"Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir"

 

 

 

Əgər Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan bəlkə də ancaq bir yarımmüstəmləkə kimi yaşaya bilərdi

 

Xalq xilaskarına üz tutdu

Bir necə aydan sonra dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlət müstəqilliyinin yenidən bərpasının 30-cu ildönümünü qeyd edəcək. Qürurvericidir ki, müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. 2020-ci ilin 8 noyabr tarixini səlnaməsinə Zəfər Günü kimi yazan ölkəmiz bir daha sözün əsl mənasında müstəqil siyasət yürütdüyünü, heç kimin diktəsi ilə oturub durmadığını, milli maraqların hər şeydən öndə dayandığını dünyaya nümayiş etdirdi. Xalqımız dillərdə əzbər olan “Zəfərin mübarək, Azərbaycan!” çağırışından fərəh hissi keçirir, bu günü gec-tez yaşayacaqlarına şübhələrinin olmadığını bildirirlər. Çünki müstəqil Azərbaycanımız 1993-cü ildən elə bir uğurlu yola çıxıb ki, ancaq inkişaf, tərəqqi, problemlərin həlli, xalqın sabaha ümidlərinin böyüklüyü, Prezidentinə inamı və etimadı arxada qalan illərin əsas xarakteristikası olub.Bugünümüzü düzgün dəyərləndirmək, Heydər Əliyev yolunun dövlətimizə, xalqımıza qazandırdığı uğurların miqyasının genişliyini dərk etmək üçün müstəqillik tariximizin ayrı-ayrı dövrlərinə nəzər salmağa böyük zərurət var. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qaldı. Həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı "olum, ya ölüm" dilemması qarşısında qoymuşdu. Digər tərəfdən də silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Ölkədə yaşanan xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması, torpaqlarımızın itirilməsi xalqımızın sabaha ümidlərini itirdi, insanlar vəziyyətdən çıxmağın yollarını axtarmağa başladılar. Belə çətin günlərdə xalqımızın xilaskar kimi üz tutduğu yeganə ünvan ulu öndər Heydər Əliyev oldu. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir.

Bugünkü uğurlarımızın başlanğıcı

Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycanımızın qarşısında açdığı imkanlardan, üfüqlərdən bəhs etmədən öncə onun ən böyük xidməti olaraq 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. Çünki uğurlarımızın başlanğıcı kimi partiyanın yaranması qeyd edilməlidir. 1992-ci il oktyabarın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. "91-lər"in, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalının Ümummilli Liderə ünvanladıqları müraciətdə dövrün reallıqlarının doğurduğu fəsadlar - respublikanın iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərimizin talan edilməsi, vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı - yüksək ixtisaslı kadrların tərk etməsi barədə məlumat verilir. Müraciətdə, həmçinin xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri - 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması xüsusi olaraq qeyd olunur və baş verən problemin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu vurğulanırdı. "91-lər" ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görərək belə bəyan edirdilər ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz.91 nəfər ziyalı xalqımızın böyük əksəriyyətinin istəyini ifadə edərək dahi şəxsiyyətə müraciət etdi və Ümummilli Liderin "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabı həmin dövrün çətinliklərindən xilas yolunu açıqlamaqla yanaşı, bugünkü uğurlarımızın başlanğıcı oldu. "Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir" söyləyən ulu öndər Heydər Əliyev "Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərin həllində biganə qalmağa heç kəsin haqqı yoxdur" bildirərək bu inamı da ifadə etmişdir ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması obyektiv zərurətdən irəli gələn Yeni Azərbaycan siyasi partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.Bu istəklə Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri 29 ilə yaxın zaman ayırır. Təsis konfrasını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək ulu öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi davamlı uğurları ilə diqqət mərkəzindədir. Ən əsası bugünümüzün reallıqları ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında əksini tapan arzu və istəklərinin təsdiqidir. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Bu gün 760 mindən artıq üzvü sıralarında birləşdirən partiya dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atıb ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, arxada qalan 29 illik tarixini qələbələr və uğurlar səhifəsi ilə zənginləşdirib. Azərbaycanın müstəqillik tarixinin 29 ilinə bələdçilik edən Yeni Azərbaycan Partiyası gələn il yaradılmasının 30 illiyini qeyd edəcək. Cari ilin martın 5-də ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində yaratdığı yeni reallıqlar fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının 29 ilə yaxın dövrdə qazandığı uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bir daha bu məqamı xüsusi qeyd etdi ki, partiyanın adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ətrafında yaradılmış, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə nümayiş etdirdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.“Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bu vəzifəni qarşıya qoydu ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir.Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Həyat dəyişir, dövr dəyişir. Bütün bunları önə çəkən cənab İlham Əliyev partiyanın yeni proqramının hazırlanması, bu sənədin yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməsini qarşıya mühüm vəzifə kimi qoydu. Və bir daha bu çağırış edildi ki, o tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın: “Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox... Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?”

Heydər Əliyev yeni Azərbaycan yaratdı, müstəqilliyimizi əbədi, dönməz etdi

Əlbəttə, müstəqillik tariximizin ilk illərini düzgün təhlil edərək bugünkü uğurlarımızın Heydər Əliyevin adı ilə bağlı olduğunu böyük inamla qeyd edirik. Möhtərəm Prezidentimiz İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməli, o günlər haqqında tam təsəvvürə malik olmayan gənc nəsil nəyin bahasına müstəqilliyimizi qoruyub saxlaya bildiyimizi bilməlidir.Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir. Bugünkü uğurlarımız üçün kimə borclu olduğumuzu gənc nəsil bilməlidir. Bu, inkaredilməz həqiqətdir ki, əgər ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ulu Öndər hər bir ölkənin inkişafında sabitliyin əsas rol oynadığını önə çəkərək ölkəmizi xaosdan, anarxiyadan xilas etdi. Bu tarixi paralel daim xalqımız tərəfindən aparılır ki, ümummilli lider Heydər Əliyev necə hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın geridə qalmış ölkəsindən ən qabaqcıl ölkəsinə çevirdi, eləcə də 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin müstəqilliyimizin ilk illərinin tərəddüdlərinə son qoyuldu, Azərbaycan qısa müddətdə investisiyalar məkanına çevrildi. Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək dəyər verildi, malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək məqsədilə gərgin səylərin nəticəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyuldu, siyasi müstəqillik üçün möhkəm təməl formalaşdı. “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti daha çox təhlil edilir. Çünki bu saziş Azərbaycana inamı artırdı, etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”ndən sonra neçə-neçə neft-qaz sazişləri, Anlaşma Memorandumları imzalanıb. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq müstəvidə inkişafı da deyilənlərin təsdiqidir. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi, Cənub Qaz Dəhlizi layihəsi görülən işlərin zirvəsi kimi dəyərləndirilərək reallaşdırıldı. Onun əsas seqmentlərindən olan TANAP və TAP layihələri uğurla icra edilərək istifadəyə verildi. Ulu Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini qoruyaraq mühüm sosial-iqtisadi layihələrin icrasını təmin edir.Ümummilli Lider Azərbaycanda demokratik cəmiyyətin yaradılması istiqamətində mühüm addımlar atdı. 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamız dövlətçiliyimizin əsaslarının yaradılmasında əsas rol oynadı. Demokratik cəmiyyətin varlığının əsas atributları olan insan hüquqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımların uğurlarını bugünkü reallıqlarımızda aydın görürük. Azərbaycanın demokratiya təcrübəsi dünyaya nümunə göstərilir.Dahi şəxsiyyətin Azərbaycan dövləti qarşısında xidmətlərindən bəhs edərkən onun müstəqil dövlət kimi beynəlxalq aləmdə yeri və rolunun möhkəmlənməsi istiqamətində gördüyü işləri, böyük səyləri nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmasını xüsusi qeyd etməliyik. Ümummilli Lider Dağlıq Qarabağ həqiqətlərini faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni yalanlarının ayaq tutub yeriməsinin qarşısını aldı. Bir daha dünyaya sübut edildi ki, Azərbaycan müstəqil dövlətdir, beynəlxalq səviyyədə tanınan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə edəcək və bu, onun suveren hüququdur. Məhz Ümummilli Liderin qətiyyətli addımları sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşdı, xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüququn normativ sənədlərində öz əksini tapmışdır. Ulu öndər Heydər Əliyev, eyni zamanda, “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” tezisini önə çəkərək ordu quruculuğu sahəsində önəmli addımlar atdı. Bu faktı xüsusi qeyd etməliyik ki, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görmək istəyən Ümummilli Lider bir sıra mühüm addımlar atmışdır ki, bunlardan ən önəmlisi gənclərimizin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsili və C.Naxçıvanski adına hərbi liseyin yaradılması idi. Bu gün Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti bu liseyin yetirmələridir.Bu ümumiləşdirməni apara bilərik ki, Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etdi. Onun düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın gələcəyi üçün möhkəm baza formalaşdı ki, son 17 ildə bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir.

Xalq 2003-cü ildə Heydər Əliyev siyasətinə səs verdi

2003-cü ildən başlanan Böyük yolun davamının Azərbaycana qazandırdığı ən böyük uğur 30 ilin işğalına, torpaq həsrətinə son qoyulması, ərazi bütövlüyümüzün bərpasıdır. Bu Zəfəri şərtləndirən amillər ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar, ən əsası gənc nəsildə Vətən, torpaq sevgisinin dərinləşməsi, vətənpərvərlik hissinin daha da artmasıdır. 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirən cənab İlham Əliyevin son 17 ildə fəaliyyətinə diqqət yetirsək hər vədini konkrekt əməli işdə təsdiqlədiyini görmək mümkündür. Ölkədə sabitliyin, iqtitsadi tərəqqinin mövcudluğunu bütün inkişafın əsası kimi dəyərləndirən ölkə Prezidenti neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə qeyri-neft sektorunu inkişaf etdirdi. Cənab İlham Əliyev bütün çıxışlarında bəyan etdi ki, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək, bu tərəqqinin əsasında bilik, savad, yeni texnologiyalar dayanır. Məhz bu kontekstdən yanaşaraq dövlətimizin başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü. Son 17 ilin uğurlarına diqqət yetirsək bu tezisin artıq real həyatda öz təsdiqini tapdığını görərik. Bu gün paytaxt və bölgələr arasında fərq tamamilə aradan götürülüb. Rayonlar arasında sağlam rəqabət gedir. Regional inkişaf proqramlarının uğurlu icrası hər bir bölgənin, kənd və qəsəbənin həyatında özünü qabarıq şəkildə göstərir.

Dayanıqlı inkişafın təmin edilməsi üçün ciddi islahatların aparılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. "İslahatlara alternativ yoxdur… Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər" söyləyən dövlətimizin başçısı İlham Əliyevin uğurlara yol açan düşünülmüş və məqsədyönlü siyasəti, ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramları, ənənəyə uyğun olaraq hər ili bir sahələnin adı ilə bağlanması və bu istiqamətdə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında da liderliyini qorumasını şərtləndirir. İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycan beynəlxalq maliyyə və iqtisadi qurumların hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb.Son 17 ildə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə ev sahibliyi ilə diqqət çəkib. Dünyada, o cümlədən ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə dövrü kimi xarakterizə olunan son bir ildə də Azərbaycan qlobal təşəbbüsləri, videoformatda təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçısı və iştirakçısı kimi də diqqət çəkib. Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirilib. Azərbaycan 30-dan artıq ölkəyə humanitar dəstək göstərib. Bütün bunlar Azərbaycanın hər addımında səmimi olduğunu, dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətlərində reallığa əsaslanaraq qarşılıqlı hörmət və maraq prinsiplərini əsas tutduğunu təsdiqləyir.Bu gün Azərbaycana hansı sahədən baxsaq inkişaf, tərəqqi qaçılmazdır. Ölkəmizdə ordu quruculuğu sahəsində atılan addımların uğurlu nəticələri də göz önündədir. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu bir daha təsdiqlədi.Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qalib ölkənin qalib Lideri kimi işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlər edən cənab İlham Əliyev hər dəfə bu fikri bildirir ki, hətta hava da sevinir, çünki bu torpaqlara əsl sahibləri gəlib. Azərbaycan Ordusu erməni silahlı qüvvələrini iti qovan kimi torpaqlarımızdan qovdu. Ordumuzun gücü, qüdrəti qarşısında diz çökən Ermənistanın illərdir yaratdığı “məğlubedilməz erməni ordusu” mifi darmadağın edildi. Bu gün dünya Azərbaycan Orldusunun qəhrəmanlığından, döyüş taktikasından bəhs edir. “Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir” söyləyən ölkə Prezidenti bildirir ki, indi beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb: “Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər".Vətən müharibəsi beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüququn nə kimi rol oynadığı açıqladı. Azərbaycanın son illərdə informasiya mübarizəsində qazandığı uğurlar diqqəti cəlb edir. 2011-ci ildə Azərbaycanın 193 ölkədən 155- nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2019-cu ildə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi, dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun "Şərq şəfəqləri və dünya siyasi quruluşu" mövzusunda XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı, "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı və sair kimi diplomatik uğurlarımız münaqişənin həllində stimulverici amil oldu. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işləri həyata keçirilir. Tezliklə xalqımız hər bir vədini konkret əməli ilə təsdiqləyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın da sevincini yaşayacaq.Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, bir yazıda əhatə etmək qeyri-mümkündür. Bunların ümumiləşdirilmiş ifadəsi bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham Əliyevin qalib Sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, ordumuzun rəşadətli ordu kimi yazılmasıdır. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın Liderinə sevgisi sonsuzdur.

 

Musa Musayev

Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzv

 Səs.- 2021.- 7 may.- S.8-9