Erkən nikah, yoxsa erkən köləlik?
Erkən nikah hallarına Aran, Gəncə-Qazax,
Lənkəran iqtisadi rayonlarında daha tez- tez rast gəlinir
Statistikaya görə,
indiyədək dünya
miqyasında 650 milyondan
çox qadın uşaq yaşlarında evliliyə sövq edilib. Hər il ən azı
12 milyon qız 18 yaşına çatmadan evlənir və ya buna məcbur
edilir. Bu isə hər dəqiqədə 28 qızın
erkən nikaha daxil olması deməkdir. UNICEF-in (United Nations International Children's Emergency Fund) məlumatına görə, ən
zəif inkişaf etmiş ölkələrdə
bu rəqəm iki dəfə artıqdır. Orada qızların 40% -i 18 yaşından, 12% -i isə
hətta 15 yaşından
əvvəl ərə
verilir. Bu təcrübə xüsusilə
münaqişələrdən əziyyət çəkin
ölkələrdə və
humanitar böhran şəraitində olanlarda
daha çox müşahidə edilməkdədir.
Bu baxımdan mütəxəssislər
ən çox Cənubi Asiya və Afrikanın Sahara bölgəsini qeyd edirlər.
Təəssüflər olsun ki, həyata
keçirilən tədbirlərə
baxmayaraq, erkən nikah halları hələ də digər ölkələrdə
olduğu kimi, Azərbaycanda da mövcuddur
və cəmiyyətimizdə
narahatlığa səbəb
olan problemdir. Erkən nikah
hallarına Aran, Gəncə-Qazax, Lənkəran
iqtisadi rayonlarında daha tez- tez
rast gəlmək olar.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə Problemləri” şöbəsinin
müdir müavini Kamilə Əliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında
bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi
narahat edən məsələlərdən biri
erkən nikah hallarının baş verməsidir: “Erkən nikah hallarının qarşısının alınmasına
dair mütəmadi olaraq həm qanunvericiliyin təkmilləşdirilməsi,
yeni sənədlərin
hazırlanması və
qəbul edilməsi, həmçinin əhalinin,
xüsusilə yeniyetmə
və gənclərin,
valideynlərin erkən
nikahın fəsadları
barədə məlumatlandırılması
istiqamətində tədbirlər
həyata keçirilir”.
Müsahibimiz “Nikah bağlayan tərəflər
buna məcbur edilərsə qanunvericiliyə
görə, hansı tədbirlər nəzərdə
tutulub” sualımıza
cavabında vurğuladı
ki, Azərbaycan Respublikasının Ailə
Məcəlləsində qızlar
üçün minimal nikah
yaşı 17-dən 18-ə qaldırılıb, habelə,
Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində
nikah yaşına çatmayan qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyəti
müəyyən edilib.
Bilavasitə Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,
eləcə də bu qurumun nəzdində fəaliyyət göstərən
Uşaq və Ailələrə Dəstək
mərkəzlərinin erkən
nikahın qarşısının
alınması istiqamətində
gördüyü işlər,
həyata keçirdiyi
layihələr barədə
söz açan müsahibimiz söylədi
ki, yeniyetmə və gənclərin, valideynlərin erkən nikahın mənfi nəticələrinə dair
“Sağlam həyat naminə erkən nikaha YOX deyək” layihəsi, Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində
və regionlarda yerləşən ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrində “Erkən nikah və reproduktiv sağlamlıq” mövzusunda
görüşlər keçirilib.
Bunlardan əlavə “Sağlam həyat naminə erkən nikaha YOX deyək” adlı yaddaş vərəqəsi
və digər maarifləndirici vəsaitlər
nəşr edilərək
əhali arasında paylanılıb. Həmçinin
“Erkən nikah - uşaqlığımızı əlimizdən almayın”,
“Erkən nikah-uşaq
evliliyi” və s. adlı sosial çarxlar hazırlanaraq rəsmi saytlar və sosial şəbəkələr vasitəsilə
yayımlanıb.
Bütün sadalananların fonunda
son 10 il ərzində
erkən nikahların sayında azalmanın müşahidə olunduğunu
qeyd edən Kamilə Əliyeva söylədi ki, əgər 2011-ci ildə nikahları qeydə alınmış 18 yaşadək
qızların sayı
5138 idisə, 2020-ci ildə
bu rəqəm 165-ə
enib.
Həmsöhbətimiz vurğuladı ki, təkcə dövlət tərəfindən
görülən işlərlə
erkən nikah hallarının qarşısının
alınması mümkün
deyil: “Bu problemin həllində ictimaiyyətin
bütün təbəqələrinin,
həm dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının,
həm də cəmiyyətin bütün
üzvlərinin fəal
iştirakı vacibdir.
Bununla əlaqədar, belə hallarla üzləşən
şəxslərə Dövlət
Komitəsinin elektron ünvanına, “Facebook” səhifəsinə
və ya Komitə yanında fəaliyyət göstərən
gender-əsaslı zorakılıqla
bağlı qaynar xəttə (860) müraciət
etmək tövsiyə
edilir”.
Erkən nikahların yeniyetmələrdə
yaratdığı psixoloji
travmalarla bağlı
klinik- psixoloq Nuriyyə Quliyevanın da fikirlərini öyrəndik. Həmsöhbətimiz
bildirdi ki, XXI əsrdə yaşamağımıza
baxmayaraq təəssüflər
olsun ki, hələ də erkən nikahlara yol verilir: “ Bəzən ailələrin
böyükləri - ağsaqqallar
və ağbirçəklər
də belə nikahlara razılıq verirlər. Əksər gənclər, yeniyetmələr
nə fiziki, nə də fizioloji baxımdan nikaha hazırdılar.
Fizioloji olaraq dəyən zərərlərin, fəsadların
tibbi tərəfləri
də var. Lakin mən psixoloji tərəflərinə toxunmaq
istəyirəm. 14-15 yaşında insan hələ yetkinliyə keçid dövrünü
yaşayır. Erkən nikaha
sövq edilənlərin
böyük əksəriyyəti
hələ uşaqlıq
dövrünü başa
vurmurlar. Belə olan
halda təbii ki, həmin şəxslərdə psixoloji
problemlər yaranacaq.
Çünki hələ onların
maraqları öz yaşıdları ilə
ünsiyyət qurmaqdır,
dostları, rəfiqələri,
sinif yoldaşları ilə hansısa nailiyyətlərini bölüşməkdir.
Psixoloji cəhətdən evliliyə
hazır olmayan insana bu cür
ağır məsuliyyət
yüklənilir. Ev, ailə
bir müddət sonra körpə qayğılar və 14, 15
yaşlı özü
hələ uşaq olan şəxs bunların öhdəsindən
gəlməlidir, bu yükü qaldırmalıdır.
Yeniyetmənin böyük
ailəni idarə edərək, fərdinə
qulluq etməsi belə o yaşda özü-özlüyündə travmadır”. Müsahibimiz xanımların 23 yaşdan əvvəl nikaha daxil olmalarını
tövsiyə etmir.
Nuriyyə Quliyeva söylədi ki, psixoloji baxımdan evlilik yaşı oğlanlarda 25 yaşdan sonra daha idealdır:
“Çünki kişi
həm də ailənin başçısıdır
və onun iqtisadi baxımdan ailəni idarə etməsi üçün
əvvəlcə müəyyən
qədər özünü
təsdiq etməsi vacibdir”.
Günel Eyyubova
Səs.- 2021.- 11 iyun.- S.12.