Liderlik zirvəsini fəth edən Dahi
Heydər Əliyevin həyat
yolu və siyasi fəaliyyəti Onu bu ucalıqda sönməz
məşələ çevirdi
Ulu
Öndərin xilaskarlıq missiyası: Vətənə, xalqa
bağlılıq
Dünya təcrübəsi göstərir ki,
güclü, ölkəsinin, xalqının gələcəyini
düşünən lideri olan dövlətlər yüksək
inkişaf yolu keçir, gələcəyə böyük
inamla addımlayır, imzalar içində imzası ilə fərqlənir. Həmçinin
bu reallıq da hər zaman önə çəkilir ki,
keçmişini unutmayan, bu günü ilə qürur duyan və
gələcəyə doğru böyük inamla irəliləyən
xalq tarixin sınaqlarından şərəflə
çıxır, böyük uğurlara imza atır, yeni
prioritetlərin fonunda yüksək zirvələri fəth
edir. Zəngin dövlətçilik tarixinə
malik olan Azərbaycan xalqı dünyaya bu nümunəni də
göstərib. Xalqımız XX əsrin əvvəllərində
qazandığı müstəqilliyi qısa zamanda obyektiv səbəblər
ucbatından itirsə də bu uğursuzluq onun sabaha
inamını itirmədi, əksinə, müstəqil və
azad yaşamaq arzusu daha da alovlandı. 1991-ci il oktyabrın 18-də dövlət müstəqillyini
bərpa edən Azərbaycan nəinki yenidən onu itirmək,
hətta bir dövlət kimi tarix səhnəsindən silinmək
təhlükəsi ilə üz-üzə qaldı. Həmin dövrün iqtidarının səriştəsizliyi,
idarəçilik qabiliyyətinin yoxluğu, hakimiyyətin ən
yuxarı eşalonunda yüksək məqama sahib olmaq məqsədilə
biri-birini didib-parçalamağa hazır olan üzdəniraq
“liderciklərin” şəxsi ambisiyalarını dövlət
maraqlarından üstün tutmaları Azərbaycanı “olum,
ya ölüm” dilemması qarşısında qoymuşdu.
Ölkəmizdə vətəndaş müharibəsi
başlanmışdı. Respublikada meydan
sulayan anarxiya, xaos, özbaşınalıq şəraitində
bölgələrdə mərkəzdənqaçma
tendensiyası gündən-günə güclənirdi. Şimalda “Sadval” separatizmi, cənubda qondarma
“Talış-Muğan respublikası” xülyası, mərkəzdə
müxtəlif siyasi qüvvələr arasında hakimiyyət
uğrunda amansız mübarizə ölkəni uçuruma
aparırdı. Həmin ərəfədə silahlı
qüvvələrin torpaqlarımızın Ermənistanın
getdikcə daha intensiv xarakter alan hərbi təcavüzündən
qorunmasına deyil, ayrı-ayrı dairələrin
maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin
işğalına şərait yaradırdı. Xüsusilə
özünün yarıtmaz idarəçiliyi nəticəsində
ölkəni vətəndaş müharibəsi həddinə
çatdıran xəyanətkar AXC-Müsavat hakimiyyətinə
qarşı 1993-cü il iyunun 4-də Gəncə
şəhərində baş verən hərbi qiyam vəziyyəti
daha da gərginləşdirirdi. Bu mənzərə
o dövrdə hakimiyyətdə olanların şəxsi
ambisiyalarını dövlət maraqlarından üstün
tutmalarının göstəricisi idi.
Qeyd etdiyimiz kimi, Ermənistanın hərbi təcavüzünün
genişləndiyi həmin mürəkkəb tarixi şəraitdə
hakimiyyət hərislərinin kreslo uğrunda mübarizəsi
xalqa ağır məşəqqətlər yaşatdı. O dövrdə
özbaşınalıqlar, AXC-Müsavat hakimiyyətinin
ümumiyyətlə, idarəçilik sisteminin olmaması,
1993-cü ilin əvvəllərindən ölkədə
meydan sulayan və ayrı-ayrı dairələrin siyasi
maraqlarına xidmət edən silahlı dəstələrin
özbaşınalığının Azərbaycanın
daxilində qardaş qırğınına və vətəndaş
müharibəsinə zəmin yaratması, bütün bunlar
azmış kimi bölgələrdə
separatçılıq və mərkəzdənqaçma
meyillərinin güclənməsi Azərbaycanın bir
dövlət kimi varlığını sual altında
qoymuşdu. Belə bir çıxılmaz vəziyyətdə
Azərbaycan xalqı o zaman Naxçıvan Muxtar
Respublikası Ali Məclisinə rəhbərlik edən
özünün sınanmış liderinə, ulu öndər
Heydər Əliyevə üz tutdu.
Ümummilli
lider Heydər Əliyevin 1993-cü il iyunun
9-da xalqın təkidli tələbi ilə Naxçıvandan
Bakıya gəlməsi Azərbaycanın gələcək
taleyini düşünən hər bir vətənpərvər
soydaşımızın qəlbində sönməz ümid
çırağı yandırdı. Böyük
məşəqqətlər yaşayan xalqımız bir daha əmin
oldu ki, Ümummilli Lider Azərbaycanı düçar
olduğu fəlakətdən xilas edəcək. Belə də oldu. Azərbaycanda
vətəndaş qarşıdurmasının
dayandırılması, dövlət müstəqilliyinin
itirilməsi təhlükəsinin aradan qaldırılması
həmin o tarixi günlərdən başlandı. Gəncə
hadisələrinin səbəb və nəticələrini
öyrənmək üçün iyunun 13-14-də
ziyalılardan, ağsaqqallardan ibarət bir qrupla Gəncəyə
gedən Ulu Öndər AXC-Müsavat iqtidarının yetirməsi,
o günədək, necə deyərlər, ipə-sapa yatmayan
qiyamçı polkovnik Surət Hüseynovla, sadə vətəndaşlarla,
hərbçilərlə görüşərək siyasi
böhranın, qarşıdurmanın aradan
qaldırılması üçün söhbətlər
apardı, ölkəni düçar olduğu siyasi
böhrandan xilas etməyin yolları barədə tövsiyələrini
bildirdi. Görüşün nəticələri
barədə iyunun 15-də keçirilən Azərbaycan Ali
Sovetin fövqəladə sessiyasında fikirlərini
açıqlayan Ümummilli Lider əminliklə bildirdi ki,
göstərilən səylər, aparılan
danışıqlar bu gərginliyi aradan qaldıracaq. Dahi rəhbər dönə-dönə vurğuladı
ki, bu gərginlik, qarşıdurma yalnız sülh,
barışıq, qarşılıqlı anlaşma,
danışıqlar yolu ilə həll olunmalıdır.
Məhz 1993-cü ilin 15 iyun günü
çağdaş Azərbaycanın tarixinə əlamətdar
hadisə kimi yazıldı. Sessiyada deputatların
yekdil səsverməsi ilə ulu öndər Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri
seçildi. Bu seçim ilə Azərbaycanın
xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli
qoyuldu. Həmin gün Azərbaycanın
dövlətçilik tarixinə Milli Qurtuluş Günü, əbədiyyət
rəmzi kimi yazıldı.
Ulu
öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə
qayıdışının ilk mərhələsində hər
bir inkişafın əsasında dayanan sabitliyi təmin etdi,
“İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir” tezisini önə çəkərək
iqtisadiyyatın inkişafında neft amilinə böyük dəyər
verdi, bugünümüz üçün
möhkəm iqtisadi təməl yaratdı, əsl liderə
xas olan səbr, qətiyyət, müdriklik nümayiş etdirərək
bütün çətinliklərə qalib gəldi.
Ötən əsrin 90-cı illərinə qısa
ekskurs edərkən belə bir məqamı xüsusi
vurğulamalıyıq ki, Ümummilli Liderin Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə
gördüyü işlər də dahi şəxsiyyətin
bugünümüzə xidmət edən addımları
sırasındandır. Həmin dövrdə Ulu Öndərin təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağı, himni,
gerbi bərpa olundu, dünyanın müxtəlif dövlətlərinə
səpələnmiş soydaşlarımızın birliyinə
hesablanmış 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü təsis edildi. Dahi
şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qaydışından sonra diaspor
quruculuğu dövlət siyasətinin əsasına
çevrildi. Ulu öndər Heydər
Əliyev harada yaşamasından asılı olmayaraq
bütün azərbaycanlıları bir amal-azərbaycançılıq
ideyası ətrafında sıx birliyə
çağırdı. Ümummilli Liderin «Mən həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam!» tezisi hər bir Azərbaycan
vətəndaşının həyat amalına çevrildi. Ulu öndər Heydər Əliyev dönə-dönə
bəyan edirdi ki, müstəqillik yolunda ilk
addımlarını atan dövlətin
varlığının təsdiqlənməsində ikitərəfli
və çoxtərəfli çərçivədə əməkdaşlıq,
diaspor quruculuğu vacib amillərdir. Müstəqilliyimizin
ilk illərində Azərbaycan haqqında məlumatsızlıq
erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb
olmuşdu. Ümummilli Lider müstəqil
dövlətimizin başçısı kimi ilk gündən
diqqətini Azərbaycanın ətrafında yaradılan
informasiya blokadasının yarılmasına yönəltdi.
Təbii ki, dünyanın müxtəlif ölkələrinə
səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi,
vahid mərkəzdən idarə olunmaları da bu prosesə
öz müsbət təsirini göstərirdi. Ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
2001-ci il noyabr ayının 9-10-da Dünya
azərbaycanlılarının I qurultayının
keçirilməsi diaspor quruculuğu, bir sözlə, Azərbaycanın
dünyaya təqdimatı istiqamətində növbəti
addım oldu. Torpaq, Vətən sevgisi
bütün dünya azərbaycanlılarını vahid amal
uğrunda birləşdirdi. Ümummilli Lider bu
çağırışı da edirdi ki, suverenliyimizi daimi
yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək
üçün hər bir azərbaycanlıdan müqəddəs
Azərbaycan qayəsi ətrafında əməl və əqidə
birliyi , sarsılmaz həmrəylik tələb
olunur.
«Müstəqilliyin
əldə olunması nə qədər çətindirsə,
onun saxlanılması, daimi, əbədi olması bundan da
çətindir» söyləyən ulu öndər Heydər
Əliyev müstəqil Azərbaycan Respublikasının
Prezidenti olduğu 10 il müddətində
daim bu tezisinə sadiq qalaraq dövlətçiliyimizi,
xalqımızı gözlənilən bəlalardan xilas etdi.
1993-cü ilin iyununda törədilən Gəncə hadisələri,
separatçı Əlikram Hümbətovun
başçılığı ilə təşkil olunan Lənkəran
qiyamı, 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında
Bakıda dövlət çevrilişlərinə cəhdlərin
qarşısını xalqla birliyi ilə alan ulu öndər
Heydər Əliyev müstəqilliyimizin əbədiliyinin
qarantı oldu. Dövlət çevrilişinə cəhdlər
zamanı bir çağırışı, xalqa müraciəti
ilə milyonlarla insanı ətrafına toplamağa qadir olan
xalqın ümid yeri, qətiyyəti, sarsılmaz siyasi iradəsi,
cəsarəti, ən nəhayət Vətənə
bağlılığı ilə taleyin ən çətin
sınaqlarından alnı açıq, üzü ağ
çıxan dahi şəxsiyyət Heydər Əliyevin əzəməti
qarşısında cılız görünən təxribatçılar
qısa müddətdə tərksilah edildi. 1994-cü
ilin oktyabr, 1995-ci ilin mart hadisələri göstərdi ki,
dövlətin qorunması, müstəqilliyin əbədiliyi
üçün xalq-iqtidar birliyi silahdan qat-qat artıq gücə
malik olan həlledici amildir.
«91-lər»
Yeni Azərbaycan Partiyasının «qızıl fondu»dur
Müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər Əliyevin xalqımız,
dövlətimiz qarşısında xidmətlərindən
biri də təbii ki, bu gün nəinki ölkənin, regionun
aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan
Partiyasının yaradılmasıdır. Partiyanın
yaradıldığı dövrün xarakteristikası hər
kəsə məlumdur. Xalqın istəyini özündə
əks etdirən, Yeni Azərbaycan Partiyasının
qızıl fondu kimi dəyərləndirilən «91-lər»in
üzvü kimi bu fikri böyük fəxr hissi ilə qeyd edə
bilərəm ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə belə bir partiyanın yaradılması, eyni zamanda,
xalqın təkidli tələbi ilə dahi şəxsiyyətin
hakimiyyətə qayıdışı həmin dövrün
tələbi, ortaya çıxan zərurət,
bugünümüz üçün möhkəm təməl
idi. Əvvəldə də qeyd etdiyim kimi,
müstəqillik tariximizin ilk illəri xaos, anarxiya,
özbaşınalıq, iqtisadi böhran dövrü kimi
xarakterizə olunur. Yaşananların
fonunda xalqın sabaha ümidi yox idi. Belə bir çətin
məqamda xalqın böyük əksəriyyətinin istəyinin
ifadəsi kimi 91 nəfər ziyalının ulu öndər
Heydər Əliyevə «Azərbaycan Sizin
sözünüzü gözləyir» müraciəti, dahi
şəxsiyyətin müraciətə «Yeni, müstəqil
Azərbaycan uğrunda» cavabı itirilən ümidlərin bərpa
olunacağına inam yaratdı. İstər
müraciətə, istərsə də Ümummilli Liderin
cavabına diqqət yetirsək görərik ki, hər iki
tarixi sənəddə Azərbaycanın müstəqilliyinin
bir sərvət olduğu və onun qorunmasının vacibliyi
öz əksini tapır. Yeni Azərbaycan
Partiyası öz adında bütün istəkləri,
arzuları birləşdirir. «91-lər»in
müraciətində xalqı bu çətin vəziyyətdən
xilas edəcək partiyanın yaradılması və ona Heydər
Əliyev kimi yüksək idarəçilik qabiliyyətinə,
dövlətçilik təcrübəsinə, siyasi
bacarığa, geniş dünyagörüşünə
malik bir şəxsiyyətin rəhbərlik etməsinə
ehtiyacın olduğu vurğulanırdı. Ümummilli lider Heydər Əliyevin yeni yaradılacaq
partiya üçün «Yeni Azərbaycan» adını məqsədəuyğun
bilməsi də təsadüfi deyildi. Partiya
müxalifət partiyası kimi yaransa da xalqa, dövlətə
qarşı müxalifətdə deyildi, milli
maraqlarımız, dövlətçiliyimiz bu siyasi təşkilatın
tutduğu xəttin əsasını təşkil edirdi.
YAP yarandığı gündən indiyədək əqidəsinə,
tutduğu yola sadiqliyi ilə diqqət çəkib və bu
yol ona hər zaman uğurlar qazandırıb. Yaxın
tariximizə nəzər yetirsək görərik ki, YAP
yarandıqdan 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan
Partiyasının həyatında yeni bir mərhələnin təməlini
qoydu. Yeni Azərbaycan Partiyası adında
ehtiva etdiyi məqsəd və mərama çatmaq
üçün ciddi səylər göstərdi, uğurlu
siyasəti ilə milyonların partiyasına çevrildi.
Zamanın yaddaşına söykənərək
bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, YAP
xalqın istəyi, zamanın tələbi ilə yaranan
partiyadır. Ulu öndər Heydər Əliyevin fikirlərinə
istinad etməklə deyə bilərik ki, YAP Azərbaycanda gedən
ictimai-siyasi proseslərin içərisindən yaranan zərurətdir:
«O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu
ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə
başlayan adamların şəxsi təşəbbüsü
ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü
ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan
Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu
yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul
olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati
mərkəz olmadan, hərəsinin öz tərəfindən
hərəkət etməsi nəticəsində, ağır
şəraitdə, böyük təqiblər şəraitində
yaranmış bir partiyadır."
Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan
Partiyasının I qurultayında bu məqamı xüsusi qeyd
etmişdir ki, o vaxt partiya yaratmaq fikrim yox idi. Hər zaman xalqına sədaqətlə
xidmət etdiyini vurğulayan Ulu Öndər bildirmişdir ki,
amma Moskvada yüksək vəzifələrdən kənarlaşdırılandan,
istefaya gedəndən sonra ətrafımda cərəyan edən
ədalətsizliyi və on illər boyu sədaqətlə
xidmət etdiyim hökumətin, partiyanın təzyiqlərini,
təqiblərini görərkən yenidən siyasətə
qayıtmaq fikrində olmadım. Hesab etdim ki, həyatda öz
missiyamı yerinə yetirmişəm, onun qiymətini isə gələcək,
tarix verəcəkdir: «Məni siyasi həyata qayıtmağa məcbur
edən 1990-cı ildəki Yanvar hadisələri oldu.»
Siyasi həyata qayıtmağını şərtləndirən
amillərdən bəhs edən ulu öndər Heydər
Əliyev bütün addımlarının kökündə
torpaq, Vətən sevgisinin əsas yer tutduğunu önə
çəkirdi. Təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyasının
yaradılması ilə bağlı ziyalarımızın
müraciətinə cavabında da Ümummilli Lider müstəqilliyi
tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu təhlükə
qarşısında qoymağın
mümkünsüzlüyünü xüsusi
vurğulamış və bu inamı ifadə etmişdir ki,
belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal
iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin
möhkəmləndirilməsində və inkişafında
tarixi rol oynaya bilər: “Əgər belə partiya
yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə
hazıram.”
1992-ci il
noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən
550 nümayəndənin iştirakı ilə öz təsis
konfransını məlum səbəblərdən
Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası
bu gün sıralarında 760 mindən artıq üzvü
birləşdirir. YAP-ın sıralarının kəmiyyət
və keyfiyyət baxımından günbəgün zənginləşməsi,
uğurlar, qələbələr partiyası kimi böyük
nüfuz qazanması sözsüz ki, ulu öndər Heydər
Əliyevin ideyalarına sədaqətin, möhtərəm
Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu
siyasətə inamın göstəricisidir.
Əbəs yerə deyilmir ki, tarix hər bir hadisənin
önəminin açıqlanmasında
yardımçıdır. Artıq bu il Yeni
Azərbaycan Partiyasının yaradılmasının 29 ilini
arxada qoyacağıq. Ötən 29 il
partiyanın fəaliyyətinin dəyərləndirilməsi
baxımından mühüm hadisələrlə zəngindir.
Son 17 ildə Heydər Əliyev siyasətini
bütün istiqamətlərdə uğurla davam etdirən Azərbaycan
Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi
altında Yeni Azərbaycan Partiyası inkişaf edir, təkmilləşir,
yeniləşir. Partiyaya xalqın sevgisi
sonsuzdur. 1993-cü ildən indiyədək
ölkəmizdə keçirilən bütün seçki
kampaniyaları bu reallığın təsdiqidir. Ümumiləşdirmə aparsaq əminliklə deyə
bilərik ki, ulu öndər Heydər Əliyevin bildirdiyi kimi,
Yeni Azərbaycan Partiyasına xidmət etmək xalqa, dövlətə
xidmət etmək deməkdir. Azərbaycanın
müstəqillik tarixinin əsas bələdçisi olan Yeni
Azərbaycan Partiyası populizmdən uzaqlığı, real
işləri ilə xalqın dəstəyini qazanıb və
bu dəstək davamlıdır. Ötən
29 ildə partiyanın qazandığı uğurlar gələcəyin
aydın mənzərəsini yaradır.
Yeni Azərbaycan
Partiyasının bu il martın 5-də
keçirilən VII qurultayında dövlətimizin
başçısı İlham Əliyev Ulu Öndərin
düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində Azərbaycanın, Yeni Azərbaycan
Partiyasının uğurlarından bəhs etməklə
yanaşı, «91-lər»in də fəaliyyətini yüksək
dəyərləndirmişdir. “Mən bu gün
bir daha o vaxt milli maraqları hər şeydən üstün
tutan “91-lər”i qeyd etmək istəyirəm, onların fəaliyyətini
yüksək qiymətləndirirəm» söyləyən
Prezident İlham Əliyev bu inamı ifadə etmişdir ki,
bundan sonra da onlar fəal işlərlə məşğul
olacaq, Yeni Azərbaycan Partiyasının Veteranlar
Şurasında fəaliyyət göstərəcək və
ictimai həyatda fəaliyyət göstərəcəklər.
Onları Azərbaycan xalqı
unutmamalıdır”. Prezident kimi hər zaman “91-lər”in
fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən
dövlətimizin başçısı onu da
vurğulamışdır ki, təkcə ona görə yox
ki, Heydər Əliyevə müraciət ediblər: “Ona
görə ki, qorxmadılar, çəkinmədilər,
ölkə maraqlarını öz şəxsi maraqlarından
üstün tutdular. Faktiki olaraq 1992-ci ilin noyabr
ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə
yol açdı. Ondan sonra heç bir il
keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər
Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi
ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin
böhrandan çıxma prosesi artıq başlandı”.
Yeni Azərbaycan Partiyasının Sədri bu
çağırışı da etmişdir ki, biz bu tarixi
yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə
bunu öyrənməlidirlər: “Mən demişəm, bizim dərsliklərdə
bu tarixlə bağlı geniş məlumat verilməlidir. O
tarixin canlı şahidləri öz xatirələrini
bölüşməlidirlər ki, bu tarix əbədi
yaşasın, bu müstəqillik tariximiz məhz ondan
başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki
1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü
kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir
ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq
respublikalar öz müstəqilliyini elan etmişdilər.
Sovet İttifaqı demək olar ki,
dağılırdı. Artıq
parçalanma prosesləri gedirdi. Nəyi
gözləyirdilər 18 oktyabra qədər. Ondan əvvəl müstəqilliyi elan etmək
olmazdımı? Əlbəttə,
olardı. Ona görə bizim əsl müstəqillik
tariximiz ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır.»
Böyük
inamla qeyd edirik ki, milyonların partiyasına çevrilən
Yeni Azərbaycan Partiyasının güc mənbəyi ulu
öndər Heydər Əliyevin zəngin irsi və möhtərəm
Prezidentimiz İlham Əliyevin siyasi fəaliyyətinin
uğuru, qüdrətli Azərbaycanı gələcək
inkişafa aparan yoldur.
Azərbaycanın
bugünü üçün möhkəm təməl:
1993-2003-cü illər
Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra yenidən
qurulan Azərbaycan qısa müddətdə dünya birliyinin
layiqli üzvünə çevrildi. Sabitliyin
yaradılması ilə iqtisadi inkişafın da əsası
qoyuldu. Bu fakt inkaredilməzdir ki, Azərbaycan
yerləşdiyi coğrafi məkana, malik olduğu təbii
resurslara görə daim dünyanın diqqətində olub.
Müstəqilliyimizin ilk illərində ölkədə
xaosun, anarxiyanın, özbaşınalıqların hökm
sürməsi ölkəmizlə iqtisadi əməkdaşlıqda
maraqlı olan dövlətlərin tərəddüdlərinə
səbəb olurdu. Lakin ulu öndər Heydər
Əliyevin yaratdığı sabitlik, həyata keçirdiyi
«açıq qapı» siyasəti xarici iş adamlarının
ölkəmizlə əməkdaşlığa
maraqlarını artırdı, Azərbaycan qısa müddətdə
böyük investisiyalar məkanına çevrildi. 1994-cü
il mayın 12-də ulu öndər Heydər
Əliyevin gərgin səyləri nəticəsində Ermənistanla
atəşkəs sazişinin imzalanması sabitliyin daha da
möhkəmlənməsinə, bütün sahələrdə
uğurlu addımların atılmasına böyük zəmin
yaratdı. Belə ki, həmin il
sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi
daxil olan neft sazişi imzalandı ki, bununla da Azərbaycanın
dünya iqtisadi sisteminə inteqrasiyasının əsası
qoyuldu. Azərbaycan etibarlı tərəfdaş
kimi mövqeyini möhkəmləndirdi. Bu
sazişdən sonra onlarla müqavilənin və Anlaşma
Memorandumunun imzalanması Azərbaycana olan inamın göstəricisi
idi. Ulu öndər Heydər Əliyevin
müəllifi olduğu neft strategiyasının uğurlu
icrası nəticəsində Azərbaycanın iqtisadi
imkanlarının artması fonunda ölkəmizin maliyyə
imkanları da genişləndi ki, bu da öz növbəsində
əhalinin sosial müdafiəsinin gücləndirilməsinə
xidmət edən addımların atılmasını şərtləndirdi.
Ulu öndər Heydər Əliyev bildirmişdir
ki, neft Azərbaycanın ən böyük sərvəti olub,
xalqa, özü də təkcə indiki nəslə deyil, həm
də gələcək nəsillərə mənsubdur. Ümummilli Liderin böyük uzaqgörənliklə
yaratdığı Dövlət Neft Fondu da məhz neft gəlirlərini
idarə olunmasında şəffaflığın
qorunmasına xidmət edir. Belə ki,
Fondun vəsaitləri hesabına maliyyələşən
sosial-iqtisadi layihələrin uğurlu icrası nəticəsində
ümumilikdə ölkənin hərtərəfli
inkişafı təmin edilir.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə dövlətçiliyimizin əsasları
quruldu. 1995-ci
il noyabrın 12-də ümumxalq səsverməsi
ilə qəbul olunan Milli Konstitusiyamız Azərbaycanın
demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu
yolunda atdığı addımlar üçün təkmil
mexanizmdir. Dövrün və zamanın tələblərinə
uyğun təkmilləşmə bu ali sənədimizdə
də öz əksini tapıb. Belə ki,
Konstitusiyanın qəbulundan ötən 26 ildə 3 dəfə
sənədə əlavə və dəyişikliklərin edilməsi
məqsədilə ümumxalq səsverməsi keçirilib.
Ölkəmizdə demokratik cəmiyyətin
varlığını təsdiqləyən bütün
atributlar bərqərar olunub. İnsan
hüquq və azadlıqlarının qorunması, azad və
müstəqil mətbuatın formalaşması,
çoxpartiyalı sistemin yaradılması, seçkilərin
demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi
üçün zəruri addımlar atılıb. Bir sözlə, 1993-2003-cü illəri
çağdaş tarixinə sabitlik, dirçəliş
dövrü kimi yazan Azərbaycan Heydər Əliyevin
düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində inkişaf edərək
qüdrətli dövlətə, dünyada söz sahibinə
çevrilib. Vaxtilə xəyal hesab edilən
transmilli enerji və nəqliyyat layihələri uğurla
reallaşdırılıb. Azərbaycanın
iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi
mövqeyinin möhkəmlənməsində əhmiyyətli
rol oynayıb. Azərbaycan yeni dostlar, tərəfdaşlar
qazanaraq beynəlxalq münasibətlər sistemində yerini və
rolunu daha da gücləndirib. Dövləti,
xalqı qarşısında misilsiz xidmətlər göstərmiş
ulu öndər Heydər Əliyevin dünənimizin,
bugünümüzün və sabahımızın əsası
kimi dəyərləndirilən ideyaları yaşayır,
yolumuzu daim işıqlandırır, yeni-yeni hədəfləri
şərtləndirir.
Dahi şəxsiyyətin ən böyük arzusu, istəyi
Dağlıq Qarabağ münaqişəsinin həlli,
torpaqlarımızın işğaldan azad edilməsi idi. Bunun
üçün vacib olan bütün addımları
atmışdı. Ümummilli Lider
münaqişənin həllində vacib amilləri qeyd edərkən
dövlətin qətiyyətini, xalqın iradəsini, beynəlxalq
dəstəyi xüsusi vurğulayırdı. Dövlətimizin dəyişməz mövqeyi hər
kəsə məlum idi. Xalqımızın
iradəsindən kənar bir addımın belə atılmayacağı
daim ən yüksək tribunalardan bəyan edilirdi. Beynəlxalq
dəstəyə gəldikdə isə BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsində Dağlıq
Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi
olduğu, erməni işğalçılarının bu ərazilərdən
qeyd-şərtsiz çıxarılması öz əksini
tapmışdı. Ulu öndər Heydər
Əliyev daim bu inamı ifadə edirdi ki, Dağlıq
Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən
gedə bilməz. Bizim işğal
olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır.
Nəyin bahasına olur-olsun.
Bu tezis də daim önə çəkilirdi ki, sülh
danışıqlarını cəsarətlə aparmaq
üçün güclü ordunun olması vacibdir. Azərbaycanın ordu
quruculuğu sahəsində atdığı addımların
göstəricisi 2020-ci ilin tariximizə Zəfər ili kimi yazılmasıdır.
Qələbələr
xronikası: 2003-2021
2003-cü
il oktyabrın 1-də ulu öndər Heydər
Əliyev Azərbaycan xalqına müraciət edərək
öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə
geri götürdüyünü elan edərək
bildirmişdi: “Üzümü Sizə - həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm.»
17 il əvvəl
Azərbaycan xalqının böyük əksəriyyətinin
səsini qazanaraq Prezident seçilən cənab İlham
Əliyev andiçmə mərasimində «Mən Azərbaycanın
xoşbəxt gələcəyinə inanıram» söyləyərək
hədəfləri açıqlamış və
bildirmişdi ki, bütün bunları həyata keçirmək
və Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün ən başlıcası,
ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir:
«Bu gün yüksək kürsüdən
çıxış edərək mən Azərbaycan
xalqına söz verirəm ki, bu siyasətə sadiq
qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyev siyasətini davam etdirəcəyəm»
Arxada
qalan hər il xalqın öz seçimində
yanılmadığını təsdiqləməkdədir.
Yeni əsrin yeni lideri, təkmilləşməni, yeniləşməni
həyata keçirdiyi siyasətin ana xətti kimi qəbul edən
dövlətimizin başçısı İlham Əliyev son
17 ildə möhkəm təməl üzərində Azərbaycana
həm siyasi-iqtisadi, həm xarici siyasət, həm də ordu
quruculuğu sahəsində möhtəşəm uğurlar
qazandırdı, ölkəmizi qüdrətli,
sözünün imzası qədər dəyəri olan
dövlətə çevirdi. Cənab İlham
Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu müddət ərzində
gücləndi, beynəlxalq mövqeyini möhkəmləndirdi,
30 ilə yaxın davam edən işğala son qoydu.
Azərbaycan bu illərdə bütün sahələrdə
davamlı uğurlara imza atdı. Sabitlik diyarı,
iqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan
44 günlük İkinci Qarabağ müharibəsində
tarixi Qələbəsi ilə dünyanın hərb tarixinə
yeni səhifə yazdı. Qalib ölkənin
qalib ordusu dünyanın ən güclü orduları
sırasında yer aldı. Çoxəsrlik
Azərbaycan tarixində buna bənzər şərəfli və
qürurlu günlər olmayıb. Azərbaycanın
şanlı Zəfərini şərtləndirən amillər
iqtisadi, siyasi, hərbi güc, ən əsası torpaq, Vətən
sevgisi oldu. Prezident İlham Əliyev
çevik siyasəti, sistemli və ardıcıl
yanaşması, təkmil islahatları ilə Azərbaycanı
iqtisadi baxımdan qüdrətli dövlətə
çevirdi. Bu illər ərzində
regionda bütün irimiqyaslı beynəlxalq layihələr
Azərbaycanın fəal iştirakı ilə həyata
keçirilib. Ümummilli lider Heydər
Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir” tezisi üzərində qurulan siyasət nəticəsində
Azərbaycan böyük uğurlara imza atıb. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac
neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri
reallaşdırılıb. 2018-ci ildə
Avropanın enerji təhlükəsizliyində böyük
rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi
olan TANAP-ın rəsmi açılış mərasimləri
keçirilib. 2020-ci il dekabrın 31-də
TAP layihəsinin icrası başa çatıb. Onu da qeyd edək ki, 2017-ci ildə «Yeni əsrin
müqaviləsi» imzalandı. “Əsrin
müqaviləsi” 2050-ci ilə qədər uzadıldı.
Qeyd etdiyimiz kimi, iqtisadi müstəqillik siyasi
müstəqillik üçün əsasdır. Siyasətində müstəqil olan Azərbaycan bu
gün beynəlxalq arenada böyük nüfuz və dəstək
qazanmaqda davam edir. Beynəlxalq təşkilatların
qərar və qətnamələrində Azərbaycanın
mövqeyinə dəstək özünün aydın ifadəsini
tapır. Dövlətimizin
başçısı İlham Əliyevin böyük siyasi təcrübəsi,
diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici
siyasət kursunun uğurla həyata keçirilməsində
mühüm rol oynayır. 44 günlük
İkinci Qarabağ müharibəsi dövründə dövlətimizin
başçısının 30-a yaxın xarici KİV-ə
müsahibələri də deyilənlərin təsdiqidir.
Cənab İlham Əliyevin hər bir müsahibəsi
həqiqətlərimizin, dəyişməz mövqeyimizin təqdimatı,
dünyaya ədalət çağırışı idi.
Azərbaycan beynəlxalq hüququn norma və
prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və
dövlətlərin beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına hörmət və riayət edilməsi,
həmçinin ölkələrin daxili işlərinə
qarışmamaq kimi prinsiplər əsasında əməkdaşlığa
hazır olduğunu praktikada təsdiqləyib. Azərbaycanın
155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin
120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına
sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda
nüfuzunun və qüdrətinin əyani göstəricisidir.
2020-ci ilin əvvəllərindən başlayaraq
dünyanı cənginə almış COVID-19 infeksiyasına
qarşı mübarizədə də ölkə Prezidenti
İlham Əliyev liderlik təşəbbüslərini öz
üzərinə götürərək adını dünya
tarixinə yazdırmağı bacardı. Türk
Şurasının, Qoşulmama Hərəkatının Zirvə
görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi
Sessiyasının keçirilməsi Prezident İlham
Əliyevin təşəbbüslərinin nəticəsidir.
Cənab İlham Əliyev bütün
dünyaya bu çağırışı etdi ki, qlobal
problemlərə qarşı qlobal mübarizə aparmaq gərəkdir.
Vətən müharibəsində Qələbəmizi
şərtləndirən digər amil hərbi güc və Azərbaycan
gənclərinin torpaq, Vətən sevgisidir. Azərbaycan
Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə
qadir olduğunu dəfələrlə düşmənə
sübut etmişdir. Ötən ilin 27 sentyabrında Ermənistan
silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən
Azərbaycan ərazilərini atəşə tutması
dövlətimizin, xalqımızın səbr kasasını
doldurdu, Prezident İlham Əliyevin «hücum» əmrini yüksək
səviyyədə cavablandıran Azərbaycan Ordusu 44
günlük Vətən müharibəsində nümayiş
etdirdiyi unikal əks-hücum əməliyyatları ilə
dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün inkişaf etmiş ölkələrin hərbi
ekspertləri Azərbaycanın müharibə
taktikasını öyrənirlər. Müharibə
itkilərsiz olmur. Amma Azərbaycan Ordusu az
itki ilə, bir an da belə geri çəkilmədən 44
günü tariximizə Zəfər günləri kimi
yazdı. Bu müddətdə 6 şəhər,
5 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi
işğaldan azad edildi. Noyabrın 8-də
Qarabağın ürəyi Şuşamızın
işğaldan azad edilməsi düşməni diz
çökdürdü. Dövlətimizin
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa əməliyyatı aparıcı
beynəlxalq hərbi məktəblərin dərsliklərinə
salınacaq. Şuşanın işğaldan
azad edilməsi düşmənə vurulan ən böyük
zərbə idi.
Beləliklə, dövlətimizin
başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyev ata vəsiyyətini şərəflə
yerinə yetirdi, xalqına verdiyi digər vədlər kimi, bu
sözünə də sahib çıxdı, ərazi
bütövlüyümüzü təmin etdi, vaxtilə
itirilmiş qürurumuzu özümüzə qaytardı,
regionda və dünyada yeni reallıqlar yaratdı. Ən əsası cənab
İlham Əliyev bu gün qalib ölkənin qalib Prezidenti
kimi işğaldan azad edilmiş ərazilərimizə
davamlı səfərlər edərək bu torpaqların əsl
sahibinin kim olduğunu Ermənistana və
ona havadarlıq edən dövlətlərə
çatdırır. Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev adını tarixə
Azərbaycanın ərazi bütövlüyünü bərpa
edən Lider, qalib Sərkərdə kimi əbədi olaraq
yazdırdı. 44 günlük İkinci
Qarabağ müharibəsinin əsl qəhrəmanına
çevrildi.
Göründüyü kimi, zaman Ulu Öndərin
2003-cü ildə xalqa müraciətində ifadə etdiyi
inamı təsdiqlədi. Dahi şəxsiyyətin
şah əsəri olan müasir müstəqil Azərbaycanı
daha da gücləndirən möhtərəm Prezidentimiz
İlham Əliyev Ümummilli Liderin vəsiyyətini yerinə
yetirdi. Dövlətimizin başçısı
Şuşanın işğaldan azad edilməsi müjdəsini
Şəhidlər xiyabanından xalqa çatdırarkən
bildirmişdir: «Mən bu gün ulu öndər Heydər
Əliyevin məzarını ziyarət etdim, onun ruhu
qarşısında baş əydim. Ürəyimdə dedim,
xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.
Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu
şaddır! Gözün aydın olsun, Azərbaycan!
Gözünüz aydın olsun, dünya azərbaycanlıları!»
Heydər
Əliyev Fondu Heydər Əliyev irsinin fəal təbliğatçısıdır
Heydər Əliyev irsinin təbliği məqsədilə
2004-cü ildə yaradılan Heydər Əliyev Fondu ötən
dövr ərzində bu missiyasını uğurla yerinə
yetirməklə yanaşı, müxtəlif sahələrin
inkişafına xidmət edən layihələri ilə Azərbaycanın
davamlı inkişafına dəstək olub. Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən
biri sosial layihələrin uğurlu icrası, Azərbaycan həqiqətlərinin
təbliğinə böyük töhfələr verməkdir.
Qarabağ münaqişəsinin əsl mahiyyətinin
dünya ictimaiyyətinə çatdırılmasında Heydər
Əliyev Fondunun xidmətləri misilsizdir. Bununla bağlı faktları özündə əks
etdirən kitablar nəşr olunub, müxtəlif dillərə
tərcümə etdirilərək ayrı-ayrı ölkələrdə
təşkil olunan tədbirlərdə beynəlxalq ictimaiyyətə
çatdırılıb. Təbii ki, hər
bir addım işğalçı Ermənistanla informasiya
müharibəsində qələbəmizə böyük
töhfədir. Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən «Xocalıya ədalət!»
beynəlxalq kampaniyası da öz müsbət nəticələrini
verməkdədir. Bugünümüzün əsas
çağırışı XX əsrin ən dəhşətli
faciəsi olan Xocalı hadisələrini soyqırımı
kimi tanıtmaq, dünya ictimaiyyətinin ermənilərin əsl
simasını görməsi ilə yanaşı, ermənilərin
törətdikləri dəhşətli qətliamı
düzgün dəyərləndirməsidir.
Təbii
ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin
tarixə qovuşması, işğaldan azad edilmiş
torpaqlarımızda gündən-günə vüsət alan quruculuq və bərpa işləri Heydər
Əliyev siyasətinin təntənəsidir. Bu proseslərin
davamlı olması üçün Heydər Əliyev irsini
daha dərindən öyrənməli, indiki və gələcək
nəsillərə çatdırmalı, cənab İlham
Əliyevin qeyd etdiyi kimi, hər kəs bilməlidir ki,
torpaqları satan kimdir, torpaqları əsarətdən
qurtaran kimdir.
Qeyd edilənlərin fonunda bu ümumiləşdirməni
apara bilərik ki, ulu öndər Heydər Əliyev siyasətinin
uğurlarını bir yazıda tam əhatə etmək
qeyri-mümkündür. Bu fikir əbəs yerə söylənilmir
ki, Azərbaycan deyəndə Heydər Əliyev, Heydər
Əliyev deyəndə Azərbaycan göz önünə gəlir.
Ulu Öndərin Azərbaycanın müstəqillik
tarixində qoyduğu izlər, gördüyü işlər,
ölkəmizin ən yüksək zirvələri fəth etməsi
üçün yaratdığı möhkəm təməl
bundan sonra da neçə-neçə tədqiqat işlərinin
mövzusu olacaq. Zaman bizləri müstəqilliyimizin
ilk illərindən uzaqlaşdırdıqca həmin
dövrün reallıqlarını, bugünkü
uğurlarımızda rolunu daha aydın görürük.
Müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, ümummilli lider Heydər Əliyev hər
bir insanın qəlbində özünə bir əbədi
abidə ucaldıb. O abidənin adı müstəqil
Azərbaycan dövlətidir. Zəfərin mübarək, Azərbaycan!
Vüqar Rəhimzadə
Səs .- 2021.- 9 may.- S.8;10