Erməni barbarlığı:
dağıdılan tarixi və dini abidələr
Prezident İlham Əliyev: "Biz bütün
abidələri qoruyuruq, bütün xalqların abidələrini
qoruyuruq və dünya bunu bilir"
Azərbaycan xalqı 30 ilə yaxın bir
zamandan sonra işğaldan azad olunmuş torpaqlarımızda
erməni vəhşiliyinin izləri ilə daha yaxından
tanış olur. Ermənilərin işğal etdikləri ərazilərimizdə
törətdikləri vandallıq ağıla sığmayan vəhşilikdir.
Azərbaycanın tarixi-mədəni irsinə qarşı
görünməmiş vandalizm həyata keçirilib.
Ərazilərdə abidələr, mədəniyyət
ocaqları, məscidlər, qəbiristanlıqlar
dağıdılıb, təhqir edilib, bəziləri isə
erməniləşdirilib. Ermənistan qanunsuz
silahlı birləşmələri tərəfindən
dövlət əmlakının və xüsusi mülkiyyətdə
olan əmlakın məhv edilməsi, talan edilməsi ilə
bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına
küllü miqdarda ziyan vurub. Azərbaycanın
işğal olunmuş ərazilərində erməni
işğalçılarının
özbaşınalığı, tarix və mədəniyyət
abidələrimizin dağıdılması və qəsdən
korlanması "Arxeoloji irsin mühafizəsi haqqında"
Avropa Konvensiyasına, "Ümumdünya mədəni və
təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun
konvensiyasına zidd olsa da işğal
altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət
abidələrinin əksəriyyəti məhv edilib.
İşğal altındakı torpaqlarımızda təqribən
403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd,
192-i ziyarətgahdır. 67 müsəlman məscidinin
63-ü tamamilə, 4-ü isə qismən
dağıdılaraq yararsız hala salınıb. Ağdam
Cümə məscidinin içərisində ev heyvanları,
o cümlədən donuz saxlamaqla öz kimliklərini nəinki
Azərbaycan xalqına, eləcə də bütün
dünyaya göstərdilər. Azərbaycan Prezidenti İlham
Əliyev çıxışlarının birində
vurğuladığı kimi, "Bizim bütün dini abidələrimiz
düşmən tərəfindən dağıdılıb.
Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni
dəfələrlə qaldırmışdıq, beynəlxalq
kürsülərdən qaldırmışdıq, tarixi-dini
abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o
videoları dəfələrlə göstərirdik. Ağdam
məscidini, Şuşa məscidlərini, o vaxt işğal
altında olan digər məscidlərin vəziyyətini
göstərərək deyirdik ki, mənfur düşmən
bizim dini abidələrimizi dağıdıb, təhqir
edib."
ERMƏNİ VANDALİZMİ HİDDƏT
DOĞURUR
Bu gün dünya mətbuatı erməni
vandallığına qarşı öz münasibətini qələmə
alır və onların törətdikləri əməllər
kəskin şəkildə pislənilir. Kolumbiyanın
nüfuzlu rəqəmsal KİV-lərindən olan
"Las2Orillas" qəzetində tanınmış jurnalist
Roberto Trobaxonun müəllifi olduğu, Azərbaycanın azad
olunmuş ərazilərində 30 ilə yaxın işğal
müddətində Ermənistan tərəfindən törədilmiş
kütləvi dağıntılar və YUNESCO-nun erməni
vandalizminə laqeyd yanaşmasından bəhs edən
"YUNESCO kor, kar, lal olub, yoxsa əsirə çevrilib?"
sərlövhəli məqalə dərc olunub. Məqalədə
Şuşa, Ağdam, Qubadlı, Zəngilan və digər
şəhərlərimizdə Ermənistanın mədəni
soyqırımı törətdiyi, bu ərazilərdə dini
ziyarətgah, məscid, muzey, arxeoloji yer, məzarlıq və
çoxlu sayda digər mədəni və dini abidələri
məhv etdiyi bildirilir və bu hərəkətlərin
insanlıq əleyhinə cinayət olduğu vurğulanır.
Məqalədə qeyd olunur ki, YUNESCO-nun beynəlxalq
təşkilat kimi rolu dünyada tarixi-mədəni və dini
abidələrin qorunması olduğu halda, Ermənistanın
ötən ilin sonlarınadək işğalda
saxladığı Azərbaycan torpaqlarında törətdiyi
vandalizmə heç bir münasibət bildirməyib. Bu
müddət ərzində bir dəfə də bu ərazilərə
müşahidə missiyası təşkil etmədiyi söylənilir
və bu təşkilatın erməni vandalizmi
qarşısında səssiz qalmasının təəccüb
və hiddət doğurduğu deyilir. Azərbaycan Prezidenti
İlham Əliyev Zəngilana səfəri zamanı düşmən
tərəfindən dağıdılmış məscidin
qarşısında çıxışı zamanı bu məsələyə
toxunaraq bildirmişdi: "Biz 30 il ərzində
dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə
bildirmişik ki, bizim məscidlərimiz
dağıdılıb, tarixi abidələrimiz
dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir,
bir dəfə missiya göndərildimi? Bir dəfə
bizim müraciətimizə cavab verildimi? Elə müharibə
qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri
gərək qorunsun. Biz bütün abidələri qoruyuruq,
bütün xalqların abidələrini qoruyuruq və
dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura,
UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz
qalma, gəl gör buranı! Bütün məscidlər
dağıdılıb. Yaxşı, məscidi dağıtmaq
olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik
nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər
davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək?
Bu islamofobiya nə qədər davam edəcək? Bunu
dağıdan erməni olub".
Məqalədə UNESCO-nun təşkilatdaxili
siyasi qərəzin əsirinə çevrilib-çevrilmədiyi
sual edilir.
Azərbaycan müasir dünyada haqq səsini
dünyaya çatdırır. Məlum
olduğu kimi, Xarici İşlər Nazirliyinin
hazırladığı "Azərbaycan Respublikasının
Ermənistan tərəfindən işğal olunmuş ərazilərində
İslam dininə aid tarixi və mədəni irsin məhv
edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı davam edən təcavüzü nəticəsində
Azərbaycanın tarixi və mədəni irsinin
dağıdılması və təhqir olunması"
adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT,
ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı,
ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim
edilib.
Dağıdılan dini abidələrimizə
nəzər salarkən Füzuli rayonunda Hacı Ələkbər
məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı
Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda
Süleymanlı və Papı kənd məscidləri,
Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri,
Zəngilan rayonunda Zəngilan şəhər məscidi,
Malatkeşin və Zəngilan kənd məscidləri və s.
bu sırada vurğulanmalıdır. Qaraağac qəbiristanlığında
yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi
olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə
aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam
şəhərində yerləşən Pənahəli
xanın və Mehdiqulu xanın türbələri
dağıntılara məruz qalmış,
işğalçı Ermənistan tərəfindən abidələrə
ciddi ziyan dəymişdi.
TOLERANTLIQ SİYASƏTİ
ÖLKƏMİZDƏ YAŞAYAN ETNİK VƏ DİNİ
İCMALAR ARASINDA DOSTLUĞU VƏ QARDAŞLIĞI
MÖHKƏMLƏNDİRİR
Azərbaycan ərazisindəki bütün abidələr
isə dövlət səviyyəsində qorunur. Multikultural və
tolerant yaşam tərzi ilə dünyada tanınan Azərbaycanda
bu mühitin formalaşması dinindən, dilindən və
milli mənsubiyyətindən asılı olmayaraq, hər bir
insana olan bərabər münasibətin nəticəsidir.
Dövlətimizin həyata keçirdiyi tolerantlıq siyasəti
ölkəmizdə yaşayan etnik və dini icmalar arasında
dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə
öz təsirini göstərir. Azərbaycanda
xristianlığın ayrı-ayrı cərəyanlarının
icmaları sərbəst şəkildə fəaliyyət
göstərir. Dünyada yəhudilərin azad şəkildə
dini inanclarını icra etdiyi ölkələr içərisində
Azərbaycan birinci yerdədir.
Ölkəmizdə 7 sinaqoq və 4 gürcü
kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünə
baxmayaraq, Bakıda erməni kilsəsi qorunub-saxlanılır.
Bu və ya digər faktlar xalqımızın
tolerantlığının bariz göstəricisidir.
Məqalədə, həmçinin Azərbaycan
hökuməti və Heydər Əliyev Fondunun ölkə ərazisində
dağıntıya məruz qalmış abidələrin bərpası
ilə yanaşı, xaricdə də tarixi-mədəni irsin
mühafizəsi istiqamətində fəaliyyət göstərdiyi
bildirilir. Azərbaycanın Birinci Xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Roma şəhərinin
ətrafında yerləşən 60-a yaxın katakombaların
bərpasında əhəmiyyətili işlərə imza
atmışdır. Müqəddəs
Marçellinio və Pietro katakombaları xristian aləmi
üçün ən mühüm və ən maraqlı abidələrdən
biridir və bu addım dinlər və mədəniyyətlərarası
dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə
yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin
bərpasına töhfəsini verən Heydər
Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş
oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi,
Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal
yaşayış qəsəbələrində X-XII əsrlərə
aid 7 kilsənin bərpasına yardım etməsi də diqqəti
cəlb edir.
Məqalədə Heydər
Əliyev Fondunun elmi-mədəni layihələrin həyata
keçirilməsi üçün UNESCO-ya maliyyə
yardımları göstərdiyi, bu müsbət fəaliyyətin
Latın Amerikası regionunda da təzahür etdiyi, bu çərçivədə
2017-ci ildə Qvatemalada qeyri-maddi mədəni irsin qorunması
üzrə bacarıqların artırılması ilə
bağlı layihə çərçivəsində təlim
seminarlarının keçirilməsini maliyyələşdirdiyi
bildirilir.
Erməni barbarlığının nəticəsi
olaraq dağıdılan abidələrimiz qısa bir zamanda bərpa
olunacaq və törətdikləri əməllərə
görə, qanun qarşısında cavab verəcəklər.
Qarabağdakı bütün müsəlman və
xristian-alban abidələri Azərbaycan xalqının tarixi, mədəni
və dini irsinə məxsusdur. Ölkəmizin zəngin
irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə
təmin ediləcək, o cümlədən işğaldan
azad olunmuş ərazilərdəki abidələrin bərpası,
təmiri və yenidən qurulması işləri həyata
keçiriləcəkdir. Artıq bu istiqamətdə işlərə
start verilib.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.-
2021.- 22 may.- S.10.