Azərbaycan-Böyük Britaniya əlaqələri
tarixi və strateji əhəmiyyətə malikdir
Böyük Britaniya-Azərbaycan arasında əlaqələr
tarixi və strateji əhəmiyyətə malikdir. İki
ölkənin münasibətlərinin müasir tarixi öz
başlanğıcını 90-cı illərin əvvəllərindən
götürür. Belə ki, Böyük
Britaniya 31 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini
ilk tanıyan ölkələrdən biri olmuşdur. Ölkələrimiz
arasında diplomatik münasibətlər isə 11 mart 1992-ci
ildə qurulmuşdur. Ötən zaman ərzində iki ölkə
arasında əlaqələrin inkişaf etdirilməsi baxımından
yüksək tarixi nailiyyətlər əldə edilmişdir. Heç şübhəsiz ki, bu uğurların
qazanılmasında ümummilli lider Heydər Əliyevin zəngin
siyasi təcrübəsinin, regionda cərəyan edən
prosesləri öncədən proqnozlaşdırmaq və dəqiq
qiymətləndirmək bacarığının mühüm
rolu vardır. Ümummilli lider Heydər Əliyevin və möhtərəm Prezident İlham Əliyevin İngiltərəyə
səfərləri münasibətlərimizin inkişafına
böyük töhfələr verib. Ümummilli liderin
1994-cü ildə və 1998-ci ildə Böyük Britaniyaya səfər
etməsi ölkələrimiz arasında qurulacaq müxtəlif
istiqamətli əməkdaşlığın əsas
ana sütununu təşkil etmişdir. Ümummilli lider tərəfindən
uğurla inkişaf etdirilən iki ölkə arasındakı
əlaqələr cənab Prezident İlham Əliyev tərəfindən
yüksək səviyyədə davam etdirilir. Dövlətimizin
başçısının 2004, 2009 və 2018-ci ildə
Böyük Britaniyaya üç rəsmi səfəri baş
tutmuşdur. Prezidentin bu səfərlərindən 2018-ci il səfəri
xüsusi əhəmiyyətə malikdir. Belə
ki, 11 aprel 2018-ci il tarixində keçirilən prezident
seçkilərində Azərbaycan xalqının 86.02% səsini
və yenidən etimadını qazanan ölkə
başçımız ilk səfərini qardaş Türkiyə
dövlətinə etdikdən sonra Britaniyanın Baş naziri
Tereza Meyin dəvəti əsasında Azərbaycana
qayıtmayaraq Türkiyədən birbaşa Böyük
Britaniyaya səfər etmişdir. Bu faktın özü
münasibətlərimizin yüksək səviyyədə
olmasından xəbər verir. Sözügedən səfər
çərçivəsində ikitərəfli əlaqələrin
inkişafı baxımından mühüm sənədlər
imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri
politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq qeyd edib ki, Böyük Britaniyanın
yüksək səviyyəli nümayəndə heyətləri
dəfələrlə Azərbaycanda səfərdə olublar.
Bu səfərlər Azərbaycan Respublikası ilə Birləşmiş
Krallıq arasında ikitərəfli münasibətlərə
təkan verməklə yanaşı, əlaqələrimizə
hər dəfə yeni bir impuls qazandırıb. Bu dəfə də Birləşmiş
Krallığın Avropa Qonşuluğu üzrə Dövlət
Naziri Vendi Mortonun Azərbaycana iki günlük səfəri
çərçivəsində keçirdiyi
görüşlər, apardığı müzakirələr
olduqca mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev fevralın 9-da
Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri
üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən
bildirdi: “Biz region ölkələri, Avropa İttifaqı
arasında çox nadir əməkdaşlıq
formatını yaratmışıq və buna Birləşmiş
Krallıq və Amerika Birləşmiş
Ştatlarının hökumətləri tərəfindən
güclü dəstək göstərilir”.
9 fevral 2021-ci il tarixində xarici
işlər naziri Ceyhun Bayramovla xanım nazirin
görüşü zamanı da strateji dialoq məsələlərini
özündə ehtiva edən siyasi məsləhətləşmələrin
bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi
aparıldı və görüşdə ikitərəfli əməkdaşlığımızın
və əlaqələrimizin inkişafı səviyyəsindən
məmnunluq ifadə olundu.
İki ölkə arasında siyasi münasibətlərimizin
yüksək səviyyədə olması iqtisadi münasibətlərə
də öz müsbət təsirini göstərib.
Böyük Britaniya Azərbaycana yatırılan
investisiyanın həcminə görə liderliyi
saxlamaqdadır. Ölkələrimiz neft-qaz sənayesi sahəsində
uğurla əməkdaşlıq edir. BP şirkəti
ilə həyata keçirilən səmərəli əməkdaşlıq
əlaqələri uğurla davam etdirilir. Şirkət Azərbaycanın
neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə
mühüm töhfələr verməklə enerji sektorunda
ölkəmizin əsas tərəfdaşı qismində
çıxış edir. 1994-cü ilin sentyabrında
“Əsrin müqaviləsi” imzalanan vaxtdan Britaniyanın BP
şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata
keçirilən əsas neft-qaz layihələrinin operatoru
qismində çıxış edir. Əməkdaşlığımızın
davamı olaraq 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və
BP-nin əməliyyatçısı olduğu Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ)
arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən
“Azəri”, “Çıraq”, “Günəşli”
yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə
tutan yeni Saziş imzalanmışdır. Bütövlükdə,
600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan
keçmişdir ki, bu rəqəm, həqiqətən də,
iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin
yaxşı göstəricisidir.
Qeyri-neft sahəsində əlaqələrin
inkişafı diqqət mərkəzindədir. Bu
məqsədlə, 2 mart 2015-ci il tarixində Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Hökuməti və Azərbaycan
Respublikasının Hökuməti arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
yaradılmasını nəzərdə tutan “Azərbaycan
Respublikasının Hökuməti ilə Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Hökuməti arasında iqtisadi və
ticarət əməkdaşlığı haqqında
Anlaşma Memorandum”u imzalanıb.
Xanım Morton qadın
sığınacağına səfər etdi. Qeyd
olunmalıdır ki, bu gün ölkəmizdə gender məsələlərinə
xüsusi diqqət göstərilir. Gender bərabərliyini
təşviq etmək üçün əhəmiyyətli
işlər görən ilhamverici Azərbaycan qadınları
var. Əvvəla, Azərbaycan 1918-ci ildə müsəlman
Şərqində ilk dəfə olaraq qadınlara seçki
hüququ verən dövlətdir. Ölkəmiz 1991-ci ildə
ikinci dəfə müstəqillik əldə etdikdən sonra gender məsələlər ilə
yaxından məşğul olmaq məqsədilə Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi yaradılıb. İndiki mərhələdə Azərbaycan
qadını ölkənin ictimai-siyasi, mədəni həyatında
aktiv fəaliyyət göstərib, aparıcı
qüvvəyə malik olmaqla cəmiyyətdə nüfuz
sahibidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
xanım Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti
ilə Azərbaycan qadının ən mükəmməl
imicini formalaşdırmaqla onu bütün dünyada layiqincə
təmsil edir və tanıdır. Vətən
müharibəsi dövründə də Azərbaycan
qadının xarakterik xüsusiyyətlərinə uyğun
olaraq ölkənin birinci xanımı Mehriban Əliyevanın
şəhid və əsgər analarına, bacılarına, həyat
yoldaşlarına olan nəcib və qayğı dolu müraciətləri
bir daha göstərdi ki, qeyd olunduğu kimi həqiqətən
də güclü və uzunmüddətli sülhün
qurulmasında qadınlar mühüm rol oynayır. Hazırda
Azərbaycan Parlamentinin spikeri xanımdır, sonuncu
çağırılmış parlamentdə qadın
deputatların sayı artmışdır. Milli Məclisdə
də ailə və qadın məsələləri ilə məşğul
olan xüsusi komitə fəaliyyət göstərir. Bununla
yanaşı, Azərbaycan parlamenti bu sahəni tənzimləyən
bir sıra qanunlar qəbul etmişdir. Bütövlükdə,
Azərbaycan qadın və qızların
hüquqlarını və gender bərabərliyini dəstəkləyən
ölkədir. Xanım Vendi Morton da Azərbaycanda
məişət zorakılığının
qarşısının alınması və gender məsələləri
ilə bağlı görülən işləri yüksək
qiymətləndirərək parlamentin bu sahənin hüquqi
bazasının təkmilləşdirilməsində böyük
rol oynadığını bildirib.
İki ölkə arasında təhsil sahəsində
də əməkdaşlıq yüksək səviyyədədir.
Bu münasibətlərin əsası 1994-cü ilin fevral
ayında Prezident Heydər Əliyevin Londona səfəri
çərçivəsində iki ölkə arasında təhsil,
elm və mədəniyyət sahəsində əməkdaşlığa
dair Sazişin imzalanması ilə qoyulub. Xanım nazirin təhsil
naziri Emin Əmrullayev ilə görüşü Birləşmiş
Krallıq ilə Azərbaycan təhsili arasında
güclü əlaqələrin mövcudluğundan xəbər
verir. Britaniya universitetləri xarici ölkələrdə təhsil
almağa yollanan Azərbaycanlı tələbələrin
seçimləri arasında birincilik təşkil edir.
İki ölkənin xalqları,
mədəniyyətləri arasında da möhkəm əlaqələr
mövcuddur. 2013-cü ildə Böyük Britaniyanın
Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan
və Qafqazşünaslıq Elmi Mərkəzi və
2016-cı ildə Azərbaycanı və Qafqazı öyrənən
Britaniya Fondu təsis edilmişdir. Bundan əlavə,
Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun
kitabxanasına Nizami Gəncəvinin adı verilmişdir ki,
beləliklə də sözügedən qurumların təşəbbüsü
ilə hər il Bakıda və Londonda çox sayda mədəni
və elmi tədbirlər keçirilir. 2014-cü ildən
etibarən ölkəmizin dəvət aldığı
“Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ
atlarının füsunkar gözəlliyinin nümayiş
etdirilməsi xüsusi qeyd edilməlidir. İçərişəhərdə
olan Xanım nazirin Azərbaycanın zəngin mədəni irsə
malik olduğunu, gənc rəssamları dəstəkləyən
və Azərbaycanın qədim mədəniyyətini
qoruyub saxlayan Ənənəvi İncəsənət üzrə
Şahzadə Məktəbini şəxsən görməkdən
məmnun olduğunu bildirib.
Son illərdə ölkəmizdə
aparılmış islahatların bir hissəsi bərpaolunan
enerji istehsalı ilə bağlıdır ki bu sahədə də
bir sıra təşəbbüslər uğurla
reallaşdırılıb və bərpaolunan energetika sahəsi
son dövrlərdə yaşıl iqtisadiyyatın
inkişafında önəmli yer alıb. Azərbaycan bu
sahədə zəngin təcrübəyə malik ölkələrlə
əməkdaşlığı genişləndirmək xəttini
tutur. Nəzərə alsaq ki, işğaldan
azad edilmiş ərazilərdə kənd təsərrüfatı,
bərpa olunan enerjinin və günəş enerjisinin
inkişafı üçün imkanlar var və bu sahədə
də Böyük Britaniyanın nümunəvi təcrübəsi
mövcuddur, o zaman münasibətlərimizin yüksək səviyyədə
olması Azərbaycana sözügedən ölkənin təcrübəsindən
yararlanmaqda kömək edəcək. Artıq
Britaniya şirkətlərindən biri işğaldan azad
edilmiş ərazilərdə şəhərsalmaya,
infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub.
İşğaldan azad olunmuş Azərbaycan ərazilərində
yaşıl enerji zonalarının yaradılması, həmçinin
bu ərazilərdə bərpa olunan enerjidən istifadə
işində Britaniya şirkətləri maraqlıdır.
İki ölkə hərbi sahədə əməkdaşlığın
inkişafı üçün də səylər göstərilir.
Belə ki, ötən günlərdə
müdafiə naziri general-polkovnik Zakir Həsənov
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının ölkəmizdəki səfiri Ceyms
Şarp ilə görüşüb və iki ölkə
arasında müdafiə, o cümlədən hərbi-texniki
sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu, bu imkanların
genişləndirilməsinin vacibliyi, ölkələrimiz
arasında hərbi təhsil sahəsində əldə olunan
razılaşmaların həyata keçirilməsinin, hərbi
ingilis dili kurslarında dinləyicilərin sayının
artırılmasının zəruriliyini xüsusi
vurğulayıb.
Nəzərə alsaq ki, bölgədə
yeni yaranmış geosiyasi reallıqlar fonunda Azərbaycanın
əməkdaşlıq etdiyi ölkələrlə qardaş
Türkiyə dövlətlərinin də münasibətlərinin
mövcud durumu mühüm əhəmiyyət kəsb edən
məsələlərdən biridir, o zaman görürük
ki, Türkiyə ilə Böyük Britaniya arasında olan
münasibətlər də son dərəcə müsbətdir.
Belə ki, Böyük Britaniya Avropa
İttifaqını tərk etdikdən sonra ilk azad ticarət
sazişini əvvəl Avropa İttifaqı ilə, ikincini isə
Türkiyə ilə imzaladı ki, bununla da Türkiyə ilə
Böyük Britaniya arasında ticarət gömrük
rüsumları tətbiq olunmadan həyata keçiriləcək.
Şəbnəm Həsənova
bildirib ki, Böyük Britaniyanın Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi
mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə
əsaslanıb, Azərbaycanın ərazi
bütövlüyü və suverenliyini tanıyıb. 44
günlük Vətən müharibəsi dövründə
də Böyük Britaniya obyektiv münasibət sərgilədi
və münasibətlərimizə xələl gətirəcək
addım atmadı.
“Bütövlükdə,
xanım nazirin Azərbaycana gəlməsini, keçirilən
görüşləri, müzakirə edilən məsələləri
nəzərə alsaq, o zaman aydın olur ki, Böyük
Britaniya ilə Azərbaycan arasında olan əlaqələrimizin
inkişafı gələcəkdə daha yüksələn
xətlə inkişaf edəcək. Qarşılıqlı əməkdaşlıq
hər iki tərəf üçün vacibdir və hər
iki tərəf də bunda maraqlıdır. Birləşmiş
Krallığın Avropa Qonşuluğu üzrə Dövlət
Naziri Vendi Mortonun ölkəmizə iki günlük səfəri
Azərbaycan-Böyük Britaniya dostluğunun, əlaqələrinin
yüksək səviyyədə olmasına nümunədir”, -
deyə politoloq vurğulayıb.
Aysel Məmmədova
Səs.- 2021.- 11 fevral.- S.5.