Artıq yetər!
İlham Əliyev: “Yaranmış vəziyyətə
görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi
rəhbərliyinin üzərinə düşür”
Təxribatların arxasındakı maraq: Münaqişənin bitməməsi kimlərə lazımdır? II Qarabağ müharabisənin başa çatmasını simvolizə edən 10 noyabr bəyannaməsinin imzalanmasından sonra Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Qarabağ münaqişəsinin həll olunaraq, tarixə qovuşduğunu, artıq yeni quruculuq mərhələsinin başladığını bildirib. Lakin son günlərdə işğaldan azad olunmuş bölgələrdə təxribatların baş verməsi və digər qızışdırıcı addımlar, bəyanatlar regionda sülhün əldə olunmasını istəməyən qüvvələrin varğını göstərən faktorlardır. Xüsusilə də, noyabrın 16-17-də Ermənistan silahlı qüvvələrinin Laçın-Kəlbəcər və Tovuz rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutması ölkə gündəminin manşetini tamamilə dəyişib.
O zaman belə bir sual yaranır: Əgər müharibə bitibsə, o zaman sərhəddə niyə atışma var, Ermənistan niyə ordumuzun mövqelərini atəşə tutur?
Yerində
ortaya çıxan haqlı suallardır... Amma cavab da yerindədir:
belə ki, Qarabağ bir il bundan əvvələ
qədər işğalda saxlanılan münaqişə
zonası idi və 30 il ərzində burada yerləşən
terrorçu qruplaşmaları Ermənistan himayə edirdi. Artıq müharibə bitib, amma Ermənistan ordusu
siyasi rəhbərliyin sifarişləri ilə terrorçu
missiyasını yerinə yetirməkdə davam edəcək.
Və 44 günlük müharibə nəticəsində
Ermənistan məğlub oldu. Artıq Zəngəzur
dəhlizinin açılması qaçılmazdır və
günün əsas reallığıdır. Digər tərəfdən, Ermənistanın təslimçi
sülhə imza atmaqdan başqa yolu qalmayıb. Həmçinin, sərhəddəki son təxribatlardan
sonra Nikol Paşinyanın “biz sülh sazişi imzalamağa
hazırıq” deməsi də təsadüfi deyil. O
qorxur ki, Ermənistandakı sərhəddəki təxribatları
Azərbaycanın növbəti dəfə genişmiqyaslı
anti-terror əməliyyatlarının başlamasına səbəb
ola bilər. Ona görə də
törədilən təxribatların ardınca dərhal
ortaya “yumşaq” mövqe qoyur.
Prezidenti İlham Əliyev noyabrın 16-da Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişellə
telefon söhbət əsnasında Prezident Şarl Mişel Ermənistan-Azərbaycan
sərhədində baş vermiş hadisələrlə
bağlı narahatlığını ifadə edib.
Sərhəddə
cərəyan edən hadisələrlə bağlı
Şarl Mişelin müraciətinə cavab olaraq Prezident
İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan
tərəfi Şuşa, Laçın, Kəlbəcər
istiqamətində hərbi təxribatlara əl atıb və
Ermənistanın son genişmiqyaslı hücumu bu gün
baş verib.
Dövlətimizin başçısı Azərbaycan tərəfdən
yaralıların olduğunu qeyd edərək, Ermənistanın
təxribatlarına adekvat cavab verildiyini vurğulayıb.
Revanşizmə
can atanların aqibəti acı olur
Bəli, bu, real faktordur. Belə ki, hadisələrə
diqqət yetirsək, iflasdan qurtulmuş Ermənistanın rəhbərliyi
bir müddət sonra revanşist qüvvələrlə bəzi
xarici havadarların təzyiqi və təhriki ilə
üçtərəfli Bəyannamədə öz üzərinə
götürdüyü öhdəliklərdən
yayınmağa cəhdlər göstərməyə
başladı. Daha doğrusu, Ermənistan
hökuməti ikibaşlı oyunlarla vaxt udmaq
üçün bir-birinə diametral zidd olan bəyanatlar vermək
xəttini tutdu. Ən gərgin məqamlar
məhz sərhədlərin dəqiqləşdirilməsi və
Zəngəzur dəhlizinin açılması ilə
bağlı idi. Lakin İrəvanın
bütün destruktiv səylərinə rəğmən, Azərbaycan
beynəlxalq hüquq çərçivəsində Zəngəzur
ərazisində Ermənistanla sərhədlərini tədricən
bərpa edir, zəruri olan sərhəd və gömrük-nəzarət
məntəqələrini qururdu. Nəticədə
noyabrın 8-də Azərbaycan xalqı Zəfər
bayramını qeyd etdiyi vaxtda ermənilər Şuşa ətrafında
təxribata əl atdılar, onun səhəri günü
ordumuzun Kəlbəcərdəki mövqelərinə yol
çəkən mühəndis texnikaları atəşə
tutuldu və elə həmin gün də 60 erməni hərbçi
Qaragöl ətrafında heç bir hüquqi əsası
olmayan post qurmağa cəhd göstərdi. Bütün bu təxribat
cəhdlərinin qarşısını alan
Azərbaycan, hətta Rusiyanın xahişi ilə Qaragöl ətrafında
mühasirəyə aldığı 60 erməni hərbçinin
Ermənistana qayıtmasına da imkan verdi.
Həmçinin, Azərbaycan Müdafiə Nazirliyi təxribatlar
təkrarlanarsa, daha sərt və təsirli tədbirlərin
görüləcəyi barədə noyabrın 10-da
qarşı tərəfə ciddi xəbərdalıq etdi. Noyabrın 14
və 15-də Kəlbəcərdəki mövqelərimizi Ermənistan
ərazisindən atəşə tutaraq, dövlət sərhədinin
bu istiqamətindəki yüksəklikləri ələ
keçirməyə, beləliklə də, daha əlverişli
mövqelərə və hərbi üstünlüyə malik
olmağa cəhd göstərdi. Amma Azərbaycan
Ordusunun endirdiyi zərbələrlə təxribatçılar
qaçmağa məcbur edildi, bütün yüksəkliklər
və məntəqələr isə Silahlı Qüvvələrimizin
nəzarətində qaldı Ermənistan növbəti dəfə
tam iflasa uğradı.
Və son günlər Azərbaycan-Ermənistan dövlət
sərhədində baş vermiş hadisələr, həmçinin
Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın
qəsdən vəziyyəti gərginləşdirmək cəhdidir.
Aleksandr
Perenciyev: “Ermənistanda revanşistlərin gəcələyi
yoxdur”
“Ermənistandakı revanşist qüvvələr
münasibətləri qızışdırmaqda
maraqlıdırlar. Onların təxribatları əksinə,
rəsmi Bakı və İrəvanı Rusiyanın vasitəçiliyi
ilə öz aralarında sərhəd xətti yaratmağa və
Sərhəd Müqaviləsi imzalamağa sövq edəcək.
Sonrakı perspektivdə isə sülh
müqaviləsi bağlanacaq”. Bu sözləri Plexanov
adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və
Sosiologiya kafedrasının dosenti, hərbi politoloq Aleksandr
Perenciyev deyərək bildirib ki, revanşistlər Cənubi
Qafqazın iki qonşu dövləti arasında münasibətlərin
tənzimlənməsi üzrə danışıqlar prosesini
nə qədər pozmağa çalışacaqlarsa, rəsmi
Moskvada bu prosesi öz məntiqi sonluğuna çatdırmaq
üçün bir o qədər motivasiya yaranacaq.
Ukraynalı
siyasi ekspert Aleksandr Dudçak deyib bildirib ki,
genişmiqyaslı münaqişəyə çevrilə biləcək
təxribatı təşkil edən hər kəs Ermənistanın
və Azərbaycanın maraqlarına zidd hərəkət edən
təxribatçıdır: “Hər iki tərəf hərbi əməliyyatların
başlamasına görə qarşı tərəfi
günahlandırır. Ancaq təxribatı
üçüncü tərəfin təşkil etməsi də
tamamilə mümkündür”.
Aleksandr
Dudçak bildirib ki, Paşinyan və komandasının hərəkətlərini
“düşünülmüş” adlandırmaq mümkün
deyil: «Bir ara Paşinyan bəyan edirdi ki, “Rusiya Ermənistanın
təhlükəsizliyinin real təminatçısı
sayıla bilməz” və Qərbdən kömək diləyirdi.
Buna baxmayaraq, xarici təhlükələri dərk
edən Ermənistan KTMT-də qaldı. Azərbaycan
Qarabağda hərbi əməliyyatlara başlayandan sonra Qərb
heç də qeyri-adi nəsə edərək, Ermənistana
yardım göstərmədi. Rusiya isə
münaqişəni dayandırmaq üçün əlindən
gələni etdi. Ola bilsin ki, indiki təxribat
da Rusiyanı Qafqazdakı müharibəyə sürükləmək
cəhdidir. Təəssüf ki, regionda
sabitliyin pozulmasından və hərbi əməliyyatların
yenidən başlamasından faydalanan xarici qüvvələr
var. Onlar həm erməni, həm də Azərbaycan
xalqının nümayəndələrini terrorçuluğa
sövq edə bilərlər. İki
xalqı bir-birinə qarşı qoymaqla
üçüncü tərəf mənfəət əldə
edir və Rusiya da daxil olmaqla, hər kəsə ziyan dəyir”.
Elxan
Şahinoğlu: “Paşinyan etiraf edib ki, beynəlxalq aləmdən
və beynəlxalq təşkilatlardan dəstək ala bilmirlər”
Göründüyü kimi, min bir oyuna girərək
kulonluq edən Paşinyan qotur qoyun kimi qaşınmaya
düşüb. Belə ki, Ermənistanın baş naziri
Nikol Paşinyan noyabrın 18-də sərhəddəki son
olaylarla bağlı parlamentdə çıxış edərək,
deputatların suallarına cavab verib. «Atlas»
Araşdırmalar Mərkəzinin rəhbəri Elxan
Şahinoğlu Ermənistan baş nazirinin çətin vəziyyətə
düşdüyünü bildirib: «Paşinyanın
çıxışından və suallara verdiyi cavablardan onun
hansı qərarlar çıxaracağı qənaətinə
gəlmək olar. Birincisi, Paşinyan etiraf edib
ki, uzun illər Ermənistanla Azərbaycan arasında sərhəd
olmayıb, çünki Ermənistan Azərbaycan ərazilərinə
nəzarət (işğal) edib. Ona görə
də hazırkı toqquşmalar qeydə alınır. Yəni Paşinyan mövcud toqquşmaları
labüd hesab edir. İkincisi, Paşinyan etiraf edib ki, beynəlxalq
aləmdən və beynəlxalq təşkilatlardan dəstək
ala bilmirlər və bu proses o hakimiyyətə gəlmədən
öncə formalaşmağa başlayıb.
“Böyük dövlətlər Ermənistanın
şikayətlərindən beziblər” deyən Paşinyan bu
məsələdə haqlıdır, hətta İrəvana
müxtəlif zamanlarda dəstək verən dövlət və
mərkəzlər ermənilərin daimi
ağlaşmalarından beziblər. Paşinyan
“böyük dövlətlər və beynəlxalq təşkilatlar
Ermənistana və Azərbaycana məsləhət
görürlər ki, problemlərinizi öz aranızda həll
edin” fikrində də haqlıdır. Bununla,
əslində, Paşinyan Qarabağ klanının simasında
radikal müxalifətə işarə edib ki, Rusiyaya olan
ümidlər özünü doğrultmur, Ermənistan Azərbaycanla
qarşıdurmada təklənib. Elə
bunun nəticəsidir ki, Ermənistan hakimiyyəti sərhəd
məsələsində Rusiya və Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına dəstək məqsədilə
yazılı müraciət etməyi lazım bilmir. Görünür, anlayırlar ki, müraciət nəticəsiz
qalacaq.
Üçüncüsü, Nikol Paşinyan parlamentdəki
çıxışında bildirib ki, Azərbaycanla
bütün məsələləri həll etməyə, o
cümlədən Bakı ilə sülh sazişini
imzalamağa və sərhədi müəyyənləşdirməyə
hazırdır. Paşinyan
çıxışının bu hissəsində
ikibaşlı danışıb. Azərbaycan
üçün Ermənistanla imzalanan sülh sazişi o deməkdir
ki, rəsmi İrəvan nəhayət ki, Azərbaycanın ərazi
bütövlüyünü - Qarabağı Azərbaycan ərazisi
kimi tanıyacaq. Paşinyan buna hazır
deyil. Onun nəzərdə tutduğu
sülh sazişi Qarabağ məsələsini “mötərizəyə
alır”, yəni bu məsələ ilə Minsk Qrupu məşğul
olmalıdır. Belə sülh sazişi
isə bizə lazım deyil”.
İtalyan
senatoru Urania Papatheudən Ermənistana sərt etiraz -
“Artıq yetər...”
İtaliya Senatının “İrəli İtaliya”
Partiyasından üzvü, senator Urania Papatheu Azərbaycan-Ermənistan
dövlət sərhədində Ermənistan tərəfinin
həyata keçirdiyi sonuncu hərbi təxribatları pisləyən
və ölkəmizi dəstəkləyən
açıqlamalar verib. Senatorun açıqlamaları İtaliyanın
“AgenParl”, “Agenzia Nova”, “LaPresse”, “Askanews”, “Dire”, “9Colonne” xəbər
agentlikləri tərəfindən yayılıb.
Azərbaycan-Ermənistan
dövlət sərhədində son günlər ərzində
Ermənistan tərəfinin növbəti təxribatlarını
dəf edərkən Azərbaycanın 7 hərbçisinin həlak
olduğunu, daha 10 nəfərin isə
yaralandığını bildirən italyan senator “Artıq yetər
demək vaxtıdır, Avropa İttifaqı müdaxilə etməli,
irəliyə doğru addım atmalı və hələ də
müharibə etmək istəyənləri qətiyyətlə
pisləməlidir”, – deyə son günlər ərzində
baş verən erməni təxribatlarına sərt
etirazını bildirib.
“Sanki keçən il noyabrın 10-da müharibə
başa çatdıqdan sonra bu günə qədər mina
partlayışının qurbanı olan 160-dan çox
mülki azərbaycanlı azmış kimi Ermənistan tərəfi
öz təxribatlarına davam edir”, – o deyib. “Bu dramatik vəziyyət
Ermənistan hakimiyyətinin beynəlxalq hüquqla müəyyən
edilmiş normaları qəbul etmək istəməməkdə
israr etməsi ucbatından daha da pisləşir”, – deyə
senator fikirlərinə əlavə edib.
Mövlud
Çavuşoğlu: “Can Azərbaycan tək deyil, biz onu tək
buraxmarıq”
Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu Bəhreyndə keçirilən mətbuat
konfransında söyləyib ki, “Can Azərbaycan tək deyil, tək
də olmayacaq.
Azərbaycanı tək buraxmarıq. Ermənistanın təxribatları Azərbaycan
torpaqlarında terror hücumudur”. Nazir deyib: “Regionda
sülh və sabitlik üçün birlikdə addımlar
atacağıq. Ermənistan bununla
razılaşarsa, biz də varıq. Amma
Ermənistan belə təxribatlarla yalnız itirəcək”.
Mövlud
Çavuşoğlu qeyd edib ki, Azərbaycan Ermənistana hərtərəfli
sülh sazişi imzalamaq təklifi edib: "Yəni müharibədə
qalib gələn və güclü olan tərəf bunu etdi. Ermənistan isə atəşkəsdən dərhal
sonra bəzi əsgərlərini Azərbaycan torpaqlarına
sızdıraraq əsgərimizə hücum etdi. Bu mövqe yanlışdır".
Yücel
Karauz: “Dünyada Ermənistanın hörməti yoxdur: Əgər
müharibə baş verərsə...”
"44 günlük müharibədən sonra dərsini
almayan Ermənistan son 2 gündə daha genişmiqyaslı
şəkildə təxribatlar törətməyə cəhd
etsə də, Şanlı Azərbaycan Ordusunun layiqli
cavabı ilə geri oturduldu. Mən
düşünmürəm ki, bu baş verənlər səbəbindən
yenidən müharibə başlasın".
Bu
açıqlamanı Türkiyə generalı Yücel Karauz
deyib və bildirib ki, son iki gündə baş verənlər
də onların ordusunun necə acınacaqlı vəziyyətdə
olduğunu göstərdi: "44 günlük müharibə
zamanı Ermənistan ordusunun 60 faizi məhv edilib. Hazırda Ermənistan ordusunun bərpası
üçün illər lazımdır. Ona
görə Ermənistan KTMT və Rusiyadan yardım istəyib.
Ancaq Rusiyanın və KTMT-nin də Ermənistanın
bu oyununun fərqində olduğunu düşünürəm.
Digər tərəfdən Azərbaycan öz
milli təhlükəsizlik maraqlarının qorunması
istiqamətində beynəlxalq hüquqa uyğun şəkildə
hərbi, siyasi və digər fəaliyyətləri həyata
keçirir və bu belə davam etməlidir. Əgər Ermənistan belə təxribat və
terror fəaliyyətlərinə davam edərsə, İkinci
Qarabağ müharibəsindən daha ağır məğlubiyyətə
hazır olmalıdır”.
General deyib ki, Prezident İlham Əliyevin dəfələrlə
lazımi addımlar atılacağı təqdirdə Ermənistanla
sülh müqaviləsini müzakirə etməyə və
imzalamağa hazır olduğunu bildirməsinə baxmayaraq, Ermənistan
prosesi uzatmağa çalışır. Hələ
bu addımları ilə kifayətlənməyib dezinformasiya
yayaraq Rusiyanı, KTMT-ni, ATƏT-in Minsk Qrupunun həmsədrlərini
köməyə çağırır, Azərbaycan tərəfindən
təxribat törədildiyini iddia edir. Ancaq belə
üsullar artıq köhnəlib və dünyada Ermənistanı
ciddi qəbul etmirlər: “Əgər Ermənistan belə təxribat
və terror fəaliyyətlərinə davam edərsə,
İkinci Qarabağ müharibəsindən daha ağır məğlubiyyətə
hazır olmalıdır. Əks halda "Dəmir
Yumruq" yenə başlarını əzəcəkdir”.
Bəli, zaman və müddət heç nəyi dəyişməyib. Quldur
Paşinyanın quldur siyasəti dəyişməyib. Və Ermənistan təxribatlar törətməklə
qəsdən vəziyyəti gərginləşdirir, sülh və
əməkdaşlıq tərəfdarı
olmadığını göstərir. Və
əgər Ermənistan və havadarları Azərbaycana
qarşı təxribatları davam etdirərlərsə,
başlarında növbəti “Dəmir yumruğu” görə
bilərlər.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2021.- 24
noyabr. S. 8-9.