Əhməd İsmayılov:
Məqsədimiz Azərbaycan
mediasını güclü
görməkdir
27.05.2021 [14:50]
Azərbaycan Respublikasının
Medianın İnkişafı
Agentliyinin (MEDİA) icraçı
direktoru Əhməd
İsmayılovun AZƏRTAC-a müsahibəsi.
–Əhməd müəllim, Azərbaycan
mediasının müasir
vəziyyəti və
problemləri ilə bağlı ictimai fikrin müxtəlif səviyyələrində daim
müzakirələr gedir
və Milli Mətbuat Günü yaxınlaşdıqca bu istiqamətdə fikirlər
daha çox eşidilməkdədir. Azərbaycan
mediasının perspektiv
inkişafı ilə
bağlı rəhbərlik
etdiyiniz Agentliyin nə kimi planları
var?
–Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında
media sahəsində islahatların dərinləşdirilməsi
haqqında” Fərmanı
ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyuldu.
Medianın İnkişafı
Agentliyinin yaradılmasına
da məhz bu istiqamətdə həyata keçirilən
quruculuq işlərinin
tərkib hissəsi kimi yanaşmaq lazımdır.
Bildiyiniz kimi, Agentliyin nizamnaməsində
kifayət qədər
geniş spektri əhatə edən fəaliyyət istiqamətləri
öz əksini tapıb. Agentlik bu kontekstdə media subyektlərinin işinin təkmilləşdirilməsinə,
jurnalistlərin peşəkarlığının
və məsuliyyətinin
artırılmasına, onların
sosial müdafiəsinin
gücləndirilməsinə, media sahəsində mütəxəssislərin hazırlanması
və onların əlavə təhsilinin təşkilinə, habelə
media savadlılığının
yüksəldilməsinə yönəlmiş bir sıra layihələr üzərində işləri
artıq yekunlaşdırmaq
üzrədir. Qeyd olunan layihələrə dair müvafiq ətraflı məlumatlar
mərhələli şəkildə
ictimaiyyətə təqdim
olunacaqdır.
Media sahəsində yeni
informasiya-kommunikasiya texnologiyalarının
və innovasiyaların
tətbiqinin stimullaşdırılması,
vətəndaş və
cəmiyyət üçün
ictimai maraq doğuran layihələrin
təşkili, həmçinin
dövlət orqanları
və qurumlarının,
yerli özünüidarəetmə
orqanlarının, hüquqi
və fiziki şəxslərin müvafiq sahə üzrə
fəaliyyətlərinin əlaqələndirilməsi
MEDİA Agentliyinin əsas
prioritetlərindəndir.
Qeyd etmək istərdik ki, Prezident İlham Əliyevin media islahatları ilə bağlı sözügedən
Fərmanı özündə
köklü dəyişiklikləri
ehtiva etməklə qarşımıza yeni və daha məsuliyyətli
vəzifələr qoyub.
Fərmandan irəli gələn
yeniliklər Azərbaycan
mediasının şəffaflıq
və vətəndaş
məmnunluğu prinsiplərinə
əsaslanan, cəmiyyətin
obyektiv və peşəkar şəkildə
məlumatlandırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq,
qabaqcıl texnologiyaların
geniş tətbiqi, aparıcı trendlərin
izlənilməsi kimi
qlobal informasiya mühitinin müəyyənləşdirdiyi
istiqamətlərin, innovativ
yanaşmaların həyata
keçirilməsinə təkan
verəcəkdir.
Biz Azərbaycan
mediasında mövcud
problemlərin xarakteri
və məzmununun müəyyənləşdirilməsi məqsədilə təhlillər
aparmış və onların aradan qaldırılmasının optimal
həlli yolları üzərində işləmişik.
Gəldiyimiz nəticələr
və mövzuya dair ətraflı fikirlərimiz yaxın müddətdə media ictimaiyyətinə açıqlanacaqdır.
–Agentlik media sahəsində islahatların
dərinləşdirilməsi ilə bağlı öz üzərinə düşən vəzifələri
hansı istiqamətlərdə
yerinə yetirəcəkdir?
–MEDİA Agentliyi, ilk
növbədə, media
subyektlərinin iqtisadi
müstəqilliyinin gücləndirilməsi,
maddi-texniki bazalarının
möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi
və müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir.
Qurum bu istiqamətdə atılacaq
addımlara dəstək
göstərəcəkdir.
Digər vacib prioritetimiz dövlət-media
münasibətlərinin vacib
elementlərindən biri
kimi hüquqi mənzərənin dəqiqləşdirilməsidir.
Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi
məqsədilə normativ-hüquqi
bazanın təkmilləşdirilməsinə
dair təkliflər hazırlamaq, medianın işinə mane olan problemlərin həlli üzrə təkliflərini dövlət
və yerli özünüidarəetmə
orqanlarına təqdim
etmək də Agentliyin daim diqqətində olan məsələlərdəndir. Agentliyin də iştirak etdiyi müvafiq işçi qrup tərəfindən hazırlanmış “Media
haqqında” Azərbaycan
Respublikası Qanununun
layihəsi bu istiqamətdə islahatların
dərinləşdirilməsi baxımından dəyərli
töhfə olacaqdır.
Bundan sonrakı dövrdə
Agentliyin səlahiyyət
dairəsinə müvafiq
olaraq istər çap mediası, istər onlayn, istərsə də audiovizual media sahəsində daha əhatəli, müasir dövrün çağırışlarına
cavab verən, məzmun və forma baxımından yenilənmiş, daha uzunmüddətli hədəflərin
əldə olunmasına
yönələn layihələrin
işlənib hazırlanması
və həyata keçirilməsi nəzərdə
tutulur. Agentliyin təşkil edəcəyi
müsabiqələrin formatında
ictimai rəy nəzərə alınmaqla
əsaslı dəyişikliklər
aparmaq niyyətindəyik.
Müsabiqələr ilk
növbədə növündən
(yəni çap, audiovizual və ya onlayn media
subyektləri) asılı
olmayaraq, bütün media subyektlərində çalışan jurnalistlər
üçün əlçatan
olacaqdır. Media subyektlərinin maliyyələşdirilməsi
üçün şərtlərimiz
də tamamilə yenilənib və özündə Azərbaycan
mediasının bütün
elementlərini birləşdirib.
Təbii ki, nəzərdə tutduğumuz
modellər ideal deyil və onların
hansısa aspektlərini
zamanla inkişaf etdirmək lazım gələcək. Bu baxımdan biz həmişə müzakirələrə
açığıq. Bu
çətin missiyanın
məsuliyyətini üzərimizə
götürməkdə bir
məqsədimiz var – biz Azərbaycan mediasını güclü,
beynəlxalq müstəvidə
rəqabətədavamlı görmək istəyirik. Qalib ölkənin mediası da dövlətin inkişaf tempinə uyğun olmalıdır.
–İstər yerli,
istərsə də beynəlxalq səviyyələrdə
aparılan müxtəlif
ictimai müzakirələrdə
çap mediasının
gələcəyi ilə
bağlı heç də birmənalı qarşılanmayan proqnozlar
səslənir. Sizin fikrinizcə, qəzetlər
yaşayacaqmı?
–Qeyd etdiyiniz
kimi, çap mediasının qarşılaşdığı
problemlər bütün
dünyada özünü
göstərən, İKT-nin
inkişafı nəticəsində
informasiyanın əvvəlkindən
daha sürətli ötürülməsi ilə
müşayiət olunan
yeni tendensiyalarla bağlıdır. Biz
bütün bu kimi yeni trendləri
diqqətlə izləyir
və təhlil edirik. Hər cəmiyyətin özünəməxsus
dəyərlər sistemi
var. Azərbaycan mediası böyük bir tarixi irsin,
zəngin təcrübənin
daşıyıcısıdır. Azərbaycan qəzetçiliyi dövlət
dilimizin ədəbi üslubunun ən çevik, rəsmi və publisistik üslublarının isə
əsas ifadə vasitəsi olmaqla yanaşı, maarifləndirici,
intellektual təhlil funksiyasını yerinə
yetirən, informasiyanı
ötürən və
arxivləşdirən ciddi
fikir tribunasıdır.
Çap mediasının zəifləməsi
bir tərəfdən
qlobal tendensiyadırsa,
digər tərəfdən
də redaksiyaların
müasir çağırışlara
çox gec uyğunlaşması və
ya bəzən, ümumiyyətlə, reaksiya
verməməsi kimi spesifik səciyyə daşıyan nüanslarla
bağlıdır. Məhz
bu səbəblər qəzetlərin geniş oxucu auditoriyasını itirməsi ilə nəticələnir. Eyni zamanda, qəzetlər üçün nəşriyyat
xərcləri və mətbəələrin əksəriyyətinin
texniki imkanları ilə bağlı vəziyyət arzuolunan hesab edilə bilməz.
Agentlik dünya təcrübəsini nəzərə
almaqla, “E-qəzet” modelinin tətbiq olunmasını mümkün
hesab edir. Belə ki, qeyd
olunan platforma qəzet redaksiyalarına texniki yönümlü xərclərini azaltmağa
və nəşrlərini
oxuculara daha əlverişli və operativ şəkildə çatdırmağa şərait
yaradacaqdır.
Agentlik olaraq konseptual yanaşmamız ondan ibarətdir ki, müasir Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması məqsədilə bütün
digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir.
Media sahəsində
islahatlarla bağlı
dövlətin iradəsi
və media ictimaiyyətinin istəyi üst-üstə düşür.
Məhz bu həmrəyliyə güvənərək
təşəbbüslərimizin səmərəli olacağına,
Azərbaycan mediasının
yeni keyfiyyət mərhələsinə keçidinə
dəstək verəcəyinə
inanırıq.
Səs.- 2021.- 28 may.- S.4.