Saxta “erməni soyqırımı”
mövzusunu gündəmdə saxlayan acı gerçəklər
Saxta
“erməni soyqırımı” mövzusunu gündəmdə
saxlayan acı gerçəklər
Aprelin 24-də Amerika Birləşmiş
Ştatlarının 46-cı Prezidenti Cozef Bayden Birinci
Dünya müharibəsinin acı nəticələrini birtərəfli
qaydada şərh etməklə bir daha ikili standartlar
mövzusunu beynəlxalq səviyyəli problem kimi
aktuallaşdırdı. Əslində, Osmanlı dövlətini
parçalamaq üçün daim birgə fəaliyyət göstərən və müasir Türkiyəyə
qarşı fasiləsiz olaraq düşmənçilik
mövqeyi sərgiləyən qüvvələr uydurma “erməni
soyqırımı” mövzusunun tarixi gerçəklik deyil,
siyasi təzyiq vasitəsi olduğunu heç zaman gizlətməyiblər.
Məhz bu amili nəzərə alaraq iki məsələ barədə
faktlar ətrafına fikir və mülahizələrimizi
bölüşmək istərdik. Birinci, XX əsrin əvvəllərində
Anadoludakı tarixi gerçəklər, ikincisi, saxta “erməni
məsələsi”nin davamı olan uydurma “soyqırımı”
anlayışının səbəbi və məqsədləri.
Əvvəla qeyd etmək lazımdır ki,
uydurma “erməni soyqırımı” mövzusuna münasibət
beynəlxalq arenadakı vəziyyətə uyğun olaraq daim
dəyişmişdir. Erməni din xadimləri bu məsələni
ilk dəfə erməni lobbisi vasitəsilə Birinci Dünya
müharibəsinin sonlarına yaxın gündəmə gətirmiş
və Osmanlıya qarşı fantastik məbləğdə təzminat
irəli sürmüşdülər. Məqsəd yetərincə
məkrli idi. O dövrdə xəzinəsi tamamilə boş
olan Osmanlı dövlətinə bu iddianı qəbul etdirmək
və torpaq qoparmaq istəyirdilər. Lakin uydurma “erməni
soyqırımı” anlayışının qəbul etdirilməsinin
daha fəal fazası 1950-ci illərə təsadüf
etmişdir.
Prezident Cozef Baydenin məlum açıqlamasına
Türkiyə ilə bərabər, Azərbaycan da kəskin
şəkildə etiraz səsini ucaltdı. Azərbaycan
Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan arasında telefon
danışığından sonra bu etirazlar daha da intensivləşdi.
Nəhayət, aprelin 28-də ABŞ-ın dövlət katibi
Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə
telefonla zəng etdi. Azərbaycan Prezidenti
söhbət əsnasında, eyni zamanda, bu günlərdə
ABŞ Prezidentinin dırnaqarası “erməni
soyqırımı” ilə bağlı bəyanatı ilə əlaqədar
qeyd etdi ki, Türkiyə Azərbaycanın yaxın dostu və
müttəfiqidir, postmüharibə dövründə
bölgəmizdə çox önəmli və müsbət
rol oynayır. ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan
rəhbərliyi və ictimaiyyəti tərəfindən
narahatlıqla qarşılanıb. Bütün bunlar bir daha
göstərdi ki, Azərbaycan bundan sonra da Türkiyənin
yanında olmaqda davam edəcək.
Mövzunun davamı olaraq qeyd etmək
lazımdır ki, ötən dövrdə birbaşa siyasi
maraqlara xidmət edən bu qərarların nə Ermənistan
dövlətinə, nə də erməni toplumuna faydası
olmayıb. Əksinə, beyni, düşüncəsi və
baxışları xəstə “böyük Ermənistan” təxəyyülü
ilə zəhərlənən ermənilər Azərbaycana
qarşı işğalçılıq siyasəti və
Türkiyəyə istiqamətlənmiş əsassız ərazi
iddiaları ilə öz dövlətlərini indiki
gülünc vəziyyətə salmışlar. Hazırda Ermənistandakı
çoxtərəfli böhran həddinin əsas səbəbi
məhz bu amillərdir. Uydurma “erməni soyqırımı”
ayrı-ayrı ölkələrin hökumət və
parlament qərarları indiyədək olmadığı kimi,
bundan sonra da Ermənistana və erməni toplumuna fayda gətirməyəcək.
Dünya ermənilərindən yardım, ianə,
üzvlük haqqı adı ilə fasiləsiz olaraq hər ay
toplanan vəsaitlərin bir hissəsini müəyyən şərtlər
altında Ermənistan hökumətinə “pay” kimi verib öz
iyrənc şərtlərini diktə edən erməni lobbisi
bundan sonra da öz prinsiplərindən əl çəkməyəcək.
Çünki aylıq toplanan vəsaitlər onlar
üçün davamlı qazanc mənbəyidir. Beləliklə,
məntiqi mülahizələrlə əsaslandıra bilirik
ki, uydurma “erməni soyqırımı” mövzusunun
arxasında iki mühüm qüvvə var - erməni lobbisi və
daim onlardan Türkiyəyə qarşı istifadə edən
tərəflər. Ayrı-ayrı ölkələrdəki
siyasi qüvvələr uydurma “erməni soyqırımı”
mövzusunu iki mühüm məqsəd üçün
istifadə edirlər. Birincisi, erməni lobbisindən
seçki kampaniyalarında yardım alır, ikincisi, bu məsələdən
Türkiyəyə qarşı güc vasitəsi kimi
yararlanırlar. Beləliklə, “ermənipərəstlik”
anlayışı, sadəcə olaraq, bu iki mənfur qüvvənin
ortaq maraqlarından doğan bicpərəstlikdir.
Qeyd edilməlidir ki, ABŞ
prezidentləri arasında ənənəvi 24 aprel müraciətləri
edənlərdən ilk dəfə Osmanlı dövlətinin
süqutu illərində bu coğrafiyada yaşananları
“soyqırımı” ifadəsi ilə xatırlayan 1981-ci ildə
Ronald Reyqan olub. Lakin məhz ABŞ-ın
keçmiş Prezidenti Ronald Reyqanın hüquq məsələləri
üzrə müşaviri Bryuz Felin bildirmişdir ki, Ağ
evin araşdırması nəticəsində 1915-ci ildə
ermənilərin 2 milyon Osmanlı türkünü qətlə
yetirdiyi müəyyən olunmuşdur. 1981-ci ildə həmin
məsələ Ağ ev tərəfindən
araşdırılmış və saxta erməni
iddialarının əsassız olduğu sübuta
yetirilmişdir. Bundan başqa, ABŞ-da fəaliyyət
göstərən 69 görkəmli tarixçi alim birgə
müraciətlərində Osmanlı dövlətində “erməni
soyqırımı” anlayışının yalan olduğunu
bildirmişlər. Erməni yalanlarını ABŞ-dakı
arxiv sənədləri ilə ifşa edən bu ölkənin
görkəmli alimi, yazıçı-publisist Samuel A.Ujmz
Birinci Dünya savaşından əvvəl Osmanlı ərazisindəki
erməni üsyanları ilə bağlı nadir faktları tədqiqata
cəlb edib. Bir neçə dildə
yayılan “Ermənistan terrorçu xristian dövlətinin
gizlinləri” əsərinin müəllifi Samuel A.Ujmz saxta
“soyqırımı” anlayışını yaradan
bütün səbəbləri, erməni toplumunun hansı
güclərin təsiri və yardımı ilə Osmanlı
dövlətinə qarşı döyüşdüklərini
əsaslandırdığı üçün ermənilər
tərəfindən dəfələrlə təhdid
edilmiş və ABŞ-da öz evində müəmmalı
şəkildə ölmüş, əsərin ikinci cildi əlyazma
şəklində oğurlanmışdır. ABŞ-ın
saxta “erməni soyqırımı” mövzusuna dair dalğavari
baxış bucağı ilə bağlı daha bir faktı təqdim
etmək yerinə düşər. ABŞ Dövlət Departamentindən
Prezident Cozef Baydenin məlum açıqlamasına belə
münasibət bildirilib: “Prezidentin son açıqlaması
“Xarici Dövlət Toxunulmazlığı” Qanunu ilə tənzimlənən
ABŞ məhkəmələri qarşısında Türkiyənin
suveren immunitetinə təsir etmək məqsədi
daşımayıb”.
Araşdırmalar göstərir ki, Türkiyə
Respublikasında keçmiş SSRİ-nin süqutuna qədər
saxta “erməni soyqırımı” mövzusuna qarşı
müəyyən biganəlik yaşanmışdır. Lakin
sovetlər birliyinin süqutu ərəfəsində Türkiyə
açıq şəkildə müşahidə etmişdir
ki, SSRİ-nin süqutundan sonra ABŞ və bəzi Avropa
ölkələrinin ona qarşı təzyiqləri
artmağa başlayır. Bu məsələdə
qarşı tərəflər, ilk növbədə, saxta “erməni
soyqırımı” məsələsindən istifadə etməklə
öz maraqlarını təmin etməyə
çalışıb. Təsadüfi deyil ki,
erməni quldur dəstələrinin Anadoluda qətlima məruz
qoyduqları türklərin kütləvi məzarlıqları
məhz 1990-cı illərdən açılmağa
başlayıb. İndi həmin sübutlardan bəzilərini
təqdim edək. Məlum olduğu kimi,
erməni silahlı dəstələri XX əsrin əvvəllərində
ilk böyük qətliamları Anadolunun şərqində
törədiblər. 1915-ci ildə Vanı ələ
keçirən ermənilər Van və Ərciş
arasında yerləşən Dərəbəy, Hakis, Zorava,
Hıdır, Göllü, Şəyhaynə, Şəyhkara kəndlərində
yerli əhalini məhv ediblər. Bu bölgədə həmin
qanlı hadisələr nəticəsində 2500 türkün
kütləvi öldürülməsi sənədlər əsasında
təsdiqlənib. Bu yerlərdəki vəziyyət 1918-ci ildə
ABŞ-lı missionerlər tərəfindən lentə
alınıb, sənədləşdirilib, raportlar şəklində
öz ölkələrinə göndərilib. Həmin
dövrdə bölgədə xidmət edən alman və
ingilis hərbçilər tərəfindən də bu barədə
sanballı əsərlər yazılıb. 1990-cı il aprelin
4-də yerli tədqiqatçılar Vanda bir neçə
kütləvi məzarlığın tapılmasına nail
olublar. Daha bir fakt: Çukurovanın
görkəmli şəxsiyyətlərindən olan Səhlikzadə
Həsən Əfəndinin nəvələri Camal və Kamal
Sələkoğlular erməni quldur dəstələrinin vəhşilikləri
ilə bağlı babalarından qalan sənədləri və
digər faktları günümüzə qədər
yaşadıblar. Bundan başqa, 1989-cu ildə İğdır
vilayətinin Hakmehmet kəndində aparılan qazıntı
zamanı aşkar edilmiş kütləvi məzarlıqda 51 yerli
türkün cəsədi aşkarlanıb. Kənd sakinlərinin
məlumatlarında isə bildirilir ki, 102 il əvvəl erməni
vandalların törətdikləri həmin qətliamda 83 nəfər
xüsusi amansızlıqla öldürülüb. Bu günlədə kənd sakinlərindən 77
yaşlı Pəri Ud bildirib ki, həmin qətliamda onun 7 əmisi
erməni cəlladları tərəfindən vəhşicəsinə
öldürülüb. 1918-ci ildə Qarsdakı “Ulu” məsciddə
285 yerli türkü vəhşicəsinə qətlə
yetiriblər. Van, İğdır, Qubada olduğu kimi,
Qarsda da müsəlman və türklərə aid olduğu təsdiqlənən
bir neçə kütləvi məzarlıq aşkarlanıb.
Hazırda Van şəhərində
ucaldılmış Şəhidlik Zirvəsi,
İğdırdakı “Beş qılınc” abidələri
XX əsrin əvvəllərində ermənilərin bölgədəki
türk və müsəlman əhaliyə qarşı törətdiyi
qanlı qətliamların nişanələridir. Bu abidə və
komplekslərdə bölgədə aşkarlanan kütləvi
məzarlıqlarla bağlı geniş məlumatlar vardır.
İndi isə yenidən arxivlərin
açılması mövzusuna qayıdaq. Avropa İnsan
Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin
müzakirə aspektlərinin siyasətçilərə
deyil, tarixçilərə aid olduğunu açıq şəkildə
iki qərarla ifadə edib. Bundan başqa,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ
Baş nazir olduğu dövrdə 1915-ci il hadisələrini
elmi reallıqların işığında yaddaşlara yazmaq
məqsədilə 2005-ci ildə ortaq tarixi komissiya yaratmaq təklifi
ilə çıxış edib. Ötən dövrdə ermənilər
tərəfindən qarşılıq almamasına
baxmayaraq, Türkiyə tərəfi bu təklifin qüvvədə
qaldığını bildirir. Ermənistan tərəfinin
arxivlərin açılması təklifinə müsbət
yanaşmamasının iki mühüm səbəbi var. Birinci
Ermənistan dövləti 1918-ci ildə Azərbaycan siyasi
elitasının güzəşti nəticəsində mərkəzi
İrəvan olmaqla təxminən 9.9 min kvadrat kilometrlik ərazidə
yaradılıb. Ona görə də 1915-ci il hadisələrinə
dair rəsmi sənədlərin Ermənistan arxivlərində
mövcudluğu inandırıcı deyil. Erməni
silahlı birləşmələrinin bölgədə, o
cümlədən Zəngəzurda, indiki Ermənistanda,
Naxçıvanda, Anadolunun şərqində, həmçinin
Xoy və Səlmasda törətdiyi vəhşilikləri təsdiqləyən
sənədlər əgər İrəvanda
saxlanılırsa həmin qovluqlar Xocalı soyqırımından
da dəhşətli cinayətləri üzə
çıxarar. Bütün bu səbəblərdən
rəsmi İrəvan heç bir halda arxivlərin
açılması məsələsini müzakirə
mövzusuna çevrilməsinə tərəfdar deyil. 1915-ci
il hadisələri ilə bağlı gerçəklər
ABŞ, İngiltərə, Almaniya, Rusiya kimi dövlətlərin
arxivlərində mövcuddur ki, bunlar ləng olsa da,
zaman-zaman ictimailəşir.
Sabir
Şahtaxtı
AZƏRTAC-ın
xüsusi müxbiri
Ankara
Səsə.-
2021.- 4 may.- S.13