Dünyanın tolerantlıq mərkəzi
olan Azərbaycan
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin yaradılmasından 20 il ötür
Ölkəmizdə dözümlülük ənənələrinin
qorunub saxlanılmasına töhfələrini verən Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin yaradılmasından artıq 20 il ötür.
Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanı olan
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan
Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixində
yaradılıb. Azərbaycan Prezidentinin Sərəncamı
ilə Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə
və dövlət–din münasibətlərinin tənzimlənməsində
səmərəli fəaliyyətinə görə bir
neçə əməkdaşları "Tərəqqi",
"Dövlət qulluğunda fərqlənməyə görə"
medalları ilə təltif olunublar. Qeyd edək
ki, müstəqil Azərbaycanın Banisi, xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi
altında dövlət quruculuğu prosesinin tərkib hissəsi
kimi dövlət-din münasibətləri sisteminin əsas
prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik
bazası uğurla formalaşdırıldı. Ulu
Öndərin dövlət-din münasibətlərinin tənzimlənməsi
sahəsində böyük və tarixi xidmətlərindən
biri olan Azərbaycan Respublikası Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin yaradılması oldu. Dövlət Komitəsinin yaranması barədə fərmanla
Komitənin qarşısına Azərbaycan Respublikası
Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi
üçün müvafiq şəraitin yaradılması,
dini etiqad azadlığı ilə bağlı qanunvericilik
aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi,
dini qurumların dövlət qeydiyyatına
alınması, zərərli təriqətlərin fəaliyyətinə
son qoyulması və digər vəzifələr qoyuldu. Beynəlxalq
aləmdə, xüsusilə regionda və ölkədə gedən
proseslər, eləcə də dini durumda baş verən hadisələr
Ümummilli Liderin bu qərarının nə qədər
müdrik addım olduğunu bir daha təsdiqlədi.
PREZİDENT CƏNAB İLHAM ƏLİYEVİN
MƏQSƏDYÖNLÜ FƏALİYYƏTİ
NƏTİCƏSİNDƏ MULTİKULTURAL VƏ TOLERANT
MÜHİT FORMALAŞIB
Azərbaycandakı multikulturalizm mühiti
müxtəlif xalqların və etnik qrupların dilinin, dininin
və ümumilikdə mənəvi mədəniyyətinin
inkişafına geniş imkanlar yaradır. Azərbaycanda
dövlət-din münasibətləri tənzimlənib, dini
sahədə sabitliyə nail olunub, konfessiyalar arasında
dözümlülük mühiti dövlət səviyyəsində
qorunub saxlanılır. Tolerantlıq mühiti dövlət-din
konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə
də dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilib. Bu gün Ulu Öndərin
siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab
İlham Əliyev bütün sahələrə olduğu
kimi, bu sahəyə də ayırdığı diqqət nəticəsində
milli-mənəvi dəyərlərimizin
yaşadılması, tarixi-dini abidələrimizin bərpası,
dövlət-din münasibətlərinin tənzimlənməsi
sahəsində regionun lider dövlətinə çevrilib. Azərbaycan
Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü
fəaliyyəti nəticəsində ölkədə
ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, multikultural və
tolerant mühit formalaşıb. Dövlət
siyasətini həyata keçirən Dövlət Komitəsi
20 illik fəaliyyətində dini etiqad azadlığı
prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin
qanunvericilik əsasında tənzimlənməsi, dini
dözümlülük ənənələrinin möhkəmləndirilməsi,
dini icmalar arasında qarşılıqlı
əməkdaşlığın gücləndirilməsi və
dini dözümsüzlük meyillərinin
qarşısının alınması istiqamətində
ardıcıl tədbirlər həyata keçirir. Ölkədə
dini durum, bu sahədə mövcud problemlər, zərərli
təriqətlərin təbliği, dini icmaları
narahat edən məsələlər dərindən öyrənilir
və zaman keçdikcə onların həllində müsbət
nəticələr əldə olunur. Dini maarifləndirmə
işini Komitənin təsis etdiyi "Cəmiyyət və
Din" qəzeti, "Dövlət və Din" ictimai fikir
toplusu, DQİDK əməkdaşlarının müəllifi
olduğu nəşrlər, eləcə də televiziya
proqramları vasitəsilə də aparan Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında
dini radikalizmin, xurafatın törətdiyi fəsadları
və təhlükələri ictimaiyyətə daha aydın
şəkildə çatdırmaq, həmçinin, bu sahədə
maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə
"Fitnə", "Şəhadət", "Vəhdət
qanımızdadır" və digər sənədli filmlər
çəkilərək geniş ictimaiyyətə təqdim
edilib. Komitənin aidiyyəti qurumlarla birgə təşkilatçılığı
ilə Azərbaycanın tolerantlıq təcrübəsi və
multikultural dəyərlərinin, eləcə də zəngin
mənəvi-əxlaqi irsinin təbliği istiqamətində
"Ekstremizmə qarşı mübarizədə din və
etiqad azadlığının təmin olunması: Azərbaycandakı çətinliklər və
mövcud təcrübə", "Demokratik cəmiyyətdə
din və əqidənin rolu: terrorizm və ekstremizmə
qarşı mübarizə yollarının
araşdırılması", "Din və demokratiya: nəzəriyyə
və tarixi təcrübə", "Heydər Əliyev və
Azərbaycanda din siyasəti: gerçəkliklər və
perspektivlər", "İslam həmrəyliyi:
dini və mədəni müxtəlifliyin harmoniyası",
"Rusiya-Azərbaycan: sülh təhlükəsizlik və əməkdaşlıq
naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi",
"Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa
doğru" və s. mövzularında beynəlxalq konfranslar,
simpoziumlar, panellər keçirib.
AZƏRBAYCAN ÖZ DİNİ
MÜXTƏLİFLİYİ İLƏ FƏXR EDİR
Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə
xüsusi diqqət və qayğısının nəticəsi
olaraq bu gün dövlət və din münasibətləri
özünün ən yüksək səviyyəsindədir.
Azərbaycanda bütün dinlərin nümayəndələri
öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər.
Azərbaycanda bütün dinlərin nümayəndələri
qarşılıqlı hörmət və anlaşma, sülh
şəraitində birgə yaşayır və Milli Məclisdə
təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş
həmrəyliyi və etnik dini dözümlülük
mühiti mütərəqqi tarixi ənənələrdən
bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
Azərbaycan müxtəlif etnosların və millətlərin,
fərqli dinlərə sitayiş edən insanların tarixən
dostluq və qardaşlıq şəraitində
yaşadığı tolerant ölkəyə çevrilib. Bu
gün ölkəmizdə 2250 məscid mövcuddur, 14 kilsə,
7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı,
ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət
göstərir.
Azərbaycan öz dini müxtəlifliyi ilə
fəxr edir. Çünki Azərbaycan dünyanın ən qədim
xristian dövlətlərindən birinin yerləşdiyi məkan
olub və xristian icması əsrlər boyunca Azərbaycan
tarixinin formalaşmasında iştirak edib. Təsadüfi deyil
ki, xristian və müsəlman icmaları ilə yanaşı
yaşayan təqribən 30 minlik yəhudi icması isə Azərbaycanda
iki min ildən bəri yaşamaqdadır. 2003-cü il
martın 9-da Bakıda yeni yəhudi sinaqoqu
açılmışdır. Bu, Avropada ən
böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda
ilk yəhudi məktəbi fəaliyyət göstərir.
2010-cu ilin oktyabrında isə Bakının Xətai rayonunda
yerləşən üçmərtəbəli təhsil
kompleksi ən müasir tələblər səviyyəsində
istifadəyə verilmişdir. 450 yerlik mərkəzin digər
təhsil müəssisələrindən fərqi burada yəhudi
mədəniyyəti əsaslarının tədris
olunmasıdır. Azərbaycanda yaşayan yəhudilər hər
il öz bayramlarını qeyd edirlər. Bayram vaxtı
sinaqoqda ibadət edir, şofar (musiqi aləti) səsləndirir,
xüsusi ayinlər yerinə yetirir, yardıma ehtiyacı olan
şəxslərə kömək göstərir, bir masa ətrafına
toplaşaraq günahlarının bağışlanması
üçün dualar edirlər. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr
2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud
dini konfessiyaların dəstəklənməsini, mənəvi
dəyərlərin qorunması və inkişafını,
habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini
təmin etmək məqsədi ilə Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin tabeliyində
Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət
göstərir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı
ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə
söykənən və dövlət siyasətinin məntiqi
nəticəsi olan yüksək dini-mənəvi mühitin
qorunub saxlanılmasını və inkişaf etdirilməsini,
dini fəaliyyətin təşkili sahəsində yüksək
ixtisaslı kadrların hazırlanmasını təmin etmək
məqsədilə Azərbaycan İlahiyyat İnstitutu
yaradılıb.
ÖLKƏMİZDƏ MULTİKULTURALİZM
ƏNƏNƏLƏRİ QORUNUB SAXLANILIR, İNKİŞAF
ETDİRİLİR VƏ TƏBLİĞ OLUNUR
Multikulturalizmin həyat tərzinə
çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq
nümunəsi olaraq daha geniş tanıdılmasının
vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki
müxtəlif multikultural modellərə xas fəlsəfi,
sosial, siyasi və digər aspektlərin Azərbaycan
reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan
Prezidenti Cənab İlham Əliyevin məlum Sərəncamı
ilə paytaxtımızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradıldı. Multikulturalizm Mərkəzi
yarandığı vaxtdan etibarən Prezidentin müəyyənləşdirdiyi
Azərbaycanı, ölkəmizin multikultural dəyərlərini,
tolerantlıq ənənələrini dünyada
tanıtmaq hədəfini qurumun aparıcı istiqaməti elan
edib. Azərbaycanda multikulturalizm ənənələrinin
qorunub saxlanması, daha da inkişaf etdirilməsi və
geniş təbliğ olunması məqsədi ilə
2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm
ili" elan edilməsi haqqındaAzərbaycan Respublikası
Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə
multikultural mühitə olan münasibətin daha bir real ifadəsinə
çevrildi. Bu gün ölkəmizdə bütün
millətlərin və dinlərin nümayəndələri
tam qarşılıqlı anlaşma, milli həmrəylik
şəraitində yaşamaları üçün
bütün şərait yaradılıb. Sosial bir hadisə
olan multikulturalizm və tolerantlıq cəmiyyətdə əmin-amanlıq,
bəşəriyyətdə isə sülh deməkdir. Təbii
ki, multikulturalizmin olması cəmiyyətdə bərabərliyin,
demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa
sözlə, ədalətin bərqərarı deməkdir.
Müasir dövrümüzdə ölkəmiz
bütün xalqların, bütün səmavi dinlərə
tapınanların azad yaşadığı bir dövlətdir.
Bütün bunlara rəğmən qürur hissi ilə deyə
bilərik ki, bəli, Azərbaycan dünyanın
multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq
mərkəzinə çevrilib. Bir sözlə, Azərbaycan
bu sahədə dünyaya örnək bir dövlət kimi
özünü təsdiqləyə bilib.
Zümrüd
BAYRAMOVA
Səs.-
2021.- 22 iyun.- S.10.