Abşeron Rayon Mərkəzi Xəstəxanasının
yeni binası istifadəyə verilib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi
Xəstəxanasının yeni inşa edilən
binasının açılışında iştirak ediblər.
APA xəbər
verir ki, dövlətimizin başçısı İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada
yaradılan şəraitlə tanış olublar.
Azərbaycan
Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150
çarpayılıq tibb müəssisəsi ən zəruri
avadanlıqla təchiz olunub. Burada dünyanın
aparıcı şirkətlərinin avadanlığı
quraşdırılıb. Xəstəxanada cərrahiyyə,
terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr,
həmçinin laboratoriyalar fəaliyyət göstərəcək.
Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının
nəzdində olan mərkəzi xəstəxana, Abşeron
rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və
təcili və təxirəsalınmaz tibbi yardım
şöbəsinin köçürülməsi nəzərdə
tutulub.
Yeni
tibb müəssisəsində yaradılan şəraitlə
tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan
Televiziyasına müsahibə verib.
Prezident
İlham Əliyevin müsahibəsi
- Cənab
Prezident, ilk növbədə, müsahibəyə vaxt
ayırdığınıza görə Sizə minnətdarlığımızı
ifadə edirik. İlk sualım
açılışını etdiyiniz bu səhiyyə
ocağı ilə bağlı təəssüratlarınız
barədə olacaq. Necədir təəssüratlarınız?
- Təəssüratlar
çox müsbətdir. Yeni tikilmiş bu xəstəxana bizim
səhiyyə sahəsindəki fəaliyyətimizi əks
etdirir. Bildiyiniz kimi, son illərdə bir çox xəstəxanalar
tikilib və onların da müəyyən standartları var, həm
memarlıq baxımından, həm də avadanlıqlarla təchizat
baxımından. Ona görə əminəm ki, bu xəstəxanada
vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək.
Çünki bütün müasir avadanlıqlar burada
quraşdırılıb.
Bir də
ki, xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir.
Burada 200-dən çox həkim və bütövlükdə
600-dən artıq tibb işçisi çalışacaq və
təbii ki, onların da iş şəraiti müsbətə
doğru dəyişir. Əminəm ki, burada göstəriləcək
tibbi xidmət vətəndaşların
sağlamlığını təmin edəcək, bərpa
edəcək. Xəstəxananın inşası bir daha onu
göstərir ki, bu sahədəki fəaliyyətimiz
ardıcıl şəkildə davam etdirilir və Abşeron
rayonunda da müasir xəstəxana artıq fəaliyyət
göstərir. Bunun üstünlüyü, eyni zamanda,
ondadır ki, bu vaxta qədər müxtəlif tibb müəssisələri
fərqli-fərqli yerlərdə məskunlaşmışdı,
amma indi burada artıq həm xəstəxana, poliklinika,
uşaq poliklinikası, doğum şöbəsi, təcili
tibbi yardım şöbəsi – bütün şöbələr
bir yerdə fəaliyyət göstərəcək. Əlbəttə
ki, bu, insanların rahatlığı üçün də
çox önəmlidir.
- Cənab
Prezident, Sizin təşəbbüsünüzlə Azərbaycanın
bütün bölgələrində ən müasir standartlara
cavab verən xəstəxanalar tikilib. Bundan sonrakı mərhələ
barədə fikrinizi öyrənmək istəyərdik, yəni,
bu proqram artıq bitib, yoxsa icrası davam etdiriləcək?
-
Hesab edirəm ki, bütövlükdə artıq başa
çatmaq üzrədir. Çünki ölkəmizin
bütün bölgələrində xəstəxanalar fəaliyyət
göstərir. Son 17 il ərzində 750-dən çox xəstəxana
ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir
edilib. Səhiyyə sistemimizin bu xəstəxana və tibb
müəssisələri fondu demək olar ki, indi ən
yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə
ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi
və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini
artırmaq üçün əlavə addımlar
atacağıq.
Səhiyyə
sisteminin maddi-texniki bazasının yaradılması,
müasirləşdirilməsi başlıca vəzifə idi.
Mən xatırlayıram, 2004-cü ildə Prezident vəzifəsinə
seçiləndən sonra bəyan etmişdim ki, biz qara
qızılı insan kapitalına çevirməliyik.
Sözün düzü, o vaxt bizim qara
qızılımızın həcmi o qədər də
böyük deyildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ
inşa edilməmişdi, ancaq biz bütün bu işləri
artıq proqnozlaşdıra bilirdik. Bilirdik ki, bizi böyük
neft hasilatı dövrü gözləyir. Ona görə neftdən
əldən edilən gəlirləri insan kapitalına yönəltmək
mənim başlıca vəzifəm idi. Dediyim kimi, bu vəzifə
artıq bütövlükdə icra edildi. Bütün
bölgələrdə ən müasir xəstəxanalar,
poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət
göstərir. Əgər biz buna nail olmasaydıq, son illərdə
hər il 5 milyon insan tibbi müayinədən keçə
bilməzdi. Hesab edirəm ki, bu da böyük nailiyyətdir.
Çünki mən bəlkə də 100-dən çox, - bəlkə
də daha çox, indi hamısını xatırlamıram, -
xəstəxananın, tibb müəssisəsinin
açılışında olarkən dəfələrlə
bir məsələyə vətəndaşların diqqətini
cəlb edirdim ki, mütləq hər bir insan ildə bir dəfə
müayinədən keçməlidir. Artıq bunu demirəm,
buna ehtiyac yoxdur. Çünki bu, həll olundu və artıq
bir neçə ildir ki, kütləvi surətdə müayinədənkeçmə
prosesi gedir. Yenə də deyirəm, dövlət hesabına 5
milyon insanı - ölkə əhalisinin yarısını
tibbi müayinədən keçirmək böyük təşkilatçılıq
və maliyyə resursları tələb edir. Azərbaycan
nadir ölkələrdəndir ki, bu təşəbbüsü
həm irəli sürüb, həm də bunu
reallaşdırıb. Eyni zamanda, bildiyiniz kimi biz indi, icbari
tibbi sığorta sisteminə keçmişik. Bu keçid də
mərhələli yollarla həll olunub. Pilot layihələrin
icrası bizə ilkin məlumatlar verib və məlumatlar da
çox müsbət idi. Pilot layihələrlə əhatə
olunmuş üç şəhərdə həm tibbi xidmətin
keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu
yüksək səviyyədə idi. Ona görə biz
artıq bu sistemə də keçmişik. Əgər
müasir xəstəxana fondu olmasaydı, buna keçmək
mümkün olmazdı. Yəni, biz hər şeyi
ardıcıllıqla edirik və yəqin ki, gələn 1-2
il ərzində böyük xəstəxanaların tikintisinə
artıq son qoyulacaq və daha çox səhiyyə sisteminin təkmilləşdirilməsi,
müasirləşdirilməsi istiqamətində addımlar
atılacaqdır.
- Cənab
Prezident, yəqin ki, bu xəstəxananın
açılışının məhz pandemiya
dövründə edilməsinin də bir xüsusi əhəmiyyəti
var. Yəni, qlobal pandemiya bir ildən artıqdır ki, davam
edir. İndiyə qədər Azərbaycanda bu virusla
mübarizədə görülən işləri necə
qiymətəndirirsiniz?
- Bəli,
əlbəttə, bu xəstəxananın
açılışının pandemiya dövrünə təsadüf
etməsi əlamətdar hadisədir. Amma təbii ki, bu xəstəxananın
tikintisi pandemiyaya qədər başlamışdı və
biz bu xəstəxanaların tikilməsi ilə
özümüzü mümkün olan sürprizlərdən
sığortalamalı idik. Çünki heç kimin
ağlına gələ bilməzdi ki, pandemiya baş verəcək.
Ancaq başqa hansısa xoşagəlməz hadisələr
baş verə bilərdi. Ona görə bizim xəstəxana
fondu buna hazır olmalı idi. Pandemiya ilə mübarizədə
Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər
görərək, hesab edirəm ki, istədiyinə nail oldu.
Biz vəziyyəti bütün dövrlərdə, yəni, bu
bir il ərzində nəzarətdə saxlamağı
bacarmışıq. Burada əlbəttə ki, yeni
laboratoriyaların ölkəyə gətirilməsi xüsusi
rol oynamışdır. Çünki pandemiyaya qədər
bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi
min test keçirilə bilərdi. Hazırda laboratoriyaların
sayı 42-dir və 20 min test keçirilə bilər və
bunu biz keçiririk. Bütövlükdə 2 milyon 400 min test
keçirilib. Yəni, bu, çox böyük rəqəmdir.
Eyni
zamanda, pandemiya dövründə ilk günlərdən modul
tipli xəstəxanaların ölkəyə gətirilməsi
ilə məşğul olmağa başlamışdıq və
hesab edirəm ki, burada da liderlik göstərdik. Çünki
bizdən sonra bir çox ölkələr oxşar
addımlar atmışdır. Ancaq istehsalçılar
artıq çatdıra bilmirdilər. Biz isə modul tipli 13 xəstəxananı
Azərbaycana gətirdik, quraşdırdıq. İndi bizdə
xəstəxana fondu tam imkan verir ki, xəstəliklə
bağlı bütün məsələlər həll olunsun
və həm palatalar, həm reanimasiya palataları kifayət qədərdir.
Bunun və eyni zamanda, son həftələr ərzində
dövlət siyasətinin nəticəsidir ki, müsbət
dinamika müşahidə olunur, sağalanların sayı xəstələnənlərin
sayından xeyli çoxdur. Hesab edirəm ki, vaksinasiya
başladığı üçün bu sahədə daha da
uğurlu addımlar atılacaq. Məhz buna görə biz indi
yumşalma mərhələsinə qədəm qoymuşuq.
Biz il ərzində rejimi gah yumşaldırdıq, gah sərtləşdirirdik,
vəziyyətə uyğun şəkildə addımlar
atırdıq ki, insanların sağlamlığını
qoruyaq, eyni zamanda, insanlar üçün lazım olmayan halda əlavə
çətinliklər yaratmayaq. Yəni, biz daim bu məsələyə
çox həssaslıqla yanaşmışıq ki, bu iki
vacib məsələni həll edək - insanların
sağlamlığı, onların rahatlığı və
necə deyərlər, mənəvi durumu.
- Cənab
Prezident, biz həm də Azərbaycanın bu preventiv, eyni
zamanda, mübarizə tədbirlərinin beynəlxalq səviyyədə
çox yüksək qiymətləndirildiyinin şahidi
olmuşuq, müxtəlif aparıcı beynəlxalq qurumlar bu
barədə öz fikirlərini ifadə ediblər. Hətta
mübarizədə “Azərbaycan modeli” ifadəsindən də
bəzi hallarda istifadə olunurdu. Bu barədə fikirlərinizi
bilmək istərdik.
- Bəli,
bu, bizi, əlbəttə, çox sevindirir. Biz, əlbəttə,
çox məmnunuq ki, beynəlxalq təşkilatlar Azərbaycanın
fəaliyyətini yüksək qiymətləndirirlər. Ancaq
əsas vəzifəmiz ondan ibarət idi ki,
xalqımızı, vətəndaşlarımızı
qoruyaq. Çünki pandemiyanın ilk günlərində bəlli
deyildi ki, bu xəstəliyin hansı təhlükələri,
yaxud da ki, hansı fəsadları ola bilər və bu gün
də tam axıra qədər tədqiqatlar aparılmayıb.
Ona görə biz ilk günlərdən bu addımları
ataraq və eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı
ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli
iş aparmaq üçün
çalışmışıq. Qeyd etdiyiniz kimi, artıq
Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan
modeli” haqqında danışır, görülən işlərə
yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı
nümunəvi ölkə kimi təqdim etmişdir. Eyni zamanda,
bu yaxınlarda mənə verilən məlumata görə,
dünyanın aparıcı rəy sorğusu şirkəti
olan “Gallup” da Azərbaycan vətəndaşları arasında
təhlil-rəy sorğusu aparıb. Vətəndaşların
86 faizi dövlətin bu sahədəki fəaliyyətini
yüksək qiymətləndirir və bu göstəriciyə
görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni,
həm beynəlxalq təşkilatlar, bu sahədə
aparıcı təşkilat olan Ümumdünya Səhiyyə
Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi
yüksək qiymətləndirir. Bu, özlüyündə
bir göstəricidir və onu göstərir ki, biz
düzgün yoldayıq, hər zaman vətəndaşlara həqiqəti
demişik. Hər zaman vətəndaşlara problem yarada biləcək
hansısa məhdudiyyətlər haqqında danışanda
deyirdik ki, bu, zəruridir, bu, labüddür, bunu biz etməsək,
böyük problemlərlə üzləşə bilərik,
bizim səhiyyə sistemimiz artan xəstələrin müalicəsi
ilə bağlı öz resurslarını səfərbər
edə bilməyəcək. Şadam ki, bizim bütün
çağırışlarımız vətəndaşlar
tərəfindən də anlayışla
qarşılandı. Nəticə etibarilə həm dövlət
siyasəti, həm vətəndaşların artan məsuliyyəti
imkan verdi ki, bu gün vəziyyət nəzarət
altındadır.
- Biz
həm də bu müddət ərzində xarici ölkələrə
Azərbaycanın yardımının da şahidi olmuşuq.
-
Doğrudur. Biz bunu bir məsuliyyətli ölkə kimi
özümüzə borc bildik. Xüsusilə Azərbaycan
Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə
kimi mütləq bunu etməli idi. Bir çox ölkələrin
maddi vəziyyəti, xüsusilə indiki dövrdə
çox aşağıdır. Bir çox ölkələr
vətəndaşların gündəlik tələbatlarını
ödəyə bilmirlər. Belə olan halda, biz hesab edirik ki,
mütləq imkan daxilində bu yardımı etməliyik. Beləliklə,
bu dövr ərzində 30-dan çox ölkəyə maliyyə
və humanitar yardım göstərilmişdir, eyni zamanda, beynəlxalq
təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə
Təşkilatına 10 milyon dollar məbləğində
könüllü ianə verilmişdir. Onun 5 milyonu onların
ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5
milyonu isə Qoşulmama Hərəkatına üzv olan
xüsusilə kasıb ölkələrin yardımına
istiqamətləndirilmişdir.
Bundan
əlavə, biz beynəlxalq müstəvidə zirvə
görüşlərinin keçirilməsinin də təşəbbüskarı
olmuşuq. Həm Türk Şurasının, həm
Qoşulmama Hərəkatının iki zirvə
görüşü COVID-19-a həsr edilmişdir. Onların
da çox müsbət nəticələri olmuşdur.
Çünki birinci belə bir təşəbbüs idi, bunu
da biz irəli sürdük, hər iki qurumun sədri kimi. Ondan
sonra artıq Qoşulmama Hərəkatının üzvlərinin
dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi
sessiyasını keçirdik. Bu, o qədər də asan
deyildi. Çünki Baş Assambleyanın xüsusi
sessiyasını keçirmək üçün bir çox
amillər lazımdır. Deyə bilərəm ki, bəzi
ölkələr açıq etiraz etməsələr də,
buna o qədər də maraqlı deyildilər. Çünki
bəziləri hesab edirdi ki, belə bir təşəbbüs,
necə deyərlər, ancaq böyük ölkələrə
məxsus olmalıdır və belə bir təşəbbüs
yəqin ki, onların fikirlərinə görə gərək
daha əvvəl razılaşdırılaydı. Biz isə
onu öz təşəbbüsümüz kimi irəli
sürdük. Bildiyiniz kimi, Ermənistan buna qarşı
çıxmışdır və bu da böyük təəccüb
doğururdu. Yəni, Ermənistanda azərbaycanafobiyanın nə
qədər böyük olduğunu Ermənistan bir daha
bütün dünyaya göstərdi və bu, müharibədən
əvvəl olan hadisə idi.
BMT
Baş Assambleyasının xüsusi sessiyasında mən
Qoşulmama Hərəkatının sədri kimi
çıxış edərkən bütün ölkələri
həmrəyliyə çağırmışdım ki, bu bəlaya
qarşı mübarizədə biz səylərimizi birləşdirməliyik,
burada hansısa birtərəfli addımlar
atılmamalıdır, zəngin ölkələr məsuliyyət
göstərməlidirlər. Peyvənd bütün ölkələrin
xalqlarına çatmalıdır. Hətta demişdim ki,
kasıb olan ölkələrin vətəndaşları
üçün zəngin olan ölkələr o peyvəndi
alıb onlara ötürsünlər. Şirkətlərə
də çağırışlar etmişdim ki, onlar da bu sahədə
qazanc dalınca qaçmasınlar, yəni, məsuliyyətli
olsunlar. Prinsipcə, mənim bu
çağırışlarımı bir çox ölkələr
dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə
tam başqa mənzərə nümayiş etdirir. Burada
sözlə əməl arasında böyük bir fərqi
görürük.
- Siz
vaksinlərin ədalətli bölgüsünə toxundunuz.
Bir məsələ ilə bağlı da fikrinizi öyrənmək
istəyərdik. Ümumiyyətlə, hazırda pandemiya ilə
mübarizədə deyə bilərik ki, yeni bir mərhələ
başlayıb - dünya üzrə vaksinasiya. Hətta bu sahədə
də artıq müəyyən ölkələr arasında
ümumən gərginliyin şahidi olmaqdayıq. Misal
üçün, Avropa İttifaqı ilə Böyük
Britaniya arasında olan qalmaqalı göstərə bilərik.
Sizcə, bunun səbəbi nədir?
-
Bunun səbəbi, yenə də deyirəm, ədalətsizlikdir,
bu sahədə hətta müttəfiqlər arasındakı
münasibətlərdə olan ziddiyyətlərdir. Dediyiniz bu
fakt özlüyündə çox narahatedici bir faktdır.
Çünki Böyük Britaniya bu vaxta qədər Avropa
İttifaqının üzvü idi və Avropa İttifaqı
ölkələrini Böyük Britaniya ilə çoxəsrlik
tellər bağlayır. Eyni zamanda, bu ölkələr NATO-nun
üzvləridir və onların arasında belə qalmaqal əlbəttə
ki, bir çox suallar doğurur. Biz bunu açıq mətbuatdan
görürük. Misal üçün, mən bu
yaxınlarda görmüşəm ki, Avropa İttifaqı
nümayəndələri Böyük Britaniyanı ittiham
edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli
bölünməsi ilə bağlı çox ciddi proseslər
gedir. Hətta mən o rəqəmləri də
xatırlayıram. Bildirilmişdir ki, Böyük Britaniya vətəndaşlarının
13 faizi artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları
isə 2 faiz. Əgər belə gedərsə Böyük Britaniya
əhalinin 75 faizini iyul ayına qədər vaksinlə təmin
edəcək, Avropa İttifaqı isə oktyabr ayına qədər.
Yəni, bu, çox düşündürücü
açıqlamalardır. Hətta ondan sonra biz gördük
ki, bəzi embarqolar da qoyuldu. Bildiyiniz kimi, bəzi istehsal sahələri
Avropada təşkil olunub. Ona görə belə bir qalmaqal
yarandı. Əlbəttə ki, biz gərək buna diqqətlə
nəzər salaq. Əgər inkişaf etmiş ölkələr
bu vaksinləri öz aralarında ədalətli bölə
bilmirlərsə və qarşılıqlı ittihamlar irəli
sürürlərsə, onda başqa ölkələr nə
fikirləşməlidir? Kasıb ölkələr,
inkişafda olan ölkələrin vətəndaşları,
bəs onlara kim kömək göstərəcək? Bu haqda
düşünülmür? Mən inkişaf etmiş bir
çox ölkələrin liderlərindən bu günə qədər
bu çağırışları eşitməmişəm.
Ona
görə biz Qoşulmama Hərəkatının sədri olaraq
və öz bəyanatlarımıza sadiq qalaraq artıq
dünya arenasında bu məsələni
qaldırırıq. Mən sədrliyi öz üzərimə
götürərkən demişdim ki, Azərbaycan beynəlxalq
hüququ və ədaləti müdafiə edəcək,
bütün üzv ölkələrin maraqlarını
müdafiə edəcək və biz bunu edirik. Bu iki Zirvə
görüşünün və bir xüsusi sessiyanın
keçirilməsi onu göstərir ki, biz
özümüzü bu sahədə də məsuliyyətli
ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi
daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra
vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək
və bu, çox faciəvi fəsadlara gətirib
çıxara bilər.
- Cənab
Prezident, icazənizlə vaksinləmə prosesinin Azərbaycana
aid olan hissəsinə qayıdaq. Siz
çıxışınızın əvvəlində
artıq qeyd etdiniz ki, ölkəmizdə bu prosesə
başlanılıb. Görülən işləri necə
qiymətləndirirsiniz?
- Mən
müsbət qiymətləndirirəm. Çünki Azərbaycan
Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə
start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan
birincilər sırasındadır. Onun nəticəsidir ki,
pandemiyanın ilk günlərindən işlər
düzgün qurulmuşdur, bütün lazımi addımlar
atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar
qurulmuşdur. Biz COVAKS təşəbbüsünün
üzvüyük və COVAKS xətti ilə müxtəlif
vaksinləri ölkəmizə gətirəcəyik. Eyni
zamanda, biz bir neçə şirkətlə vaksinlərin
ölkəmizə gətirilməsi ilə bağlı
müqavilələr bağlamışıq. Amma onların bəzilərinin
icrası indi yubanır, yəqin ki, bax, dediyim bu səbəblərə
görə. Eyni zamanda, biz artıq 4 milyon doz vaksin sifariş
etmişik və onların artıq Azərbaycana gəlməsi
təmin edilib, Çin istehsalı olan vaksinlər. Yanvarın
18-dən başlayaraq Azərbaycanda vaksinasiya
başlamışdır. Müqayisə üçün deyə
bilərəm ki, Avropa İttifaqında bu, keçən il
dekabrın 18-də başlamışdır. Yəni, bir aydan
sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri
alırlar, peyvənd olunurlar, əlbəttə ki, bu,
vaksinasiya sahəsində də bizim səmərəli
işimizin təzahürüdür.
Onu
da bildirməliyəm ki, indiki şəraitdə, xüsusilə
zəngin ölkələr arasında olan bu ixtilaflar
istehsalçılara da mənfi təsir göstərir, bir
çox ölkələrin vətəndaşlarını bu
vaksinlərdən məhrum edir. Ondan başqa, bu, dünyada
ölkələr arasındakı inamsızlığı da
alovlandırır. İndi siz Avropa İttifaqı ilə
Böyük Britaniya arasındakı qalmaqaldan
danışdınız, amma başqa misallar da var. Misal
üçün, yenə də açıq mətbuata istinad
edərək deyə bilərəm ki, inkişaf etmiş
ölkələr dünya əhalisinin 14 faizini təşkil
edir. Halbuki inkişaf etmiş ölkələr bu günə
qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər.
Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir.
“Moderna” vaksini var, səhv etmirəmsə Amerika
istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr
sifariş ediblər. “Pfizer” Avropa istehsalı vaksinidir. “Pfizer”
vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər.
Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları
nə etməlidirlər, xəstələnməlidirlər?
Onlar xəstələnəndə onların ölmək
ehtimalı daha böyükdür. Çünki o ölkələrdə
səhiyyə sistemi inkişaf etmiş ölkələrdən
müqayisəedilməz dərəcədə geridə
qalıb. Ona görə, bax, bu məsələlər
haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik.
Ancaq bu məlumat
açıq mətbuatda gedir, sanki ondan sonra unudulur.
Çünki sərf etmir. Dünya mediasına rəhbərlik
edən qurumlara sərf etmir. Çünki bu, o aktorların
sözlərinin əməlləri ilə böyük fərqini
göstərir.
Bir misal
da gətirə bilərəm. Bu yaxınlarda verilən məlumata
görə Kanada 154 milyon əhali üçün vaksinlər
sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu
ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən
müharibəsi zamanı sırf ermənipərəst
mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi,
bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta
“Bayrakdar” pilotsuz uçuş aparatlarının
kameralarının Türkiyəyə ixrac edilməsi ilə
bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst
ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz
ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə
çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar
almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər.
Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə
qapılaraq öz maraqlarını təmin etmək istəyirlər.
Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər?
Hansı ədalətdən, mərhəmətdən, insan
haqlarından söhbət gedə bilər? Deməli, kasıb
ölkələrin insanlarının haqları tapdalanır,
onların səhhəti, sağlamlığı risk altına
düşür. Amma zəngin ölkələr öz
maraqlarını artıqlaması ilə, o maraqların 4-5
mislini təmin etməklə, necə deyərlər, öz
maraqlarını təmin edirlər.
Bu, sadəcə
olaraq bu xəstəliklə bağlı olan məsələ
deyil. Bunun çox dərin kökləri var və bu, təsadüfi
deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik
dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik
dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud
da ki, elan edilməmiş müstəmləkəçilik,
bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin
mənəvi haqqı varmı kiməsə nəsə desin,
kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir,
vicdansızlıqdır. Azərbaycan - Qoşulmama Hərəkatına
sədrlik edən ölkə burada səssiz qalmır və
qalmayacaq. Bu gün mən bu imkandan istifadə edərək
Qoşulmama Hərəkatının üzvlərinə də
çağırış edirəm ki, onlar da bizim səsimizə
qoşulsunlar və biz bu məsələni beynəlxalq
kürsülərdə, BMT kürsüsündə
qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına
müraciət etməliyik, şirkətlərə müraciət
etməliyik, zəngin ölkələrə müraciət etməliyik
ki, bu ölkələr bu praktikadan əl çəksinlər.
Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun
üstünü örtmək olmaz. Bu barədə Azərbaycan
BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi,
öz sözünü bundan sonra da deyəcək.
- Siz Vətən
müharibəsi məsələsinə toxundunuz. Növbəti
sualım icazənizlə erməni işğalından azad
edilən torpaqlarla bağlı olacaq. Həmin ərazilərə
artıq bir neçə dəfə səfər etmisiniz. Təəssüratlarınızı
bir daha eşitmək istəyərdik.
-Təəssüratlar
əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı
hansı hissləri keçirir, mən də o hissləri
keçirirəm. Bəlkə daha çox. Çünki mən
artıq əyani şəkildə o torpaqlarda olmuşam.
İndi vaxtaşırı televiziya reportajlarında o
dağılmış, viran qoyulmuş ərazilər göstərilir.
Amma əlbəttə ki, onu əyani şəkildə görəndə
mənzərə tam başqadır. Bu, bir daha onu göstərir
ki, hansı bəlaya qarşı biz mübarizə
aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə
salmaq istəyən ermənipərəst, anti-Azərbaycan,
islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan
bizim torpaqlarımızı zəbt edərək, işğal
edərək bütün infrastrukturu dağıdıb. Mən
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan
rayonlarında, Şuşa şəhərində olmuşam.
Ağdam şəhəri tamamilə dağıdılıb.
Bir dənə də salamat bina yoxdur. Bir
yarıdağılmış məscid qalıb, onu da ermənilər
təhqir ediblər. Füzuli şəhərində bir dənə
də bina yoxdur. Bir üç-dörd mərtəbəli hərbi
hissənin binasıdır. Cəbrayıl şəhərində,
şəhərin girəcəyində bir hərbi hissə
var, şəhər yoxdur. Qubadlı və Zəngilanda bir
neçə ev sadəcə olaraq qalıbdır, özü də
yarıdağılmış vəziyyətdə. O evlərdən
də onlar polis şöbəsi kimi, deməli hərbi baza
kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə
də salamat bina yoxdur. Kəndlərin bütün binaları
dağıdılıb, talan edilib. Bu mənzərə indi
bütün dünyaya təqdim edilir və təqdim edilməlidir.
Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları
bunu gizlədirdilər. Sanki belə bir şey yoxdur. O bölgələrdə
olan beynəlxalq təşkilatların nümayəndələri
də bunun üstünü örtürdülər. Bu
talançılıq, bu vəhşilik, bu düşmənçilik
bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz
buna görə biz oraya jurnalistləri dəvət edirik,
diplomatik korpusun nümayəndələrini. Daha da
böyük sayda dəvət etməliyik ki, hər kəs
görsün. Biz təkcə öz ərazi
bütövlüyümüzü bərpa etməmişik, biz
erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini
məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından
tam xilas etməsək də, onun böyük hissəsini məhv
etmişik. Buna görə bizim şanlı qələbəmiz
bölgə üçün, dünya üçün
çox böyük əhəmiyyət daşıyır.
Mən
özümə sual verirdim ki, nə üçün onlar bunu
edib və sözün düzü suala cavab tapa bilmirəm, bu
günə qədər də. Bir səbəb ondan ibarətdir
ki, onlar hesab edirdilər ki, belə olarsa, bütün evlər
yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara
qayıtmayacaqlar. Çünki onlar hesab etmirdilər ki, biz o
faciədən sonra ayağa dura bilərik, möhkəmlənə
bilərik, zəngin təbii ehtiyatlarımızdan səmərəli
şəkildə istifadə edib ölkəmizi inkişaf etdirə
bilərik, bu torpaqları, əraziləri bərpa edə bilərik.
Onlar hesab edirdilər ki, heç vaxt biz oraya
qayıtmayacağıq. Bu, birinci səbəb. İkinci səbəb,
bəlkə də birinci səbəb onların ürəyində
bizə qarşı olan düşmənçilikdir. Biz bunu
sovet dövründə bilmirdik, hiss etmirdik. İndi mən o
illəri yaxşı xatırlayıram. Azərbaycanda minlərlə
erməni yaşayırdı. Bizim onlara münasibətimiz
çox müsbət idi. Onlar da özlərini burada cəmiyyətin
necə normal üzvləri kimi aparırdılar. Heç bir ədavətdən,
düşmənçilikdən söhbət gedə bilmirdi.
Bəs necə oldu ki, 92-93-cü illərdə onlar bizə
qarşı bu qədər qəddarlıq göstərdilər,
Xocalı soyqırımı, digər günahsız
insanların öldürülməsi ilə nəticələnən
onların hərbi əməliyyatları, dinc əhaliyə
qarşı bu qədər qəddarlıq. Deməli,
bunların ürəyində bu düşmənçilik
toxumları həmişə var idi. Özü də o vaxt
axı Azərbaycan, indi bu gün Azərbaycan onların belini
qırıb, onların başını əzib, onların
ordusunu məhv edib, onların ideologiyasını məhv edib,
onların yetişdirdikləri illər boyunca, onilliklər
boyunca ideoloji əsaslarını məhv edib, bu gün onlar, əlbəttə
ki, aydın məsələdir, onların bizə münasibəti
nədir? Bəs o vaxt biz nə pislik etmişdik? Heç bir
pislik etməmişdik. Bülbülün, Natəvanın,
Üzeyir Hacıbəylinin büstlərini gülləbaran
etməklə, gərək adamın ürəyində nə
qədər nifrət olsun, nə qədər düşmənçilik
olsun, özü də kimə? O xalqa ki, sənə burada yer
verib. Sən burada yuva salmısan. Sənin üçün yad
olan torpağa, Qarabağa köçürülmüsən,
Anadoludan, İrandan köçürülmüsən, gəlmisən,
sənə burada qucaq açıb Azərbaycan xalqı,
çörək verib. Sən bu çox sağ ol əvəzinə,
92-93-cü illərdə bütün binaları
dağıdırsan, məscidləri dağıdırsan, təhqir
edirsən. Bu kadrlar var internetdə. O hərbi cinayətkar və
bu dəfə Qarabağ müharibəsində Qarabağa gəlmiş
və siçan kimi oradan qaçmış Koçaryan
Ağdam məscidinin önündə dayanıb və
Ağdam məscidinin divarının üzərində təhqiramiz
ifadələr. Bax budur o. O, bu hisslərlə yaşayıb.
Biz onların belini qırdıq, onları məhv etdik.
Hesab edirəm
ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir.
Əliyalın insanları yandırıblar,
öldürüblər, uşaqları yandırıblar.
Bütün binaları, məscidlərimizi
dağıdıblar. Erməni faşizmi ən qəddar, ən
təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır
və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər
keçdikcə bizim bu tarixi xidmətlər daha da dolğun
şəkildə dərk ediləcək dünya tərəfindən.
O cümlədən erməni xalqı vaxt keçəcək,
bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək
istədik. Ümid edirəm ki, onlar xilas olunacaqlar. Əks təqdirdə,
Ermənistan dövlətinin dövlət kimi gələcəyi
çox böyük şübhə altında olacaq.
- Cənab
Prezident, mətbuatda gedən bir məlumatda deyilir ki, Mərkəzi
Bankın sədri Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin
açılacağını bildirib və bu məsələyə
münasibətinizi öyrənmək istəyərdik.
- Mənim
münasibətim buna mənfidir. Özü də mən deyim
nəyə görə. Birincisi, bu,
özbaşınalıqdır. Belə açıqlama veriləndə
mütləq rəhbərliklə gərək məsləhətləşmə
aparılsın. Azad edilmiş torpaqların bərpası ilə
bağlı mənim tərəfimdən bir çox önəmli
qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha
Prezident Administrasiyasının rəhbəri rəhbərlik
edir. Mən demişdim ki, bütün təkliflər,
bütün təşəbbüslər oraya göndərilməlidir.
Çünki biz kim necə istəyir o torpaqları, əraziləri
bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri
nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir
və qəbuledilməzdir. Ona görə burada subardinasiya
olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün,
yaxud da ki, özü üçün hansısa bir ofis, yeni
ofis yaratmaq üçün belə açıqlamaların
verilməsi tamamilə qəbuledilməzdir və buna son
qoyulmalıdır.
İkincisi,
biz bütün işləri ardıcıllıqla edirik və
mən bu ardıcıllıq haqqında dəfələrlə
demişəm Azərbaycan xalqına hansı işləri biz
görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə,
keçmiş köçkünlər, nə vaxt onlar
qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə.
Bu, böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini,
mina sahələrinin xəritələrini vermirlər. Ona
görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə
Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti
daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt
aparacaq. Mina təmizləməklə əlaqədar işlər
əlbəttə ki, başa çatmalıdır. Ondan sonra
ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın
qiymətləndirməsini etməsək, sabah biz təzminat
davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk
növbədə, yerli qurumlar bütün
dağılmış evlərin
pasportlaşdırılması aparılmalıdır, video,
foto çəkilişlər, dron çəkilişləri,
protokollaşma – hər bir binanın, hər kənddə yerləşən
binanın, hər şəhərdə yerləşən
binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı
biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə,
onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq
missiyaları həyata keçirəcəklər və onlar
bizə Ermənistana qarşı açılacaq təzminat
davasında kömək göstərəcəklər. Yəni,
bu ardıcıllıq budur. Bu işlər görüləndən
sonra infrastruktur layihələri icra edilməlidir. Axı
infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq
yox, yol yox, yoxdur, necə yaşaya bilər? Ondan sonra evlər
tikilməlidir. Mən artıq göstəriş vermişəm,
artıq bizim qurumlar işləyirlər bütün şəhərlərin
baş planları hazırlanır, özü də elə-belə
yox. “Ağıllı şəhər” konsepsiyası,
“ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb
edir. Eyni zamanda, hər şey planlı şəkildə
olmalıdır. Yoxsa biri oradan duracaq deyəcək ki, mən
burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu.
Kimsən sən? Sən get öz işinlə məşğul
ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların
axırı pis olur, bir. İkincisi, qayda-qanun var ölkədə.
Heç kim özbaşınalıq edə bilməz. Əgər
kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu
işlərlə, əlbəttə ki, məsələ bitməyəcək.
Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə
paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər,
mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər
biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək,
ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada
adam yoxdur.
Şuşa
şəhərinə gəldikdə, Şuşa şəhəri
mənim tərəfimdən ölkəmizin mədəniyyət
paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar
yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın,
bölgənin, bəlkə də dünyanın mədəniyyət
paytaxtlarından birinə çevriləcəkdir.
Şuşada çox zəngin mədəni həyat
olmalıdır. Şuşada yaşayacaq bizim
soydaşlarımız da, onlar bütün işlər
görüləndən sonra oraya qayıtmalıdırlar.
Şuşa demək olar ki dağılıb, bütün
binalar dağılıb. Bir keçmiş raykom binası
qalıb, harada ki, mənfur xunta özü üçün
yuva salmışdır, bir də xunta
başçısının villası və bir-iki də
cinayətkar, rüşvətxor erməni məmurunun
villası. Başqa orada bina yoxdur. Bir də
“xruşşovkalar”, hansılar ki, çoxdan öz
ömrünü bitiriblər, orada da 2 min erməni
yaşayırdı. İndi Mərkəzi Bank insanlara xidmət
göstərib ki, orada filial açsın? Kimin
üçün filial açacaq? Özü üçün
ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı
olsun, şəraiti olsun, oraya pullar xərclənsin və
insanların buna hansı xeyri dəyəcək? Heç bir. Təkcə
bu, deyil. Digər qurumlar da, indi mənə müraciət
etmişlər. Onların hər halda ağlı
çatıb mənə müraciət etməyə və mən
onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən deyə
bilərəm, sadalaya bilərəm, qoy Azərbaycan vətəndaşları
bilsinlər. Azəravtoyol, onun rəhbəri mənə
müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan
Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə
üçün? Yol çəkmək lazımdır, get, yol
çək. Özü öz hesabına heç kim yol
çəkmir, dövlət büdcə ayırır.
Şuşada Azəravtoyolun regional mərkəzinin nə
işi var? Belə də özü üçün şərait
yaratsın, getsin o torpağı zəbt etsin, özü
üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir
qarovulçu qoysun və bəli, oraya gedəndə otursun
orada belə təbiəti, necə deyərlər, seyr etsin.
AZAL, onun da rəhbəri mənə müraciət etmişdir
ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər.
Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm
ki, get otur yerində. Ondan sonra, Dövlət Gömrük Komitəsi
Şuşada Qarabağ Regional Mərkəzinin
yaradılması ilə bağlı müraciət edib.
Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi
olsun?
Bilirsiniz,
belə ziyanlı fikirlər bu adamların beyninə gəlir
və onlar da bunu tələffüz edirlər. Siyahı davam
edir hələ. Fövqəladə Hallar Nazirliyi, mənə
nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə
Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq,
Şuşa şəhərində. Yenə də eyni məqsədlə,
yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur,
yenə də hasar, yenə də nə bilim tikanlı məftil,
iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi
indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı
da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi
ki, icazə verin biz sərhəd xidmətini Şuşa
zastavasında yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd
var? De də mənə Şuşada sərhəd var, yoxsa
yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O
boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba
qədər, Kəlbəcərdən Cəbrayıla qədər,
Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd,
get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə
də gəlim, oturum, yerləşim, iqamətgah qurum,
hamısı da dövlət hesabına, hamısı dövlət
hesabına. Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən
bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları
iyrəndirməyim, bağışlayın sözümə
görə, ifadəmə görə. Amma da mənim də
artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar
da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz
yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul
olsunlar. Bir də mən Şuşanı mədəniyyət
paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm.
Ona görə hərə otursun yerində, öz işi ilə
məşğul olsun, məni də əsəbləşdirməsin.
Şuşanın ərazisinin ölçüsü 300
hektardır. Mən qoymamışam ki, bir dənə daş
daş üstə qoyulsun. Çünki birinci təhlil
aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik,
necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm,
mütəxəssislər deməlidir, biz indi cəlb
etmişik. Misal üçün, Xurşidbanu Natəvanın
sarayı, necə bərpa edilməlidir? Çünki onun bir
divarı var, qalan divarlar uçub. Hansı formada o bərpa
edilməlidir? Onu yenidənmi eyni stildə qalan o uçan hissəsi
tikilməlidir, yaxud da ki, elə formada tikilməlidir ki, oraya gələn
görsün ki, bax bu, buradan dağılıb, oradan
sökülüb. Bu suala mənim cavabım yoxdur,
çünki mən mütəxəssis deyiləm və indi
müxtəlif şirkətlər, yerli, xarici şirkətlər
məşğul olurlar artıq bu işlərlə.
Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik,
mən belə hesab edirəm. Ondan sonra “xruşşovkalar”la
bağlı, indi qabaqlamaq istəmirəm, mənim fikrim var ki,
onların bir çoxu oradan
yığışdırılmalıdır. Onların yerində
yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış
binaları tikilməlidir, ancaq bunu yenə də mən sadəcə
olaraq öz fikirlərimi bölüşürəm, amma necə
olacaq, onu mütəxəssislər deyəcək, memarlar,
tarixçilər, şuşalılar özləri, onlar necə
bu şəhəri görmək istəyirlər,
çünki bu, onların şəhəridir. Yoxsa
bütün bunlar, işlər, bu işlər kənarda
qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən
zastava açıram, biri deyir ki, mən fövqəladə
hallar açıram. Vallah, adam söz tapmır. Mən söz
tapmışam, onlara elə söz demişəm ki, onlar o
sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına
da deyirəm, bərpa işləri ilə bağlı
görüləcək işlərdə mütləq ictimai nəzarət
olmalıdır. Olmasa bax bilin, yenə də eybəcər
binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə
özü üçün bir obyekt tikəcək. Mən indi
o biri məsələni də demək istəyirəm. Mən
indi müvəqqəti idarəetmə strukturu
yaratmışam. Nəyə görə? Çünki mən
görürəm, bilirəm, artıq gözlər tikilib
oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə
hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə,
buranı sənə. Amma mən bunların hamısını
cəzalandıracağam, hamısını, özü də
necə lazımdır. Otursun hərə öz yerində
öz işi ilə məşğul olsun. Bütün
torpaqlar planlı şəkildə bərpa ediləcək.
Orada insanlar üçün şərait yaradılacaq, elə
şərait ki, dünya üçün nümunə olacaq.
Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir
torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə
və əsaslı şəkildədir. Mən əminəm
ki, buna biz nail olacağıq. Biz hamımız istəyirik ki,
dağıdılmış şəhərlər tezliklə
bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya
qayıdacaq insanların rahatlığını təmin etsin
və müasir, güclü Azərbaycanın
gücünü bütün dünyaya göstərsin.
- Cənab
Prezident, ayırdığınız vaxtınıza görə
bir daha Sizə minnətdarıq.
- Sağ
olun.
***
16.27
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi
Xəstəxanasının yeni inşa edilən
binasının açılışında iştirak ediblər.
APA xəbər
verir ki, dövlətimizin başçısı İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada
yaradılan şəraitlə tanış olublar.
Azərbaycan
Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150
çarpayılıq tibb müəssisəsi ən zəruri
avadanlıqla təchiz olunub. Burada dünyanın
aparıcı şirkətlərinin avadanlığı
quraşdırılıb. Xəstəxanada cərrahiyyə,
terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr,
həmçinin laboratoriyalar fəaliyyət göstərəcək.
Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının
nəzdində olan mərkəzi xəstəxana, Abşeron
rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və
təcili və təxirəsalınmaz tibbi yardım
şöbəsinin köçürülməsi nəzərdə
tutulub.
Yeni tibb
müəssisəsində yaradılan şəraitlə
tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan
Televiziyasına müsahibə verib.
Səs.- 2021.- 2
fevral.- S.2-5