Hər bir azərbaycanlının qəlbində yaşayan xalqın Mübariz oğlu

 

Şəhidlik ən yüksək zirvədir deyirik. Bu zirvəyə yüksəlmək hər kəsə nəsib olmur. Torpaq yolunda can fəda etmək, bu torpağın vətəndaşı olaraq onun yaddaşına hopmaq, qanı ilə vətən torpağına can vermək böyük hünər, qəhrəmanlıq, şücaətdir. Əlbəttə ki, torpaq belə övladlarını qoynuna alarkən qürurlanır. Qürurlanır ki, belə övladlar yetişdirib, onun hər qarışını qan ilə suvarılır. Minlərlə vətən oğlu düşmənə yerini göstərmək üçün, qisası qiyamətə qoymamaq amalı ilə silahlanıb düşmənə qorxaq və gücsüz olduğunu sübut edərək şəhid oldular. 44 günlük Vətən müharibəsində xalqımıza Zəfər tarixin yaşadan oğullarımız Qələbə tariximizi bizimlə qeyd etməsələr də, qalib xalqın övladı kimi məzarlarında rahat nəfəs alırlar. Bu gün Azərbaycanın müstəqilliyi, ərazi bütölüyü yolunda şəhid olmuş vətən övladarının hər birinin qəhrəmanlıq tarixi dildən-dilə düşərək sanki əfsanəyə çevrilib.

 

Elə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov kimi. Milyonların ürəyində heykəlini ucaldan xalqımızın Mübariz oğlu. Hər zaman xalqın yaddaşında, qəlbində olan bir qəhrəman. Gənclərə örnək, torpağımıza ucalıq gətirən Mübariz. Yaşasa idi bu gün 33 yaşı olacaqdı. Vətən ucalığı, vətən sevgisi onun ömür yolunu yarımçıq qoydu. Qəhəmanlıq zirəsinə yüksəltdi. Heç vaxt zirvədən enməyəcək bir yüksəklikdə özünün əbədi məşəlini yandırdı – şəhidlik zirvəsinə yüksəldi. Özü də 22 yaşında. 22 bahar yaşamış bir insan üçün işıqlı ömür yolları olduğu halda seçimində qərarlı oldu. Hər dəfə işğal tariximizlə bağlı bir söz eşidəndə düşmənə qarşı nifrəti daha da artır. Deyirlər vətənpərvərlik ana laylalarından başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı yoğrulduğu ana laylalarından kök atmağa başlayır. Sonralar vətənə, doğma torpağa məhəbbət nağıllarımızdan, dastanlarımızdan, atalar sözlərindən əxz olunmağa başlayır. Vətənlə bağlı düşüncələri, vətənpərvərlik tərbiyəsi, vətəni sevmək kimi ali dəyərlər Mübarizi qəhrəman kimi yetişdirir – ərən, igid, mübariz. 22 yaşlı bir gəncin düşmənlə üz-üzə gələrək, qisası qiyamətə qoymaması onun ruhi, əqli, mənəvi dünyasında hökmranlıq edən Vətən sevgisindən köklənmişdi.

 

ŞƏHİD OLANADƏK BU ŞƏRƏFSİZLƏRİN ÜZƏRİNƏ GEDƏCƏYƏM…

 

Hər dəfə onun qısa, lakin neçə-neçə onilliklərə bərabər bir ömür yaşadığını görürük. Əsrlərə dastan olacaq bir ömür yaşadı. Neçə-neçə əsrlər bu əfsanəyə çevrilmiş ömür yolundan yazılacaq, qəhrəmanlığı dildən-dilə dolaşacaq. 1988-ci ilin 7 fevral tarixində Biləsuvar rayonunun Əliabad kəndində anadan olan Mübariz bir kəndin, bir rayonun yox, bütün türk dünyasının övladına çevrildi. Qısa ömürdən sətirlər oxuyuruq. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət edib. Bu yola qədər uşaqlıq və gənclik illərinin ilk illərində baş verən hadisələr onun yaddaşına elə həkk olur ki, o düşməndən intiqam almaq hissi ilə yaşayır. Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Belə bir qətiyyətli addımı atarkən ailəsinə son məktubunu yazmağı şübhəsiz ki, özünə borc bilir: "Canım atam və anam. Məndən ötrü darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin". Bu hallallıqdan sonra qəhrəmanlığa doğru addımlarını atır. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Bu şəhidlik bütün Azərbaycana, dünya ölkələrinə işıq sürəti ilə yayılır. Atası Ağakərim İbrahimov belə deyir: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..."

 

ÜÇRƏNGLİ BAYRAĞIMIZI UCA TUTAN CƏSUR OĞULLAR MİLLƏTİMİZİN QÜRUR MƏNBƏYİDİR

 

Hər kəs yaxşı xatırlayır. Rusiya prezidenti Vladimir Putinin Azərbaycanda yeni Rembo peyda olub, deyə bildirmişdi: "Mən çox qəribə və maraqlı məlumat almışam. Bir gecə silahlanıb təkbaşına erməni ordusuna qarşı hücuma keçərək 135 nəfər erməni əsgər və zabitini qanına qəltan edib. Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük. Rembo kinoda 200 nəfərdən çox adam öldürəndə, deyirsən ki, bu fantastikadır. Həqiqətən də bu fantastikaya oxşayır. Axı, necə ola bilər ki, bir nəfər silahlı 200 nəfər silahlıya atəş açır, 200 nəfərin atdığı atəş isə bu bir nəfərə dəymir, həmin bir nəfər isə sərrast atəşlə hamısını yerə sərir. Bu, heç cür ağılabatan deyil. Deməli, Rembo təkcə kinoda deyil, həyatda da var.''

 

Bu əfsanələşən bir filmin qəhrəmanı bizim Mübarizdir. Azərbaycanlı Mübariz. Dünyaya, ən əsası da erməniyə Azərbaycan gücünü, Azərbaycan oğlunun belə bir cəsarətini, qəhrəmanlığını göstərdi. Fəxrimiz, Fəxarətimiz MÜBARİZ. Belə bir şəhidlik, qəhrəmanlıq hər həsə nəsib olmur. Bunu Azərbaycan torpağının yetirdiyi Mübariz İbrahimov göstərdi! Vətən üçün hər kəsin cavabdeh olmasını yaxşı anlayırdı Mübariz İbrahimov. Hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətimizin qürur mənbəyidir.

 

MÜBARİZİ YAŞADIĞI ZAMAN, DOĞULDUĞU TORPAQ QƏHRƏMAN ETDİ

 

Azərbaycanda saxta qəhrəmanlar olmur. Bugünki dünyada bütün arxiv sənədlərinin aşkar şəkildə olması, həqiqətlərin dünyaya çatdırılması, ağı qaradan seçməyə imkan yaradıb. Təbii ki, heç kəs anadan qəhrəman doğulmur. Onu yaşadığı zaman, doğulduğu torpaq, vətənpərvərlik ruhu yetişdirir.

 

Ermənilərə dərs verən Mübariz İbrahimovun cəsədini Ermənistan 141 gün saxlamışdır. Ermənilər İbrahimovun cəsədinin şəkillərini internet saytlarında yayımlamışdır. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Ermənistan tərəfdən alınmışdır. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

 

2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edərək, nitq söyləmişdir. Bizim qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.

 

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb. Prezidentin başqa bir Sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adı verilib. Biləsuvar rayonunda küçələrdən biri Mübariz İbrahimovun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb. Qardaş Türkiyə də tədbir, film və seriallarında Azərbaycan qəhrəmanı Mübariz İbrahimovun adını sonsuz hörmət və məhəbbətlə yada salıb və salır. Onun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Qızıl Alma" serialında geniş yer alıb. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.

 

2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. 2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib. Mübariz İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkilib. Nə qədər onun haqqında yazılsa da, yenə də Mübarizlə bağlı olan fikirlərə, sözə nöqtə qoyulmur. Hər tərəfdən Mübariz işığı görünür, Azərbaycanı şölələndirir.

 

Mübariz adını doğrultdu. Vətəninin mübarizliyini dünya bir daha sübut etdi. Bu ad hər azərbaycanlının qəlbindədir! Şəhid Mübarizimiz yaşayır!!! Bu gün o, məzarında rahat nəfəs alır. Onun məsləkdaşları Mübariz ruhunda böyüdülər. Çoxları Mübariz yolu ilə getmək arzusu ilə yaşayırdı. Axı vətən torpağının 20 faizi işğal altında idi. 27 sentyabr taxixində başlanan Vətən müharibəsində vətənin müdafiəsinə qalxdılar. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında bir yumruq olaraq birləşdilər. Geriyə dönmədən bu günü illərdir gözlədiklərindən düşməni 44 günlük müharibədə məğlub etdilər. Zəfəri yaşamaq xalqımıza nəsib oldu. Bu yolda şəhid də oldu, qazi də. Amma 30 illik həsrətə son qoyuldu.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səsə.- 2021.- 6 fevral.- S.5.