Xatirəsi ürəklərdə
yaşayan böyük
sənətkar
Azərbaycan musiqisinə şöhrət
gətirən məşhur
sənət korifeyləri
sırasında böyük
bəstəkar, tanınmış
alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist
Əməyi Qəhrəmanı,
SSRİ və Azərbaycan
Dövlət mükafatları
laureatı, akademik Qara Qarayevin xüsusi yeri var. Onun əbədiyaşar musiqisi neçə-neçə
illərdir ki, dünyanın nəhəng
konsert salonlarında səslənir. Hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi
hadisəsinə, bayramına
çevrilib, mədəni
həyatımızda bir
dönüş yaradıb.
AZƏRTAC xəbər verir ki, bu
gün adını mədəniyyət tariximizə
böyük hərflərlə
yazdırmış bu
böyük sənətkarın
anadan olmasından 103 il ötür.
Qara Qarayev
1918-ci il fevralın
5-də Bakı şəhərində
məşhur həkim-pediatr
Əbülfəs Qarayevin
və Sona xanım İsgəndər
qızının ailəsində
anadan olub. O, nəsildə özünü
musiqi sənətinə
həsr etmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İsgəndər
bəy Axundov isə Şamaxının
məşhur nəsillərindən
olub.
Dünya şöhrətli
bəstəkar Qara Qarayevin əsərləri
SSRİ-nin əksər
şəhərlərində, Los-Anceles, Polşa, Misir, İspaniya, İtaliya, Paris, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi
tədbirlərində müvəffəqiyyətlə
oynanılıb.
Onun Nizaminin “Yeddi
gözəl” poemasından
bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter
Abrahamsının romanı
əsasında yazdığı
“İldırımlı yollarla”
baletləri dünyanın
bir sıra ölkələrində uğurla
göstərilib. Bəstəkarın
Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. “Don Kixot”
simfonik qravüraları,
“Leyli və Məcnun” (Nizaminin poeması əsasında),
“Vyetnam süitası”
əsərləri Qara
Qarayev yaradıcılığının
dəyərli səhifələridir.
O, çoxsaylı filmlərə,
o cümlədən “Dənizi
fəth edənlər”,
“Qızıl eşelon”,
“Xəzər neftçiləri
haqqında povest”, “Uzaq sahillərdə” və digər filmlərə musiqi bəstələyib.
Qara Qarayev
opera janrında da özünü sınayıb. O, “Vətən”
operasının (C.Hacıyev
ilə birlikdə) və fransız yazıçısı Anri
Barbüsün əsəri
əsasında “Zəriflik”
monooperasının müəllifidir.
Bəstəkar, həmçinin
Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak”
komediyası əsasında
“Çılğın qaskoniyalı”
müziklini yaradıb.
Qara Qarayev kamera instrumental janrları
ilə də maraqlanıb. 24 prelüd
silsiləsi, skripka və fortepiano üçün
sonata, simli kvartetlər
bəstəkarın yaradıcılıq
üslubunun təzahürü
kimi qiymətləndirilir.
Q.Qarayev A.Puşkinin şeirləri əsasında
yaratdığı “Mən
sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları,
“Könül mahnısı”,
“Səadət mahnısı”
kantataları Azərbaycan
musiqisinin gözəl
nümunələridir.
Qara Qarayev xalq musiqisinə, torpağına, doğma Abşerona iliyinə qədər bağlı bəstəkar idi. Tələbələrinə də böyük
sevgi və həssaslıqla yanaşardı.
Onları "açıq kitab" kimi oxuyar, yaradıcı potensialını duyar, fərdi üslublarını
qoruyar, öz dəst-xətlərini müəyyənləşdirməyə
yönəldərdi. Bəlkə
də atasının arzusunu yerinə yetirmişdi o... Bir təbib kimi, sağlam cəmiyyətin böyüməsində onların
getdiyi yola "işıq" salıb, onlara bu yolla
getmələrini, ən
əsası xalq musiqisi intonasiyalarına olduqca ehtiyatla yanaşmanı tövsiyə
edərdi. “...Biz soyuqqanlılıqla
musiqi xəzinəmizin
üst qatlarından asan mənimsənilərək
istifadə etmirikmi? Xalq musiqisi doğrudan
da tükənməzdir, amma
onun zənginliyi tək bu qatlarda
deyil, bizim düşündüyümüzdən daha dərindədir, neft yataqları kimi və lazımi
"texniki yazılara"
yiyələnib, o dərinliyə
getmənin vaxtı çatmışdır". Bu da Üzeyir bəyin getdiyi yolun davamı
idi... Bu yolun davamçıları onun
tələbələri idi...
H.Xanməmmədov, R.Hacıyev,
A.Məlikov, X.Mirzəzadə,
T.Bakıxanov, V.Adıgözəlov,
O.Zülfüqarov, M.Mirzəyev,
V.Şainski, L.Vanşteyn,
M.Quliyev, N.Şəfiyeva,
S.İbrahimova, F.Qarayev,
F.Əlizadə, İ.Hacıbəyov,
R.Həsənova, A.Cəfərova,
R.Şəfəq, E.İbrahimova,
E.Dadaşova, A.Dadaşov,
A.Əzimov, C.Abbasov....
Bu siyahını onun tələbələri davam
etdirərək növbəti
nəsillərə aparır...
Bir ağacın kökündən qidalanaraq
böyüyən, budaqlara
şaxələnərək ucalan qollar kimi...
"Şagirdlər bizim
ən ciddi hakimlərmizdir. Əgər müəllim dərsdə
bir fikir söyləyib, həyatda isə başqa cür hərəkət edərsə, bu, müəllimin mənəvi
məğlubiyyətidir". Tələbələrinin xatirələrində
Qara Qarayev təkcə bəstəkar
deyil, geniş erudisiyaya malik ziyalı, alim, filosof, yetirmələrinin
şəxsiyyətini "yonan"
heykəltəraş, şair
təbiətli əbədi
romantik, bəzən
Don Kixot, bəzən də Sirano kimi yaşayır... Amma hər zaman
sözün əsl mənasında sənət
fədaisi, Vətən,
torpaq eşqi ilə yaşayan bir Məcnun idi o...
Planlaşdırdığı layihələri çox idi. "Hamlet", "Leyli və Məcnun",
"Don Juan" baletləri, "Gözəl Yusif" operası, "Oxuyan daşlar" simfonik süitası, simfocaz üçün konsert,
"Uşaqsız şəhər"
oratoriyası... "Qərblə Şərq
lap əvvəldən içimdədir"-
deyərdi. Arzular tükənməz
olur.
Otuz doqquz il
bundan əvvəl,
1982-ci il mayın 13-də
64 yaşında Moskvada
gözlərini əbədi
yuman sənətkar doğma Vətənində
torpağa tapşırıldı...
Ölümündən əvvəl dediyi sözlər ən həzin və kədərli nəğmə kimi bu gün də
eşidilməkdədir: “Keçdiyim
yola nəzər salmayaraq dünyanı tərk etməyə hazırlaşıram, gözlərim
yaşla doludur... Həyatımın ən gözəl çağında
malik ola
bilmədiyimi itirdim. Günəş mənimçün işıq saçmır,
külək mənimçün
əsmir, dəniz mənimlə danışmırdı.
Arxaya baxmadan gedirəm, çünki geriyə dönmək ürəkağrısı
qədər ağırdır.
Ölüm - yeni həyatın
dünyaya gəlməsidir”.
Sevdiyi dəniz kənarı, Bakı küləyi, Fatmayı bağı və əbədi yaşayan musiqisi... “Doğum günü
keçirməyi sevməzdi.
Öz ailəmiz olardı. Anam, bacım Züleyxa və mən... Onun xatirəsini yaşadan ən gözəl hədiyyə isə - onun hər zaman
səslənən musiqisidir",
- deyir oğlu Fərəc Qarayev.
Ruhun şad olsun, Maestro.
Səs.- 2021.- 6 fevral.- S.10.