Zəfər tarixini yazan
qalib lider !
Ölkə rəhbərlərinin liderlik keyfiyyətləri
adətən onların uğurlu siyasəti, uzaqgörənliyi,
müdrikliyi, təkcə hərb meydanında deyil, həmçinin
diplomatik müstəvidə də qələbələri ilə
xarakterizə olunur. Bu baxımdan, sözün həqiqi mənasında,
Azərbaycan şanslı ölkədir ki, cənab Ali Baş
Komandan, Prezident İlham Əliyev kimi yüksək liderlik
keyfiyyətlərinə sahib, hər zaman qalib olan rəhbəri
var.
Dünya mətbuatında cənab Prezidentin müsahibələrinin,
daha dəqiq desək, informasiya cəbhəsində də qələbələrinin
təkcə vətəndaşlarımız deyil, bütün
dünya ictimaiyyəti şahididir. İstər müharibədən
əvvəlki dönəmdə, istər ikinci Qarabağ
müharibəsi dönəmində, istərsə də
müharibədən sonrkı dövrdə cənab Ali Baş
Komandanın dünya mətbuatına müsahibələri hər
bir Azərbaycan vətəndaşında qürur hissi
doğurur. Çünki bu müsahibələrin
hər birində ölkə başçısı milli
maraqlardan, dövlət maraqlarından, xalqın mənafeyindən
çıxış edərək, Azərbaycan həqiqətlərini,
haqlı, ədalətli mövqeyimizi bütün dünyaya məharətlə
bəyan edib və bunu hər kəs etiraf edir.
Bir neçə gün öncə Rusiyanın
“Nasionalnaya oborona” jurnalına cənab Prezidentin müsahibəsi
zamanı bir sıra məqamlar diqqətdən heç cür
yayına bilməzdi. Belə ki, ölkə rəhbərinə
sual ünvanlanarkən, ilk öncə onun nə dərəcədə
sakit, təmkinli və eyni zamanda, inamlı olmağını
hamının gördüyü vurğulanır. Həmçinin dövlət rəhbərimizin qətiyyəti,
inamı və təmkinliyi, ədalətli olması etiraf
edilir. Bütün bunlar, bu fikirlər Azərbaycan
Prezidentinə, Ali Baş Komandana inamın, verilən yüksək
qiymətin təzahürü idi və suallardan da
görünür ki, mübarizəmizdə haqlı
olduğumuz artıq beynəlxalq ictimaiyyət, ələlxüsus
Rusiya cəmiyyəti tərəfindən ilk əvvəldən
də qəbul edilirdi, elə indi də qəbul edilir və bu
məsələdə ölkə
başçısının, onun informasiya savaşında,
diplomatik müstəvidə qələbələri ilə
birbaşa əlaqədardır.
“Müharibənin informasiya tərkib hissəsi hərbi tərkib
hissədən heç də az əhəmiyyət kəsb
etmir. Biz erməni təbliğat maşınının
necə işlədiyini, Azərbaycanın necə cavab
verdiyini görürdük. “Rossiya” telekanalının “60
dəqiqə” proqramının efirə
çıxdığı gün Siz də
çıxış etdiniz, Paşinyan da, lakin Sizin
çıxışınız siyasi zəfər, informasiya
savaşında zəfər idi və bunu çoxları gördü,
şahidi oldu ki, Siz öz mövqeyinizi son dərəcə sərrast,
sakit, polad məntiqlə şərh etdiniz. Həm Azərbaycan,
həm də cənab Prezident, şəxsən Siz müasir
diplomatiya nümunələri, bəlkə də müasir
diplomatiya tarixinə düşəcək nümunələr
göstərdiniz”, deyə açıq-şəkildə
etiraf edilir.
“Mən bütün müraciətlərə cavab verməyə
razılaşırdım, çünki vəziyyət barədə
həqiqəti – nələr baş verdiyini, münaqişənin
səbəblərinin nədən ibarət olduğunu, kimin
işğalçı və kimin işğal qurbanı
olduğu barədə həqiqəti mümkün qədər
çox ölkənin ictimaiyyətinin diqqətinə
çatdırmağı vacib hesab edirdim”, deməklə cənab
Prezident yenə də haqlı mübarizə
apardığımızı xatırlatdı və bir daha ədalətin
bərpası uğrunda mücadilə edildiyinə əminliyini
ifadə etdi.
“Bizim həqiqəti çatdırmağımız, əlbəttə,
çox çətin idi, çünki bizim media
resurslarımız ermənilərin müvafiq resursları ilə
müqayisə edilə bilməzdi. Münaqişə
medianın diqqətini cəlb etdi və mən nələr
baş verməsi barədə həqiqəti çatdırmaq
üçün bu imkandan istifadə etdim”, deyən Ali Baş
Komandanın yenə də həqiqətlərin, Azərbaycan
həqiqətlərinin, Azərbaycanın haqlı olduğunun
dünyaya çatdırılmasını müqəddəs
vəzifə saydığı öz isbatını tapır.
“44 günlük müharibə bu gün dünyanın
aparıcı ölkələrinin baş qərargahlarında
öyrənilir. Dünya səviyyəli hərbi ekspertlərin
çoxu onu, ilk növbədə, dronlar müharibəsi
adlandırırlar. Bu, XXI əsrin müharibəsi idi, bu
münaqişəyə qədər istər Amerika Birləşmiş
Ştatlarının, istərsə də hətta İsrailin
bu cür yüksək texnoloji, uğurlu, səmərəli
müharibə təcrübəsi yox idi”, deyə müsahibə
zamanı cənab Prezidentə müraciət olunması Rusiya
ictimai fikrinin nədən ibarət olduğunu, ölkə
başçısının, Ali Baş Komandanın rəhbərliyi
ilə Azərbaycanın apardığı müharibənin
dünya təcrübəsində bir ilk olduğunu, bəyənildiyini
göstərir. Onu göstərir ki,
dünyanın aparıcı ölkələrinin baş qərargahlarında
Azərbaycan nümunəsi, təcrübəsi öyrənilir
və bundan bütün dünya da xəbərdardır.
Bütün bunlar isə ölkəmizin qüdrəti,
şəxsən Prezident İlham Əliyevin Ali Baş Komandan,
qətiyyətli, səriştəli sərkərdə kimi
layiqli rəhbər olduğu barədə etiraflardır.
Suallardan
da aydın görünür ki, əks-hücum əməliyyatının
aparılması zamanı qarşıya qoyulan vəzifələrdən
biri də dinc əhali arasında itkiləri
minimallaşdırmaq, istisna etmək olduğu qəbul edilir,
buna inanılır və müharibəni beynəlxalq
hüquq, müvafiq konvensiyalar, əlbəttə, məhz hərbi
hədəflərin məhv edilməsi əsasında aparmaq vəzifəsinin
qarşıya qoyulduğu da təkzib edilmir. Həmçinin
müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə
quruculuq, abadlıq işlərinin görülməsi,
infrastrukturun bərpa edilməsi, Füzulidə beynəlxalq
aeroportun tikilməsi, özü də görülən bu
işlərin sürətinə heyrət hissi belə gizlədilmir.
Azərbaycanın Cənubi Qafqazda sülhün,
təhlükəsizliyin təminatçısı olduğu da
birmənalı şəkildə qəbul edildiyi dilə gətirilir.
Mədəni, tarixi abidələrin, mədəni
irsin, memarlıq incilərinin bərpasına xüsusilə
diqqət yetirildiyi də, suallardan aydın olur. Hətta ən
sonda, “Siz Azərbaycanın rəhbəri kimi siyasət səmasında
ən parlaq ulduz sayılan siyasi xadimsiniz”, deməklə, Ali
Baş Komandanın böyük siyasi xadim olduğuna inam
açıq-aşkar bildirilir və bu da göstərir ki, Azərbaycanın
dövlət başçısı, onun fəaliyyəti təkcə
ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda,
bütün dünyada yüksək qiymətləndirilir.
Cənab
Prezidentin Anadolu Agentliyinə müsahibəsi zamanı isə
görürük ki, bu müharibə olmadan, itkilər verilmədən,
yəni ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
münaqişəyə zamanında ədalətli,
düzgün yanaşması, işğal edən tərəfi,
Ermənistanı sanksiyalarla doğru istiqamətdə addım
atmağa, işğal etdiyi torpaqları müharibə olmadan
geri qaytarmağa vadar etməyin mümkünlüyü barədə
suallar verilir və əslində, suallardan da görünür
ki, bunun bir həqiqət olduğu qəbul edilir. Cənab
Prezident də öz növbəsində təsdiq edir ki, həqiqətən
də ATƏT-in Minsk Qrupu torpaqların işğalda
saxlanıldığı 30 il ərzində ikili standartlarla
deyil, Ermənistanın tərəfini tutmaq, bu münaqişənin
uzanmasına çalışmaqla deyil, ədalətli həllinə
səy göstərməklə müharibə olmadan, itkilər
verilmədən münaqişə həll oluna, ermənilər
işğal altında saxladıqları torpaqları tərk
edə, məsələ də bununla bitə bilərdi. Amma əfsuslar
olsun ki, həqiqətən də, ATƏT-in Minsk Qrupu az qala 30
il ərzində bu münaqişəyə dırnaqarası
yanaşdı, həmsədrlər daim ermənilərə tərəfkeşlik
etdi, münaqişənin uzanmasına şərait
yaratdılar, əslində, məsələnin həlli ilə
bağlı səy belə göstərmədilər,
baxmayaraq ki, indi atılıb ortaya düşüb bölgədə
Azərbaycanın öz gücünə yaratdığı
stabilliyi, sakitliyi pozmağa çalışırlar. Bəli,
cənab Prezident də onlara kifayət qədər mesajlar verdi və bildirdi ki, heç kim, heç bir həmsədr
bölgədəki vəziyyəti dəyişmək
iqtidarında deyil, buna imkan da verilməyəcək.
Əslində,
bütün müsahibələrində olduğu kim,i bu
müsahibəsində də Ali Baş Komandan, cənab
Prezident Azərbaycanın bu ədalətli mövqeyindən
geri çəkilməyəcək qətiyyətli
mövqeyini nəinki Minsk Qrupu həmsədrlərinə, eləcə
də bütün dünyaya, ələlxüsus, Ermənistana
və onun bütün havadarlarına bəyan elədi. Bu da sözsüz ki, informasiya savaşında da qələbə
deməkdir və təsdiq edir ki, ölkə
başçısı həqiqətən uzaqgörən,
müdrik, bacarıqlı siyasətçi, qətiyyətli rəhbər,
dünyəvi liderdir, zəfər tarixini yazan qalib lider.
Son
günlər Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin digər bir müsahibəsi, Fransaya məxsus
olan ”France-24” kanalına verdiyi müsahibəsi də beynəlxalq
ictimaiyyətin diqqətini cəlb etməyə bilməzdi.
Daha dəqiq desək, Fransaya məxsus mətbuat səhifəsinin
provokativ suallarına ölkə başçısnın qətiyyətli,
məntiqi, doğru, dürüst, səlis, tutarlı, arqumentlərlə
dolu cavabı və yenə də ədalətli mövqeyi Ali
Baş Komandanın bu dafə də işğalçı tərəf,
onların havadarları üzərində diplomatik qələbəsi,
informasiya cəbhəsində qalibiyyəti idi.
Fransaya məxsus
olan kanalın ölkə başçısına
ünvanladığı sualların belə qərəzli
olduğu dərhal hiss olunurdu. Məsələn, dövlət
başçımızım, “Əgər biz erməni
faşizminin bir daha baş qaldırdığını
görsək, yeni təhlükə görsək, heç bir
tərəddüd etmədən erməni faşizmini yenidən
əzəcəyik”, sözlərinə istinadə edərək,
“bu, sülh mesajı kimi səslənmir, elə deyilmi?”,
sualının ünvanlaması da təsdiq edir ki, Fransaya məxsus
olan ”France-24” kanalı da təmsil etdiyi dövlətin ermənilərə
tərəf olan nümayəndələri, erməni
icmasının təsirinə məruz qalanların haqsız
olan mövqelərini müdafiə etməsi, yenə də qərəzin
bir nümunəsi kimi xarakterizə edilə bilər. Amma, cənab Prezident bu ölkənin mətbuat səhifəsinə
də çox tutarlı cavablar verərək, onlara da həqiqətin
kimin tərəfində olduğunu, bizim mücadiləmizin
haqlı, ədalətli mücadilə, mübarizə
olduğunu bir daha xatırladıb. Hətta
Ali Baş Komandan Fransanın ikinci Qarabağ müharibəsi
dönəmində, müharibə bitdikdən sonra da ədalətsiz
yanaşması və mövqeyi barədə də
xatırlatmalar edib.
Göründüyü
kimi, ölkə başçısına, “Sizin bəyanatlarınız
olub ki, Ermənistanın paytaxtı İrəvan qədim Azərbaycan
torpağıdır və Ermənistanın özünün
hesab etdiyi ərazilərlə bağlı hər hansı
iddianız varmı”, sualı özü də təxribatçı
sual idi və bir növ Azərbaycanı da ərazi
iddiaları olan ölkəyə, Ermənistana tay tutmaq, bərabər
etmək niyyəti güdülürdü. Amma, Ali Baş
Komandan çox qətiyyətli və məntiqi şəkildə
başa saldı ki, bizim ərazi iddiamız yoxdur və 101 il
bundan əvvəl, düz 1920-ci ildə sovet hakimiyyətinin Zəngəzuru
Azərbaycandan qopararaq Ermənistana birləşdirilməsi ilə
bağlı qərar qəbul edibsə də, bu nə həmin
ərazilərin Ermənistana məxsus olması deməkdir, nə
də o torpaqlara getmək istəyimiz, niyyətimiz ərazi
iddiası demək deyil.
Digər tərəfdən ”France-24” kanalı Qarabağa
muxtariyyət verilib-verilməyəcəyi barədə
soruşmaqla da yenə öz mövqeyini, Ermənistana tərəf
olduğunu büruzə verir. Məsələnin,
münaqişənin öz həllini tapması barədə cənab
Prezidentin fikirlərini xatırladan sözügedən kanal illər
ərzində bu münaqişəyə vasitəçilik edən
bir sıra ölkələrin, məsələnin həll
edilmədiyi qənaətində olduğunu xatırlatması
özü də Fransanın, onun ”France-24” telekanalının
mövqeyini ifşa etmiş oldu. Lakin cənab İlham
Əliyev bu yanaşmaya da tutarlı cavab verməyi bacardı və
hətta “Öz ərazilərində erməniləri yerləşdirmək
və öz ərazilərində ikinci Ermənistan dövləti
yaratmaq üzərində düşünsünlər”, deyərək
çox məntiqi tövsiyələr də ünvanladı.
Müsahibə
əsnasında ölkə başçısı ümumilikdə
Fransa barəsində elə həmin ölkənin
”France-24” kanalına cəsarətlə öz
iradlarını bildirdi. “Bizim Fransa ilə Ermənistanın
tarixi əlaqələrindən, Fransada fəal erməni
icmasının olmasından və onların qərar qəbul
edən şəxslərə mümkün təsirindən xəbərimiz
var. Ancaq səmimi desəm, müharibə zamanı Fransa
özünü dürüst vasitəçi kimi aparmadı.
Fransa tərəf seçdi - Ermənistanın
tərəfini”, deyən cənab Prezident çox qəti
şəkildə ümumilikdə Fransanın ədalətsiz
yanaşmasına diplomatik tərzdə etirazını bildirdi.
Ümumiyyətlə, Prezidentimizin hər dəfəki
müsahibəsində milli, mənəvi dəyərlərimiz,
xalqımızın haqlı mənafelərinin müdafiəsi,
dövlətimizin mövqeyinin qorunması öz əksini
tapır və ön planda durur. Bu isə sözün əsl
mənasında məhz Ali Baş Komandana, prezidentə, siyasi
xadimə xas olan ən böyük liderlik keyfiyyətləridir.
Dünyanın bir çox mətbuat səhifələrinə
cənab Prezidentin müsahibələri zamanı aydın
şəkildə bəlli olar ki, Azərbaycan Prezidentini
dünya ictimaiyyəti qətiyyətli, uzaqgörən,
müdrik, liderlik keyfiyyətlərinə malik ölkə rəhbəri
olaraq tanıyır. Eyni zamanda, dünyanın tanınmış mətbuat səhifələrinin
Azərbaycan Prezidentindən müsahibə almaq istəyi,
marağı isə öz növbəsində Ali Baş
Komandana, onun liderlik keyfiyyətlərinə verilən
böyük qiymətin, ona olan inamın təzahürüdür.
Bu, yəni dünyada ən tanınmış mətbuat səhifələrinin
bir-birinin ardınca müsahibə götürməsi həm də
ondan xəbər verir, eləcə də təsdiq edir ki,
ölkə başçısının, Azərbaycan
Prezidentinin qələbə, zəfər tarixini yazan qalib lider
olduğu hər kəsə bəllidir.
İnam Hacıyev
Səs.- 2021.- 2 oktyabr.- S.2.