasi, geoiqtisadi və təhlükəsizlik məqamıdır. Sənəddə konkret yazılır: "Tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu vurğulayırlar. Tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Tərəflər, həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətlərini ifadə edirlər".

 

Cənub Qaz Dəhlizi layihəsi Şuşa Bəyannaməsi çərçivəsində dördüncü faktorla – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması ilə tam səsləşir. Sənəddə vurğulanır ki, "Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər".

 

Məqsəd aydın və konkret qoyulub: Azərbaycanla Türkiyə Zəngəzur dəhlizi də daxil olmaqla müasir texnologiyalarla təmin edilmiş tranzit-nəqliyyat infrastrukturuformalaşdırırlar ki, bundan istisnasız olaraq regionun hər bir dövləti faydalana biləcək. Eyni zamanda, həmin infrastruktur qlobal infrastruktura tam inteqrasiya olacaq. Etiraf etmək lazımdır ki, bu, tarixi bir layihədir.

 

Bu kimi məqsədlərə çatmaq üçün Ankara və Bakı Şuşa Bəyannaməsində müxtəlif istiqamətlərdə atacaqları addımları da dəqiq göstərirlər. Onların sırasında beynəlxalq təşkilatlarla sıx işbirliyini, ortaq fəaliyyəti də nəzərdə tutan punkt vardır. Bunu beşinci faktor kimi qəbul etmək olar.

 

Bəyannamədə yazılıb: "Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər". Aydın görünür ki, Bəyannamədə iki qardaş dövlətin diplomatik imkanlarına geniş yer verilib. Bu, onların strateji proqramları istisnasız olaraq sivil üsullarla reallaşdırmaq niyyətlərini ortaya qoyur.

 

Vurğulanan məsələnin başqa bir aspekti altıncı faktorla – təhlükəsizliyin təmini ilə əlaqəlidir. Bununla bağlı sənəddə qeyd olunur: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".

 

Biz Şuşa Bəyannaməsinin ayrı-ayrı müddəalarını məqsədli şəkildə bir-biri ilə sıx məntiqi bağlılıqda təqdim etməyə çalışdıq. Çünki geosiyasi, siyasi və tarixi aspektlərdə Şuşa Bəyannaməsi iki müstəqil dövlətin müttəfiqlik münasibətlərini qurmaq fəlsəfəsi ilə regional və qlobal əməkdaşlığın inkişafı fəlsəfəsinin sıx əlaqəsi nəzərə alınmaqla hazırlanıb. Ümid edirik ki, zaman bu tezisin doğruluğunu təcrübədə sübut edəcək!

 

Kamal Adıgözəlov

 

 Səs.- 2021.- 3 avqust.- S.8-9.