Əlvida Ramiq Muxtar!
30 May 2021-ci ildə şair-dramaturq Ramiq
Muxtarın vəfatından 40 gün keçir.
Hə, Ramiq Muxtar, sən də bizləri atıb,
bu dünyanın sirli-soraqlı pəncərələrini
gücün yetərincə bir-birinə çırpıb gedə
bilərmişsən dünyanın o üzünə, gedər-gəlməzə...
İndi qırxıncı günündür
ki, yoxsan...
Səni bu dünyaya gətirənlərin - anan
Pakizə xanımın, atan Muxtar kişinin dünyasına
gedib çıxmısan, çətinliklə, əzab-əziyyətlə,
tutaşa-tutaşa, süpürləşə-süpürləşə...
Son aylarda hər gün zəngləşərdik,
elə hey darıxardın cənab Əzrailin qədim sifətini
görməyə, axır ki, görüşünüz bir
yaz gecəsində, güllər açılan vaxtda baş
tutdu...
Tanış olduğumuz o xoşbəxt gün
dəqiq yadındamı, - 1976-cı ilin oktyabr ayının
17-si idi. Qədim Bakı vağzalında, Bakı-Moskva
qatarının yola düşməsinə 1-2 saat
qalmış məni Yuqoslaviyaya gedəcək qrupun tərkibi
ilə tanış etdilər. Əslində çoxdan
tanış olmalıydım. Necə deyərlər,
üzürlü səbəblərə görə şəhərdə
olmadığımdan xarici səfərə gedəcək dəstənin
rəhbəri kimi hələ onunla tanış deyildim.
Belə qənaətə gəlmişdim ki,
qatarda, yolda hamı ilə bir-bir tanış ollam... Bir də
gördüm ki, ucaboy, gur, qıvrım saçlı, son dərəcə
səliqəli və dəbə uyğun geyinmiş bir cavan
oğlan mənə yaxınlaşıb salam verdi və dedi:
- Mən də sizin dəstəyə daxiləm.
Sizdən bir xahişim var, icazə verin sizinlə bir kupedə
gedək, qoymaram darıxasınız, həm də yaxından
tanış olarıq. Mən sənin əyin-başına
diqqətlə baxdım, doğrusu geyim-kecimindən xoşum gəldi,
bir də Naxçıvan ləhcəli duzlu
danışığından...
Mənimlə bir kupedə gedəcək Alik
adlı cavan oğlana dedim ki, sən başqa kupeyə
keç bu kişi mənlə bir yerdə getmək istəyir.
Onda sənin 34 yaşın vardı, aşıb-daşan, qaynayan
vaxtın idi. Mən də babatdım, hələ 40-a
çatmamışdım, pis deyildim, yarpaqlarım
saralmamışdı...
Dedin ki,
Şahbuz Musiqi məktəbinin direktorusan, şairsən və
s.
Qatarımız
Biləcəri stansiyasını yenicə keçmişdi ki,
iki nəfərlik “SV” deyilən kupenin ikinci qatındakı
kiçik kardon qutuları göstərib dedin:
- Ramiz
müəllim, o qutularda nə var elə?
Mən
tez cavab verdim:
-
Dağlı çörəyi, pendir, çolpa
qızartması, yarpaq dolması, qatıq, göyərti,
şoraba, zoğal mürəbbəsi, tut arağı...
Sözümü
kəsib dedin:
- Nə
yaxşı, mən çatdıra bilmədim ki, Ordubaddan tut
arağı gətirdim. Tut arağı dərmandı, bəlkə
bir dadına baxaq...
Beləcə
açıq, təbii, səmimi sorğu-sualdan sonra ta bizə
nə lazım idi ki...
Yuqoslaviyadakı günlərimizdən bir-iki əhvalat
yadımda möhkəm qalıb.
Belqradda elə birinci gecə qaldığımız
oteldə mənə dedilər ki, sizi bir nəfər
soruşur, görüşmək istəyir. O bir nəfəri
otağıma dəvət etdim, tanış
olduq. Ortaboy, son dəbdə geyinmiş,
yaraşıqlı cavan bir kişiydi.
Özünü
təqdim etdi: Mən Təvəkkül Hüseynovam,
“Neftçi” futbol komandasının yarımmüdafiəçisi
Ələkbər Məmmədov, Anatoli Banişevski, Kazbek
Tuayev, Tofiq Axundov komanda yoldaşlarım idi. Hazırda BMT-nin Yuqoslaviyada neft sahəsi üzrə nümayəndəsiyəm,
professoram, elmlər doktoruyam. Bacım
qızı sizin dəstənizdədir, gəlmişəm ki,
onu evə aparım, səhər gətirərəm. Qulluğunuzda hazıram.
Sən də
bu söhbətdə iştirak edirdin, Ramiq, “qulluğunuzda
hazıram”ı eşidən kimi yavaşca pıçıldadın
ki, bizə pivə alsın, hava istidir, ürəyim
yanır...
Təvəkkül müəllim soruşdu ki, bu cavan
oğlan nə istəyir?
Dedim ki,
pivə.
Yuqoslaviyanın təbiət mənzərələri,
meşələri, bulaqları, nəhəng tunelləri bizi
heyran etdi, Sarayevo, Dubrovnik kimi şəhərləri maraqlıdır.
Sarayevoda (Saray oba) məscidə getdik, küçələrdə
müsəlman-türk izləri açıq-aşkar hiss
olunurdu bu qədim, tarixi şəhərdə.
O da
yadımdadır ki, Sarayevoda olarkən bir gün
otağımın qapısı döyüldü və
üz-gözü qan içində olan bizim turist dəstəmizin
bir murdar erməni üzvü içəri girdi.
O erməni
oğlundan soruşdum ki, səni bu hala kim
salıb, qayıtdı ki, Ramiq Nağıyev... Səni
çağırdım, dedim ki, bu nə məsələdi,
bu oğlanı niyə döymüsən?
Sən
dedin ki, parkda gəzirdim bir də gördüm bu alçaq erməni
kişiylə erməni dilində mırt vurur. Mən
də döydüm.
Dedim ki,
lap yaxşı eləmisən, günah bu yaramazda deyil,
günah onu bizim dəstəmizə qoşanlardadır.
Bakıya
dönəndən sonra həmən erməninin işlədiyi
Tibb İnstitutunun partkomuna zəng edib iradımı bildirdim,
onu da dedim ki, o boyda institutda bir nəfər
azərbaycanlı balası tapılmadı ki, bu cındır
ermənini xaricə gəzməyə göndərirsiniz... Səndə həssaslıq, milli duyğular,
istiqanlılıq yetərincəydi, Ramiq Muxtar.
Adriatik dənizinin sahillərinə gedib
çıxmışdıq. Bizim hamımıza
tapşırdın ki, çöllərdən payız
çiçəkləri toplayaq. Sonra bizi sıraya
düzüb dedin ki, gəlin, indi də bir dəqiqəlik
sükutla Sovet İttifaqı Qəhrəmanı Mehdi
Hüzeynzadənin xatirəsini yad edək, bu çiçəkləri
Adriatik dənizinə səpək...
Bax, belə. Sən maraqlı, mənalı bir
ömür yaşaya bildin. Hələ 11
yaşın olanda Naxçıvana gəlmiş böyük
şairimiz Səməd Vuruğunun qarşısında öz
şeirini oxumusan, rəğbət qazanmısan. Qüdrətli şairimizin təşəbbüsü
ilə Krıma - “Artek” pioner düşərgəsinə dincəlməyə
getmisən.
Hələ Bakıda Mədəniyyət və İncəsənət
Universitetində oxuduğun illərdə istər
paytaxtımızın, istərsə də Naxçıvan
Muxtar Respublikasının mədəni həyatında
yaxından iştirak etmisən. Tələbəlik illərində
Akademik teatrda işə düzəlmisən, rejissorluq sənətinin
sirlərini öyrənməyə başlamısan, teatrın
texniki işlərinə belə baş vurmusan.
Əslində, sənin əmək fəaliyyətin
Naxçıvanla daha çox bağlıdır. Bu da təbiidir, canın qədər
sevdiyin bu gözəl diyarın dağları, meşələri,
bulaqları, havası, ən qiymətlisi isə adamları sənin
bütün varlığında əks-səda
tapmışdı, onların hamısı sənin qəlbində,
ruhunda, çoxsahəli fəaliyyətində, özünəbənzər,
fərdi bədii yaradıcılığında dadlı
Badamlı suyu kimi həmişə qaynamışdır.
Dünyanın hansı səmtinə yetmisənsə
Naxçıvanın da gözəlliklərini, şirinliyini,
istiqanlılığını, səmimiyyətini, sevgisini
özünlə aparmısan. İnsan da Vətənini,
yurd-yuvasını bu qədər istəyərmiş, sevərmiş,
ilahi! Hələ onu demirəm ki, xəstəliklə
əlbəyaxa olduğun bu günlərdə elə hey
“Qarabağ”, “Şuşa” deyirdin.
Qarabağ səni istəkli övladı kimi
bağrına basmışdı. Ağdam Dram Teatrında, Şuşa Dövlət Teatrında sənin
dram əsərlərin – “Əlvida, köhnə dünya”,
“Üfüqlər qızaranda” pyeslərin böyük
uğurla tamaşaya qoyulmuş, bir dramaturq kimi sənə
şöhrət gətirmişdi.
Hə,
Ramiq, hara gedib çıxsaq da, hara hərlənsək də
sənin ədəbiyyatımızın, xüsusilə
dramaturgiyamızın inkişafında xidmətlərindən
danışmamaq olmur. Arabir mənimlə
mübahisə edərdin. Mənim sənin
bir dramaturq kimi daha çox fəallıq göstərmək,
məşhurlaşmaq, yaradıcılığında bu sahəyə
daha çox üstünlük vermək fikrimlə nədənsə
razılaşmırdın.
Deyirdin ki, mən şairəm, sonra dramaturqam. Mən də deyirdim ki, ay
qardaş, sənə kim deyir ki, şeir
yazma, yaz. Onsuz da şeir yazanlarımız nə qədər
istəsən... Amma bu gün pyes yazanları tək-tək
göstərmək olar. Teatr sənətinin
inkişafına daha çox ehtiyacımız var. Sənin
Bakı, Naxçıvan, Gəncə, Şəki, Lənkəran,
Ağdam, Şuşa Dövlət Teatrlarında dram əsərlərinin
tamaşaya qoyulması adi məsələ deyil, sən bir
dramaturq kimi daha uğurlu addımlar atırsan. Nə vaxtsa məndən
küsdün də, bir müddət zəngləşmədik
də... Mənə demişdin ki, “Özgə
ürəyi” adlı pyes üzərində işləyirsən.
Hətta o əsərin məzmununu da mənə
danışmışdın, maraqlı və orjinal idi.
Ən azı on il bundan qabaqkı
vaxtların söhbəti idi bu söhbət. Hanı, indi o əsər,
əlyazması var, yoxdur deyə bilmərəm...
Sənin “Seçilmiş əsərlər” adı ilə
nəşr edilmiş üç cildliyini oxumuşam. Həqiqətən
də oxumalı kitablardır, mövzu və janr
baxımından da diqqətçəkəndir. “Mənim oyaq yuxularım” başlığı
altında verilmiş kiçik həcmli, axıcı,
şirin bir dildə yazılmış əhvalatları
oxuduqca doymursan.
Sənin unudulmaz rəhbərimiz Heydər Əliyevlə
əlaqələrin özü zəngin hadisələrlə,
yaddaqalan görüşlərlə əlamətdardır,
olduqca maraqlı və deyərdim ki, tarixidir.
Heydər Əliyev Naxçıvanda Pedaqoji texnikumda sənin
anan Pakizə xanımla bir kursda oxumuşdu. Vilayətin quruculuq işlərində
böyük fəallıq göstərmiş atan Muxtar
Nağıyevlə Ulu Öndər yaxından tanış
idi, onun təşkilatçılıq qabiliyyətinə
yüksək qiymət vermişdi. Və bir faktı da qeyd etməyi
vacib sayıram ki, ulu rəhbər keçən əsrin
90-cı illərində Moskvadan qayıdıb
Naxçıvanda yaşadığı vaxtlarda sən
vaxtaşırı onu ziyarət eləmisən, saatlarla ikilikdə
söhbətləriniz olub, özün dediyin kimi, səninlə
dərdləşib.
Bu azman rəhbərin sənə, sizin ailəyə
xüsusi münasibəti vardı. Böyük rəhbər
bilirdi ki, Ramiqin atası Muxtar Nağıyev əslən irəvanlıdır.
Babası Məşədi Abbas bəy
Ənnağıbəyov İrəvanda çox hörmətli
və varlı bəylərdən biri olmuşdur. Fransada iqtisadi təhsil almışdır. Rus,
fransız, erməni dillərini bilirmiş, İrəvanda
Teatr meydanında ikimərtəbəli ev
tikdirmiş və həmin evdə indi 10 erməni ailəsi
yaşamaqdadır.
Muxtar kişinin həm də məşhur həkim Mustafa
bəy Topçubaşovla da qohumluq əlaqələri
vardı.
Hörmətli dövlət xadimi Əziz Əliyevin ailəsi
ilə simsar idiniz. Onu mən də bilirəm ki, Dünya Azərbaycanlılarının
I Qurultayı ərəfəsində ölkə prezidenti Heydər
Əliyev yalnız sənə tapşırmışdır
ki, Dünya Azərbaycanlılarının birlik nəğməsinin
mətnini yazarsan. Sən yazdın, Xalq
artisti Nəriman Məmmədov musiqisini bəstələdi.
Beləliklə birlik nəğməsi geniş
yayıldı.
Sənin şeirlərinə 120-dən çox mahnı
yazılıb, hərbi vətənpərvərlik
mövzusunda yazdığın sözlərə bəstələnmiş
mahnılar səkkiz dəfə birinci mükafata layiq görülmüşdür.
Onlarla bəstəkarımız sənin sözlərinə
mahnı bəstələmişdir. Xalq artistləri Nəriman
Məmmədovu, Ramiz Mustafayevi, Nəriman Əzimovu, Sərdar
Fərəcovu xüsusilə qeyd etmək gərəkdir.
Əllidən çox ifaçı sənin
sözlərinə yazılmış mahnıları səsləndirmişlər.
Xeyli sayda himn mətnlərinin müəllifisən, hətta
“Qarabağ” futbol komandasının himnini də qələmə
almısan. Sənin şeir yaradıcılığın da
özünəməxsusluğu ilə seçilir. Əlbəttə, sənin milli Azərbaycan
şeirinin inkişafında yerin, rolun ayrıca bir mövzudur.
Bu sahədə mənim təhlil aparmaq məqsədim yoxdur,
belə məsələlər ədəbi tənqidlə məşğul
olan kəslərin işidir, təbii ki...
Amma sənin elə şeirlərin var ki, seçilir,
sayılır, diqqətdən yayınmır.
Misal
üçün “Ana durnanın ölümü” şeiri əslində
kiçik həcmli poema təsiri bağışlayır:
Ana durna
can üstədir
Beş balası sağ-solunda.
Bir
durnası gəlib çıxmır
Gözü
qalıbdır yolunda...
Bu misralarla başlayır şeir. Ana cənab Əzraildən
möhlət istəyir, bir balası hələ gəlib
çıxmayıb, can vermək istəmir ana. Nəhayət
ki, axırıncı altıncı balası gəlib
çıxır və ana rahatlanıb dünyasını dəyişir.
Real hadisələr əsasında
yazılmış bu şeir dəyərlidir,
oxunaqlıdır, yaddaqalandır, inandırıcıdır.
Elə hadisələr, əhvalatlar da var ki, sən
satirik qələmlə münasibətini bildirməyi
bacarmısan.
Qarabağ problemləri ilə məşğul
olacaq “ATƏT”in Minsk qrupunun simasızlığı,
başqatması, murdar ermənilərin tərəfini
saxlaması, fəaliyyətsizliyi hamıya aydındır, məlumdur.
Sən özünün məşhur “Üç kəndirbaz”
şeirində Minsk qrupunu bir daha ifşa etmisən, Ramiq Muxtar:
Deyirlər
hər gecənin
İşıqlı gündüzü var.
Ayın
da bizdən küsən
Görünməyən üzü var.
Bu oyundu,
Vallahi
Xristian izi var.
Xaç
atası İsadan
Gəlmirsə
göydən səda,
Qurtarmaz
bu oyunu
Üç
kəndirbaz, üç gəda!
Ümumiyyətlə,
sənin ədəbi yaradıcılığın
üç ədəbi janr üzrə istiqamətlənib desəm
düz olar: poeziya, nəsr, dramaturgiya və mən bu
üç qolda dramaturgiyaya üstünlük verərdim. Sən
daha kamil dramaturqsan, həm də rejissorsan, unudulmaz kişi. Bəlkə mən
düz demirəm, amma qənaətim belədir. Sənin Naxçıvanın mədəni
quruculuğunda xidmətlərin danılmazdır. Uzun müddət Şahbuz musiqi məktəbinin
direktoru olmusan, gənc nəslin milli musiqimizi sevməsi yolunda
xeyli işlər görmüsən, respublika və vilayət
festivallarında uğurlar qazanmısan və s.
Hələ
lap gənc yaşlarından Naxçıvan televiziya və
radio komitəsində, “Şərq qapısı” qəzetində
əməkdaşlıq eləmisən, Naxçıvan
Filarmoniyasının rəhbəri olmusan.
Naxçıvan vilayət Bədən Tərbiyəsi və
İdman Komitəsinə başçılıq etdiyin
dövrdə vilayətdə idmanın, xüsusilə futbolun
inkişafında qazandığın uğurlar hamının
yadındadır.
Bakıda,
Naxçıvanda, Tiflisdə və digər şəhər və
rayonlarda ədəbiyyat və incəsənət xadimlərinin
(o cümlədən, Hüseyn Cavidin, Aşıq Şəmşirin)
yubiley tədbirləri sənin təşkilatçılığınla
keçirilib.
Dostun, həmkarın kimi, Tiflisdə keçirilən belə
tədbirlərdə sənin təşəbbüsünlə
mən də iştirak etmişəm.
Sənin fəaliyyətinə dövlətimiz tərəfindən
qiymət verilmişdir deyə bilərəm, fərdi Prezident
təqaüdü almısan, beynəlxalq “Rəsul Rza” mükafatı
laureatısan.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin
tapşırığına əsasən sənə yeni
tikilmiş binalarda mənzil verilmişdir və s.
Gürcüstan-Azərbaycan xalqlarının
dostluğundan bəhs edən “Şəhərli kürəkən”
pyesinə görə Gürcüstan Respublikasının Prezidenti
Eduard Şevarnadzenin sərəncamı ilə 2003-cü ildə
“Şərəf” ordeni ilə təltif olunmusan.
Ailəcanlılıqda, qohumluq ünsiyyətində,
dostbazlıqda tayın-bərabərin yoxdur. Respublikanın
hər bölgəsində dost-tanışın var. Həmişə
deyərdin ki, ən böyük kapitalın dostluqdur.
Xeyirxahlıq, darda qalanlara əl uzatmaq,
bürokratların sərt sifətini görənlərin
harayına səs vermək kimi humanist cəhətlər sənin
həyat tərzində həmişə özünü
göstərib.
Bu sahəyə dair onlarla misal çəkə bilərəm. Ekologiya və
Təbii Sərvətlər Nazirliyində uzun illər
xüsusi bir sahəyə rəhbərlik etmisən.
Sən
mükəmməl ailə başçısı kimi də
nüfuz sahibisən, bir qızın, üç oğlun
müstəqil ailə sahibləridirlər, hamısı ali təhsillidir və həmin bu ailələrdə
sənin nəvələrin böyüyür.
Ramiq, son dövrlərdə biz səninlə hər
gün zəngləşərdik. Qarabağla
bağlı hələ də narahat idin, qalib
bayrağımızın Xankəndində
qaldırılacağı günü gözləyirdin,
gözəlimiz Şuşadan arxayın idin və mənə
də deyirdin ki, şərait yaranan kimi Ağdama – ata yurduna
qayıt, ömrünün qalan payını orada yaşa.
Mən də sənə söz vermişəm. Canım, ruhum
Ağdama gedib orda yaşamaq mənim ən böyük
arzumdur, inşallah. İstəkli dostlar, bu yazını
oxuyan insanlar, Ramiq Muxtar haqqında danışmaqla qurtarası
deyil, bu yazını qələmə almaqla
çalışdım deyim ki, görün biz necə bir qiymətli
insan itirmişik, müqtədir bir sənətkarı,
istiqanlı, millətsevər, ürəyi türk sevgisilə
çırpınan bir şəxsiyyət itirmişik. Mən
bu əlvida məktubuma Ramiq Muxtarın seçilmiş əsərlərinin
III cildində “Ürəyimdən keçən istəklərim”
başlığı altında verilmiş yazısından sənətkarın
bəzi istəklərini də əlavə etməyi məqsədəuyğun
bildim: İstərdim ki, Heydər Əliyevin əzəmətli
heykəli Dağüstü parkda keçmiş Kirov heykəlinin
yerində qoyulsun və şəhərin hər yerindən
görünsün.
- Fikrət
Əmirov dünya şöhrətli bəstəkardır. Yaxşı olar ki, mənası bilinməyən
“Ulduz” metrosuna onun adı verilsin.
- Moskvadan
yurduna-yuvasına - Naxçıvana xəstə, zəifləmiş
halda dönmüş Heydər Əliyevin
sağlamlığı, gümrahlığı uğrunda
xeyli iş görmüş və onun tam sağalmasına nail
olmuş, hazırda Naxçıvanda yaşayan Sənifə
anaya qayğıkeşliyinə və fədakarlığına
görə “Şərəf” ordeni verilsin və s.
Ramiq, sən deyirdin ki, yaxşı olar ki, Şuşada Pənahəli
xanın heykəli qoyulsun. Bu, yaramaz haylara göz dağı
olar...
Unudulmaz və
əvəzsiz dost, bu kiçik yazını böyük Nazim
Hikmətin 1932-ci ildə yazdığı
aşağıdakı misraları ilə bitirmək qənaətinə
gəldim:
Kəsilmiş
bir qol kimi
Çiynimizdədir
boşluğun...
Bu
sözlərdən sonra daha nə demək olar ki....
Ramiz MƏMMƏDZADƏ,
Səs.-2021.-
21 may.- S.12,13.