"Ermənilərin üzündə utancaq və qorxaq baxışlar var idi"

   

 

SİA Milli Məclisin üzvü Mahir Abbaszadənin müsahibəsini təqdim edir:

 

- Son vaxtlar Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində müxtəlif təxribatlar törədirdilər. Kəlbəcər istiqamətində 40-a yaxın erməni sərhədi pozaraq Azərbaycanın içərilərinə doğru hərəkət edib amma Azərbaycan ordusu onları yerində oturdub və bizim sərhədlərdən çıxardıblar. Ermənistanın son vaxtlar belə bir təxribatının arxasında hansısa bir güclü qüvvələr dayana bilərmi?

- Bilirsiniz, 9 noyabr sazişində əsas məsələlərdən biri Azərbaycan və Ermənistan arasında olan sərhədlərin dəqiqləşdirilməsi məsələsidir. 1992-ci ildə həm Ermənistan, həm Azərbaycan müstəqillik əldə edib. Amma biz sərhədlərlə bağlı heç bir razılığa gələ bilməmişik. O zaman Dağlıq Qarabağ problemi var idi və Ermənistan Azərbaycan ərazilərinə qarşı işğalını davam etdirirdi və biz heç bir razılığa gələ bilməmişdik. Amma 9 noyabrda Azərbaycanın böyük qələbəsindən sonra üçtərəfli bağlanmış sazişin şərtlərinə əsasən Ermənistan-Azərbaycan sərhədləri dəqiqləşdirilməlidir və bu dəqiqləşmə içərisində də sərhədlərimiz Zəngilan rayonundan başlayır. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonunu əhatə edən böyük bir sərhəd zolağı Ermənistanla Azərbaycan arasında müəyyənləşir. Zəngilanda, Qubadlıda, Kəlbəcərdə artıq bu sərhədləri müəyyənləşdirə bilmişik. Laçın rayonunda da artıq bu məsələ həll olmaq üzrədir. Amma Ermənistan içərisindən müəyyən revanşist qüvvələr istər Qarabağdakı Ermənistan hakimiyyətinin məğlubiyyətinin, istərsə də Azərbaycanla bağlı olan sərhədlərin dəqiqləşdirilirməsi məsələləri ilə bağlı müəyyən razılığa gələ bilmirlər. Yəni, bunlar öz xalqlarını yenidən müharibəyə səsləyən və işğaldan azad olmuş əraziləri geri qaytarmaq, sərhədlərlə bağlı müəyyən razılığa gəlməməklə bağlı Ermənistan cəmiyyətinə belə bir fikirləri formalaşdırmaqda davam edirlər. Təbii ki, bu revanşist qüvvələrin də əsas məqsədlərindən biri Ermənistanla Azərbaycan arasında sülhün olmaması, sərhəddə həmişə problemlərin olması ilə bağlı çağırışlardır. Amma bu qüvvələr 1992-ci ilin Azərbaycanı ilə hazırda 1992-ci il dövrünü yaşayan Ermənistanı arasında olan fərqi görmürlər. O zamanlar Azərbaycan müstəqilliyini təzə əldə etmişdi, Azərbaycanın ordusu ancaq könüllülərdən ibarət idi, eyni zamanda 1992-ci ildə hakimiyyətdə müəyyən sabitlik yox idi və bundan istifadə edən Ermənistan qüvvələri də Azərbaycanın torpaqlarını işğal edirdilər və bu işğal içərisində də Azərbaycanın sərhədləri var idi. Biz sentyabrın 27-dən başlayaraq əks hücum əməliyyatları nəticəsində, demək olar ki, Azərbaycanın işğal altında olan torpaqlarının hamısını geri ala bilmişik. Azərbaycan ərazi bütövlüyünü ilk dəfə olaraq 1992-ci ildə müstəqillik əldə etdikdən sonra bərpa edib. Bütün sərhədlərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bütün bunları isə yaradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusudur. Cənab Prezident də hər dəfə çıxışlarında qeyd edir ki, əgər Ermənistandakı revanşist qüvvələr özlərinə yığışmasalar təbii ki, dəmir yumruq həmişə qüvvədədir və onlar yenə də Azərbaycan ordusunun gücünü görəcəklər.

- Erməni təxribatı Paşinyanın Fransaya səfərinə təsadüf edir və Makron da Ermənistanı dəstəkləyən bəyanatlar səsləndirib. Bu olanlar arasında hansısa bir əlaqə varmı?

- Əslində Fransa dövlətinin verdiyi bəyanatlar ATƏT-in Minsk qrupunun üzvü olan bir dövlətin verəcəyi bəyanatlarla heç yaraşmır. Biz nəzərə alsaq ki, Fransa guya ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir, əslində neytral bir mövqe tutmalı idi. Amma zaman-zaman Fransa əvvəlki mövqeyinə sadiq qaldı və artıq birtərəfli mövqeyini ortaya qoydu. Paşinyanın Avropaya səfəri nəticəsində də, təbii ki, Fransa tərəfindən verilən dəstək də Ermənistanın daxilindəki revanşist qüvvələri biraz da qüvvətləndirərək, onları ürəkləndirir ki, Kəlbəcərlə olan sərhədi pozsunlar və münaqişəni biraz da alovlandırsınlar və göstərsinlər ki, Azərbaycan Ermənistan sərhədində sülh yoxdur. Əslində bugün Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur və biz ata-baba torpaqlarımızdan heç vaxt vaz keçməyəcəyik. Biz 30 illik mübarizəmizdə bunu bir daha göstərdik və Kəlbəcər rayonunda da Azərbaycanın mövqeləri güclüdür. Revanşist qüvvələr hərəkətə keçdiyi zaman layiqli cavablarını alacaqlar.

- Paşinyan keçirilən birgə mətbuat konfransında bəyan etdi ki, Fransa Ermənistanın bir nömrəli dostu, qardaşı, tərəfdaşıdır. Bəs burada Rusiyanın yeri haradadır?

- Ermənistan dövləti zaman-zaman öz dostlarına xəyanətləri ilə həmişə seçilib. Vaxt var idi Ermənistan başqa dövlətlərlə münasibətlərdə idi və onlara çox arxalanırdı. İndi biraz zaman dəyişən kimi üzünü Avropaya tutmağa başlayır. Konkret olaraq, Rusiyanın şəxsində biz görürük ki, Ermənistan etibarlı tərəfdaş ola bilməz. Bunu tarix həmişə göstərib. Kim güclüdürsə Ermənistan həmişə o dövlətin yanında olub. Zaman var idi Rusiya ordusunu öz ərazisində yerləşdirərək, özünün təhlükəsizliyini təmin etməklə bağlı məsələləri həll etmişdi, Amma regionda başqa vəziyyət yaranan kimi tez Fransanın tərəfinə keçir və bu o deməkdir ki, Ermənistanda düzgün xarici siyasət həyata keçirilmir. Bu siyasət küçə siyasəti səviyyəsinə enib. Ermənistan tərəfi tarixən etibarlı tərəfdaş, etibarlı dost olmayıb və Rusiya siyasətçiləri də artıq bunu anlamağa başlayıb.

- Makron belə bir fikir səsləndirdi ki, guya Azərbaycanda erməni əsirləri var, onlar qaytarılmalıdır. Azərbaycanda əsirlər var?

- Xeyr. Deməli 9 noyabr sazişindən sonra bir qrup erməni terrorçusu Azərbaycan ərazisində terror törətməklə bağlı sərhədi icazəsiz keçərək müəyyən hadisələr törətməyə cəhd ediblər və Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən həmin şəxslər saxlanılıb. Onlar hərbi əsirlər sayıla bilməz. Çünki, beynəlxalq terminologiyada hərbi əsirlər hərbi münaqişə zamanı qarşı-qarşıya gələn dövlətlər tərəfindən əsir götürülmüş şəxslər sayılır. Beynəlxalq hüquq da bunu diqtə edir ki, bu şəxslər hərbi əsirlər sayıla bilməzlər. Bugün Ermənistanla Azərbaycan arasında müharibə getmir. Cənab Prezidentin qeyd etdiyi kimi müharibə artıq dayandırılıb, münaqişə bitib.

- Erməni terrorçuları ilə ordunun tör-töküntüləri hər dəfə Azərbaycan sərhədini keçdikcə Azərbaycan ordusu onları ya zərərsizləşdirir, ya da həbs edir. Amma buna baxmayaraq, onlar hələ də sərhəd pozmaqda davam edirlər. Bunların arxasında sərhəd bölgəsində gərginlik yaratmağa çalışan Ermənistanın özündə qüvvələr olduğunu düşünmək olar?

- Bugünləri Ermənistan faktiki olaraq hakimiyyətlik bir vəziyyətdədir. Ermənistanın Nazirlər Kabinetinin siyahısında təxminən nazirlərin yarısı yoxdur. Bəziləri istefalar verirlər, siyasətlə razılaşmırlar. Qarşıdan seçki gəlir. Bu seçkidə müxtəlif oyunlar başlayır. Təbii ki, bütün bunlar Ermənistanda hakimiyyətsizliyin nəticəsində baş verir. Artıq xalqın bir hissəsi başa düşür ki, bu xalqın nicat yolu Azərbaycan və Türkiyə ilə olan münasibətlərdən keçir. Amma digər bir qüvvələr var ki, onlar həm Ermənistanın daxilindədir, həm də xaricdən dəstək alaraq bu revanşist hərəkətlərə yol verirlər. Təbii ki, bugün bu hərəkətləri Qarabağda edə bilmirlər. Çünki artıq Qarabağda münaqişə bitib. Ona görə sərhəddə bu hadisələri törədirlər ki, Azərbaycan Ermənistan sərhədində bu hadisələr baş versin. Təbii ki, burda xarici qüvvələr də, daxili qüvvələr də var və bunlar artıq zaman-zaman sonra dərk edəcəklər ki, Azərbaycanla bu dildə danışmaq olmaz. Çünki güclü ordumuz və sərhəd xidmətimiz var.

- Rusiyalı politoloq İqor Korodçenko bəyan edir ki, Ermənistanda polis Paşinyanın, ordu isə Sarkisyanla Koçaryanın təsiri altındadır. Azərbaycan sərhədi ərazisində baş verən təxribatların arxasında elə Koçaryanla, Sarkisyanın dayandığını düşünmək olar?

- Ümumiyyətlə, Sarkisyanla Koçaryan Ermənistanda hakimiyyətə Qarabağ kartının üstündə gəlmiş insanlardır. Onların o zamanlarda səs çoxluğu ilə guya hakimiyyətə gəlməklərinin əsas səbəbləri Qarabağ problemi ilə bağlı olan məsələlərdir. Çox düzgün qeyd edirsiniz ki, bu günləri Ermənistan ərazisində polis Paşinyanın hakimiyyətini dəstəkləyir amma, orduda müəyyən qüvvələr var ki, Sarkisyanı və Koçaryanı dəstəkləyir. Təbii ki, Sarkisyanla Koçaryanın da Qarabağ məsələsinin həll olunmasında, Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması, sərhədlərin dəqiqləşdirilməsi Sarkisyan və Koçaryan hakimiyyətinin tamamilə iflas olması deməkdir. Cənab Prezident Ağdama səfəri zamanı verdiyi bəyanatda qeyd edirdi ki, "Biz Sarkisyanın və Koçaryanın ordusunu məhv etmişik. O ordu bir də Azərbaycan ərazisinə girə bilməyəcək".

- Hal - hazırda Laçındakı mövcud vəziyyətlə bağlı nə deyə bilərsiniz?

- Bilirsiniz, 9 noyabr sazişinə əsasən Laçın rayonunun ərazisinin müəyyən bir hissəsi bugünləri koridor vəziyyətindədir. 44 günlük müharibə çərçivəsində Azərbaycan xalqı həm Azərbaycan ordusunun gücünü, eyni zamanda, Azərbaycan diplomatiyasının zəfərini gördü. Düzdür, Laçın rayonunun bir hissəsi Azərbaycan ordusunun gücü sayəsində işğaldan azad olundusa, amma 9 noyabr sazişinə əsasən digər ərazilər Ermənistan qoşunları bir güllə atılmadan və biz şəhid vermədən çıxarıldı.

- Laçının mərkəzi rus, yoxsa Azərbaycan qüvvələrinin nəzarətindədir?

- 9 noyabr sazişinə əsasən Qarabağda yaşayan ermənilərlə bağlı və Ermənistanla olan əlaqədə biz koridorun verilməsinə razılaşmışıq. Həmin koridorun şərtlərinə əsasən Laçının 5 kilometrlik ərazisi, yəni, Şuşanın arxa hissəsindən başlayan yoldan Ermənistana tərəf bir yol var. Bugün o yol bir koridordur. Həmin koridora rus sülhməramlıları nəzarət edir. Təbii ki, Qubadlı istiqamətindən gedərək, Laçının Kəlbəcərə tərəf olan kəndlərini ziyarət etmək istəyən insanlar həftənin cüt günləri sülhməramlıların müşayiəti ilə Laçın rayonunun mərkəzinə keçə bilərlər.

- Siz deputat olaraq Laçının mərkəzinə gedə bilərsinizmi?

- Biz ancaq sülhməramlıların icazəsi ilə gedə bilərik. Çünki noyabr sazişinə əsasən Laçının mərkəzinə sülhməramlılar xidmət edir. Bu yaxınlarda Xankəndi ilə Ermənistana 3 il müddətində alternativ yol çəkiləcək. Məndə olan məlumata görə artıq o yolun layihələndirmə işləri gedir. O yol çəkildikdən sonra Laçın rayonunun mərkəzində olan sülhməramlılar yolun mühafizəsi ilə məşğul olacaqlar. Bundan sonra da biz Laçın rayonunun mərkəzinə də sülhməramlıların icazəsi olmadan rahat gedəcəyik.

- Bir ara belə bir məlumat yayıldı ki, guya 250 nəfər erməni rus sülhməramlılarına xidmət etmək üçün Laçının mərkəzində yaşayır. Siz bu barədə nə deyərdiniz?

- Məndə olan məlumatlara görə bu rəqəmlər düzgün deyil. Laçının mərkəzində 2-3 belə erməni var. Onlar da sahibsiz, yiyəsiz insanlardırlar və bəzən orada sülhməramlılara xidmət edirlər. Ola bilsin ki, bu məlumatlar da dəqiqləşdirilmiş məlumatlar deyil. Amma Laçın rayonunun mərkəzində 200 - 250 ailənin olması ilə bağlı məlumatlar tamamilə yalandır. Mən burdan bütün Laçın rayonunun adından deyə bilərəm ki, bizim insanlar tamamilə cənab Prezidentin apardığı siyasəti dəstəkləyirlər. Zaman-zaman istər internet saytlarında, istər televiziyada, bütün mətbuat orqanlarında Laçın rayonunun ağsaqqalları, ziyalıları, gəncləri, keçmiş döyüşçüləri, müharibə veteranları, əlilləri, bütün kateqoriyadan olan insanlar zaman - zaman Cənab Prezidentə təşəkkür ediblər ki, bu 30 illik həsrətimizə son qoymusunuz. Sizin apardığınız siyasət, sizin ordunuzun gücü, şəhidlərimizin, əlillərimizin sayəsində Azərbaycanın işğal altında olan torpaqları geri qayıdıb. O cümlədən də Laçın rayonu geri qayıdıb. Biz hər il may ayının 18-i gələndə Laçın rayonunun işğal gününü qeyd edirdik. Biz artıq qələbələri qeyd edirik ki, bütün bunlar da bütün Azərbaycan xalqı kimi Laçın rayonunun insanlarının da həyatında silinməz izlər buraxır.

- Siz Laçının mərkəzində olmusunuz?

- Xeyr. Mən Laçın rayonunun mərkəzində olmamışam. Bunu açıq etiraf etmək istəyirəm ki, siz bilirsiniz ki, hökumət adamlarının, millət vəkillərinin, rəsmi adamların bu ərazilərə getməsi ilə bağlı müəyyən icazələr lazımdır. Eyni zamanda, bu həm də onunla bağlıdır ki, bu ərazilər tamamilə minalanıb. Təhlükəsizlik-nöqteyi nəzərdən də daxili işlər orqanlarının və xüsusi xidmət orqanlarının icazəsi lazımdır ki, biz o səfərləri edə bilək.

- Təqribən neçə kəndimiz hal-hazırda bizim nəzarət zonamızdadır?

- Laçın rayonunun mərkəzi, Qala dərəsi deyilən kənd və aşağıda çayın kənarında olan kəndlərin bəziləri və Zabux kəndi rus sülhməramlıların nəzarətindədir. Laçın rayonunun digər 125 kəndi və bir şəhər mərkəzi var, onun təxminən 4-5 kəndi və şəhər mərkəzi bugün ermənilərin yox, rus sülhməramlıların mühafizə zolağına daxildir.

- Hal - hazırda Laçının mərkəzində inzibati binalarda Azərbaycan bayrağı qaldırılıb?

- Məndə olan məlumata görə 9 noyabr sazişinə əsasən rus sülhməramlıların nəzarət etdiyi bölgələrdə onların postlarında, hərbi texnikasının üstündə rus sülhməramlıların bayraqları asılıb. Amma Laçın rayonunun kəndinə cənab Prezidentin səfəri oldu. Orada su elektrik stansiyasının açılışında, cənab Prezident iştirak etdi. Həm də Laçın rayonu ərazisində Azərbaycanın üçrəngli bayrağını qaldıraraq ordan Azərbaycan xalqına öz müraciətini bildirdi.

- Sosial şəbəkələrdə bir məlumatla rastlaşdım ki, guya Laçının bəzi kəndlərinə insanlar artıq köçməyə başlayıb. Hətta kamazlarla yük aparıldığı videoları da var idi. Bu barədə nə deyərdiniz?

- Bu məlumatlar tamamilə səhvdir. Deməli Laçın rayonunun bir cənub, bir şimal hissəsi var. Laçın rayonu şimal hissə ilə Kəlbəcər ilə, cənub hissəsi ilə isə Qubadlı ilə sərhəddədir. Laçının mərkəzində isə rus sülhməramlıları fəaliyyət göstərirlər. Laçın rayonunun şimal hissəsinə getmək üçün yollardan biri Qubadlı rayonu ərazisindən, Laçın mərkəzini keçərək o kəndlərə getmək mümkündür. Digər bir yol isə Tərtər rayonundan başlayaraq, Kəlbəcərə və Kəlbəcərdən Laçının o kəndlərinə gəlməkdir. Təbii ki, həmin o karvan gedən zaman təkcə vətəndaşlar getmir. Eyni zamanda, Azərbaycan ordusu özü, orada sərhəd zastavalarının tikintisi, mühafizə zolağının çəkilməsi və hərbçilərlə şəraitin yaradılması ilə bağlı yük karvanları da gedir. İşğal altında olan ərazilər, elə Laçın rayonunun özü də ermənilər tərəfindən tamamilə dağıdılıb. Həyat üçün orada heç bir şərait yoxdur. Təkcə Laçın rayonunun Güləbi kəndində 383 ev var. 383 evdən cəmi 3 evdə ermənilər özləri yaşayıblar, digər əraziləri tamamilə dağıdıblar və gedərkən də həmin o üç dənə evi yandırıblar. Demək olar ki, o kənddə heç yanda yaşamaq mümkün deyil. Laçın rayonunun digər kəndlərində də o vəhşilikləri törədiblər. Bütün ağacları kəsiblər, evləri, sosial obyektləri, işıq xətlərini, su xətlərini dağıdıblar, qaz xətlərini tamamilə aparıblar. Ona görə də cənab Prezidentin də tapşırığı ondan ibarətdir ki, ərazilər tamamilə minalardan təmizlənsin, kommunikasiyalar bərpa olsun, minimum həyat şəraiti yaxşılaşdırılsın. Bundan sonra quruculuq, bərpa işləri keçirilsin, kəndlər tamamilə bərpa olunsun və 30 il məcburi köçkün həyatına məhkum olunmuş insanlar qayıdıb öz ata - baba yurdlarında yaşasınlar. Artıq Zəngilan rayonundan Laçın rayonuna gedən böyük magistral yolun çəkilişinə başlanılıb. Demək olar ki, yolun müəyyən bir hissəsini çəkiblər və orada sürətli işlər gedir və bu işləri də Türkiyə şirkətləri həyata keçirir. Çox keyfiyyətli bir yol olacaq. Onunla bərabər işıq xətləri çəkilir, qaz xətləri, su xətləri çəkilməsinə də başlanılıb.

- Əhalinin oraya köçürülməsi üçün artıq tikinti işlərinə başlanılıb?

- Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olan torpaqların baş planları hazırlanıb. Bu yaxınlarda Ağdamda təməlqoyma mərasimi keçirildi. Zəngilanda ağıllı kəndin təməlqoyması olub. Füzulidə də aeroportun tikintisi ilə bağlı təməlqoyma həyata keçirilib. Hadrutdan başlayaraq Şuşaya gedən zəfər yolunun çəkilişinə başlanılıb. Laçın rayonunda aeroportun tikintisi ilə bağlı müəyyən işlər görülüb. Yəni bu işlər sürətlə həyata keçirilməkdədir. O ərazilərin bərpası ilə bağlı böyük maliyyə tutumu lazımdır. Ərazilərin bərpası ilə bağlı təxminən 2, 2 milyard manat vəsait ayrılıb. Eyni zamanda, Qarabağa Dirçəliş Fondu yaradılıb və bu Fonda ianələr edilməkdə davam edilir. Bu işlər mərhələli şəkildə həyata keçirilir.

- Artıq bu işğaldan olan ərazilərin qurulması üçün Baş Plan hazırlanır. Bu Baş Planın hazırlanması siyahısında Ağdərə, Xocavənd, Xankəndi və digər yerlər də varmı?

- Xocavəndin bizim nəzarətimizdə olan kəndlərində bərpa quruculuq işləri başlanılacaq. Xankəndi və Ağdərə hələ ki, sülhməramlıların mühafizə zolağına daxildir. Eyni zamanda, bu ərazilərdə yaşayan ermənilərin Azərbaycan vətəndaşlığına, Azərbaycan qanunlarına tabe olmaq məsələləridir. Bu ərazilər bizim hüquqi torpaqlarımızdır. Təbii ki, Azərbaycan dövləti bu ərazilərdə də bərpa-quruculuq işlərini davam etdirəcək.

- Siz yəqin ki, Şuşaya getmisiniz. Şuşaya gedəndə Xankəndinin içindən keçib gedirsiniz?

- Xankəndinin yanında Şuşa kənd deyilən bir ərazi var. Orada ermənilər var. Mən Şuşaya iki dəfə getmişəm. Bir dəfə yanvarın 2-də, bir dəfə də "Xarı Bülbül" festivalında. Demək olar ki, mən o altı, yeddi kənddə cəmi beş, altı erməniyə rast gəlmədim. Məndə olan məlumata görə rus sülhməramlıları onları təlimatlandırıb ki, Azərbaycan maşınları və azərbaycanlılar gələndə siz görsənməyin. Onlarla çox təmasda olmayın. Müəyyən söz-söhbətlər ola bilər. Amma mən ikinci dəfə "Xarı Bülbül" festivalına gedərkən yol qırağında, öz bağında işləyə bilən kifayət qədər ermənilər var idi və bəzi erməni maşınları ilə qarşılaşırdıq. Onların bəzilərinin sifətlərində biraz utancaq, qorxaq, nifrət dolu baxışlar da var idi. Əslində biz özümüzü bu torpaqların sahibləri kimi aparırdıq.

 

Abbaszadə Mahir

 

 Səs.- 2021.- 5 iyun.- S.8-9