Nəqşicahan – Azərbaycanın
Şərqə açılan
qapısı
Nəqşicahan – Azərbaycanın
Şərqə açılan qapısı, müasirliklə
qədimliyin vəhdətində böyüdükcə
gözəlləşən diyar... 9 fevral 1924-cü ildə
muxtariyyət verilən Naxçıvan inkişafının
intibah dövrünü yaşayır.
Tarixi İpək Yolunun üzərində yerləşən, xalqımıza məxsus milli-mənəvi, zəngin təbii sərvətləri ilə məşhur olan, ilk yaşayış məskənlərindən sayılan Naxçıvan tarixi şəxsiyyətləri, elm xadimləri, sənətkarları ilə də tanınır. Bu torpağın yetirməsi, dünya siyasətçiləri arasında müdrikliyi, uzaqgörənliyi ilə seçilən ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycanın qədim, zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir: “Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir”.
Təbii sərvətləri, yerləşdiyi əlverişli coğrafi mövqeyi ilə yadellilərin diqqətini çəkən Naxçıvana sahib çıxmaq istəyənlər bu torpağın igid oğulları qarşısında təslim olmuş, bəd niyyətlərinə nail ola bilməmişlər. SSRİ-nin cənub sərhədi sayılan Naxçıvan Azərbaycanın Şərqə açılan qapısı kimi mühüm əhəmiyyət daşıyıb. Azərbaycan xalqını parçalayan Gülüstan, Türkmənçay müqavilələrindən fərqli olaraq Qars və Moskva müqavilələri ilə Türkiyəyə bağlanan Naxçıvanla eyni kökə, adət-ənənələrə malik qardaş ölkə ilə əsrlərdən bəri davam edən əlaqələr daha da möhkəmlənmişdir. Sovet hakimiyyəti dövründə Naxçıvanla bağlı münasibətlər birmənalı olmamışdır. Daşnakların təzyiqi ilə Naxçıvanın Ermənistana birləşdirilməsi xəbərindən narahat olan Mustafa Kamal Atatürk 1921-ci ildə Rusiya ilə Naxçıvan problemi ətrafında danışıqların aparılmasına nail olmuşdur. Bu münasibətlə onun Rusiyaya göndərilən nümayəndə heyətinə tapşırığı belə olmuşdur: “Naxçıvan türk qapısıdır. Bu xüsusi nəzəri-etibara alaraq əlinizdən gələni yapınız”. İmzalanmış Moskva anlaşmasında Naxçıvanın Azərbaycanın tərkibində qalmasına ilkin razılıq əldə olunur. Türkiyənin Qars şəhərində imzalanmış müqavilədə Moskvada əldə olunmuş razılıq təsdiqlənmiş və daha da möhkəmləndirilmişdir. Qars müqaviləsini imzalayan Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistan Naxçıvanın Azərbaycan Respublikasının tərkibində qalmasının zəruriliyini vacib hesab etmişlər. Beləliklə, 9 fevral 1924-cü ildə Azərbaycan Respublikasının tərkibində Naxçıvan Muxtar Respublikası təşkil olunmuşdur. Bu isə müstəqilliyə aparan tarixi nailiyyətlərdən biridir.
1990-cı ildə Naxçıvana dönüşü ilə ata-baba torpağının erməni işğalından qorunması üçün uzaqgörən siyasətinə və xalqla birliyinə arxalanaraq əsl vətəndaş fədakarlığı göstərən ulu öndər Heydər Əliyevin muxtar respublika Ali Məclisinin Sədri kimi müstəqilliyimizin əbədiliyi naminə həyata keçirdiyi islahatların hər biri gələcəyə hesablanmış tarixi missiyalardır. 17 noyabr 1990-cı ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyasına deputat kimi sədrlik edən görkəmli dövlət xadimi Heydər Əliyev “Naxçıvan MSSR”in adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Respublikası Cümhuriyyətinin üçrəngli bayrağının, himn və gerbinin bərpası barədə qərarın qəbuluna nail olmaqla, muxtar respublikanın Ermənistanın işğalından xilası naminə tarixi addımlar atdı. Naxçıvanda olarkən ulu öndərin bütün Azərbaycan üçün gördüyü xidmətlərdən biri də respublikanın sərhədlərinin, Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi idi. 1992-ci ildə Qars müqaviləsinin təzələnməsini tarixi hadisə adlandıran, xəyanətkar, siyasi, tarixi baxışları ilə Azərbaycanın varlığına ağır zərbələr vuran AXC-Müsavat iqtidarında təmsil olunan səriştəsizlərin Naxçıvanın muxtariyyətinin ləğvi ilə bağlı sərsəmləmələrinə etirazını “Mən ilk dəfə bununla 1992-ci ildə Naxçıvanda işləyərkən rastlaşdım. O vaxta qədər mən təsəvvür edə bilməzdim ki, hansısa bir azərbaycanlı Naxçıvanın muxtariyyətinə müxalif çıxsın” sözləri ilə bildirən ulu öndər Heydər Əliyev 1924-cü ildə əldə edilmiş o nailiyyəti tarixi hadisə adlandırmışdır: “İndi görürsünüz, tarixi nöqteyi-nəzərdən çox ağır, gərgin bir dövrdə Azərbaycan torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlamaq üçün böyük nailiyyət əldə edilmiş, Naxçıvana muxtariyyət verilmişdir. Amma bu gün xalq, millət, dövlət qarşısında heç bir xidməti, heç bir səriştəsi olmayan cılız insanlar durub Naxçıvanın muxtariyyətinin əleyhinə çıxırlar. Hansı mənəvi haqla? Hansı hüquqla?” Ümummilli lider Heydər Əliyev iki qardaş xalq arasındakı münasibətlərin əbədiliyini “Bir millət, iki dövlət” sözləri ilə təsdiqlədi. “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq” söyləyən ulu öndərin muxtar respublikadakı fəaliyyətini, xidmətlərini Azərbaycanın müstəqilliyinin qorunmasına yönəlmiş önəmli dövr adlandıran Prezident cənab İlham Əliyevin bildirdiyi kimi, ulu öndər Naxçıvana diqqətlə yanaşırdı: “Ona görə yox ki, burada anadan olmuşdu, bura onun Vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü”.
Ötən əsrin sonlarında Ermənistan tərəfindən blokadaya alınan Naxçıvana ulu öndərin şəxsi nüfuzu sayəsində qardaş Türkiyə və İrandan verilən enerji, göndərilən ərzaq və sənaye məhsulları hesabına çətin vəziyyətdən çıxan naxçıvanlılar Türkiyə ilə Naxçıvanı birləşdirən “Ümid” körpüsü vasitəsilə qardaş ölkəyə gediş-gəliş imkanı qazandılar. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik Naxçıvan Beynəlxalq Hava Limanı, Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı.
“Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyətə malik olan diyardır, eyni zamanda müasir şəhərdir… Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verib” söyləyən Prezident cənab İlham Əliyevin bu qədim diyara göstərdiyi diqqət və qayğı sayəsində muxtar respublika gündən-günə çiçəkləndi, inkişaf etdi. Bütün sahələri əhatə edən quruculuq, abadlıq işləri sayəsində müasirliklə qədimliyin vəhdətində böyüyən, böyüdükcə gözəlləşən Naxçıvan intibah dövrünü yaşayır. Ulu öndərin yetirməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Vətənə, torpağa bağlılığı, ən əsası isə fədakarlığı nəticəsində Naxçıvan Avropa şəhərləri ilə müqayisə oluna biləcək səviyyədə modernləşib. Tarixi abidələri, müalicəvi əhəmiyyətli suları, buz bulaqları, meşələri, təmiz havası ilə qonaqları valeh edən muxtar respublika füsunkarlığı ilə göz oxşayır. Memarlıq abidələri olan Möminə xatın, Qarabağlar, Yusif Küseyir oğlu türbələrində, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində aparılan təmir bərpa işləri, Nuh Peyğəmbərin qəbrinin üstündə ucaldılan abidə mənəvi irsimizə sahiblik nümunəsidir. Cəlil Məmmədquluzadənin, Məmməd Səid Ordubadinin, Yusif Məmmədəliyevin ev-muzeyləri tanınmış şəxsiyyətlərə ümumxalq hörmətidir. Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşünün Şərq aləmində tanınan muxtar respublikada keçirilməsi, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan olunması dünya sivilizasiyasına önəmli töhfələr vermiş, memarlıq abidələri bir çox ölkələri bəzəyən Əcəmi sənətinə dəyərdir.
Naxçıvan iqtisadiyyatının ildən-ilə diqqəti cəlb edən səviyyədə inkişaf etməsi muxtar respublika rəhbərinin fədakarlığının, görülən işə məsuliyyətlə yanaşmanın məntiqi nəticəsidir. Təbii sərvətlərdən səmərəli istifadə ilə aparılan tikinti-quruculuq işləri bu qədim diyara özgə görkəm verir. Abadlıq işlərində yerli materiallardan istifadə olunur. Yaradılan yeni sənaye müəssisələri, sosial obyektlər, özəl şirkətlər hesabına işsizlik minimuma endirilib. İstehsal prosesi ən müasir texnologiyalar əsasında təkmilləşən “Badamlı”, “Sirab” Mineral Sular zavodlarının məhsulları MDB ölkələrinə ixrac olunur. Duzdağ Fizioterapiya Mərkəzinin xidmətindən istifadə edən xəstələr burada yaradılan şəraitdən razılıqlarını bildirirlər. Sistemli və konseptual proqramlar əsasında tətbiq olunan yeniliklər muxtar respublika sakinləri tərəfindən razılıqla qarşılanır.
Ölkəmizdə insanların məşğulluğu ilə bağlı həyata keçirilən tədbirlər, yeni iş yerlərinin yaradılması dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını təsdiqləyir. Məşğulluğun yüksək səviyyədə həlli üçün yeni yollardan, ehtiyat mənbələrindən istifadə olunur. Naxçıvan Muxtar Respublikasında da sosialyönümlü iqtisadi inkişafın təmin olunması ilə bağlı həyata keçirilən tədbirlər içərisində əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər mühüm yer tutur. Səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında məşğulluq sahəsində prioritet istiqamətlərin öyrənilməsi əhalinin rifahının yüksəldilməsində mütərəqqi əhəmiyyətə malikdir. Əhalinin sosial həyat tərzinin yaxşılaşdırılmasında önəmli yeri olan məşğulluq siyasətinin həyata keçirilməsi və uğurla nəticələnməsi muxtar respublika rəhbərinin daim diqqətdə saxladığı mühüm sosial məsələdir. Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə aparılan islahatlar nəticəsində müxtəlif kateqoriyalara məxsus insanlar iş yerləri ilə təmin olunurlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər uğurla nəticələnmişdir. Proqramın tətbiqi ilə muxtar respublikada 12 min 479 yeni iş yeri açılmış, əmək resursları əhalinin istəklərinə və daxili bazarın tələbinə uyğunlaşdırılmış, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbat sorğulara əsasən müəyyənləşdirilmiş və həllini tapmışdır. 2016-2020-ci illərdə məşğulluq orqanları tərəfindən, əsasən, gənclər olmaqla, 14 min 699 nəfər vakant iş yerlərinə göndərilmişdir. Kəndlər də daxil olmaqla, keçirilən əmək yarmarkalarına müraciət edənlərin əksəriyyətinin istəkləri yerinə yetirilmişdir. Aktiv məşğulluq tədbirləri nəticəsində yeni iş yerlərinin yaradılması məqsədilə sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi xüsusi önəm daşıyır. 2016-2020-ci illərdə kiçik və orta sahibkarlığın inkişafı məqsədilə irəli sürülən layihələrin, təkliflərin reallaşmasına lazımi səviyyədə maliyyə dəstəyi göstərilmiş, yeni işə başlamaq istəyənlər üçün müvafiq kurslar təşkil edilmişdir. Naxçıvan Biznes Mərkəzi tərəfindən sahibkarlığa yeni başlamaq istəyənlər üçün kurslar, seminarlar, təlimlər təşkil edilmiş, fərdi qaydalara uyğun məsləhətlər aparılmışdır. Məşğulluq xidməti orqanlarının əməkdaşları tərəfindən ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlərə əmək bazarının tələbinə uyğun ixtisaslar barədə məlumatlar verilmişdir. Həyata keçirilən bütün islahatların təməlində isə Prezident cənab İlham Əliyevin daimi tövsiyəsi olan insana diqqət və qayğı amili dayanır. Gənclərin peşə təhsilinə diqqət artırıldığı kimi, evdar qadınların məşğulluğu da təmin edilir. Beləliklə, ailə büdcəsinin bazarın təklif və tələbatına uyğunlaşdırılması kimi günün aktual məsələsi olan problemlər vaxtında həllini tapır.
İcrası uğurla həyata keçirilən Dövlət proqramlarının məntiqi davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiqi bu istiqamətdə görülən tədbirlərin davamlılığını təmin edəcəkdir. Bu əminlik onun nəticəsidir ki, son illərdə muxtar respublikada irimiqyaslı və hərtərəfli iqtisadi islahatlar uğurla reallaşdırılmış, həyata keçirilən davamlı tədbirlər sayəsində əlverişli biznes və investisiya mühiti formalaşdırılmışdır. Müasir zəmanəmizin bütün çağırışlarına tam cavab verən çoxşaxəli sənayenin dinamik inkişafında xüsusi önəm daşıyan yeni müəssisələr fəaliyyətə başlamışdır. Sevindirici haldır ki, daxili bazarın tələbatını ödəmək qabiliyyətində olan, ixracyönümlü məhsul istehsal edən müəssisələr çoxluq təşkil edir. Sahibkarlığın inkişafında dövlət dəstəyi mexanizmlərinin və təşviq alətlərinin tətbiqi, sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının sadələşdirilməsi özəl bölmənin inkişafını stimullaşdırmaqla yanaşı, istehsal prosesi zamanı sərf olunan vəsaitlərin azalmasına imkan yaradır. Bu da, öz növbəsində, məhsulun maya dəyərinin aşağı düşməsini təmin edir, rəqabətqabiliyyətliliyi yüksəldir.
Muxtar respublikada aqrar sahənin inkişafına göstərilən diqqətin nəticəsidir ki, əhalinin kənd təsərrüfatı məhsullarına tələbatı daxili imkanlar hesabına ödənilir. Süd məhsullarının istehsalı və qablaşdırılması, quşçuluq, arıçılıq, bağçılıq, əkinçilik inkişaf edir. Fermerlərin tələbatdan artıq istehsal etdikləri kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanılması üçün soyuducu anbarların, əhalinin tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün istixanaların yaradılması nəticəsində əhali bütün mövsümlərdə keyfiyyətli ərzaq məhsulları ilə təmin olunur. Sadalananlar muxtar respublikanın bugünkü iqtisadi inkişafına xronoloji, qısa nəzərdir. Naxçıvanın sabahı daha gözəl olacaqdır. Bunun üçün etibarlı təminat vardır. 44 günlük Vətən müharibəsinin bitməsi ilə əlaqədar ötən il noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunduğu kimi, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur. Dəhliz region dövlətlərinin istifadəsi üçün zəmin yaradacaq. Ən əsası isə Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsi olacaq. Həmin dəhlizin bərpası ilə region dövlətləri olan Azərbaycanın, Türkiyənin, Rusiyanın, İranın, istəyərsə Ermənistanın birgə istifadəsi bölgədə yeni reallıq və iqtisadi əməkdaşlıq üçün sağlam mühit formalaşdırılır. Yaradılacaq bu şərait, ilk növbədə, muxtar respublikanın iqtisadi, sosial inkişafı üçün şaxələnmiş, etibarlı təminatdır.
Xuraman
İsmayılqızı
Səs.- 2021.- 10 fevral.- S.5.