Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində akademik Zərifə Əliyevanın anım günü qeyd edilib

   

 

Aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Nümayəndəlikdən SİA-ya bildiriblər ki, tədbirdən əvvəl daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Fəxri xiyabanda akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, daimi nümayəndəliyin kollektivi adından görkəmli alimin məzarı üzərinə gül dəstəsi qoyub.Ulu öndər Heydər Əliyevin də məzarı ziyarət edilib, əziz xatirəsi anılıb.Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının, həmçinin akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın keçdiyi mənalı və şərəfli həyat yolundan, zəngin elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs edərək qeyd edib ki, tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləridir. Bu gün daimi nümayəndəlikdə bu tədbirin keçirilməsi bir tərəfdən əsl fədakar insana olan mənəvi borcumuzun göstəricisidirsə, digər tərəfdən də böyük alimin doğulub boya-başa çatdığı doğma Vətəninin, torpağının, Naxçıvan Muxtar Respublikasının Zərifə xanımın əziz xatirəsinə sonsuz ehtiramının ifadəsidir.Qeyd edilib ki, akademik Zərifə Əliyeva bütövlükdə parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşamış, elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəlmiş, çox məsuliyyətli, eyni zamanda, ibrətamiz, nümunəvi bir həyat yolu keçmişdir. 1923-cü il aprelin 28-də Şahtaxtı kəndində görkəmli dövlət xadimi, Azərbaycan səhiyyəsinin qurucusu və təşkilatçısı olan Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyeva həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə keçirmişdir. Belə bir mühitdə böyüyən Zərifə xanımın xarakterində Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətləri cəmləşmişdir. Adında əks olunan zəriflik qədər zərif, dünyaya göz açdığı Naxçıvan torpağı qədər möhkəm iradəli və əyilməz, nəğməsini dinləyərək böyüdüyü Araz qədər şən və mehriban olmaq Zərifə Əliyevanın xarakterinin əsas cizgilərini təşkil edirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev dediyi kimi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla ailə həyatı quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda Onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Onu bir dəqiqə belə unutmuram və unutmayacağam”.“Uşaq yaşlarından həkimlik sənətinə hədsiz maraq göstərən Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə oranı müvəffəqiyyətlə bitirərək Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. Elmi tədqiqatlara olan hədsiz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmışdır. 1950-1953-cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil almış və elmi tədqiqatla məşğul olmuşdur. Taleyini tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparmışdır”, – deyə Bəxtiyar Əsgərov sözlərinə əlavə etdi.

 

Daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki, akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi məsləhətçisi və elmi rəhbəri olmuş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Akademik həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək dəyərli çıxışlar, məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çıxan “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Zərifə xanımın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır. Böyük alimin bütün mənalı ömrü boyu yaratdığı, lakin heç yerdə çap olunmayan bir kitabı da var: bu, heç bir dərsliyə, yaxud monoqrafiyaya sığmayan Zərifə xanım Əliyevanın həyat kitabıdır. Akademik Zərifə Əliyeva peşəkar həkim və alim olmaqla yanaşı, həm də görkəmli ictimai xadim idi - deyə bildirən daimi nümayəndəliyin rəhbəri qeyd etdi ki, adı hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənən akademik bu gün də insanların qəlbində işıq və nur bəxş edən görkəmli şəxsiyyət kimi yaşayır. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Bu adların, mükafatların hər biri qürur, iftixar mənbəyidir. Ən şərəflisi isə böyük iftixarla daşıdığı Ana adıdır. Azərbaycanda tibbin inkişafına əvəzsiz töhfələr verən görkəmli alim Zərifə xanım Əliyeva gənclərimiz üçün də mənəvi paklıq nümunəsidir. O, insanlara örnək olan mənəvi baxımdan zəngin bir həyat yaşayıb. Zərifə xanım yazıb-yaratdığı dəyərli elmi əsərləri pedaqoqluq səriştəsi ilə, ideal bir həkim, alim və insan kimi xatirələrdə yaşayır və daim yaşayacaq. O, gözlərinə işıq verdiyi, nur bəxş etdiyi saysız-hesabsız insanların qəlbində əbədi heykəlini ucaldıb.“Elmi və ictimai fəaliyyəti ilə yanaşı, Zərifə Əliyeva, eyni zamanda, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı idi”, - deyən daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, adı Vətən naminə yorulmadan çalışan 3 dahi insanın – görkəmli alim və dövlət xadimi Əziz Əliyevin qızı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı və ölkəmizi yeni inkişaf mərhələsinə çıxaran, beynəlxalq aləmdə onun nüfuzunu daha da artıran, ən əsası uzun illər işğal altında olan torpaqlarımızı azad edərək adını şanlı hərb tariximizə qızıl hərflərlə yazan böyük Sərkərdəmiz, Prezident İlham Əliyevin anası olmaq bir qadın üçün böyük xoşbəxtlikdir. O, ümummilli liderimiz Heydər Əliyevlə birlikdə qəlblərində daim Vətən sevgisi yaşadan, xalqı üçün çalışan övladlar böyütmüşdür. Görkəmli alimin qəlblərdə yaşayan xoş xatirəsini və xidmətlərini xalqımız daim minnətdarlıq hissi ilə xatırlayır. Çoxşaxəli və gərgin fəaliyyətinə baxmayaraq, səmimi, qayğıkeş və fədakar Azərbaycan həkimi kimi tanınan Zərifə Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilirdi. Hər kəsin qəlbinə yol tapmağı bacaran bu nəcib insan təkcə öz həmkarları ilə yox, sadə peşə adamları, alimlər, mədəniyyət və incəsənət xadimləri ilə də asanlıqla ünsiyyət qurur, həmişə ətrafında xeyirxahlıq mühiti yaratmağa nail olurdu. Bütün bunlarla yanaşı , Zərifə xanım qayğıkeş ana, gözəl və vəfalı ömür-gün yoldaşı və yüksək mənəviyyat sahibi olmuşdur. Zərifə xanımın övladı, Azərbaycan Prezidenti İlham Əliyev o gözəl insanı - anasını belə xatırlayır: “Onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq , eyni zamanda, yüksək mədəniyyət, alicənablıq-bütün gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi. Azərbaycan xanımına xas olan bütün yüksək keyfiyyətləri özündə birləşdirmişdi”.Bəxtiyar Əsgərov qeyd edib ki, Zərifə Əliyeva yaşadığı ömrə təkcə yaxşı həkim olmağı sığdırmamışdır. O, heç kəsin dərdinə biganə qalmayan qayğıkeş insan, vəfalı ömür-gün yoldaşı, mehriban ana, bütöv şəxsiyyət idi. Zərifə xanımın mənalı həyat yolu və ümummilli liderimiz Heydər Əliyevlə birlikdə yaşadıqları sevimli ömür yolu qədirbilən xalqımız,xüsusilə,ulu Naxçıvanımız və naxçıvanlılar üçün həmişə bir qürur mənbəyi olmuşdur. Biz həmişə mənsub olduğumuz torpağın belə böyük şəxsiyyətlər yetirməsi ilə fəxr etmiş, onların uğurları ilə öyünmüşük. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Zərifə xanım əsl ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə qəlbdən bağlı olan insan idi. Ailə əsrlərboyu Azərbaycanda böyük mənəvi dayaq rolunu oynamışdır. Dəyanətli şəxsiyyət və dərin zəka sahibi olan Zərifə xanım ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi bu çətin, lakin şərəfli missiyanı da layiqincə yerinə yetirən, ulu öndərə etibarlı mənəvi dayaq olan Şəxsiyyət və Ana idi. Bir-birini heyrətamiz şəkildə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı müasir Azərbaycan cəmiyyəti üçün bir nümunə, milli dəyərlərimizə sədaqətin nadir örnəyidir. Akademik Zərifə xanım Əliyeva Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya siyasətində öz nüfuzu və yeri olan İlham Əliyev kimi milli Lider bəxş edən Ana kimi də unudulmazdır. Azərbaycan Prezidentinin ölkə səhiyyəsinə və elminə qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda gördüyü işlər, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət ulu öndərin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin parlaq təzahürüdür”.Bəxtiyar Əsgərov sonda qeyd edib ki, akademik Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi daim ehtiramla yad olunur. İndi doğma vətənimiz Azərbaycanda və onun ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasında onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə Əliyevanın adını daşıyır. Onun xatirəsinə ucaldılan abidələr görkəmli alimə, əziz, mehriban anaya və əsl insana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür. Akademik elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın yaddaşında şəfqətli həkim, səmimi və sədaqətli Azərbaycan qadını kimi daim yaşayacaqdır.Tədbir digər çıxışlarla davam edib.

 

 Səs.- 2021.- 4 may.- S.7.