Salam Ağdam, biz bu dəfə həmişəlik gəldik!

 

Səfər təəssüratlarımdan qələmimə sızan düşüncələrim...

 

Martın 13-də - media qurumları və QHT rəhbərlərinin, blogerlərin və ictimai fəalların işğaldan azad olunmuş Ağdam şəhərinə baş tutan səfəri ömrümün ən silinməz xatirə guşələrindən birinə yazıldı. Çünki bu səfər hazırkı dövrə qədər etdiyim bütün səfərlərdən fərqli və təsirli idi. 30 ilə yaxın düşmən tapdağında qalmış və Müzəffər Ali Baş Komandanımız, Qalib Sərkərdəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarımıza doğru hərəkət edərkən çoxsaylı düşüncələrimiz bizləri rahat buraxmırdı...

 

Xüsusilə, dünyada “Qafqazın Xirosiması”, yaxud “Qafqazın Stalinqradı” adını alan Ağdamımıza reallaşdırılmış səfər əsnasında düşmənin nə qədər vəhşi, vandal olması faktı gözlər qarşısındakı ağır, sarsıdıcı mənzərəsi ilə yanaşı, həm də bütün çılpaqlığı ilə canlandı. Məhz çılpaqlığı ilə, çünki vaxtilə Qarabağımızın cənnətməkan guşəsi kimi gözlər oxşayan şəhərdən heç bir əsər-əlamət qalmayıb. Ağdamın torpağına qədəm qoyar-qoymaz hiss olundu ki, yaralı şəhərimiz ölüm səhrasında əsən yellərtək inləyirdi, fəryad edirdi. Çöllükdə vıyıldayan külək buralarda 27 il əvvəl yaşanmış dəhşətləri bir daha bizə çatdırırdı. İlk bahar çağındakı soyuq Ağdamımızı əfsuslar olsun ki, belə gördük...

 

Biz Ağdama “salam!” dedik və onu da dedik ki, bu dəfə həmişəlik gəlmişik!

 

Kiçik bir qeydimi də əlavə etmək istərdim. Bu gün çoxları sual edirlər ki, digər işğaldan azad olnumuş torpaqlarımızda da dəhşətli dağıntılar, erməni qəsbkralığının, talanının izləri var, lakin Ağdamın tamamilə yerlə-yeksan olması, həqiqətən də, tamamilə fərqlidir və bunun səbəbi nədədir? Deyilənə görə, ağdamlılar birinci Qarabağ müharibəsində düşmənə elə bir sərt müqavimət göstəriblər ki, xəyanət və satqınçılıq nəticəsində əldən verilən bu şəhərə qarşı erməni işğalçılarının məxsusi nifrətləri yaranmışdı. Onlar Ağdamda daşı-daş üstündə qoymayacaqlarına sanki and içmişdilər və indi hər şey göz qabağındadır. Tarix isə unutmur və 27 il öncəki hadisələri yenidən və bu dəfə başqa prizmadan sərir nəzərlərimiz qarşısına.

 

Minalanmış Ağdam: Hər addımda ölüm, hər addımda qan-qada nəfəsi sanki orada yürüyən insanları daban-dabana izləməkdədir

 

Səfər müddətində Ağdam rayonunun Baş Qərvənd kəndinə getdik və dəmir yolu ətrafında minatəmizləmə əməliyyatlarını müşahidə etdik. Minlərlə, on minlərlə, hətta yüz minlərlə minalar didik-didik edilmiş Qarabağımızda hələ də insanlarımızın həyatlarına ölüm təhlükəsi saçmaqdadır. Düşmən bu gün də mina xəritələrini bizə təqdim etməməsi ilə öz qanlı, qatillik, terrorçuluq xislətində qaldığını isbatlamaqdadır. Ancaq buna baxmayaraq, bir sıra beynəlxalq minatəmizləmə təşkilat və qurumları Azərbaycan minaaxtaranları ilə bir yerdə əraziləri illər əvvəl əkilmiş ölüm toxumlarından təmizləməkdədirlər. Bu prosesin nə qədər ağır olduğunu da görmək, hiss etmək elə də çətinlik yaratmır. Hər addımda ölüm, hər addımda qan-qada nəfəsi sanki orada yürüyən insanları daban-dabana izləməkdədir. Lakin buna baxmayaraq, torpaqlarımızın minalardan təmizlənərək yeni nəfəs alacağını, dirçələcəyini də əminliklə deyə bilərik. Elə Ağdamımıza başlanan səfərin də, məhz minatəmizləmə əməliyyatlarını izləməklə başlamağımız bu qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.

 

Keçilməz istehkam stereotipi belə məhv edildi

 

Yağı düşmən Ağdamı özünə bir platsdarma çevirmişdi. Hesab edirdi ki, keçilməz sədd olan bu şəhər heç vaxt öz sahibinə geri qaytarılmayacaq. Amma düşmən yanılmışdı və bu səfərimiz də mənfur işğalçının həmin səhvini kifayət qədər təsdiqləmiş oldu – biz azad Ağdamda idik, öz elimizdə, öz torpağımızda, öz məmləkətimizdə!

 

Erməni qəsbkarlarının Ağdamdakı istehkamları üzərində illər ərzində sərf etdikləri əməklərindən nəticə çıxarmaq olar: elə rayonlar var ki, onların hərbi yolla yox, dinc üsulla işğaldan azad edilməsi olduqca müsbət haldır. Bəziləri Ağdamın Azərbaycana qaytarıldığını ifadə edirlər. Xeyr, bunu belə təqdim etmək lazımdır - Ağdam da işğaldan azad olundu! Çünki ermənilər həmin torpaqları öz xoşuna tərk etmədilər, digər cəbhələrdə aldıqları ağır məğlubiyyətlərini Ağdamda da dadacaqlarını dərk etdilər. O cümlədən, Ağdam rayonu böyük strateji əhəmiyyətə malikdir və onun işğaldan azad olunması ilə demək olar ki, Qarabağdakı bütün yollara nəzarət imkanı məhz bizim əlimizdədir.

 

Düşmən istehkamlarına gəlincə isə, cənab Prezident İlham Əliyevin bir ifadəsini xatırlatmaq istərdim. O, çıxışı əsnasında bildirmişdi ki, müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. “Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda”, deyə vurğulayan cənab Ali Baş Komandanımız da, əslində, işğalçı qüvvələrin burada nə qədər güclü istehkamlar, sədlər qurduqlarını qeyd edib. Bu baxımdan, digər torpaqlarımız, əsasən də, Şuşamız azad olunduqdan sonra düşmən kapitulyasiya aktına imza atdı və Ağdamımız qansız-qadasız işğaldan xilas edildi. Bu isə Qalib Sərkərdəmizin hərbi strategiyasının bariz təcəssümü kimi qiymətləndirilə bilər. Ağdamın azad olunması həm düşmənin onurğa sütununun qırılması, həm də “qalib stereotipinin” məhvi kimi qiymətləndirilə bilər.

 

Ağdam şəhidliyi bizə “biz sizləri çoxdan gözləyirdik” dedi...

 

Ən ağrılı məqamlardan biri isə Ağdamdakı Şəhidlər Xiyabanının və Ağdam Cümə məscidinin vəziyyəti idi. Bu iki müqəddəs yerlərin mənfur düşmən tərəfindən talana, vandalizmə məruz qalmaları damarlarımızda axan qanı bir anlığa da olsa dondurdu. Uzundərədəki II Şəhidlər Xiyabanında dağıdılmış məzarlar sanki dil açıb “biz sizləri çoxdan gözləyirdik” deyirdilər və biz onları ziyarət edərkən, onlar da bizləri qarşılayırdılar, özü də həsrətlə, təlaşla...

 

Daha sonra partladılmış avtovağzal, dağıdılmış məktəb binaları, xəstəxanalar kompeksi, Ağdamın məhv edilmiş məşhur səsli-küylü passaj bazarı, şəhərin mərkəzində qəsb olunmuş Çay evi, yer üzündən silinmiş Mərkəzi meydan və oradakı mədəniyyət ocağı - Dram Teatrı, İcra Hakimiyyətinin binası, Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbirstanlığı, Ağdamın “Qarabağ” FK-nun “imarət” stadionu, Çörək muzeyi, 1941-1945 abidəsi, I Şəhidlər Xiyabanı, Qarağacı məzarlığı, Şahbulaq qalası və s. yerlər addım-addım ziyarət olundu və bu ziyarət zamanı keçirilən hər bir acı təəssüf hissi qəlbimizə batan bir tikan təsirini bağışladı. Onların hər birinin yalnız inləyən soyuq və əsir daşları qalmışdı.

 

Müzəffər Ali Baş Komandan: “Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb”

 

Ancaq bundan sonra belə olmayacaq və Prezident İlham Əliyevin Ağdama etdiyi səfərindəki fikirlərini bir daha xatırlatmaq yerinə düşərdi. Dövlət başçımız vurğulayıb ki: “Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.

 

Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq”.

 

Bəli, bizim gücümüz daha da artıb və söz yox ki, nəinki Ağdamımızın, bütün azad olunmuş torpaqlarımızın bərpasında ümumxalq, ümummilli dəstəyimizlə, Müzəffər Ali Baş Komandanımızın ətrafında daha da sıx birləşməklə quruculuq işlərinə töhfələrimizi verəcəyik. Bu, həm də bizim mənəvi vətəndaşlıq borcumuzdur.

 

Bəhruz QULİYEV,

 

“SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

 

P.S. Ağdamdan ayrılarkən, biz vidalaşmadıq, əksinə, onu bir daha ziyarət edərək, üzərindən Füzuliyə, Şuşaya, Kəlbəcərə, Laçına, Ağoğlana, Xocavəndə və digər torpaqlarımıza da “Qarabağ Azərbaycandır!” şüarı ilə səfər edəcəyimizi müəyyənləşdirdik. Belə ki, bu doyumsuz bir hisslərdir və hər anımızı o torpaqlarda keçirmək üçün bitməz arzular qəlbimizdə döyünür...

 

Səs.- 2021.-16 mart.-S.8-9.