Avropa İttifaqı – Azərbaycan
münasibətləri: Prezident İlham Əliyevin təşəbbüsləri
yeni perspektivlər açır
Azərbaycanla Avropa İttifaqı (Aİ)
arasında mövcud olan tərəfdaşlıq münasibətləri
bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi
üçün çox əhəmiyyətlidir. Keçən
əsrin 90-cı illərindən başlayan bu münasibətlərin
dinamikası zaman-zaman fərqli olub. Aİ-nin qonşuluq siyasətinə
etdiyi düzəlişlər fonunda 2015-ci ildən bu yana
müşahidə edilən sürətli geosiyasi dəyişikliklər
Brüssel–Bakı xəttində də maraqlı yeniliklərə
səbəb olmaqdadır.
Ekspertlər, xüsusən qırx dörd
günlük İkinci Qarabağ müharibəsindən sonra
Aİ ilə Azərbaycan arasında münasibətlərin
hansı xətt üzrə inkişaf edəcəyi ilə
ciddi maraqlanırlar. Müxtəlif təhlillər
aparılır, proqnozlar verilir. Bütün bunların fonunda
Aİ – Azərbaycan münasibətlərinin hazırkı mərhələdə
ziddiyyətləri və perspektivləri üzərində
geniş dayanmağa ciddi ehtiyac vardır.
Əlbəttə, bu problem hər iki tərəf
üçün ciddi surətdə aktuallığını
saxlayır. Onu iki aspektdə nəzərə almaq olar. Birinci
aspekt Avropa İttifaqının hələ də
dünyanın böyük geosiyasi güclərindən biri
olması ilə bağlıdır. Faktiki olaraq, Aİ
hazırda böyük bir məkanda geosiyasi balans yaratmaq
funksiyasını yerinə yetirir. Eyni zamanda, Avropa
İttifaqı Cənubi Qafqaz dövlətləri ilə (həm
"Şərq Tərəfdaşlığı"
proqramı çərçivəsində, həm də ikitərəfli
əlaqələr müstəvisində) münasibətlərin
qurulmasında müəyyən təcrübəyə
malikdir. Belə ki, 1992-ci ildən başlayaraq Aİ müxtəlif
proqramlar vasitəsilə region ölkələri ilə əlaqələrini
inkişaf etdirməyə çalışır.
İkinci aspekt Azərbaycanın
son illər ərzində sürətli iqtisadi inkişaf yolu
keçməsi, müstəqil siyasətini daha da təkmilləşdirməsi
ilə İkinci Qarabağ müharibəsində əldə
etdiyi parlaq qələbə sayəsində regionda geosiyasi
balansı yeniləməsilə bağlıdır. Nəticədə, bir tərəfdən,
dünyanın böyük geosiyasi gücləri regiondakı
siyasətlərinə düzəlişlər etməli
oldular, digər tərəfdən, Azərbaycanı bu regionun əsas
geosiyasi faktoru kimi nəzərə almağa
başladılar. Bu iki məqam Aİ–Azərbaycan
münasibətlərinin məzmununa ciddi təsir etməkdədir.
2020-ci ilin sentyabrına qədər:
Brüssel–Bakı münasibətlərinin dinamikası
Avropa İttifaqı – Azərbaycan münasibətlərinin
dinamikasına iki aspektdə baxmaq daha doğru olardı.
Onlardan biri tərəflər arasında "Şərq Tərəfdaşlığı"
proqramına uyğun olaraq əlaqələrin
qurulmasını nəzərdə tutur. Digəri isə
Brüsselin Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanla
ikitərəfli əlaqələrinin inkişafı ilə
bağlıdır.
Ancaq hər iki aspekt Aİ-nin yeni qonşuluq
siyasəti konsepsiyasının çətiri altında
bir-biri ilə üzvi surətdə bağlıdır və
daimi qarşılıqlı əlaqədədir. Qonşuluq siyasəti Aİ-nin 2004-cü ildə
baş verən genişlənməsinə reaksiya olaraq işə
salınmışdı. Bu məqam Azərbaycan da daxil olmaqla
təşkilatın qonşu olduğu dövlətlərə
istiqamətlənmiş siyasi kursunda prinsipial dəyişikliklə
sıx bağlıdır. Belə ki, genişlənmə
Aİ-nin şərq və cənub istiqamətlərində sərhədlərini
yeniləşdirdi ki, uyğun olaraq, "qonşu ölkələr"
və "Aİ-nin xarici sərhədləri"
anlayışlarına da geosiyasi kontekstdə yeni məzmun
çalarları verdi.
"Köhnə qonşular"ın təşkilatla
bilavasitə sərhədləri vardı və qısa zaman kəsiyində
Aİ-yə üzv olmaq perspektivləri mövcud idi. "Yeni
qonşular"ın isə Aİ ilə bilavasitə sərhədləri
yoxdur və ona üzv olmaq imkanından məhrum idilər.
Bundan başqa, "yeni qonşular" dövlət olaraq
çox fərqlidirlər və müxtəlif maraqlar
güdürlər.
Yəni "Avropa Qonşuluq Siyasəti"ndə
(AQS) coğrafi faktor mühüm rol oynayır. Lakin, nədənsə,
Aİ-nin qonşuluq siyasətində məhz bu məqam
ekspertlər tərəfindən unudulur. Bu o deməkdir
ki, Aİ birbaşa sərhədi yaxınlığında
olan ölkələrə (məsələn, Polşa və
ya Rumıniyaya) münasibətdə siyasətini ondan
coğrafi olaraq uzaq olan Gürcüstan və ya Azərbaycanla
eyni məzmunda qura bilməzdi. Deməli, AQS, faktiki olaraq,
Aİ üçün, birincisi, "qonşu ölkələr"
anlayışını yeni şəraitə uyğun müəyyən
etməli idi, ikincisi, buna uyğun olaraq
qarşılıqlı münasibətlər siyasətinə
konkret məzmun verməli idi.
Təcrübə göstərdi ki, Aİ yeni vəziyyətə
uyğun siyasətində bir sıra ziddiyyətli məqamlardan
xilas ola bilməyib. Təbii ki, bu prosesləri
uzaqgörən Azərbaycan rəhbərliyi diqqətlə izləyir
və milli maraqlara uyğun mövqe işləyib
hazırlayırdı. Doğrudan da, 2008-ci il Rusiya –
Gürcüstan müharibəsi və 2013–2014-cü illərin
Rusiya – Ukrayna münaqişəsi Bakının ehtiyatlı
davranmasına tam haqq qazandırdı. Digər
prosesləri də müşahidə edən Azərbaycan bərabərhüquqlu
tərəfdaş kimi əlaqələrin dinamik
inkişafını təmin edə biləcək və
strateji xarakter daşıyacaq əməkdaşlıq paketini
Brüsselə təklif etdi.
Bu, Aİ – Azərbaycan münasibətlərində
dönüş nöqtəsi olmaqla iki cəhətdən
mühüm əhəmiyyət kəsb edirdi. Birincisi,
faktiki olaraq, Azərbaycan Rusiya ilə yanaşı yeganə
postsovet məkanı ölkəsi idi ki, Avropa ilə müstəqil
və bərabərhüquqlu tərəfdaş kimi əlaqələr
qurmağı sistemli şəkildə təşkilata təklif
etdi. İkincisi, Azərbaycan Aİ-yə üzv olmaq
üçün hansısa tabeçiliyi qətiyyən qəbul
etmədiyini, əsas məqsədinin müstəqil
dövlət kimi onunla strateji xarakterli əməkdaşlıq
olduğunu ifadə etdi.
Burada ekspertlərin
vurğuladığı əhəmiyyətli bir məqamı
da qeyd etmək istərdik. 2015-ci ildə Avropa İttifaqı
özünün qonşuluq siyasətinin fəlsəfəsində
dəyişiklik etdiyini bəyanladı. Səbəb kimi
2004-cü ildən başlayaraq Avrasiyada ciddi geosiyasi dəyişikliklərin
baş verməsi göstərilirdi. Səbəblər
sırasında təhlükəsizlik, enerji ilə təminat,
terror, qonşu ölkələrin maraqları arasında
yaranmış ciddi fərqlər, bir sıra münaqişələrin
kəskinləşməsi qeyd edilirdi. Bunları nəzərə
alaraq Brüssel qonşuluq siyasətində assosiativ
üzvlük şərtindən imtina etdi. Bununla
yanaşı, Avropa İttifaqı inklüziv inkişaf, enerji
təhlükəsizliyi, geosiyasi təhlükəsizlik, sosial
sferada islahatlar, demokratiya, insan haqları və s. bu kimi aspektlərdə
qonşularla əlaqələrdə BMT-nin 2030-cu ilə qədər
strateji hədəflər hesab etdiyi punktlara uyğun fəaliyyət
göstərəcəyini bəyan etdi.
2015-ci il noyabrın 18-də
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri
üzrə ali nümayəndəsi Federika Moqerini təşkilatın
yeni qonşuluq siyasətinin beş təməl prioritetini belə
ifadə etmişdi: birincisi – iqtisadi əməkdaşlıq,
ikincisi – enerji əməkdaşlığı,
üçüncüsü – təhlükəsizlik,
dördüncüsü – miqrasiya, beşincisi – qonşularla əlaqələr.
Bu prioritetlər əsasında Aİ-nin qonşu ölkələrlə,
o cümlədən Azərbaycanla əlaqələrində
dörd əsas istiqamət üzrə 2020-ci ilə qədər
fəaliyyət üstünlük təşkil etməli idi. Həmin
istiqamətlər aşağıdakılardır: daha
güclü iqtisadiyyat, daha möhkəm idarəetmə, daha
güclü rabitə və daha güclü cəmiyyət.
Xatırladaq ki, sonuncu istiqamət insanlar arasında əlaqələri
və münasibətlərdə çevikliyi ifadə edir.
Bütövlükdə sadalanan istiqamətlər üzrə
2020-ci ilə qədər Cənubi Qafqaz ölkələri də
daxil olmaqla "iyirmi açar vəzifə" yerinə
yetirilməli idi.
Beləliklə, Aİ
qonşuları ilə əlaqələri mərhələlərə
böldü. İlk olaraq, 2020-ci ilə qədərki müddətdə
bu istiqamətdə həyata keçirilməli olan konkret
istiqamətlər (dörd istiqamət) və iyirmi vəzifə
müəyyən edildi. Aİ 2020-ci ilə qədərki
müddətdə bu məqsədlə Avropa Qonşuluq Aləti
(ENİ) çərçivəsində layihələrə
təqribən 15,4 milyard avro xərcləməli idi.
Xatırladaq ki, ENİ strateji xarakterli "Avropa Qonşuluq
Siyasəti"nin konkret reallaşdırılması
mexanizmidir.
Deməli, Aİ 2015-ci ildə Azərbaycanın
təklif etdiyi strateji tərəfdaşlıq kursunun şərtlərinə
uyğun mövqeyə gəlmiş oldu. Bu, Azərbaycan rəhbərliyinin
Aİ ilə münasibətlərdə həyata
keçirdiyi strateji baxışın birbaşa qələbəsi
idi. Sonrakı proseslər də həmin tezisi təsdiqlədi.
Bəs bütün bunlara Aİ nə dərəcədə
nail oldu? Azərbaycanın mövqeyi nə dərəcədə
bu prosesdə nəzərə alındı? Bu suallara cavab vermək
üçün 2018-ci ildə Avropa Komissiyasının və
təşkilatın xarici işlər üzrə
şurasının birgə apardığı daxili monitorinqin
bir sıra nəticələrinə nəzər salaq. Bununla məqaləmizin
əsas tezisinə bir addım da yaxınlaşmış
olarıq.
Öncə onu vurğulayaq ki, monitorinq sənədində
ayrıca qeyd olunur ki, "tərəflərin konkret nəticələr
əldə etməsi üçün qarşılıqlı
surətdə təşəbbüskar olması ön plana
çıxır". Bu o deməkdir ki,
Aİ-Azərbaycan münasibətlərinin 2020-ci ildə əldə
edilməsi nəzərdə tutulan nəticələrinin
reallaşması üçün mühüm şərt
"Aİ tələb etdi, Azərbaycan yerinə yetirməlidir"
təfəkkürü ilə deyil, bir-birinə
qarşılıqlı hörmət, aktivlik göstərmək
şüuru ilə davranmaq lazım gəldiyini Brüsselin
anlaması oldu.
Azərbaycanla münasibətlərin
inkişafına üç əsas məsələ
kontekstində baxılır – vətəndaş cəmiyyəti
təsisatları ilə qarşılıqlı əlaqələr,
qadınların hüquq və imkanlarının genişlənməsi,
həmçinin strateji kommunikasiya. Daha sonra vurğulanır
ki, hələlik tərəqqi strateji kommunikasiyada
müşahidə edilir, vətəndaş cəmiyyəti və
müstəqil KİV məsələləri diqqət tələb
edir.
Bunların fonunda Azərbaycanda kiçik və
orta biznes üçün nəzərdə tutulan kreditin 50
faizinin reallaşdığı qeyd olunur. Ticarəti 17 faiz
artıb. Aİ-nin 2020-ci ilin martında keçirilən tədbirində
"Şərq Tərəfdaşlığı"
proqramına üzv ölkələr üçün 962
milyon avro yardım ayrılıb. Onun 14 milyonu Azərbaycanda
ailələrə kömək, peşə təhsilini
inkişaf etdirmək üçün ayrılıb. Ancaq
Gürcüstana pandemiya ilə mübarizə
üçün 183 milyon, Ukraynaya isə 190 milyon avro
ayrılıb. Həm də Gürcüstanla ticarətin cəmi
6 faiz artdığı vurğulanır. Ermənistan
üçün ayrılan yardım da Azərbaycana nəzərdə
tutulandan xeyli çoxdur – 92 milyon.
Bu proseslərin fonunda Aİ vurğulayır ki,
Azərbaycanla strateji kommunikasiya sahəsində əlaqələrdə
inkişaf vardır. Tamamilə doğrudur, ancaq bu, əsas
olaraq Azərbaycanın atdığı addımlar hesabına
olub və indi də bu yöndə davam edir. Bəs strateji
kommunikasiya nədir? Bu, hər şeydən
öncə, müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində
əməkdaşlıq, kibertəhlükəsizliyin təmini,
enerji təhlükəsizliyi, regionda kommunikasiya xətlərinin
qlobal və regional layihələr kontekstində açıq
saxlanması və yenilərinin yaradılması,
münaqişələri ədalətli həll etməklə
insanlar arasında əlaqələrin inkişaf etdirilməsi
və s. məqamları nəzərdə tutur.
Biz, Aİ tərəfindən bu istiqamətlər
üzrə praktiki səmərəsi olan və Azərbaycana
istiqamətlənmiş konkret addımların
atıldığını xatırlamırıq. Lakin
Brüssel həmişə Azərbaycanın sadalanan sferalar
üzrə təşəbbüslərini dəstəkləyib.
Nəticədə, Avropanın enerji təhlükəsizliyi
üçün çox vacib olan "Cənub Qaz Dəhlizi"
layihəsi işə başlayıb. Hazırda bu layihədən
Aİ-nin üzvləri (məsələn, Yunanıstan,
İtaliya) və digər Avropa ölkələri bəhrələnirlər.
Təbii ki, "Cənub Qaz Dəhlizi" bu kontekstdə
Avropanın enerji təhlükəsizliyinin təminində və
deməli, strateji kommunikasiyanın inkişafında
mühüm rol oynayır.
Aİ-nin monitorinqi təşkilatın Azərbaycanla
əlaqələrinin inkişafında elə bir dəyişikliyin
baş vermədiyinimi təsdiqləyir? Təbii ki, yox.
Əksinə, yuxarıda bir qədər geniş təqdim etməyə
çalışdığımız proseslər 2020-ci ilin
sentyabr-noyabr aylarında (qırx dörd gün) baş verən
ciddi geosiyasi-hərbi proseslərin real mahiyyətini anlamağa
yardımçı olur. Və bu prizmadan da Aİ – Azərbaycan
münasibətlərinin real dinamikasını dərk etməyə
imkan yaranır.
Beləliklə, bizim 2015-ci ildən bu yana şərti
olaraq Aİ – Azərbaycan münasibətlərinin
dinamikasının birinci mərhələsi
adlandırdığımız mərhələdə
çox mühüm hadisələr, dəyişikliklər
baş verib.
Əvvəla, Brüssel Azərbaycan
rəhbərliyinin təklif etdiyi əməkdaşlıq
modelinin həm müasir tələblərə, həm tərəflər
arasında real olaraq əlaqələrin inkişafına, həm
də böyük bir məkanda enerji-kommunikasiya təhlükəsizliyinin
təmininə xidmət etdiyini anladı.
İkincisi, Brüssel qarşılıqlı əlaqələrdə
təşəbbüsün Azərbaycanda olduğunu qəbul
etdi. Bu, bərabərhüquqlu tərəfdaşlığa
alternativin olmadığının dərki ilə
yanaşı, Azərbaycanın Cənubi Qafqazın lider
dövləti olduğunun etirafıdır.
Üçüncüsü,
Aİ Azərbaycanla "Avropa Qonşuluq Siyasəti"
çətiri altında və "Şərq Tərəfdaşlığı"
proqramı çərçivəsində münasibətlərin
qurulması istiqamətinin müəyyən məhdudiyyətlər
yaratdığını başa düşdü. Azərbaycanla
kritik bir regionda lider olan, geosiyasi-hərbi, təhlükəsizlik,
iqtisadi və energetik sferalarda səmərəli təşəbbüslər
irəli sürən müstəqil dövlət olaraq
münasibət qurmaq daha faydalıdır.
Dördüncüsü, bunun
fonunda Brüssel Azərbaycana regional əməkdaşlığın
əsas faktoru kimi yanaşmağa, təhlükəsizlik sahəsində
Bakının ciddi rolunu qəbul etməyə və onunla
münasibətləri məhz bu kimi məqamları nəzərə
alaraq qurmağa başladı.
Bununla da artıq 2020-ci ilin payızından
Aİ – Azərbaycan münasibətlərində bir
dönüşün yarandığı tezisini irəli
sürə bilərik. Bu, qarşılıqlı münasibətlərdə
ikinci mərhələnin başlaması anlamına gəlir.
Bu fikri təsdiq etmək üçün 2020-ci ilin
payızında nələrin baş verdiyi üzərində
bir qədər geniş dayanaq.
Dönüş nöqtəsi: qırx dörd
günlük İkinci Qarabağ müharibəsi
Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli
bir addımı ilə sözün əsl mənasında
dünyanı heyrətləndirdi. BMT, Aİ,
ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və
başqa güclər Dağlıq Qarabağ münaqişəsi
ətrafında özlərinə sərf edən oyunlar
qurmaqda davam etdikləri bir zamanda Azərbaycan BMT-nin məlum qətnamələrini
və Aİ-nin qəbul etdiyi sənədlərdə vurğulanan müddəaları təkbaşına həyata
keçirməyə başladı. Əvvəlcə
Bakının uğur əldə edəcəyinə
şübhə etdilər, qısa müddətdə isə
tamam başqa mənzərənin şahidi oldular.
Çünki Ali Baş Komandanın çox uğurlu fəaliyyəti,
ordunun yüksək peşəkarlığı, cəmiyyətin
sıx birliyi sayəsində cəmi qırx dörd gün
müddətində Ermənistan ordusu darmadağın oldu.
Proseslərin geosiyasi və
informasiya tərəfləri Aİ – Azərbaycan münasibətlərinin
yeni səviyyəyə keçməsində daha böyük
rol oynadı. Belə ki, Azərbaycan Prezidenti İlham
Əliyev siyasət, diplomatiya, hərb meydanı və
informasiya istiqamətlərinin hər biri üzrə dünya
səviyyəsində yetkinlik, ədalətlilik, çeviklik,
strateji düşüncə, qətiyyət və praqmatik
addımlar nümayiş etdirdi. Bu, Brüsselə iki aspektdə
ciddi təsir göstərdi.
Birincisi, hazırda Avropa İttifaqının
özündə lider çatışmazlığı
("qıtlığı") vardır. Angela
Merkel siyasətdən gedir, Böyük Britaniya təşkilatı
tərk edib, Emmanuel Makron ziddiyyətli addımlar atır.
İlham Əliyev qırx dörd gün ərzində Avropa
miqyasında belə fəal, çevik, müasir
düşüncəli, qətiyyətli və sülhpərvər
lider olduğunu sübut etdi.
İkincisi, ərazi
bütövlüyünün təmininə xidmət edən
aktiv hərbi əməliyyatlar dövründə İlham
Əliyev təkbaşına bütün informasiya sahəsinə
yeni məzmun verdi. Xaricdən gəlmiş qərəzli
jurnalistlərə belə sübut etdi ki, Azərbaycan
müharibə istəmir, Bakı ədalətlə və beynəlxalq
hüququ gözləməklə ərazi
bütövlüyünü təmin edir və bu anlamda,
faktiki olaraq, BMT və Aİ-yə yardım göstərir.
Əgər Ermənistan işğal etdiyi torpaqları tərk
edərsə, Azərbaycan dərhal əməliyyatları
dayandıracaq və İrəvanla əməkdaşlıq
perspektivlərini müzakirə edə bilər. Bir şərtlə
ki, Ermənistan kapitulyasiyanı qəbul etsin və uyğun sənədi
imzalasın.
Bu iki məqam Aİ-nin Cənubi
Qafqaz, o cümlədən Azərbaycan siyasətinə nəinki
mane olurdu, hətta ona yeni sivil məzmun vermək imkanı
yaratmışdı. Avropa İttifaqı Azərbaycanın
timsalında postsovet məkanında real demokratik
düşüncəyə və davranışa malik müstəqil
dövlətlə rastlaşırdı. Bu, şübhə
yoxdur ki, Brüsselin ikili standart və islamofobiya kimi hallara
reverans etməsi şansını heçə endirir.
Çünki artıq mənzərəni Bakı yaradır və
onun kimin hansı rolu oynadığı haqqında dəqiq təsəvvürü
mövcuddur.
Aİ-ni öz mövqeyinə yenidən
baxmağa vadar edən iki mühüm faktoru mütləq
vurğulamaq gərəkdir. Azərbaycan, Rusiya
və Ermənistan rəhbərləri arasında imzalanan
2020-ci il 10 noyabr sənədi və 2021-ci il yanvarın 11-də
Moskvada imzalanan sənəd sübut etdi ki, Rusiya və
Türkiyə Qərbin iştirakı olmadan Cənubi Qafqazda
istənilən xarakterli problemi təminatla həll edə bilərlər.
Sözdə deyilməsə də, aydın
görünürdü ki, beynəlxalq təşkilatlar, o
cümlədən Aİ proseslərdən kənarda qalır.
Bu da onun nüfuzuna ciddi zərbədir. Deməli, Brüssel
hansısa yolla bu prosesə müdaxilə etməli idi.
Digər məqam ondan ibarətdir
ki, əldə edilən razılıqların şərtləri
göstərirdi ki, Azərbaycan Cənubi Qafqazla yanaşı,
daha geniş miqyasda regional əməkdaşlıq, enerji və
nəqliyyat təhlükəsizliyi və strateji kommunikasiya sahələrində
aparıcı rol oynamaq statusuna yüksəlib. Aİ-nin
yuxarıda vurğulanan proqramları aspektində bu, faktiki
olaraq, Azərbaycanın təşkilat üçün yeni
perspektivlər açması anlamına gəlir.
Belə ki, əldə edilən
razılaşmalara görə, regionda kommunikasiya xətlərinin
açılması və müxtəlif beynəlxalq layihələr
çərçivəsində region dövlətlərinin
(Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və
Türkiyə) iştirakına ciddi əhəmiyyət verilir.
Həmin bağlılıqda Zəngəzur dəhlizinin
yaradılması mühüm strateji əhəmiyyət kəsb
edən məsələ kimi qəbul edilir. Bununla
aydın oldu ki, Azərbaycan qırx dörd gün ərzində
Cənubi Qafqazda geosiyasi dinamikanı, qüvvələr nisbətini
və ümumi mənzərəni elə dəyişdi ki,
artıq qlobal güclərin heç biri əvvəlki məntiqlə
regionda fəaliyyət göstərə bilməzdi.
Brüsselin bunu dərk etməsi onun mövqeyinə yenidən
baxmasını şərtləndirdi.
Brüssel bu məsələdə hər
hansı Avropa liderinə də etibar edə bilməzdi.
Çünki qırx dörd günlük savaş müddətində
Almaniya laqeyd, Fransa isə tamamilə tərəfkeş, ermənipərəst
mövqe tutdu. Hətta savaşın gedişində erməni
tərəfdən iştirak etmək cəhdi və onun fonunda
separatçı rejimi tanımaq kimi sərsəm
addımların atılmasından bəhs edildi.
Bu, bir tərəfdən, Aİ
üçün kritik bir dönəm idi. Brüssel 2015-ci ildə
xarici siyasətinə etdiyi düzəlişlərə bir
daha düzəliş etməli idi. Digər tərəfdən
isə, onun üçün yeni şans yaranmışdı.
Öncə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən
imzalanmış üçtərəfli sazişi inkar etməyə
çalışan Qərb, sonradan onu qəbul etmək məcburiyyətində
qaldı. Bununla da, İkinci Qarabağ müharibəsindən
sonra Brüssel Aİ – Azərbaycan münasibətlərinə
yeni dinamika vermək və yeni mənzərə yaratmaq zərurətini
dərindən hiss etdi. Lakin bunu hansı yolla etmək olar?
Müharibədən sonra: ziddiyyətlər və
perspektivlər
Artıq qeyd etdiyimiz kimi, Azərbaycanın Cənubi
Qafqazda geosiyasi mənzərəni kökündən dəyişməsi
bütün qlobal güclərin regiona istiqamətlənmiş
siyasətinə düzəlişlər edilməsi zərurətini
ortaya qoydu. Avropa İttifaqı isə buna daha çox ehtiyac
duyur. Həmin səbəbdən, müharibə bitdikdən
bir qədər sonra Brüssel bu və ya digər üsullarla
regiondakı vəziyyətə müdaxilə etməyə
çalışdı. Hətta öncə müəyyən
inkarçılıq mövqeyi hiss olunurdu. Sonra ATƏT-in
Minsk qrupu vasitəsilə Dağlıq Qarabağda
varlığını təmin etməyə cəhd göstərdi.
Ancaq aydın oldu ki, bu da asan məsələ deyil və Rusiya
ilə yanaşı, regionun lideri Azərbaycanla da
hesablaşmaq lazım gəlir.
Bu məqam Aİ–Azərbaycan münasibətlərinin
hazırkı mərhələsi üçün əhəmiyyət
kəsb edir. Azərbaycanla hesablaşmağın iki aspekti
vardır. Birincisi, Brüssel nəzərə almalı idi ki,
Azərbaycan təkbaşına BMT və ATƏT-in Minsk
qrupunun həyata keçirməyə məsul olduğu, lakin
yerinə yetirə bilmədiyi çətin vəzifənin
öhdəsindən gəlib. Bu,
qarşılıqlı münasibətlərdə Azərbaycan
faktoruna daha böyük diqqət göstərilməsini tələb
edir. İkincisi, Azərbaycan Prezidenti İkinci Qarabağ
müharibəsindən sonra da vurğulayırdı ki, rəsmi
Bakı Aİ ilə yeni sazişin imzalanmasına önəm
verir. Yəni qalib Azərbaycan Avropa İttifaqını
mühüm tərəfdaş sayır və onunla əlaqələri
inkişaf etdirmək niyyətindədir.
Xüsusilə Azərbaycan, Ermənistan
və Rusiya rəhbərlərinin imzaladıqları
razılaşma sənədində əməkdaşlıqla
bağlı ifadə olunan mövqe Aİ-nin yeni qonşuluq
siyasəti və "Şərq Tərəfdaşlığı"
proqramı çərçivəsində müəyyən
etdiyi əməkdaşlıq şərtləri ilə ziddiyyət
təşkil etmir. Hətta inklüziv iqtisadi inkişaf,
insanlar arasında əlaqələrdə mobilliyin və
kütləviliyin artırılması və strateji
kommunikasiyanın inkişafı aspektlərində tamamilə
üst-üstə düşür. Qalır tərəflərin
bu istiqamətlərdə münasibətləri inkişaf
etdirmək üçün səmimiyyətlə konkret
addımlar atması. Bu məqamda da təəssüf ki,
Avropa təsisatlarının ikili standarta meyilliliyini
müşahidə etdik. Nümunələrə baxaq.
Aİ birtərəfli qaydada Ermənistanla əlaqələrə
cəhd etdi. Hətta bəzi avropalı deputatlar Azərbaycandan
icazə almadan Dağlıq Qarabağa (artıq
münaqişə bölgəsi deyil) səfər etdilər.
Onlara Rusiya sülhməramlıları şərait
yaratdı. Fransız deputatlar bu işdə xüsusi canfəşanlıq
göstərirdilər. Azərbaycanın ciddi etirazlarından
sonra Rusiya sülhməramlıları anladılar ki,
qaydaları pozurlar və bu proses dayandırıldı.
Ancaq təəssüf ki, Aİ bununla kifayətlənmədi.
Təşkilatın Cənubi Qafqaz üzrə
xüsusi nümayəndəsi Toivo Klaar bu il aprelin 14-də Ermənistana
səfəri çərçivəsində özünü
"xarici işlər naziri" kimi qələmə verən,
qanunsuz rejimin nümayəndəsi David Babayan ilə
görüşdü. Buna rəsmi Bakı sərt reaksiya verdi
və Avropa İttifaqının Azərbaycandakı
nümayəndəsi Xarici İşlər Nazirliyinə dəvət
edilərək T.Klaarın münaqişə sonrası
bölgədə yaranmış yeni reallıqları nəzərə
almayan, kövrək sülhə təhdid doğuran və
qarşı tərəfə əsassız gözləntilər
verən addımlar atmasının
yolverilməz olduğu vurğulandı. Yalnız bundan sonra
T.Klaar separatçılarla görüşdə humanitar məsələləri
müzakirə etdiklərini və Azərbaycanın ərazi
bütövlüyünə qarşı hər hansı niyyətlərinin
olmadığını bildirdi.
Lakin, əlbəttə, Aİ-nin xüsusi
nümayəndəsi Azərbaycanın ərazi
bütövlüyünə hörmət edirsə,
separatçılıqla məşğul olan Azərbaycan vətəndaşları
ilə Bakının razılığı olmadan
görüşməməlidir. Bu aspektdə hər bir
addım beynəlxalq hüquqa, Azərbaycanın suveren
haqlarına və qanunlarına uyğun
aparılmalıdır.
Bunların fonunda Avropa
Şurasının İnsan Hüquqları üzə
Komissarı Dunya Miyatoviçin Azərbaycan Prezidentinə
ünvanladığı məktub da yuxarıda vurğulanan məqamların
təsadüf və ya şəxsi təşəbbüs
olmadığını, əksinə, Brüsselin ikili standart
və selektiv yanaşma ənənələrinə sadiqliyini
qoruyub saxladığını nümayiş etdirir. Belə ki, D.Miyatoviç 30 ilə yaxın davam edən
münaqişənin azərbaycanlıların nəhəng
humanitar əziyyətlərə səbəb olmasını və
yüz minlərlə azərbaycanlının insan
haqlarının kütləvi pozulması
reallığını "unudub" və yaxud onların
"Komissarın mandatına aid olmaması" barədə
absurd fikir bildirib.
Avropa Şurasının rəsmisi
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində
tarixi-mədəniyyət abidələrini məhv etməsini,
məscidlərdə heyvanlar saxlamasını, böyük
talançılıq törətməsini, şəhərlərdə
daşı-daş üstündə qoymamasını ya
"unudub", ya da bütün bu sadalananları
"Komissarın mandatına uyğun görməyib".
Qırx dörd günlük müharibə dövründə
Gəncə, Bərdə, Ağcabədi və Tərtər
şəhərlərində dinc əhalinin böyük
dağıdıcı gücü olan bombalarla atəşə
tutulması "unutqanlıq" ləkəsi kimi tarixə
düşüb.
Komissar hansısa "humanizmə
uyğun olmayan səhnələrdən", Dağlıq
Qarabağda və ətrafındakı "icmalar"dan,
"narahatedici və alçaldıcı görüntülər"dən,
Bakıdakı Hərbi Qənimətlər Parkının
açılışından narahatlığını ifadə
edib. Əsl ikili standart nümunəsidir.
Maraqlıdır ki, bunu Avropada bir sıra
ekspertlər də vurğulayırlar. Onlar burada günahı
Aİ-nin Cənubi Qafqaz strategiyasındakı natamamlıqda
görürlər. Məsələn, Borut Qrqiç yazır
ki, Brüssel üçün insan haqları, qanunun aliliyi kimi
məsələlər əhəmiyyət kəsb edir, lakin
onlar strateji vizyonu təşkil etmirlər. Həm də
söhbət böyük infrastruktur layihələrinin
keçdiyi regiondan gedirsə, problem daha konkret həll edilməlidir.
Çünki "...söhbət Xəzər dənizindən
hasil olunan nefti və qazı Avropaya nəql edən layihələrdən
gedir. Bundan
başqa, Aİ-Çin fiber-optik magistralı da bu regiondan
keçir. Cənubi Qafqazdan keçən mürəkkəb nəqliyyat
sistemi isə Asiya ilə Avropa arasında quru yolu ilə
birbaşa ticarətin inkişafına və təşviqinə
istiqamətlənib.
Bunların
fonunda "Aİ postmüharibə dövrünün idarə
olunmasında taktiki nöqteyi-nəzərdən rolunu
genişləndirməlidir... O, "Qarabağ İnkişaf
Bankı"nın yaradılmasında
iştirak etməlidir. Bu, Avropa Yenidənqurma və
İnkişaf Bankı modelində yaradıla, Aİ, Azərbaycan
və Ermənistanın birgə layihəsi ola
bilər. Bölgədə infrastruktur, elektrik enerjisi, bələdiyyə
institutunun bərpası, tikinti, kənd təsərrüfatı,
kiçik və orta bizneslə bağlı layihələrin
bu bank vasitəsilə maliyyələşdirilməsi
mümkündür... Bununla yanaşı, Avropa
Komissiyası "Şərq Tərəfdaşlığı"
çərçivəsində texnoloji innovasiyalarla
bağlı layihələrin həyata keçirilməsinə
çağırış edə bilər".
Belə çıxır ki, artıq Avropanın ekspert
dairələrində təşkilatın Cənubi Qafqazda
postmüharibə dövründə strateji təşəbbüsü
ələ almasını və həmin bağlılıqda
Azərbaycanın regiondakı aparıcı rolunu praktiki
olaraq qəbul etməsini vacib sayırlar.
Bəs ötən müddət ərzində rəsmi
Bakı Aİ istiqamətində hansı addımları
atıb? Nümunələrə nəzər salaq. Bu il martın 5-də Prezident İlham Əliyev
Yeni Azərbaycan Partiyasının VII qurultayındakı
çıxışı zamanı bəyan edib: "Biz Avropa
İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə
strateji tərəfdaşlıq haqqında sənədlər
imzalanıb". Prezident "Şərq Tərəfdaşlığı"
ölkələrindən heç birinin Aİ-yə üzv
olan doqquz ölkə ilə strateji tərəfdaşlıq
haqqında sənəd imzalamadığını
vurğulayıb. Dövlət başçısı
fikirlərinə davam edərək ifadə edib: "Onlar
Assosiasiya sazişi imzalayıblar, o sazişə də mən
baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat
kitabçasıdır. O ölkələrə təlimat
verilir, bunu belə etməlisən, bunu elə etməlisən.
Mən isə ondan imtina etdim. Dedim ki, bizə
belə təlimat lazım deyil. Biz
özümüz bilirik nə etmək lazımdır".
Nəhayət, ölkə rəhbəri
vurğulayıb ki, yaxın gələcəkdə
danışıqlar bərpa ediləcək. (Aİ ilə yeni saziş paketi ilə bağlı
aparılan danışıqlar nəzərdə tutulur –
müəllif).
Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsi
çərçivəsində Aİ üzvləri olan bir
sıra ölkələrlə əməkdaşlığı
inkişaf etdirib. Nəqliyyat dəhlizlərinin fasiləsiz
işləməsini təmin edən addımlar atılıb.
Nəhayət, strateji kommunikasiya
üçün böyük əhəmiyyəti olan Zəngəzur
dəhlizinin açılması üçün siyasi qətiyyət,
iqtisadi iradə və tam hazırlıq nümayiş
etdirilib. Prezident İlham Əliyev bu məsələnin əhəmiyyətini
belə ifadə edib: "Azərbaycan Şərq–Qərb,
Şimal–Cənub, Şimal–Qərb nəqliyyat dəhlizləri
kimi regional bağlantı layihələrinin icrasına
mühüm töhfə vermişdir. Hazırda
biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən
Şərq–Qərb dəhlizinin tərkib hissəsi olacaq
"Zəngəzur nəqliyyat dəhlizi" üzərində
çalışırıq. Bu dəhliz
Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi
kimi mövqeyini gücləndirməyə imkan verəcək".
Yeri gəlmişkən, rəsmi Bakının Aİ ilə
əlaqələri səmimi olaraq inkişaf etdirmək niyyəti
haqqında rusiyalı ekspertlər də yazırlar. Məsələn,
Vladimir Avatkov Azərbaycanın xarici siyasətinin prioritetlərinə
həsr edilmiş təhlili məqaləsində
vurğulayır ki, Bakı Aİ ilə əlaqələri
fraqmentar deyil, kurs olaraq davamlı surətdə inkişaf
etdirməkdədir. Bu baxımdan Azərbaycanla
Avropa İttifaqı arasında keçirilən
görüşlərdə rəsmi Bakının konkret layihələr
üzrə təkliflər verməsi maraqlıdır. Bu onu göstərir ki, Azərbaycan rəhbərliyi
üçün Aİ ilə əlaqələr xarici siyasətin
prioritetləri sırasına daxildir.
Beləliklə, Azərbaycan yenə də Avropa
İttifaqı ilə münasibətlərin real zəmində
səmərəli olması üçün üzərinə
düşən bütün vəzifələri yüksək
səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı
həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir,
həm də bir daha regionun aparıcı dövləti, lider
ölkəsi kimi fəallığını ortaya qoyur. Əminliklə demək olar ki, Aİ – Azərbaycan
münasibətləri yalnız ziddiyyətlərlə deyil, həm
də perspektivlə xarakterizə olunur. Azərbaycan
Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə
tərəflər arasında əlaqələrin güclənəcəyinə
yeni ümidlər yaranmaqdadır.
Aİ-Azərbaycan münasibətlərinin
inkişafı tərəflərin bərabərhüquqlu tərəfdaş
statusunda bir-birini qəbul etməsinə bağlıdır.
Əvvəlki dövrlərdə Avropa İttifaqı
"Şərq Tərəfdaşlığı"
proqramına daxil olan ölkələrin maraqlarını nəzərə
almağa həvəsli deyildi. Azərbaycanın müstəqil
davranışları və xüsusən İkinci Qarabağ
müharibəsindəki qələbəsi Brüsseli
mövqeyinə yenidən baxması ilə nəticələndi.
Avropa İttifaqı 2015-ci ildə qonşuluq
siyasətinə düzəlişlər etməklə, faktiki
olaraq, Azərbaycanın təklif etdiyi istiqamətlər
üzrə əməkdaşlıq xəttinə keçdi.
Bununla Azərbaycan Rusiya ilə yanaşı, postsovet məkanında
Aİ ilə bərabərhüquqlu tərəfdaş
statusuna yüksəlmiş dövlət oldu. Bu vəziyyət
"Şərq Tərəfdaşlığı"na daxil
olan digər ölkələrin yürütdüyü siyasətə
də təsir etdi.
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki
parlaq qələbəsi Aİ-ni regiona münasibətini dəyişməyə
sövq etdi. Brüssel yeni yaranmış geosiyasi mənzərəyə
nüfuz etmək üçün daha fəal olmaq xəttini
seçdi. Lakin bu zaman regionda artıq Rusiya və Türkiyənin
aparıcı rol oynaması ilə barışmalı oldu.
Aİ Cənubi Qafqaz istiqamətində siyasətini
vurğulanan şərtlər çərçivəsində
daha səmərəli etmək istiqamətində
çalışır.
Hazırda Aİ Azərbaycanla münasibətlərə
daha çox önəm verir. Ekspertlərin qənaətinə
görə, Brüssel strateji xarakterli və konkret məzmuna
malik layihələrin həyata keçirilməsinə
üstünlük verməlidir. O cümlədən, Aİ
strateji kommunikasiyaların işə salınmasında
yaxından iştirak etməlidir. Azərbaycan bu istiqamətdə
konkret addımlar atdığından söhbət, faktiki
olaraq, Aİ-nin Azərbaycanı dəstəkləməsindən
gedir. Bu baxımdan Aİ-nin Zəngəzur dəhlizinin
reallaşmasına münasibəti Brüssel
üçün mühüm bir sınaq təsiri
bağışlayır.
Kamal
ADIGÖZƏLOV
Səs.-
2021.- 1 iyun.- S.4-5