Nizami Gəncəvi ədəbi irsi: Heydər
Əliyevdən – İlham Əliyevə
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevi xarakterizə
edən xüsusiyyətlər sırasında mükəmməl
dövlətçilik idealı və səriştəsi,
böyük siyasi uzaqgörənlik, xalqa və vətənə
dərindən bağlılıq, heyrətamiz dərəcədə
yaddaş, geniş tarixi dünyagörüşü, möhkəm
iradə və qətiyyət, tarixi əhəmiyyətə
malik qərarlar qəbul etmək və həmin qərarların
yüksək səviyyədə icrasını təmin etmək
kimi dünya liderlərinə xas olan keyfiyyətlərlə
yanaşı, həm də bu mütəfəkkir dövlət
xadiminin ədəbiyyat və incəsənətə dərindən
bələd olması və həmin faktordan yerli-yerində
bacarıqla istifadə etməsi də xüsusi yer tutur. Obrazlı şəkildə belə demək olar ki,
dünya liderləri arasında Heydər Əliyev qədər
ədəbiyyat və incəsənətə dərindən bələd
olan, bu amildən dövlət idarəçiliyinin və
siyasi-ideoloji proseslərdə yaradıcı şəkildə
istifadə etməyi bacaran dövlət xadimi göstərmək
çətindir. Heydər Əliyev dünyada geniş və
sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət
xadimidir. Ulu öndərin siyasi
dünyagörüşünün formalaşmasında da ədəbiyyat
faktoru mühüm yer tutmuşdur. Görkəmli
dövlət xadimi Heydər Əliyevin aşağıdakı
fikirləri onun taleyində və dünya
görüşündə ədəbiyyat amilinin nə qədər
mühüm əhəmiyyət kəsb etdiyini əyani surətdə
nümayiş etdirir: «Şəxsən mən ədəbiyyatı
çox sevən adamam və gənc vaxtlarımdan, hətta
uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini
oxuyandan ədəbiyyatı sevmişəm.… Mənim bir insan
kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda,
mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin
çox böyük rolu olmuşdur».
Ulu öndər Heydər
Əliyev geniş mənada dünya ədəbiyyatı və
mədəniyyətinə dərindən bələd
olmuş, dünya ədəbiyyatı klassikləri haqqında
orijinal mühakimələr yürütmüş, onlara
obyektiv elmi-siyasi qiymət verməyi bacarmışdır.
Məruzələrindən və
çıxışlarından öyrənirik ki, o,
dünyanın demək olar ki, əksər xalqlarının ədəbiyyatından
tanınmış ədəbiyyat xadimlərinin irsi ilə
yaxından tanış olmuşdur. Müxtəli
vaxtlarda dünya ədəbiyyatı klassiklərindən Dante,
Şekspir, Puşkin, Balzak, Lev Tolstoy, Dostoyevski, Maksim Qorki və
başqa bədii dühaların əsərlərindən məqamına
görə gətirdiyi sitatlar Heydər Əliyevin ədəbiyyatı
nə qədər dərindən mütaliə etdiyini və
ondan hansı səviyyədə yerli-yerində istifadə
etmək bacarığını nümayiş etdirir. Azərbaycanda 1975-ci ildə oktyabr ayında
keçirilmiş sovet ədəbiyyatı günlərindəki
tarixi nitqində ayrı-ayrı müttəfiq respublikaların
ədəbiyyatlarının ən tanınmış ədəbi
şəxsiyyətlərinin adlarını çəkməsi
də Ulu öndərin ədəbiyyata dərindən bələd
olmasının ən bariz təzahürüdür: «Taras Şevçenkonun və Şota Rustavelinin,
Nizaminin və Yanka Kupalanın, Əlişir Nəvainin, Rudəkinin
və Abayın, Məhdimqulunun və Yanis Raynisin, Dmitri
Kantemirin və Toktoqul Satılqanovun, Kristofonas Donklaytusin və
Eduard Viddesnin, …Süleyman Stalskinin, Dmitri Qulianın və
başqa sənətkarların təravətini itirməyən
əsərləri dünyanın və həqiqətin …
dərk dühasına xidmət edirdi».
Heydər Əliyev Azərbaycan ədəbiyyatına
həyat, müdriklik və mübarizə məktəbi kimi
baxmış ədəbiyyat və incəsənət əsərlərimizdə
xalq həyatının bütün dərinliklərinə və
genişliyinə qədər əks olunmasına xüsusi diqqət
yetirməyi zəruri saymışdır. Dahi şəxsiyyət
bu fikirdə idi ki, «Azərbaycan ədəbiyyatı həmişə
öz xalqının həyatının ön
sıralarında irəliləmişdir. Bu ədəbiyyat
xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib
bizə çatdırmış, bizim qarşımızda
bütün əzəməti ilə
açmışdır».
Görkəmli dövlət xadimi Heydər
Əliyev Azərbaycan ədəbiyyatı klassiklərinin: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd
Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə,
Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Üzeyir
Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Mirzə
İbrahimov, Nəriman Nərimanov, Süleyman Rəhimov,
Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə,
Məmməd Araz, Xəlil Rza Ulutürk və
başqalarının xidmətlərini yüksək qiymətləndirmiş,
onların ölkəmizdə və dünyada
tanıdılması sahəsində dövlət səviyyəsində
böyük tədbirlər həyata keçirmişdir.
Ulu öndər Heydər
Əliyevin ədəbiyyat siyasətində böyük Azərbaycan
şairi Nizami Gəncəvinin həyatı və
yaradıcılığının tədqiq və təbliğ
olunması, dünya miqyasında tanıdılması məsələləri
geniş yer tutmuşdur. Əvvəla, Heydər Əliyev siyasi
fəaliyyətinin bütün mərhələlərində
Nizami Gəncəvinin adının, ədəbi irsinin,
ideallarının tədqiqi və təbliği işini diqqət
mərkəzində saxlamışdır. O, Azərbaycana
rəhbərliyinin hər iki dövründə və Siyasi
Büronun üzvü kimi SSRİ Nazirlər Soveti Sədrinin
Birinci müavini vəzifəsində çalışarkən
Nizami Gəncəvinin həyatı və
yaradıcılığının dəyərləndirilməsi
və təbliğ olunması məsələləri ilə
ardıcıl şəkildə məşğul olmuşdur.
Belə ki, Azərbaycan
Respublikasına birinci rəhbərliyi dövründə
(1969-1982) respublika rəhbərinin 6 yanvar 1979-cu il tarixdə
«Azərbaycanın böyük şairi və mütəfəkkiri
Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini
və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri
haqqında» dövlət səviyyəsində xüsusi
bir qərarı imzalaması dahi sənətkarın zəngin
yaradıcılığının ölkədə və
dünyada tanıdılmasında və irsinin sistemli şəkildə
tədqiq edilməsində mühüm rol
oynamışdır. Bundan başqa, 1981-ci ildə
Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin
geniş miqyasda və yüksək səviyyədə təntənə
ilə qeyd olunması keçmiş Sovetlər
İttifaqına görkəmli ədəbi şəxsiyyətlərin
yubileylərinin keçirilməsi üçün müəyyən
edilmiş qaydaların sədlərini aşmış, ədəbiyyatın
inkişafında Nizami Gəncəvi kimi böyük xidmətləri
olmuş dahi sənətkarlara fərqli yanaşma ənənəsinin
əsasını qoymuşdur. Məlum olduğu kimi, Nizami Gəncəviyə
qədər SSRİ miqyasında böyük sənətkarların
yalnız yuvarlaq rəqəmlərlə ifadə olunan yubileylərinin
keçirilməsi ənənəsi mövcud idi. Sovetlər
İttifaqında görkəmli dövlət xadimi Heydər
Əliyevin təşəbbüsü ilə
keçirilmiş Nizami Gəncəvinin 840 illik yubileyi yuvarlaq
olmayan rəqəmlərlə ifadə olunan birinci və
axırıncı rəsmi yubiley tədbiri olmuşdur. O zaman Sovetlər İttifaqı miqyasında və
onun hüdudlarından kənarda da görkəmli dövlət
xadimi kimi qəbul olunan Heydər Əliyev özünün
xüsusi nüfuzundan və dəmir məntiqindən istifadə
edərək Nizami Gəncəvinin 840 illik yubileyini keçirməyə
nail ola bilmişdir. Sonralar məlum
olmuşdur ki, Heydər Əliyeva sovet dövlətinin yubiley
keçirmək ənənəsini qıran bu addımın
qarşısını almaq istəyən yuxarı rəsmi təbəqələrin
yaratdıqları baryerləri də ağıllı
yanaşmalar ilə aşıb keçmişdir. Görkəmli
dövlət xadimi Heydər Əliyev 12 ildən sonra,
1993-cü ildə Nizami Gəncəvinin anadan olmasının
840 illik yubileyinin keçirilməsinin ibrətamiz tarixçəsini
aşağıdakı kimi ictimaiyyətin diqqətinə
çatdırmışdır: «Nizami Gəncəvinin 840
illiyini böyük bir yubiley kimi qeyd edəndə bizə
çox yerdə irad tutdular ki, 840 il yuvarlaq tarix deyil. Ancaq bir
sübut etdik ki, Nizami Gəncəvi edə bir şəxsiyyətdir
ki, tarixdə, dünya mədəniyyətində elə bir iz
qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər».
Görkəmli dövlət xadimi
Heydər Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin
840 illik yubileyinin Azərbaycan miqyasında böyük təntənə
ilə qeyd olunmasını təmin etməklə bərabər,
Sovetlər İttifaqının paytaxtı Moskvada, ikinci mərkəzi
sayılan Peterburqda, hətta Yuqoslaviyada da keçirilməsinə
nail olmuşdur. Beləliklə, ilk və son dəfə
SSRİ-nin sabit yubiley keçirmək ənənəsi
dağıdılmış, Nizami Gəncəvi ilə
bağlı Azərbaycanda, Sovetlər İttifaqında və
Avropa ölkələrində növbədənkənar şəkildə
əhəmiyyətli addımlar atılmışdır.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev sovet rəhbərliyində
də yuvarlaq, ənənəvi olmayan qeyri-adi dövlətçilik
istedadına malik nadir dövlət xadimi idi. Bu, dahi siyasi şəxsiyyətin
həyat və mübarizə yollarında bu cür hamar
standart olmayan tarixlər, məsuliyyətli sınaqlar az
olmamışdır. Heydər Əliyev
böyük addımlarla irəliləyən Azərbaycanın
timsalında dövlətin və cəmiyyətin yuvarlaq
olmayan, özünəməxsus qeyri-standart üsullar və
vasitələrlə irəli aparılmasının
mümkünlüyünü isbat etmiş qüdrətli
dövlət xadimidir.
Ulu öndər Heydər
Əliyev dövlətçilik fəaliyyətinin Siyasi
Büro – SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini mərhələsində
də Sovetlər İttifaqının taleyüklü problemləri
ilə məşğul olmasına baxmayaraq, önəm verdiyi
çoxcəhətli Azərbaycan məsələləri
içərisində Nizami Gəncəvi mövzusu da
xüsusi yer almışdır. O, SSRİ-nin əsas
rəhbərlərindən biri kimi artıq daha aydın surətdə
görmək imkanına malik idi ki, ayrı-ayrı görkəmli
şair və yazıçılar, o cümlədən də
Nizami Gəncəvi nə üçün keçmiş
Sovetlər ittifaqında və rus onun təsir dairəsində
olan digər dünya ölkəsində layiq olduqları yeri
tuta bilmirlər. Ona bəlli olmuşdu ki, Nizami Gəncəvi
«Xəmsə»sinin rus dilində mükəmməl tərcümələrinin
və nəşrlərinin olmaması, xüsusən, dahi
şairin ölməz əsərlərinin nəfis Moskva nəşrləri
vasitəsilə Rusiyada və rusdilli beynəlxalq məkanda
Çində, Şərqi Avropa ölkələrində
yayılmaması onun dünya miqyasında layiq olduğu yeri
tutmasına və haqq etdiyi şöhrəti qazanmasına mane
olur. Ona görə də SSRİ Nazirlər
Soveti Sədrinin Birinci müavini, Siyasi Büronun üzvü
Heydər Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin
ədəbi irsinin Moskvada yüksək poliqrafik səviyyədə
kitab halında nəşri məsələsi ilə xüsusi
şəkildə məşğul olması bu böyük dühanın böyük Azərbaycan sevdasının və
Nizami Gəncəvi irsinin dünya ədəbiyyatı
miqyasına çıxarmaq arzusunun ifadəsi idi. Çox
sonralar Ulu öndər artıq Kremldən istefa verərək
Azərbaycana qayıtdıqdan sonra Moskvada
yaşayıb-çalışdığı dövrdə
dahi şairin əsərlərinin rus dilində nəşr
olunması ilə əlaqədar baş vermiş hadisələri
aşağıdakı kimi yada salmışdır: «Azərbaycanda
1948-ci ildən sonra dahi şairimizin əsərləri
lazımi səviyyədə çap olunmamışdır.
Nizami Gəncəvinin əsərlərinin Moskvada, rus dilində
çap olunması barəsində qərar qəbul
edilmişdi. Lakin sonra öyrəndik ki, «Xudojestvennaya literatura»
nəşriyyatında bu əsərlər çap
olunmamışdır. Böyük bir nailiyyət
kimi yox, sadəcə olaraq xalqımıza xidmət kimi deyə
bilərəm ki, Moskvada işlədiyim dövrdə Nizami Gəncəvinin
«Xəmsə»sinə daxil olan əsərlərin rus dilində
ayrı-ayrılıqda nəşr olunmasına nəzarət
etdim… Nizaminin əsərlərini böyük çətinliklə
Moskvada nəşr etdirdik. Sonra mən Bakıya gələrkən
Nizami muzeyinə getdim və gördüm ki, şairin beş əsərinin
hamısı orada nümayiş etdirilir».
Oxuculara məlumat üçün bildirmək istəyirik
ki, görkəmli dövlət xadimi Heydər Əliyevin
haqqında bəhs etdiyi Nizami Gəncəvinin əsərlərinin
5 cildlik nəşri böyük Azərbaycan şairinin
Rusiyada çap olunmuş birinci çoxcildlik kitab idi. Müxtəlif vaxtlarda lirikası və poemaları
ayrı-ayrılıqda və fərqli nəşriyyatlarda
kitab halında çap olunsa da, Nizami Gəncəvinin əsərlərinin
tam külliyyatı çoxcildlik nəşr səviyyəsində
ilk dəfə Ulu öndərin haqqında söz
açdığı 1985-1986-cı illərdə Moskvanın
«Xudojestvennaya literatura» nəşriyyatında hər biri
ayrı kitab kimi çap edilmiş kitablar dəsti olmuşdur.
Aydınlıq üçün deyək ki,
Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində,
1946-cı ildə şairin əsərləri «Beş poema»
adı ilə akademik Y.Bertels və V.Qoltsevanın tərtibi,
P.Antokolski, V.Derjavin, Y.Keyxaruzun tərcüməsində
Moskvada Dövlət nəşriyyatında müəyyən
ixtisarla 642 səhifəlik kitab halında çapdan
olunmuşdur. Heydər Əliyevin nəzarəti
ilə 1985-1986-cı illlərdə çap olunan nəşrdə
isə redaksiya heyətində Mirzə İbrahimov, Məmməd
Cəfər Cəfərov və Rüstəm Əliyevin olduğu
5 kitabdan ibarət olan unikal kitablardan ibarətdir. Çap
edildiyi vaxtdan 30 il keçməsinə baxmayaraq, indi də həmin
çoxcildlik nəşr Nizami Gəncəvinin rus dilində
çap olunmuş ən yaxşı külliyyatı olaraq
qalır. Doğrudur, Heydər Əliyev Nizami Gəncəvinin
əsərlərinin rus dilində daha mükəmməl tərcümələrinin
olmasını arzu etmişdir ki, bu vacib işin və eyni
zamanda böyük sənətkarın əsərlərinin
ingilis dilində də tam külliyyatının
hazırlanıb çap edilməsi indiki nəsillərin
borcu və vəzifəsidir. Nizami Gəncəvini
dünya ədəbiyyatında yerini və mövqeyini daha da
möhkəmlətmək üçün onun ölməz əsərləninin
ən azı ingilis və rus dillərində mükəmməl
tərcümələrinin yüksək poliqrafik səviyyədə
nəşr edilməsinə nail olunmasına ehtiyac vardır.
Ulu öndər Heydər
Əliyev tərəfindən XX əsrin səksəninci illərində
Moskvada rus dilində nəşr etdirdiyi «Xəmsə» indi də
böyük Azərbaycan şairi Nizami Gəncəvini
dünyaya təqdim edən ən mühüm nəşr
olaraq qalmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti kimi
Heydər Əliyevin məruzələri, nitqləri və
çıxışlarında Nizami Gəncəvinin zəngin
işindən yaradıcılıqla istifadə etməyin əsl
nümunəsini göstərmişdir. Ulu
öndərin hələ 1 noyabr 1969-cü ildə Azərbaycan
Dövlət Universitetinin 50 illik yubileyində dövlət rəhbəri
kimi ana dilində etdiyi ilk rəsmi məruzəsində
xalqımızın böyük elm və ədəbiyyat
xadimləri sırasında «mütəfəkkir şair Nizami
Gəncəvinin» də adını xüsusi olaraq
çəkməsi müasir tarixi şəraitdə də bu
böyük söz və fikir korifeyinin nümunəsində
yeni nəsillərin hazırlanıb yetişdirilməsini diqqət
mərkəzinə çəkməsi demək idi. Bundan başqa, Heydər Əliyev 16 avqust 1972-ci il
tarixində Moskvada nəşr olunan «Literaturnaya qazeta» da
çap etdirdiyi SSRİ-də və dünya ölkələrində
böyük əks-səda doğurmuş «Qoy ədalət zəfər
çalsın!» adlı müsahibəsində də Nizami Gəncəvi
irsindən bir neçə istiqamətdə yaradıcı
şəkildə istifadə etmişdir. İlk
növbədə ulu öndər XX əsrin yetmişinci illərində
Sovet cəmiyyətində ədalət məsələlərindən
inamla danışmağının mahiyyətində məhz
Azərbaycan xalqının bu sahədəki çoxəsrlik
köklü ənənələrinə, o cümlədən
Nizami Gəncəvinin ədalət
konsepsiyasına istinad etdiyini nəzərə
çarpdırmışdır. İkincisi, Ulu öndər ədalət
məsələsinə münasibətdə məntiqi mənada
sovet yazıçılarının Nizami Gəncəvi irsindən
yenidən və yaradıcı şəkildə istifadə
etmələrini əhəmiyyətli saymışdır. Üçüncü və ən əsası isə
Heydər Əliyev sovet ideologiyasını faktiki olaraq ciddi
şəkildə təftiş edən məşhur «Qoy ədalət
zəfər çalsın!» müsahibəsini Nizami Gəncəvinin
əsərlərindən gətirdiyi seçilmiş ibrətamiz
şeir parçaları ilə tamamlamaqla hazırkı şəraitdə
də sovet dövlətinin əsas ideoloqlarının bu
zəngin irsdən öyrənib nəticə
çıxarması zərurətinə diqqəti yönəltmişdir.
Həqiqətin «Qoy ədalət zəfər
çalsın!» müsahibəsində ictimai ədalət məsələlərini
siyasi-ideoloji proseslərlə əlaqəli şəkildə
təqdim etməklə Heydər Əliyev bu sahədə
dövləti daha da irəli aparmaq üçün müdrik
qərarlar qəbul etməsi baxımından Nizami Gəncəvi
irsindən öyrənməyin faydalı və əhəmiyyətli
olduğunu nəzərə çarpdırmışdır. Bu cəhətdən Heydər Əliyevin öz
müsahibəsində Nizami Gəncəvidən nümunə
gətirdiyi bədii parçalar ictimai quruluşun xarakterindən
asılı olmayaraq bütün dövrlər və zamanlar
üçün əhəmiyyətli və aktual ola biləcək
aşağıdakı hikmətli misralardan ibarət idi:
Təmkinli ol, lovğalığı, sərvəti
At, yanıb tonqalda qoy külə dönsün!
Əgər istəyirsən ürəyin
gülə,
Qoyma pis niyyətlər fikrinə gələ!
Nalayiq əməllər görsən harada,
Odlu nəfəsinlə yandır, məhv elə.
Görkəmli dövlət xadimi
Heydər Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin
həyatı və yaradıcılığı ilə bağlı
olan təşəbbüsü ilə 6 yanvar 1979-cu ildə «Azərbaycanın
böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin
irsinin öyrənilməsini, tədqiqini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri
haqqında» dövlət səviyyəsində qəbul
edilmiş mühüm tarixi əhəmiyyətə malik olan qərar
qüdrətli söz ustadına dünya elm, ədəbiyyat və
ictimai fikrini əsaslı dəyişməsində xüsusi
rol oynamışdır. Hesab edirik ki, bu qərar Nizami Gəncəvinin
həyatı və yaradıcılığının tədqiqi
və təbliğ olunmasına, əsərlərinin tərcümə
və nəşr edilməsinə dair böyük dövlət
proqramıdır. Bu, tarixi qərarı dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı
və yaradıcılığı haqqında Heydər
Əliyev proqramı da adlandırmaq olar.
Məlum olduğu kimi, Nizami Gəncəvinin
1947-ci ildə keçirilmiş 800 illik yubileyindən keçən
32 il ərzində böyük mütəfəkkir sənətkarın
həyatı və yaradıcılığının tədqiq
edilib öyrənilməsi, əsərlərinin tərcümə
və nəşr edilməsi sahəsində böyük
boşluq yaranmışdır. Azərbaycan elmi və ictimai
fikrində yaranmış həmin boşluqdan istifadə edən
digər ölkələrdə Nizami Gəncəviyə sahib
çıxmaq, onun doğum yeri və nəsil şəcərəsinin
yanlış istiqamətlər yozulmasında təbliğat
işi genişləndirilmişdir.
Görkəmli dövlət xadimi
Heydər Əliyevin «Azərbaycan böyük şairi və
mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini,
nəşrini və təbliğini daha da
yaxşılaşdırmaq tədbirləri haqqında»kı qərarı
ilk növbədə böyük sənətkarın Azərbaycan xalqına məxsus olmasının
dövlət səviyyəsində bəyan edilməsi ilə
Nizamiyə sahib çıxmaq arzusunda olanlara əsaslı bir
cavab olmuşdur. İkincisi, Nizami Gəncəvi deklorasiyası
şairin əsərlərinin fars dilindən yenidən,
orijinala daha uyğun şəkildə sətri tərcümələrinin
edilməsini qarşıya məsul bir vəzifə kimi
qoymuşdur. Bu vacib məsələnin uğurlu şəkildə
yerinə yetirilməsi üçün ölkəmizin ən
tanınmış şərqşünasları: Mübariz Əlizadə, Rüstəm Əliyev, Həmid
Məmmədzadə, Xəlil Yusifov, Zümrüd Quluzadə,
Vaqif Aslanov və Qəzənfər Əliyevin orijinaldan Azərbaycan
dilinə etdikləri sətri tərcümələr həm
Nizami Gəncəvi haqqında daha dəqiq və əsaslı
araşdırmalar aparmaq istəyən tədqiqatçılar,
həm də şairin əsərlərinin yenidən bədii
tərcümələrinin hazırlaması baxımından
böyük əhəmiyyətə malik olmuşdur. Məlumat
üçün deyək ki, məlum dövlət qərarının
işığında Nizami «Xəmsə»sinə daxil olan
poemaların sətri tərcümələri kitab halında
çap olunmuşdur. Həmin sətri tərcümələr
əsasında xalq şairi Xəlil Rza Ulutürk tərəfindən
Nizami Gəncəvinin «Sirlər xəzinəsi», «Xosrov və
Şirin», «İsgəndərnamə» poemalarının yeni
poetik tərcümələri meydana qoyulmuşdur.
Nizami Gəncəvinin ədəbi irsinin tədqiqi
sahəsində də yeni mərhələ bu dövrdən
etibarən formalaşmağa başlamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda 1981-ci ildə
«Nizamişünaslıq» şöbəsinin yaradılması
böyük sənətkarın həyatı və
yaradıcılığının daha sistemli şəkildə
öyrənilməsinə geniş meydan
açmışdır. Görkəmli şərqşünas
alim, filologiya elmləri doktoru, professor Rüstəm Əliyevin
rəhbərlik etdiyi «Nizamişünaslıq» şöbəsi
ölkə miqyasında Nizami tədqiqatlarının və tərcüməçilərinin
əsas mərkəzinə çevrilmişdir. Nəticədə
XX əsrin səksəninci illərində Azərbaycan
Nizamişünaslığı özünün əsl
inkişaf dövrünü yaşamışdır. Ölkəmizin
tanınmış elm adamlarından Məmməd Cəfər
Cəfərovun «Nizaminin fikir dünyası» (1982), Xəlil
Yusifovun «Şərqdə intibah və Nizami Gəncəvi»
(1982), Rüstəm Əliyevin «Nizami (Azərbaycan,
rus və ingilis dillərində biblioqrafik məlumat (1983) və
«Ölməz məhəbbət dastanı» (1984), Xəlil
Hüseynovun «Nizaminin «Sirlər xəzinəsi» (1983),
Çingiz Sasani «Nizaminin «Leyli və Məcnun» poeması
(1985), Mehdi Kazımovun «Nizaminin «Yeddi gözəl» poeması və
XIV-XV əsrlər farsdilli ədəbiyyatında nəzirə ənənəsi» (1987), Cahangir Qəhrəmanov
və Kamil Allahyarovun «Nizami Gəncəvi əsərlərinin
əlyazmaları dünya kitab xəzinələrində» (1987)
kitabları, habelə, dövrün yeni nəsil
nizamişünasları Azadə Rüstəmova və
Nüşabə Araslının ciddi tədqiqatları
Nizamişünaslıq elminin bu mərhələsinin
qiymətli elmi töhfələridir. Göründüyü
kimi, Heydər Əliyevin Nizami Gəncəvi haqqındakı qərarından
sonra qısa bir müddətdə Azərbaycanı da
nizamişünaslıq elmi hərəkat şəklini
almışdır.
XX əsrin yetmiş-səksəninci
illərində görkəmli dövlət xadimi Heydər
Əliyevin təşəbbüsü və rəhbərliyi,
müdrik siyasətinin işığında Nizami Gəncəvinin
adının əbədiləşdirilməsi istiqamətində
də böyük işlər görülmüşdür.
O zamanlar bolşeviklər tərəfindən
Kirovabad adlandırılan şəhərdə Yeni Gəncə
adlı mikrorayonun salınması bu şəhərin qədim
adının unutdurulmaması və yenidən
qaytarılması ideyasının gündəmə gətirilməsi
baxımından zamanına görə kifayət qədər
cəsarətli və uzaqgörən addım idi. Bakı metrosunda dayanacaqlarından birinə Nizami Gəncəvinin
adının verilməsi və xalq rəssamı Mikayıl
Abdullayevin rəsmləri əsasında Nizami ornamentləri ilə
bəzədilməsi dahi şairin doğma xalqı ilə
qaynayıb-qarışmasını təmin etmək
üçün düşünülmüş mühüm
hadisədir. Nəhayət, 1982-ci ildə
«Nizami» filminin çəkilməsi (musiqisi Qara Qarayev, senari
müəllifləri İsa Hüseynov və Eldar Quliyev,
rejissoru Eldar Quliyev) və dünyada məşhur olan
böyük müğənni Müslüm Maqomayevin baş
rolda oynaması da Heydər Əliyev epoxasının Nizami
proqramının möhürlərindən biridir. Beləliklə, Nizami Gəncəvinin həyatı və
yaradıcılığının öyrənilməsi, əsərlərinin
tərcümə və nəşr olunması,
ideallarının təbliği baxımından ulu öndər
Heydər Əliyev böyük bir dövlət
proqramını hazırlayıb həyata keçirmişdir.
Nizami Gəncəvini Sovelər İttifaqı
miqyasında tanıtmaq və Azərbaycanda əsaslı şəkildə
öyrədib təbliğ etmək, şairin adını əbədiləşdirmək
kimi mühüm vəzifələrin uğurla həyata
keçirilməsi Heydər Əliyev dövrünü
Nizamişünaslığın xüsusi mərhələsi
səviyyəsinə qaldırmışdır.
XX əsrdə dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin həyatının
və ədəbi irsinin öyrənilməsi və təbliği
istiqamətində yeni vəzifələri meydana
çıxarmışdır. Artıq Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə yeni tarixi mərhələdə Nizami Gəncəvinin
dünyada Azərbaycan şairi kimi tanıdılması, həyat
və sənət yolunun müstəqillik
işığında yenidən və əsaslı şəkildə
tədqiq və təbliğ olunması sahəsində
genişmiqyaslı tədbirlər ardıcıl olaraq həyata
keçirilməkdədir. Nizami Gəncəvinin tədqiqi və
təbliğinin Heydər Əliyev epoxasındakı Sovetlər
İttifaqı masştabı yeni dövrün
reallıqlarına uyğun olaraq İlham Əliyev
erasının beynəlxalq miqyası səviyyəsinə
qaldırmışdır. Məhz Prezident İlham Əliyevin
apardığı məqsədyönlü siyasətin nəticəsində
Nizami Gəncəvi ilə əlaqədar yeni bir era
formalaşmışdır. Nizami Gəncəvinin adı və
ədəbi irsi ilə bağlı son on illiklərdə həyata
keçirilmiş bir çox tədbirlər Azərbaycanı
müstəqillik tarixinin əlamətdar hadisələrinə
çevrilmişdir.
Azərbaycanda böyük
şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan
olmasının 870 illiyinin dövlət səviyyəsində
qeyd edilməsi böyük sənətkara bəslənilən
ümumxalq məhəbbətinin əsl təntənəsi
olmuşdur. Nizami Gəncəvini dünyada Azərbaycan
şairi və mütəfəkkiri kimi tanıtmaq məqsədilə
xarici ölkələrdə dahi sənətkarın heykəllərinin
ucaldılması sözün əsl mənasında
böyük ədəbi-tarixi hadisədir. Rusiyanın Moskva və
Sankt-Peterburq şəhərlərində, Çin Xalq
Respublikasının paytaxtı Pekində, İtaliyanın
başkəndi Romada Nizami Gəncəviyə qoyulmuş heykəllər
onu və mənsub olduğu xalqı dünyaya təqdim edən
əhəmiyyətli memarlıq abidələridir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin fərmanı ilə Nizami Gəncəvi
medalının təsis edilməsi və həmin medalın azərbaycanşünaslıq
sahəsində mühüm araşdırmalar aparan, ölkəmizlə
əlaqələrin möhkəmləndirilməsinə xidmət
edən tanınmış şəxslərə verilməsi
dahi şairi dünyada tanıtmaq üçün dövlət
əhəmiyyətli addımdır.
Mühüm ictimai-siyasi və
elmi-mədəni tədbirlərin həyata keçməsinə
meydan açan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
isə dünyanın tanınmış dövlət xadimləri
və elm adamları ilə birlikdə böyük sənətkarın
adını, irsini tanıtmaq və ideallarını qlobal
miqyasda təbliğ etmək üçün təsis
edilmiş ideal platformadır. Böyük
Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin
alimləri ilə yanaşı, tanınmış dünya
şərqşünaslarının da araşdırma və təbliğat
proseslərinə cəlb edilməsinə şərait
yaradır. Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda Nizamişünaslıq
şöbəsinin otuz ildən sonra yenidən bərpa edilməsi,
AMEA-nın Gəncə Bölməsinin tərkibində Nizami
Gəncəvi Elmi Mərkəzinin yaradılması və fəaliyyətlərinin
təşkili Nizamişünaslıq tədqiqatlarının
ölkəmizin dövlətçilik maraqları, habelə
azərbaycançılıq ideyaları ilə üzvü
surətdə əlaqədə tədqiq edilməsinə xidmət
göstərir. Bütün bunlar sözün əsl mənasında
Nizami Gəncəvi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin adı və
fəaliyyəti ilə bağlı olan yeni mərhələnin
tarixə çevrilmiş silinməz səhifələridir.
Bunlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi və
istiqamət verdiyi Nizami Gəncəvi Dövlət
Proqramının müstəqillik dərsləri və əsərləridir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2021-ci ilin «Nizami Gəncəvi
İli» elan edilməsi haqqındakı 5 yanvar 2021-ci il tarixli Sərəncamı
ölkəmizdə və dünyada Nizami Gəncəvinin tərcümeyi-halının
və zəngin ədəbi irsinin tədqiqi və təbliği
işini daha yüksək səviyyəyə qaldırmaq
üçün geniş perspektivlər açır. Prezident İlham Əliyevin imzaladığı
mühüm tarixi əhəmiyyətə malik olan dövlət
Sərəncamında irəli sürüldüyü kimi «bəşəriyyətin
bədii fikir salnaməsində yeni səhifələr
açmış, …xalqımızın mənəviyyatının
ayrılmaz hissəsinə çevrilmiş… …qüdrətli söz və fikir ustadının daim əxlaqi kamilliyə
çağıran və yüksək mənəvi keyfiyyətlər
aşılayan zəngin yaradıcılığının bəşər
mədəniyyətinin nailiyyəti kimi» tədqiq təbliğ
edilməsi aid dövlət qurumlarının elm, təhsil, ədəbiyyat
və mədəniyyət adamlarının
qarşısına daha mühüm vəzifələr qoyur. Prezident Sərəncamının
imzaladığı vaxtdan keçən müddət ərzində
müxtəlif dövlət qurumlarının həyata
keçirdikləri tədbirlər Nizami Gəncəvinin
xalqımıza və dünyaya yenidən tanıtmağa xidmət
göstərir. Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda 2 cildlik «Nizami Gəncəvi
ensiklopediyası»nın, Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda dahi şairin ölməz «Xəmsə»sinin
akademik nəşrinin hazırlanması istiqamətində
başlanmış işlər Nizami Gəncəvi ili
miqyasında gerçəkləşdiriləcək əhəmiyyətli
elmi tədbirlərdir. Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu ilə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı
İnstitutunun birgə hazırladıqları «Qafqaz
Renessansı: Nizami Gəncəvi və Şota Rustaveli» elmi
layihəsi Nizamişünaslığı müasir
dövrün çağırışları ilə zənginləşdirən
sanballı tədqiqat işidir.
Nizami Gəncəvinin nəsil
şəcərəsi, Nizami Gəncəvi
yaradıcılığında türkçülük və
azərbaycançılıq, Nizami Gəncəvi və Azərbaycan
Renessansı və sair kimi problemlər «Nizami Gəncəvi
İli»nin elmi dövriyyəyə daxil etdiyi yeni
mövzulardır. Azərbaycanın elm, ədəbiyyat
və mədəniyyət xadimləri Prezident İlham
Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata
keçirilməsini layiqli şəkildə təmin etmək
üçün bütün qüvvə və
bacarıqlarını sərf edəcəklər.
İsa HƏBİBBƏYLİ
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin
deputatı, akademik
Səs.-
2021.- 7 may.- S.7.