Azərbaycan hərbi zəfərini diplomatiya meydanında təkrarlayır

   

 

Mina xəritələrinin verilməsində Ermənistanın dediyi yox, məhz Azərbaycanın istədiyi oldu

 

44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 illik işğalına son qoyan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkəmizə qələbələr qazandırmada davam edir. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan hərbi zəfərini diplomatiya meydanında təkrarlayır. Dövlət başçısı dəfələrlə çıxışlarında bildirib ki, azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir: “Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın”. Bu dəfə də Azərbaycan liderinin prinsipial siyasəti öz bəhrəsini verdi və Ermənistan indiyədək gizli saxladığı mina xəritələrinin bir hissəsini üzə çıxarmağa məcbur qaldı. 30 il ərzində Ağdam, Füzuli və digər ərazilərdə xüsusi müdafiə sədləri quran erməni silahlı qüvvələri demək olar ki, bütün ərazilərimizi minalamışdılar. Ermənistan bununla maksimum insan itkisinə nail olmağı, həmçinin Azərbaycanın Qarabağda başlatdığı yenidənqurma, bərpa işlərinə, xarici şirkətlərlə birgə həyata keçiriləcək meqalayihələrə süni əngəllər törətməyi qarşısına hədəf qoymuşdu. Bu mənada deyə bilərik ki, hər addımında ölüm saçan Ağdamın mina xəritələrinin əldə olunması çox böyük hadisədir. İlk növbədə ona görə ki, "mina səhrası”nı xatırladan işğaldan azad olunmuş torpaqların təmizlənməsi xeyli vaxt aparmaqla yanaşı, həmçinin, habelə çoxsaylı insan itkiləri ilə üzləşəcəkdik.

 

Statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib. Ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.

 

Ermənistanın müharibə cinayətləri sərhəd tanımır

 

Qələbəmizdən bir il keçməsinə baxmayaraq, Ermənistan minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etməməklə cinayətkarlığını, sülhə mane olduğunu göstərməkdir. İkincisi isə bu, bütün beynəlxalq qanunlara, prinsiplərə ziddir və hərbi cinayət hesab olunur. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi 10 noyabr razılaşmasına tam əməl edir, hətta bir sıra məsələlərdə humanistlik nümayiş etdirir. Məsələn, Ermənistan Kəlbəcərin boşaldılmasına əlavə 10 gün vaxt istədi və Azərbaycan tərəfi humanistlik göstərərək bu vaxtı verdi. Lakin eyni humanist addımları Ermənistan tərəfindən görünmədi. Əksinə, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini gizlətməklə həm daha çox insanın həlak olmasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasını ləngitməyə çalışdı. Məqsəd bəllidir: mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq, bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaq.

 

Ermənistan yenə "ağ bayraq" qaldırdı

 

Ancaq Prezident İlham Əliyev müharibədən sonrakı dövrdə təmkin, səbir nümayiş etdirir, mübarizəmizi diplomatiya arenasına daşıyaraq Ermənistanı hərbi cinayətlərdən əl çəkməyə, sülh yolunu tutmağa çağırırdı. Ölkə başçısı, eyni zamanda, beynəlxalq platformalarda Azərbaycan torpaqlarının minalarla çirkləndirilməsi məsələsini qaldıraraq, Ermənistan tərəfinin postmüharibə dövründə də hərbi cinayətləri davam etdirdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırır, aidiyyəti təşkilatları və dövlətləri mina xəritələrinin verilməsi üçün İrəvana təzyiqlər göstərməyə səsləyirdi. Bu istiqamətdə qətiyyətli mövqe sərgiləyən Azərbaycan lideri Ermənistanı Ağdamın mina xəritəsini verməyə məcbur etməklə, növbəti böyük qələbəyə imza atdı. Bununla Prezident İlham Əliyev Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik sferada da Ermənistandan üstün olduğunu nümayiş etdirdi. Azərbaycan Prezidentinin mükəmməl diplomatik gedişi və prinsipal siyasəti İrəvanı belə bir addımı atmağa işğaldan azad olunmuş torpaqların mina xəritələrini verməyə vadar etdi.

 

Belə ki, ilk dəfə 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib, bunun müqabilində 15 erməni hərbçisi ölkəsinə təhvil verilib. Humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili, ABŞ dövlət katibi Antoni Blinken, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyi vasitəçilik ediblər. Bu, 30 il işğal altında saxlanılan Qarabağın azad olunması ilə nəticələnmiş Zəfərdən sonra dövlətimizin başçısının növbəti qələbəsi kimi səciyyələndirilməlidir. Bu siyasətin nəticəsi olaraq böyük beynəlxalq aktorlar Ermənistanın minalanmış ərazilərin xəritəsini verməsi barədə Azərbaycan tərəfinin haqlı tələblərini, dövlət sərhədinin delimitasiyası ilə bağlı təkliflərini dəstəkləyir. Bu gün bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən bu barədə danışan Prezident İlham Əliyev deyib: “Əgər Ermənistan sülh istəyirsə, bizim də sülh sazişinə ehtiyacımız var. Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək. Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr, peşman olacaqlar”.

 

Və Ağdamdan sonra daha iki rayonun - Füzuli və Zəngilan rayonlarının mina xəritələrinin Azərbaycana təhvil verilməsi Prezident İlham Əliyevin qətiyyətli iradəsinin, bu istiqamətdə atdığı məqsədyönlü addımların məntiqi nəticəsi, növbəti parlaq diplomatik qələbəsidir. Bu, on minlərlə vətəndaşımızın həyatını və sağlamlığını təhlükələrdən xilas edəcək, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirməyə imkan verəcək. Ağdam, onun ardınca Füzuli və Zəngilanda basdırılan minanın xəritələrinin əldə edilməsi dövlət başçımızın beynəlxalq siyasətdə və diplomatiyada növbəti qətiyyətli diplomatik qələbəsidir. Bəli, bu gün Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazımdırsa, yaxşı bilir. Və ermənilərin basdırdıqları minalar onların məqsədlərinə xidmət etmədi və öz əhəmiyyətini itirdi. Qürurvericidir ki, son 18 illik prezidentlik fəaliyyəti dövründə nəyi, necə və nə vaxt etmək lazımdırsa, yaxşı bilən “Dəmir yumruq” siyasətinin müəllifi Prezident İlham Əliyev 30 illik həsrətə 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyduğu kimi, qələbəmizin 7 ayı ərzində işğaldan azad olunan Ağdam, onun ardınca Füzuli və Zəngilanda basdırılan minanın xəritələrinin əldə edilməsi dövlət başçımızın beynəlxalq siyasətdə və diplomatiyada növbəti qətiyyətli diplomatik qələbəsidir. Dövlət başçımızın dediyi kimi: “Biz ədaləti bərpa etdik. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan ölənlər olub». Bəli, hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir. Çünki 10 noyabrda imzalanmış üçtərəfli bəyanat regionda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsinə hesablanmış bəyanatdır. Azərbaycan bu bəyanata uyğun olaraq hərbi əməliyyatlarını dayandırıb, növbəti mərhələnin isə dinc şəkildə icra olunması üçün əlindən gələni edir. Ancaq həmişə olduğu kimi, işğalçı Ermənistan üçtərəfli bəyanatın icrasını müəyyən qaydada təmin etsə də, özlərinin cinayətkar əməllərindən əl çəkmir, işğaldan azad olunmuş torpaqlarımızda minalanmış ərazilərin xəritəsini təqdim etmir və hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir, zaman gələcək ermənilər bunun da cavabını verəcək”.

 

Bəli, nə qədər Ermənistan 10 noyabr sazişinə sadiq qalmayaraq, mina xəritələrinin Azərbaycana təqdim edilməsindən boyun qaçırsa da, yenə də Azərbaycanın, Azərbaycan Prezidentinin dediyinə əməl etdi, çünki Azərbaycan diktə edən, bundan sonra da belə olacaq. Ermənistan bu reallığı qəbul edəcək, gücümüzü və bizim diktə edən tərəf olduğumuzu anlayacaq, Azərbaycanın sərhədlərini tanıyacaqlar. Azərbaycanla sülh sazişi imzalamağa məcbur olacaqlar və tezliklə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq Ermənistan da öz öhdəliyini yerinə yetirəcək.

 

Bir sözlə, biz minalanmış ərazilərin xəritələrini Ermənistandan bir-bir alaraq öz hədəflərimizə çatmaqdayıq, çünki zaman bizim xeyrimizə işləyib və bundan sonra da belə olacaq. Çünki biz qalib tərəfik və şərtləri də biz bəyan edirik. Əminik ki, bütün bunlar Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağa, sözün bütün mənalarında, Böyük Qayıdış hərəkatını da sürətləndirəcək. Çünki Qarabağ Azərbaycandır!

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2021.- 1 dekabr.- S.5.