Dmitri Savelyev: Dağlıq Qarabağ Azərbaycana rəvan şəkildə inteqrasiya
olunmalıdır
Tarixdə elə
hadisələr var ki, onlar insanların
yaddaşında sağalmaz
yara kimi əbədi qalır. Xocalı şəhərinin
faciəsi də belə sarsıdıcı
hadisələrdəndir. Bu
şəhərin sakinləri
Dağlıq Qarabağda
törədilmiş amansızlığın
qurbanları olub.
Rusiya Dövlət
Dumasının deputatı,
Rusiya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri Dmitri Savelyevin AZƏRTAC-ın müxbiri ilə söhbəti bu barədədir. Deputat əmin olduğunu bildirib ki, Xocalı
qırğınının xatırlanması dünya
birliyinə millətçiliyin
və ksenofobiyanın
təhlükəli nəticələri
barədə ciddi xəbərdarlıq olmalıdır.
-Dmitri İvanoviç,
Xocalı qırğınının
törədilməsindən 29 il keçir, lakin hələ də dünyanın müxtəlif guşələrində
həmin faciənin xatırlanması ilə bağlı tədbirlər
keçirilir. Siz bu hadisənin belə güclü rezonans doğurmasını
nə ilə izah edərdiniz?
-Mənim fikrimcə,
Xocalının dinc sakinlərinə divan tutulması ötən əsrin dəhşətli
faciələri – Xatın,
Gernika və ya Xirosima hadisələri
ilə müqayisə
edilə bilər. Rəmzi haldır ki, planetin müxtəlif
guşələrində insanlar
onlardan uzaqda yerləşən Azərbaycanın
ağrı-acısına şərik
olduqlarını bildirirlər.
Bu insanların hər biri başa düşür ki, əgər yeni müharibələrə rəvac
vermək cəhdlərinə
qarşı mübarizə
aparılmasa, əgər
bütün dünyada
silahlı münaqişələrin
qarşısı alınmasa,
belə müsibətlər
onların da başına gələ bilər. Milli zəmində dözümsüzlük
və nifrətin necə ağır nəticələrə gətirib
çıxara biləcəyini
anlamaq üçün
Xocalı qırğını
barədə xatirəni
gələcək nəsillər
üçün qoruyub
saxlamaq lazımdır.
Etnik təmizləmələr
prosesində 30 mindən
çox azərbaycanlı,
o cümlədən 613 Xocalı
sakini həlak olub, bir milyondan
çox insan öz yurdundan qovulub.
Bütün bunlara baxmayaraq, Azərbaycan həmişə
multikulturalizm tərəfdarı
olub, millətçiliyin
təhlükəli olmasını
daim insanlara xatırladıb. Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik
etdiyi “Xocalıya ədalət!” beynəlxalq
informasiya kampaniyasının
əhəmiyyətini lazımınca
qiymətləndirmək çətindir.
Məhz bu informasiya kampaniyasının
sayəsində dünyanın
bir sıra ölkələri Xocalı
hadisələrini soyqırımı
kimi rəsmən tanıyıblar.
-44 günlük
Vətən müharibəsi
dövründə Azərbaycan
ordusu üç yüzdən çox yaşayış məntəqəsini
işğaldan azad edib, Azərbaycanın əzəli torpaqları öz qanuni sahibinə qaytarılıb,
Qarabağ münaqişəsinin
günahsız qurbanlarının
qanı yerdə qalmayıb. Siz Xocalı soyqırımının
beynəlxalq aləmdə
tanınmasına yönəlmiş
səyləri necə
qiymətləndirirsiniz?
-Vaxtilə Azərbaycan Dillər Universitetinin müəllimi
Yusif Savalandan eşitdiyim bir söhbət məni həqiqətən sarsıtmışdı.
Onun atası Böyük Vətən müharibəsi illərində
Kerç yaxınlığında
almanlara əsir düşüb və cəza düşərgəsinə
göndərilib. Lakin almanlar
qarşılarındakı gəncin müharibəyə
qədər heç vaxt əlində silah tutmamış adi kəndli olduğunu görəndə
onu güllələməyiblər.
Ən faciəlisi budur ki, o vaxtdan
yarım əsr sonra Xocalı qırğını zamanı
83 yaşlı qoca öz evində vəhşicəsinə öldürülüb və qatillərdən heç biri ona rəhm
etməyi ağlına
belə gətirməyib.
Bu əhvalat sizin
sualınıza ən
yaxşı cavab olar. 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsi
Xocalıda mülki əhalinin qətlə yetirilməsini “müharibə
cinayətlərinə və
ya insanlıq əleyhinə cinayətlərə
bərabər tutulan, xüsusi qəddarlıqla
törədilən əməl”
kimi tövsif edib. Buna baxmayaraq,
Dağlıq Qarabağ
münaqişəsini və
Xocalı soyqırımını
törədənlər öz
cinayətlərinə görə
məsuliyyətə cəlb
edilməyib. Üstəlik, onlar Ermənistanın siyasi həyatında fəal iştirak edirlər. Ravvin
İsrael Baruk “Xocalı:
insanlıq əleyhinə
cinayət” kitabında
yazır ki, nasist hərbi canilərin, xüsusən
öz cinayətlərinə
görə lovğalananların
beynəlxalq aləmdə
qəbul olunmasını
təsəvvür etmək
mümkün deyil. Xocalı qırğınında təqsirkar
olanlar beynəlxalq məhkəmə tərəfindən
məsuliyyətə cəlb
edilməli və faşistlər kimi cəzalandırılmalıdır.
Azərbaycan tarixi ədalətin
planlı şəkildə
bərpasına yönəlmiş
siyasət yürüdür
və mən inanıram ki, Qərbin səhnəarxası
siyasi qüvvələri
bu səylərə etinasız qala bilməyəcəklər, hərçənd
Qərb Xocalıda etnik təmizləmələrlə
bağlı faktlar haqqında hər vasitə ilə susmağı üstün
tutur. Dünya ictimaiyyəti Azərbaycan
xalqına qarşı
törədilmiş cinayətləri
pisləyəcək, dinc
əhalini qətlə
yetirənlər müttəhimlər
kürsüsündə əyləşəcək
və layiqli cəzalarını alacaqlar.
Belə cinayətlərə iddia müddəti tətbiq edilə bilməz.
-Siz Azərbaycanın
işğal edilmiş
ərazilərinin gələcəyini,
o cümlədən Xocalı
şəhərinin gələcəyini
necə təsəvvür
edirsiniz?
-Azərbaycan həlak olanların xatirəsini ehtiramla yad etməklə
bərabər daha irəli getməlidir, axı işğaldan sonra qaytarılmış
8000 kvadratkilometr ərazidə
çox işlər görülməlidir. İşğal illərində Qarabağın
şərq hissəsi
səhraya çevrilib,
Ağdam və ya Füzuli kimi rayon mərkəzlərindəki
bütün binalar dağıdılıb. Dağlıq Qarabağın bir hissəsi erməni tərəfin nəzarəti
altında qalır və oraya rusiyalı
sülhməramlılar yerləşdirilib.
Atəşkəs haqqında üçtərəfli
Bəyanat imzalanıb,
lakin gələcək
sülh prosesinin bir sıra detalları
hələ dəqiqləşdirilməlidir.
Bir məsələ aydındır:
işğaldan azad edilmiş
regionda normal həyatın
bərpa edilməsi üçün Azərbaycan
hələ çox iş görməlidir.
Şəhərləri və kəndləri
təzədən tikmək,
tarixi abidələri və dağıdılmış
məscidləri yenidən
qurmaq, müasir avtomobil magistralları və dəmir yollar salınmalıdır.
Füzulidə beynəlxalq aeroport
tikintisinə başlanıb.
Bu aeroportun birinci
uçuş zolağı
cari ilin sonuna qədər istifadəyə verilməlidir,
Azərbaycanın mədəni
paytaxtı Şuşada
Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı keçirilməsi
nəzərdə tutulur.
Əminəm ki, azərbaycanlılara
xas olan əməksevərlik və
işğaldan azad edilmiş ərazilərin
abadlaşdırılmasına yönəlmiş səylər
möcüzələr törədəcək.
Məcburi köçkünlərin doğma evlərinə qayıtması məsələsinə
gəldikdə isə
burada mürəkkəb
məqamlar çoxdur:
axı, bir neçə onillik bundan əvvəl tərk edilmiş yaşayış evlərinin
çoxu xarabalığa
çevrilib. Buna görə qaçqınların
çoxdankı arzularına
çatması - Qağlıq
Qarabağa qayıda bilməsi üçün
şərait yaradılmalıdır.
Xocalı sakini Məmməd
Məmmədovun başına
gələn əhvalat
məni çox mütəəssir etdi.
O, doğma yurdundan götürdüyü bir
ovuc torpağı və bir qab
suyu 28 il
qoruyub saxlayıb, onları özünün
yeganə fərəh
mənbəyi hesab edib.
Məcburi köçkünlərin Xankəndiyə, Xocalıya
və Xocavənd rayonuna qayıda bilmələri üçün
Dağlıq Qarabağ
rəvan şəkildə
Azərbaycana inteqrasiya
olunmalı, Azərbaycan
və erməni icmaları arasında mehriban qonşuluq münasibətləri qaydaya
salınmalıdır, ona
görə ki, gələcəkdə dinc
yaşamağın başqa
yolu yoxdur. Xocalı isə hökmən
memorial-şəhərə çevriləcək. Azərbaycan rəhbərliyinin
elan etdiyi kimi orada “Xocalı
soyqırımı” muzeyi
açılacaq. Bu, Xocalı qurbanlarının
xatirə yeri olacaq və gələcək nəsillərə
bir daha xatırladacaq ki, Yer üzündə dözümsüzlüyə və
millətçiliyə yol
verilməməlidir.
Səs.- 2021.- 26 fevral.- S.6.