Bakı Zooloji Parkı ən müasir səviyyədə
qurulub
Dünyanın ən müasir
və inkişaf etmiş ölkələri
sırasında Azərbaycanın
yer alması ölkəmizin davamlı inkişafının təmin
olunmasında Azərbaycan
Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə həyata
keçirdiyi sosial-iqtisadi
siyasətin, o cümlədən
bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsinin
nəticəsidir. Dövlət
başçısı tərəfindən
imzalanan dövlət proqramlarının, sərəncamların
uğurla icra olunması nəticəsində
ölkəmiz daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran, innovativ
inkişafa yol açan dövlətə
çevrilir.
Bu gün
Azərbaycanın hər
bir bölgəsi yeni inkişaf dövrünü yaşayır.
Rayon və şəhərlərdə infrastruktur
layihələri reallaşır
və hər kənd, hər qəsəbə müasirləşir.
Bütün regionun ən iri sənaye,
elmi və mədəni mərkəzi
olan Azərbaycanın
paytaxtı Bakı da gündən-günə
inkişaf edərək
dünyanın ən gözəl şəhərləri
sırasında yer alıb. Bakı qədimliyi ilə müasirliyin vəhdətində
füsünkar görünür.
Ərazinin böyüklüyünə
və əhalinin çoxluğuna görə
Bakı hələ qədimdən Şərqin
ən böyük şəhərlərindən biri
sayılmışdır.
Əzəməti ilə seçilən Bakının tarixi abidələri ona başqa bir rəng əlavə edir. Bakının mərkəzində qədim qala – İçəri şəhər
yerləşir, bura
YUNESKO-nun Ümumdünya
irsi siyahısına salınmış yaşayış
məhəlləsi və
tarixi-memarlıq qoruğudur.
Şirvanşahlar sarayı,
Qız qalası, XVII əsrin atəşpərəstlər
məbədi – Atəşgah
və s. şəhərimizə
gələn hər
kəsin diqqətini cəlb edir. Bu möhtəşəm tikililər neçə əsrlərin sorağıdır.
Bütün bunlarla yanaşı, müasir Bakının yeni rəmzləri meydana gəlib. Dünyanın seyr etdiyi 3 qüllədən ibarət
"Alov Qüllələri"
kompleksi, ən müasir konsert kompleksi olan "Crystal Hall" və onlarla belə möhtəşəm
tikililər Bakıya xüsusi yaraşıq vermişdir. Əlbəttə
ki, şəhərimizdə
salınan yeni parklar, yaşıllıqlar,
yeni keçidlər paytaxtımıza yeni görkəm verib.
ZOOLOJİ PARKDA GENİŞMİQYASLI
YENİDƏNQURMA İŞLƏRİ APARILIB
Bakı şəhərində
yerləşən zooparkı
da onun görəminə
bir rəng əlavə edir. Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə
yenidən qurulub və parkının yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva
açılışda iştirak
ediblər. Vaxtilə Bakıda ilk
dəfə Heyvanat Parkı adlandırılan
zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb.
1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı
fəaliyyətə başlayıb.
1985-ci ildə torpaq sürüşməsindən sonra
Zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı
yerlər də yararsız vəziyyətdə
olub.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə
burada genişmiqyaslı
yenidənqurma işləri
aparılıb. Təxminən
4 il davam edən əsaslı yenidənqurma işləri
nəticəsində Bakı
Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb.
Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər
üçün rahat
və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə
artırılaraq 4.25 hektara
çatdırılıb. Zooparkın
sakinləri üçün
daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. Zooparkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris,
tədqiqat və konservasiya mərkəzinə
çevrilməsindən ibarətdir.
Azərbaycanın "Qırmızı
kitab"ına daxil olan növlərin təbii populyasiyası və reintroduksiyası baxımından, burada heyvanların artırılması
üçün münbit
şərait yaradılıb.
Bakı heyvanat parkında adı "Qırmızı Kitab"a
düşmüş, nəsli
kəsilməkdə olan
və nadir növlər gətirilib saxlanılır. Bunlara ceyran, Dağıstan turu və nəcib
maral, qırmızı
canavar kimi heyvanlar daxildir. Heyvanat parkında olan yırtıcı quşların
əksəriyyəti – berkut,
qarasaqqal, qara kərkəs, ağbaş
kərkəs, qartalların
bir sıra növləri, meşə
quşlarından qırqovullar,
su quşlarından qızıl qaz, sultan toyuğu Qırmızı Kitaba daxil edilib, qorunur.
Sürünənlərdən Aralıq dəniz tısbağası yalnız
Azərbaycanda deyil, bütün dünyada qorunur. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, "Qırmızı
kitab"a düşən
növlərin sayı
isə 22-dir.
Heyvanat parkı
nadir və nəsli kəsilməkdə
olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni
yerinə yetirir. Bakı heyvanat parkında Azərbaycanın
faunasına aid olan adi, nadir
və nəsli kəsilməkdə olan heyvanlardan başqa dünyanın müxtəlif
iqlim qurşaqları üçün xas olan heyvanların genofondu toplanmışdır.
Bakı heyvanat parkında
Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, qırmızı canavar, arktika canavarı, Şotland ponisi, yallı qoyun, Avropa cüyürü, pavian qamadril, tirəndaz, adi iriburun yenot, uçan misir iti, Nil timsahı,
Afrika dəvəquşusu,
ara tutuquşuları kimi bizim təbiətə
xas olmayan heyvanlar saxlanılır.
Qeyd edək
ki, zoopark yalnız əyləncə
məkanı deyil, həm də elmi-maarifçilik müəssisəsi
funksiyasını yerinə
yetirir.
Zümrüd BAYRAMOVA
Səs.- 2021.- 9 oktyabr.- S.5.