Araz-Türk Respublikası Naxçıvanın muxtariyyət statusu qazanmasında mühüm rol oynamışdı

 

Tarixdə xalqları əsarətdə saxlayan çoxəsrlik imperiyalarla yanaşı, mövcudluğu cəmi bir neçə ay çəkmiş dövlətlər də olmuşdur. Buna Araz-Türk Respublikasını, onun qısa, lakin qəhərəmanlıqla dolu tarixini də aid etmək olar. Qədim Roma filosofu Senakanın dediyi kimi, «Vətəni böyük olduğuna görə yox, özününkü olduğuna görə sevərlər». Məhz bu baxımdan müstəqilliyə gedən yolda tariximizin qaranlıq səhifələrini yenidən oxumaq, müasirlərimizə çatdırmaq hər bir vətəndaşın borcudur.

 

Fevral-burjua inqilabından sonra Zaqafqaziyada, o cümlədən Azərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvanda siyasi vəziyyət mürəkkəb idi. 1917-ci ilin martında yaradılan Xüsusi Komitə, sonra onu əvəz edən Zaqafqaziya Komissarlığı vəziyyəti sabitləşdirə bilmədi.

 

1918-ci il aprelin 22-də Azərbajcan, Gürcüstan və Ermənistan nümayəndələrindən təşkil edilən SEYM də Zaqafqaziyada baş vermiş hərc-mərcliyə son qoymağa qadir olmadı. Diyarda milli ədavət daha da qızışdı. Əslində, hər yerdə müharibə gedirdi, SEYM-də də daxili ədavət günü-gündən şiddətlənirdi. Xüsusən, erməni nümayəndələr ərazi iddiaları irəli sürürdülər. Burada sovet diplomatı Q. V. Çiçerinin erməni millətçilərinin riyakarlıqlarını səciyyələndirən bir fikrini xatırlatmaq yerinə düşər: «Bütün Şərqdə işğalçı siyasətin aparıcıları, xarici kapitalın agentləri xain və satqın erməni daşnaklarıdır».

 

1918-ci ilin yazında Andronik 800 nəfərlik quldur dəstəsi ilə Naxçıvan və Şərur-Dərələyəz quberniyalarına hücum etdi. Yerli əhaliyə kömək məqsədi ilə həmin il avqustun 7-də türk paşası Kazım Qara Bəkir Naxçıvana daxil oldu və erməni daşnak qüvvələrini darmadağın etdi. Buna baxmayaraq, ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər. Həmin ağır vaxtlarda Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparırdı. Cümhuriyyətin ölkəmizin ərazi bütövlüyünü qorumağa yönəlmiş tədbirlərindən biri də Naxçıvan məsələsi idi. Çünki, o dövrdə Naxçıvan ağır illər yaşayırdı. Həmin dövrdə Naxçıvan məsələsi həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif mənafelərin toqquşduğu, ziddiyyətlərin kəsişdiyi düyün nöqtələrindən biri idi.

 

Belə bir çətin vəziyyətdə vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci il noyabrın əvvəllərində Araz-Türk Respublikasını yaratmağa nail oldular.

 

Bu respublikanın ərazisi Naxçıvan, Şərur-Dərələyəz, Ordubad qəzalarını, Sərdərabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və digər bölgələri əhatə edirdi. Əhalisi 1 milyon nəfər, ərazisi 8 min 696 kvadratmetr olan respublika hökumətinin sədri Əmirbəy Nərimanbəyov, hərbi naziri isə İbrahimbəy Cahangiroğlu idilər.

 

Araz-Türk Respublikasının elan edilməsi hələ lap keçmişlərdən regional müstəqilliyə can atan Naxçıvan diyarı üçün böyük əhəmiyyət kəsb edirdi. Respublikada tezliklə milis idarələri yaradıldı. Burada əsas diqqət hərbi quruculuğa verilirdi. Bunun üçün türk əsilli Xəlil bəy hərbi müşavir təyin edildi, Türkiyədən 300 əsgər və 5 zabit gətirildi.

 

1918-ci il dekabrın əvvəllərində gənc respublikanın silahlı dəstələri bir neçə taborda birləşmişdilər. Baş Noreşen, Düdəngə və Zeyvə kəndlərində yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən digər taborlara Həsən Şahverdi oğlu komandanlıq edirdi.

 

1918-ci ilin dekabrında Ermənistan Respublikası Araz-Türk Respublikasına qarşı genişmiqyaslı hücuma başladı. 1919-cu il yanvarın 8-də təcili olaraq Azərbaycan Parlamentinin 7-ci sessiyası çağırıldı. Həsən bəy Ağayev Araz-Türk Respublikası parlamenti üzvlərinin imzaladıqları ərizəni oxudu. Ərizədə deyilirdi ki, ermənilər Şərur qəzasını tutublar və Naxçıvana sarı hərəkət edirlər. Əhali qılıncdan keçirilir, təcili tədbirlər görülməlidir.

 

Könüllülər öz atları, silah və ərzaqları ilə döyüşlərdə igidlik göstərən Qırmızı taborçulara yardım edirdilər. Həsən Şahverdi oğlunun taboru və Kəlbalı xanın komandir olduğu dəstələr ermənilərə güclü müqavimət göstərirdilər. Polkovnik Doluxanyanın komandanlığı altında erməni qoşunları Şərura hücuma başlayanda Sədərək taboru dərhal şərurluların köməyinə gəldi və düşmən darmadağın edildi. 4 ay davam edən müdafiə və hücum əməliyyatından sonra, nəhayət Şərur daşnak qoşunlarından azad edildi.

 

Tarixi faktlar təsdiq edir ki, 1918-ci ilin noyabrında yaradılan Araz-Türk Respublikası 1919-cu il martın əvvəllərində süquta uğramışdır. Respublika süquta uğradıqdan sonra 1920-ci ilin əvvəllərində Şərur Qəza İnqilab Komitəsi təşkil edildi. Komitə Baş Noraşendə yerləşirdi.

 

Yanvarın 3-də «Azərbaycan» qəzeti yazırdı: «İrandan gələn 25 minlik erməni qoşunları Sədərək kəndindən keçərək 8 müsəlman kəndini mühasirəyə almış, onları tərksilah etmişlər. Naxçıvan və Şərur sakinləri İrana keçməyə hazırlaşırdılar. Arazı keçərkən 200-dən çox adam həlak olmuşdu».

 

Ermənilərin Naxçıvana hücumları Azərbaycanın bu qədim diyarında vəziyyəti xeyli çətinləşdirmişdi. Azərbayjan Xalq Cümhuriyyəti yarandığı gündən Naxçıvan diyarının əhalisi bu respublika ilə birləşmək istəyirdi. Amma mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin arzusunu hayata keçirməyə imkan vermirdi. Azərbaycan Xalq Cümhuriyyətinin baş nazirləri olmuş Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli imkanları daxilində Naxçıvana kömək edir, Azərbayjanın bu qədim ərazisinin qorunub saxlanılması üçün siyasi, diplomatik, maddi və mənəvi vasitələrdən istifadə edirdilər. Onlar qəhrəman naxçıvanlıların fəaliyyətini yüksək qiymətləndirirdilər. 1919-cu il dekabrın 22-də Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında demişdi: «İgid naxçıvanlılar, şərurlular bu məsələni özləri həll ediblər, onlar həyatlarını və var-dövlətlərini riskə qoyaraq doğma torpağa, Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar».

 

Göründüyü kimi, Naxçıvan əhalisi bu qədim diyarın ermənilər tərəfindən işğal edilməsinə yol verməmişdir. Bir sözlə, yerli əhalinin igidliyi və qəhrəmanlığı sayəsində Naxçıvan əhalisi Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmışdır.

 

1919-cu il fevralın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Qərarı ilə Naxçıvan General-Qubernatorluğu yaradıldı. Bəhram xan Naxçıvanın general-qubernatoru təyin edildi. Bir sözlə, ermənilərin Naxçıvan torpaqlarına yiyələnmək cəhdi puça çıxdı. Naxçıvan-Şərur qəzasının əhalisi erməni daşnaklarını əzərək onları qaçmağa məcbur edib suverenliyi qoruyub saxladılar. Sonralar bu məsələdən bəhs edən Ermənistanın birinci baş naziri olmuş Kaçaznoni 1923-jü ildə etiraf etmişdi ki, «Müsəlman Naxçıvanı və Şərurunda... inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik. Silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah güjünə qura bilmədik. Məğlub olduq və geri çəkildik».

 

Daşnak respublikasının cinayətkar və iyrənc siyasəti Zaqafqaziya xəritəsindən gənc suverən respublikanın – Araz-Türk Respublikasının silinməsinə gətirib çıxardı.

 

Çox qısa zaman kəsiyində mövcud olan və geniş fəaliyyət göstərən respublikanın əsasən Naxçıvan bölgəsi və çevrəsinin ermənilərin güclü hərbi və siyasi diplomatik təzyiqinə məruz qalması, AXJ ilə geniş əlaqələr yarada bilməməsi, ona yetərincə hərbi, siyasi maliyyə yardımı göstərilməməsi səbəbindən süquta uğradı.

 

Araz-Türk Respublikasının süqutu, eyni zamanda, ermənilərin 1919-cu ilin əvvəlində bölgəyə hüjumları ilə bağlı yaranan ağır və mürəkkəb şəraitlə də əlaqəli idi. Respublikanın süqutunu şərtləndirən amillərdən biri də demokratik dövlət strukturları nümayəndələri ilə yerli feodal əyanları arasındakı ziddiyyətlər idi.

 

Nəhayət, Araz-Türk Respublikasının yaradılması və qısamüddətli fəaliyyəti böyük tarixi əhəmiyyətə malik idi. Bu respublika Azərbaycan üçün çox ağır və gərgin bir dövrdə Naxçıvan bölgəsi əhalisinin erməni daşnaklarına qarşı mübarizədə səfərbərliyə alınmasında mühüm rol oynadı. Ən başlıcası isə bu ərazilərin erməni daşnaklarının əlinə keçməsinə imkan verməməklə, Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünü təmin etdi.

 

Fəxr edilməli bir cəhət də odur ki, əsasən Naxçıvan və Şərur qəzalarında yaşayan əhalidən təşkil edilmiş Qırmızı Tabor istiqlaliyyətimiz uğrunda aparılan mübarizədə həmişə ön sırada oldu, onlar erməni təcavüzünün qarşısını mətinliklə aldılar.

 

Bu yazıda Araz-Türk Respublikasının yaranma səbəblərini və süquta uğramasının bəzi məqamlarını təhlil etməyə çalışdıq. Və bu qənaətə gəldik ki, dövlətini yaratmaq cəhdində ifadə olunmuş azadlığı məhv etmək olar, xalqın nəsildən-nəslə ötürülən azadlıqsevər ruhunu isə heç vaxt!

 

Vidadi SÜLEYMANOV

 

 Səs.- 2021.- 1 oktyabr.- S.11.