İstedadlı alim və
görkəmli şəxsiyyət - Aida İmanquliyeva
Xalqımızın
tarixində ilk azərbaycanlı qadın - ərəbşünas
elmlər doktoru olan böyük alim Aida İmanquliyeva həyatını
xalqının tarixinin, ənənələrinin minillik dərin
köklərlə bağlı olduğu Şərq mədəniyyətini
və ədəbiyyatını öyrənməyə sərf
edərək şərəfli bir ömür
yaşamışdır. Bütün elmi-bədii
yaradıcılığı, ictimai fəaliyyəti ilə
böyük nüfuz qazanmışdır. Onun bütün
elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti
böyük istedada malik olduğunu göstərir. XX əsrdə
Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli
simalardan biri - şərqşünas-alim, pedaqoq, filologiya elmləri
doktoru, professor Aida İmanquliyevanın oktyabrın 10-da
doğum günüdür.
Tərcümeyi-halına
nəzər salsaq görərik ki, Aida İmanquliyeva 1939-cu il
oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində
dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, əməkdar
elm xadimi olan atası Nəsir İmanquliyev Azərbaycan mətbuatının
bünövrəsini qoyanlardan biri olmuş və uzun müddət
"Bakı" və "Baku" qəzetlərinin baş
redaktoru işləmişdir. Aida İmanquliyeva Bakıda 132
saylı orta məktəbi qızıl medalla bitirdikdən
sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb
dili şöbəsində təhsil alıb. 1966-cı ildə
Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı
bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının
Yaxın və Orta Şərq Xalqları İnstitutunda
kiçik elmi işçi, daha sonra baş elmi işçi
(1966-1976), Ərəb filologiyası şöbəsinin
müdiri (1976-1988), elmi işlər üzrə direktor
müavini (1988-1991) vəzifəsini icra edən Aida xanım
1991-ci ildən həmin institutda direktor vəzifəsində
çalışmışdır. 1976-1988-ci illərdə,
institutun ərəb filologiyası şöbəsinə rəhbərlik
etdiyi müddətdə, 10 nəfər ərəbşünas
namizədlik dissertasiyalarını müdafiə edərək,
filologiya elmləri namizədi alimlik dərəcəsinə
yiyələnib.
Şərqşünaslıq
İnstitutunun elmi və ictimai-siyasi həyatında yaxından
iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə
görə, 1988-ci ildə institutun elmi işlər üzrə
direktor müavini vəzifəsinə təyin olunmuş, bir il
sonra isə, uzun illər üzərində işlədiyi
doktorluq dissertasiyasını müdafiə edərək,
filologiya elmləri doktoru adına layiq
görülmüşdür. Beləliklə, Azərbaycanda ərəb
ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor
- qadın olan Aida İmanquliyeva elmi işlərlə
yanaşı, pedaqoji fəaliyyətlə də məşğul
olub. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsində ərəb ədəbiyyatından dərs
deyib. Buna görə də, SSRİ Nazirlər Soveti yanında
fəaliyyət göstərən Ali Attestasiya
Komissiyasının qərarı ilə, ona "Xarici Asiya və
Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə,
1991-ci ilin mart ayında professor elmi rütbəsi
verilmişdir.
A.İmanquliyeva
1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsində ərəb
dili müəllimi, filologiya elmləri namizədi M.Qarayevlə
birlikdə "İnsan və quş" adlı hekayələr
məcmuəsini çap etdirir. Bundan əlavə, Ərəb
filologiyası şöbəsinin əməkdaşlarının
tərcüməsində İraq
yazıçılarının əsərlərindən ibarət
kiçik bir antalogiyanın tərcüməsində və
çapında da Aida xanımın gərgin əməyini
xüsusi qeyd etmək lazımdır. "Ağ günlərin
sorağında" adlanan həmin məcmuədə Aida
xanımın tərcüməsində İraq
yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş
hıçqırıqlar" adlı hekayəsi də öz
əksini tapıb. Bunlardan əlavə, Aida xanım müxtəlif
illərdə respublikanın nəşriyyat orqanları tərəfindən
ərəb ədəbiyyatı ilə bağlı çap
olunmuş bir çox kitaba ön söz yazmış və
xeyli sayda kitabın elmi redaktoru olmuşdur.
Aida
İmanquliyevanın çoxsaylı elmi əsərlərində
(3 monoqrafiya ("Mixail Nuaymə" və "Qələmlər
birliyi", "Cubran Xəlil Cubran", "Yeni ərəb ədəbiyyatının
korifeyləri" və 70-dən artıq elmi məqalə) Qərb
və Şərq mədəni ənənələrinin
sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii
cərəyanların təşəkkül tapması tədqiq
olunur ki, bu da, nəinki ərəb ədəbiyyatının,
həmçinin, bütün yeni Şərq ədəbiyyatlarının
gələcəkdə tədqiqi üçün çox
mühüm zəmin yaradır. Aida xanım yalnız
yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq
bacarığı, rəhbərlik fəaliyyəti ilə
öz həyatının missiyasına -
yaşadığı mühit və rejim çərçivəsində
Azərbaycan milli özünüdərkinin
qorunub-saxlanılması və inkişafı idealına sadiq
qalmışdır. İstedadlı gənc alim 1967-ci ilin
martında Moskvada namizədlik dissertasiyasını uğurla
müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsini
aldıqdan sonra, elmi fəaliyyətini Azərbaycan EA-nın
Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam
etdirmişdir.
1964-cü
ildə "Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı"
adlı ilk mətbu məqaləsi "Azərbaycan"
jurnalında dərc olunmuşdur. O, Livan
yazıçısı M.Nüaymənin bir neçə hekayəsini
ərəb dilindən rus dilinə tərcümə edərək,
1979-cu ildə Moskvada "Vostoçnıy almanax"
jurnalında çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının
aktual problemləri və rus-ərəb ədəbi əlaqələri
haqqında məqalələri dövri mətbuatda - toplularda
və elmi-kütləvi məcmuələrdə müntəzəm
çap olunmuşdur.
Aida
İmanquliyeva 1971-1973 və 1979-1981-ci illərdə Azərbaycan
Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunun nəşr etdirdiyi "Ərəb
filologiyası məsələləri" məcmuəsinin tərtibçisi
və redaktoru vəzifəsində çalışıb.
"Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında
tərəqqi və ictimai ədalət uğrunda mübarizə
problemi" (1982), "Yaxın və Orta Şərqdə
milli azadlıq hərəkatı məsələləri"
(1985), "Şərq filologiyası məsələləri"
(1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı
imperializmə qarşı mübarizədə" (1987),
"Xarici Şərqin problemləri: tarix və
müasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə
və novatorluq" (1988) məqalələr məcmuələrinin
redaksiya heyətinin üzvlərindən, müəlliflərindən
və redaktorlarından biri olmuşdur. İctimai işlərdə
fəal çalışmışdır.
A.İmanquliyeva
1987-ci ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyəti
Rəyasət Heyətinin üzvü və 1983-cü ildən
etibarən, sözügedən cəmiyyətin Azərbaycan
bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı,
Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi
və digər şəhərlərdə keçirilən
Şərq problemlərinə həsr olunmuş beynəlxalq
konfranslarda məruzələrlə çıxış
etmişdir. Müasirləri onun haqqında belə
yazırdı: "Aida xanım beynəlxalq aləmdə
dünyanın görkəmli alimləri tərəfindən
bütün şərqşünaslıq mərkəzlərində
məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı
kimi qəbul edilir. Onun əsərlərindən tez-tez istifadə
olunur, çıxış nöqtəsi kimi ona müraciət
edilir və Aida xanımın fikirləri məhcər ədəbiyyatının
ayrı-ayrı problemlərini öyrənmək
üçün əsas mənbə rolunu oynayır.
…Aida
xanımın təşəbbüsü ilə Azərbaycanda
simpoziumlar çağırıldı. O, həmin
simpoziumların həm təşkilatçısı, həm
də əsas məruzəçilərindən biri idi. Bu da
Aida İmanquliyevanın beynəlxalq elm aləmində
nüfuzundan irəli gəlirdi".
Bütün
elmi fəaliyyətini Qərb və Şərq mədəni ənənələrinin
sintezi, yaradıcılıq üslubunun inkişafı və
yeni bədii cərəyanların təşəkkül
tapmasının tədqiqinə həsr edən Aida xanım
özündən sonra çağdaş ərəb ədəbiyyatının
tədqiqində yeni bir səhifə və yeni bir yol
açmışdır.Böyük insanın çoxşaxəli,
zəngin fəaliyyəti Aida xanımı xanımlıqdan məhrum
edə bilməmişdi. O, hər şeydən əvvəl
öz ailəsini, həyat yoldaşını çox sevən
gözəl qadın, qayğıkeş bir ana idi. Aida
xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib
keyfiyyətləri təcəssüm edirdi. Onun ömür
yolu həyatın, varlığın əsasında duran mənəvi
bağları qurmağa, tamlığa və vəhdətə
can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü
olub.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2021.- 9 oktyabr.- S.4.