İtaliya mətbuatı Prezident İlham
Əliyevin “CNN Türk” telekanalına müsahibəsini
geniş işıqlandırıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “CNN Türk”
televiziya kanalına müsahibəsi İtaliyanın “Kmetro0”,
“Eurasianews” və “Agenzia Nova” kimi kütləvi informasiya vasitələri
tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC-ın verdiyi xəbərə görə,
“Prezident İlham Əliyev: Ermənistan Azərbaycanın
ərazi bütövlüyünü tanımağa hazırdırsa,
bölgəyə sülh gələcək” sərlövhəli
yazılarda qeyd olunur ki, “CNN Türk”ə müsahibəsində
dövlətimizin başçısı Azərbaycanın ərazi
bütövlüyünün bərpası və Ermənistanın hərbi işğalına son qoyulması
üçün görülmüş tədbirlərdən,
İkinci Qarabağ müharibəsi və onun nəticələrindən,
müharibədən sonra bölgədəki vəziyyətdən,
bölgədə uzunmüddətli sülhün təmini və
buna nail olmaq üçün atılacaq addımlardan bəhs
edib.
Yazılarda Prezident İlham
Əliyevin müsahibədəki fikirlərinə geniş
şəkildə istinadlar olunub.Habelə yazılarda Azərbaycan
Prezidentinin müsahibəsində bir nömrəli hədəfin
Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi,
bunun tarixi bir missiya olduğunu və bütün güclərin
səfərbər edildiyini vurğuladığı qeyd
olunub. “Bütün bu illər ərzində deyirdim ki, nəyin
bahasına olursa-olsun biz torpaqlarımızı azad etməliyik
və edəcəyik. Sadəcə olaraq, bunu
düzgün anda etməli idik və etdik, səhvə yol verə
bilməzdik. Çünki bu, tarixi məsuliyyətdir və
ona görə zamanında atılan addımlar belə nəticəyə
gətirib çıxardı. Xalqın barışmaz ruhu, əlbəttə
ki, əsas amillərdən biridir. Çünki biz
Qarabağı unutmadıq. Hətta
Qarabağı görməyən və çadır şəhərciklərində
doğulan uşaqlar da bir arzu ilə, bir amalla
yaşayırdılar ki, getsinlər, öz torpağına
qayıtsınlar. Ölümə gedənlər məhz onlar
kimi minlərlə gənc olmuşdur”, - deyə məqalədə
dövlətimizin başçısının sözlərinə
yer verilib.
Məlumatlarda, həmçinin müsahibədə
Prezident İlham Əliyevin Ordumuzun gücləndirilməsi,
silah, texnika, təchizat məsələlərinin də əsas
amillərdən olduğunu qeyd etdiyi vurğulanıb. “Son illərdə
ən çağdaş texnologiyaya əsaslanan silahlar
alındı və Ordumuzun peşəkarlığı
artdı. Çünki silahlar, texnologiya, əlbəttə,
bir çox məsələləri həll edir. Ancaq yerində
torpağı alan, bayrağı sancan əsgərdir. Əgər
o, döyüşə həvəslə getmirsə, heç
bir silah sənə kömək edə bilməz. Bu amillər
bizi Qələbəyə apardı”, – deyə Prezident
İlham Əliyevin sözlərinə istinad edilib.
Yazılarda bildirilib ki, müsahibədə Azərbaycan
Prezidenti ölkənin gecə-gündüz bu hədəfə
doğru getdiyini və ona çatdığını bəyan
edib. Bu xüsusda dövlətimizin
başçısının fikirlərinə istinadən qeyd
olunub: “İndi yeni hədəflər ortadadır. Bu hədəflər Qələbəni, Zəfəri
möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini
təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və
Ermənistanın revanşist qüvvələrinin baş
qaldırmasına imkan verməməkdir”.
Məlumatlarda dövlətimizin
başçısının bölgədəki sülhə
təhdidlərdən bəhs etdiyi və bu xüsusda qeyd
olunub: “Ermənilər orada yüz minlərlə mina
basdırıb. Müharibə başa çatandan sonra - 10
noyabr tarixindən bu günə qədər 150-dən
çox mülki şəxs və hərbçi minaya
düşərək ya həlak olub, ya da ki, öz
sağlamlığını itirib. Ona görə minatəmizləmə
işi getməlidir və gedir. Ermənistan bizə
minaların xəritələrini də vermir və son mərhələdə
verilən xəritələrin dəqiqliyi cəmi yüzdə
iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi
aparırlar. Biz insanların həyatını risk altına
ata bilmərik. Ona görə azad edilmiş torpaqlarda -
Qarabağda və Şərqi Zəngəzurda indi həm
minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur
işləri sürətlə gedir”.
Yazılarda Prezident İlham
Əliyevin, həmçinin Rusiyadan gözləntilərin
üçtərəfli Bəyanatın bütün müddəalarının
yerinə yetirilməsi olduğunu vurğuladığı qeyd
edilib: “Çünki bu üçtərəfli Bəyanatı
Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri
imzalamışlar və onların böyük qismi
artıq gerçəkləşib. Amma bəzi məsələlər
var ki, hələ də açıqdır. Gözləntimiz
bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın
yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə
xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya
bundan sonra da bu bölgənin təhlükəsizliyi
üçün öz səylərini əsirgəməsin və
uzunmüddətli sülhü təmin etmək
üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz
odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni
Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi
narahat edir. Müharibə başa çatıb. Yəni, erməni
xalqı da bu vəziyyətlə barışıb. Erməni
rəhbərliyi də məğlubiyyətlə
barışıb və Ermənistanda keçirilmiş son
parlament seçkiləri bunu göstərdi. Tarixdə
görünməmiş bir mənzərədir ki, məğlub
edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə
olan halda, əlbəttə ki, Ermənistanı
silahlandırmaq heç bir məntiqə sığmır. Biz
hələ ki, bunu görmürük, müşahidə
etmirik. Amma Rusiya tərəfindən bəzi
açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl
Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə
görüş zamanı söyləmişdir ki, Ermənistana
Rusiya silahlarının göndərilməsi prosesi
başlamışdır. Bu, çox narahatedici bir məsələdir”.
Dövlətimizin
başçısının sözlərinə geniş yer
verilən məqalərlərdə qeyd olunub ki, Prezident
İlham Əliyev müsahibəsində Xankəndidə
Rusiyanın sülhməramlı missiyasının nəzarəti
altında olan ərazinin indi təhlükəsiz ərazi
olmasını, eyni zamanda, Ermənistanla sərhəddə də
vəziyyətin bəzən narahatlıq doğurduğunu,
amma ümumilikdə sabit olduğunu bəyan edib. Azərbaycan
Prezidenti deyib: “Ona görə, əlbəttə,
biz istəyirik ki, Rusiya bu məsələdə bizim
narahatlığımızı nəzərə alsın.
Çünki nə qədər silahlar verilsə də, yenə
də güclər nisbəti dəyişməyəcək.
Çünki son 30 il ərzində Rusiya Ermənistana
milyardlarla dollar dəyərində pulsuz-parasız
silahlar verib, - onların bir qismi indi bizim Hərbi Qənimətlər
Parkında dağılmış muzey eksponatları kimi sərgilənir,-buna
baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib.
Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o
qədər də vəsait ayıracağıq və bunu
edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə
bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən
silahlandırılması prosesinə biz təşəbbüskar
olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar
da buna uyğun addımlar atacaqlar”.
Habelə yazılarda dövlətimizin
başçısının müsahibəsində
Laçın dəhlizi ilə Rusiya sülhməramlı
qüvvələrinin nəzarətində olan bölgələrdə
baş verən hadisələrin də izlənildiyini bildirdiyi
qeyd edilib: “Xankəndiyə gedən avtomobillərin
sayını dəqiqliyi ilə bilirik. Bu
yaxınlarda bizim mətbuatda bu məsələ ilə
bağlı açıqlama verildi, o cümlədən
göstərildi ki, son bir ay ərazində - iyulun 11-dən
avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən
Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni, oradan 20 min insan
çıxdı və 15 min insan oraya girdi. Deməli,
biz insanların sayına qədər bilirik”.
Məlumatlarda Azərbaycanla Ermənistan arasında
sülhün şərtlərinə münasibətdə
dövlət başçısının Azərbaycanın
Ermənistanla sülh müqaviləsi imzalanmasını istədiyini
vurğuladığı bildirilib. “Ermənistan və Azərbaycan
bir-birilərinin ərazi bütövlüyünü
tanısınlar və sərhədlərin delimitasiyası, yəni,
müəyyən edilməsi prosesi də başlasın.
Ancaq bu günə qədər Ermənistandan
müsbət cavab almamışıq. Belə
görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir.
Mən söylədim ki, bu, böyük
yanlışlıq olar və onlar özləri də
peşman olacaqlar. Çünki biz bu təklifi
masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq
söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi
imzalamaq istəmirlər. Belə olan halda
biz də öz siyasətimizi buna uyğun şəkildə
aparacağıq. Əgər Ermənistan
buna hazırdırsa, əgər Azərbaycanın
bütün dünya tərəfindən tanınan ərazi
bütövlüyünü tanımağa hazırdırsa,
onda əlbəttə ki, bölgəyə uzunmüddətli
sülh gələcək. Biz bunu istəyirik
və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər
də masa üzərindədir. Yolların
açılması, Zəngəzur dəhlizinin
yaradılması, bütün ticarət əlaqələrinin
bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən
sonra sülhün təmin edilməsi bizim maraqlarımıza
cavab verir. Hesab edirəm ki, Ermənistanın
da maraqlarına cavab verir. Çünki Zəngəzur
dəhlizi onların da maraqlarına xidmət edəcək.
Onlar da dəmir yolu ilə həm İranla, həm
Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və
onlar üçün də yeni fürsətlər ortaya
çıxacaq”, – deyə Prezident İlham Əliyevin sözlərinə
yer verilib.
Yazılarda
Prezident İlham Əliyevin “Əlbəttə, bu dəhlizin
açılması bir çox məqsədlərə, hədəflərə
xidmət göstərir. Azərbaycanla Türkiyə
yeni bir nəqliyyat layihəsi ilə birləşəcək.
Bildiyiniz kimi, dörd il bundan əvvəl
Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi
açılış mərasimi olmuşdur. Biz
bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik.
Zəngəzur dəhlizi isə ikinci bir birləşmə
istiqaməti olacaq. Beləliklə, bizim
üçün yeni fürsətlər ortaya çıxacaq.
Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi
olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir
yolu ilə birləşəcək. Eyni
zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin
- Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur
ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır”, – deyə
bildirdiyi qeyd olunur. Habelə, “Ermənistan
buna etiraz edir. Son günlərə qədər
Zəngəzur dəhlizinin açılmasına etiraz
etmişdi. Sadəcə olaraq, bir neçə
gün bundan əvvəl orada bir müsbət fikir ortaya
çıxdı ki, onlar da etiraz etmirlər. Ancaq Zəngəzur dəhlizinin tam fəaliyyəti
üçün həm dəmir yolu, həm avtomobil yolu
olmalıdır. Biz Bakıda avtomobilə əyləşib
oradan rahatlıqla Türkiyəyə və Naxçıvana
keçə bilərik”, - kimi fikirlərinə yer verilib.
Məlumatlarda, həmçinin dövlətimizin
başçısının Ermənistanda ifrat millətçilik,
türkofobiya, azərbaycanofobiya, islamofobiyanın insanların
və hakim dairələrin beyinlərini zəhərlədiyini,
onların bunu istəsələr də, dilə gətirə
bilmədiklərini vurğuladığı qeyd olunub. “Ermənistanda
cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin
bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları
darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu”
olmasını biz 44 gün ərzində yerlə bir etdik.
Onların ərazi iddiaları məhv edildi”, -
deyə Prezident İlham Əliyevin sözlərinə istinad
edilib.
Yazılarda
Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin
Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilmə
imkanlarına münasibətdə “Biz bunu artıq təşəbbüs
olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur
dəhlizi adını da biz qoymuşuq. Artıq
bu, beynəlxalq leksikona da daxil edilibdir. Mən
bilirəm ki, Avropa İttifaqı bu məsələyə də
çox müsbət yanaşır. Bu
yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab
Şarl Mişel Bakıda olarkən bu məsələ ilə
bağlı biz geniş fikir mübadiləsi apardıq və
onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər”,
– deyə qeyd etdiyi bildirilib. “Yəni, bu, həm
Türkiyə, həm Azərbaycan, həm bölgə
üçün və o cümlədən Ermənistan
üçün də yeni fürsət olacaq. Mən
artıq dedim, onlar Rusiya və İranla bu
dəmir yolu ilə bağlantı yarada bilərlər.
Çünki Ermənistan-İran dəmir yolunun inşası
bəlkə də 20 il müzakirə edilən
bir məsələdir. Amma hələ ki,
ortalıqda bir şey yoxdur. Çünki
bu layihə təqribən ən azı 3 milyard dollar tələb
edir. Ancaq Naxçıvan ərazisindən, -
Naxçıvan ilə İran arasında artıq dəmir
yolu xətti var, - istifadə edə bilərlər”, - deyə
Prezident İlham Əliyevin sözlərinə yer verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti digər ölkələrin
də bu təşəbbüsə qoşulacaqlarına
ümid etdiyi və bu xüsusda “Biz bu formatı dəstəkləyirik
və ümid edirik ki, digər ölkələr də buna
qoşulacaqlar.
Mən bilirəm ki, Gürcüstan tərəfi
buna hazır deyil. Çünki
Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər
yoxdur. Bu, Gürcüstanın
mövqeyidir, biz bu mövqeyə hörmətlə
yanaşmalıyıq. Amma buna baxmayaraq,
regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə
müharibə riskinin sıfra endirilməsi üçün
bölgə ölkələri arasındakı əlaqələr
çox önəmlidir. Burada konkret layihələr
də müzakirə oluna bilər. Çünki
bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil.
Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və
digər yolların açılması, - çünki təkcə
Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistanla
digər nəqliyyat layihələrimiz ola
bilər. Ondan sonra ticarət əlaqələrinin
bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün
təmin edilməsi. Yəni, bütün
bunlar çox önəmli məsələlərdir. Çünki biz artıq öz tarixi
missiyamızı yerinə yetirdik. Bizə
yeni müharibə lazım deyil”, – deyə qeyd etdiyi
vurğulanıb.
Yazılarda habelə Prezident İlham Əliyevin Qarabağda
yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının
Azərbaycan cəmiyyətinə inteqrasiyasından bəhs
etdiyi qeyd olunur. Dövlət
başçısının “Rusiya sülhməramlı
missiyasının nəzarətində olan ərazidə
yaşayan erməniləri biz yolunu azmış Azərbaycan vətəndaşları
sayırıq. Onların sayı o qədər
də çox deyil. Dəqiq məlumata
görə, 25 minin altındadır. Əlbəttə
ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə
olunmalıdır. Azərbaycan çoxmillətli,
çoxkonfessiyalı ölkədir və burada bir çox
xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən
ermənilər də yaşayır. Bu
gün Bakıda erməni də var”, – kimi sözlərinə
istinad olunub.
Məlumatlarda Prezident İlham Əliyevin müsahibəsində
Bakıda təmir edilmiş erməni kilsəsinə
münasibətdə “O, şəhərin mərkəzində
yerləşir və əgər oraya kimsə getsə görər
ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimizə
nə etdilər? Müqayisə üçün deyim ki,
60-dan çox məscidimizi yerlə bir etdilər. Ona görə bu gün Xankəndidə və ətraf
kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə
mütləq inteqrə edilməlidir, onlar üçün bu,
daha böyük fürsətlər yaradacaq. Ümumilikdə
Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan
arasındakı üçtərəfli əlaqələrin
yaradılması üçün ilkin addımlar
atılmalıdır, biz buna hazırıq” –
vurğuladığı bildirilib.
Yazılarla
aşağıdakı keçidlərdən tanış
olmaq mümkündür:
https://kmetro0.it/2021/08/16/il-presidente-ilham-aliyev-se-larmenia-e-pronta-a-riconoscere-lintegrita-territoriale-dellazerbaigian-nella-regione-arrivera-la-pace/
https://www.eurasianews.it/2021/08/16/presidente-ilham-aliyev-larmenia-pronta-riconoscere-lintegrita-territoriale-dellazerbaigian-nella-regione-arrivera-la-pace/
https://www.agenzianova.com/a/611beff6c98c87.00765236/3568409/2021-08-16/azerbaigian-presidente-aliyev-pace-possibile-se-armenia-riconosce-l-integrita-del-paese
Səs.- 2021.- 20 avqust.- S.3.