İtaliyalı jurnalist: “Azərbaycanın Qarabağ üzərində suverenliyini
bərpa etməsi qaçılmaz idi”
Azərbaycanın Qarabağ savaşındakı
haqlı Qələbəsinin
dünya ictimaiyyəti,
əsasən də işğaldan azad olunmuş ərazilərə
gedən xarici jurnalistlərin dilindən
şərh edilməsi
Vətən müharibəsinin
ildönümünü qeyd
etdiyimiz bu vaxtlarda tam yerinə
düşər. Azad
olunmuş torpaqlarımıza
səfər edən çoxsaylı mətbuat
nümayəndələrindən biri də italiyalı
politoloq, geosiyasi analitik və jurnalist Emmanuel Pietrobon idi. Hibrid müharibələr və
postsovet məkanı üzrə ixtisaslaşan E.Pietrobon Turin, Lissabon, Lodz və Sankt-Peterburqda təhsil alaraq, fərdlər üçün
məsləhətçiliklə məşğul olur, xüsusən də “Il Giornale/InsideOver”,
“Osservatorio Globalizzazione”,
“Vision and Global Trends”, “Opinio Juris” kimi
müxtəlif beyin mərkəzləri və
ixtisaslaşmış
jurnallar üçün
məqalələr yazır.
E.Pietrobon AZƏRTAC-ın
xüsusi müxbiri ilə müsahibəsində
ölkəmizə səfəri
ilə bağlı təəssüratları bölüşüb
və onun Vətən müharibəsinin
ildönümü ilə
bağlı suallarını
cavablandırıb. Müsahibəni
təqdim edirik.
-İşğaldan azad edilmiş ərazilərimizə səfəriniz
zamanı nələrə
şahidlik etdiniz və hansı hisslər keçirdiniz?
-Azərbaycana
daxil olarkən ilk təəssüratım
yalnız azad edilmiş rayonlarda deyil, bütün ölkədə xalqın
coşqu ilə Qələbə bayramını
qeyd etməsi idi. Əslində, ən diqqətsiz gözlər belə demək olar hər yerdə - vitrinlərdən eyvanlara qədər dalğalanan və ya asılan bayraqları, “Qarabağ Azərbaycandır!”
sözləri yazılmış
və şəhidlərin
şəkli olan lövhələri görməzdən
gələ bilməzdi.
Azad edilmiş
rayonlara səfərim
zamanı insanların
üzündə müharibəndən
qalib çıxmış
və Ermənistanı
bu reallıqla barışmağa məcbur
etmiş bir xalqın qürurunun şahidi oldum. Təkcə diplomatlar və jurnalistlərlə deyil, sadə insanlarla da söhbət
etmək imkanım oldu və hər
birinin fikri eyni idi. Azərbaycanın
gələcəyində inkişaf
və firavanlıq var. Səfər etdiyim Ağdam rayonunda erməni işğalından geriyə
qalan yalnız xarabalıq və -dağıntılardır. Bu
rayon planetimizin ən çox minalanmış və məhv edilmiş bölgəsi – “Qafqazın
Xirosiması”dır.
Rayonda məni
ən çox müşayiət edən
isə kədər hissi idi. Çünki
teatrlar, məscidlər,
muzeylər kimi mədəniyyət nümunələrinin
dağıdılmasına heç
bir bəraət yoxdur - bu, əsassız
bir cinayətdir. Mənə aydın oldu ki, Qarabağda
söküntülər, partlayışlar
və əhalinin köçürülməsi yolu
ilə “mədəni soyqırımı” həyata
keçirilib.
-Qarabağ müharibəsinin
nəticələrini necə
qiymətləndirirsiniz?
-Azərbaycan
44 günlük müharibədə
qalib gələrək
Cənubi Qafqazdakı
güc balansını
öz xeyrinə dəyişdi, Ermənistanın
regional ambisiyaları sıfıra endi. İndi bir məsələ
tam dəqiqdir: bərpa prosesi Ermənistan üçün
çox çətin
olacaq. Çünki müharibədə məğlubiyyət
Ermənistana siyasi qeyri-sabitliyə, diplomatik böhrana və tənəzzülə
səbəb oldu. Azərbaycan üçün isə bu, beynəlxalq investisiyaların cəlbi,
tikinti meydançalarının
qurulması və işlərin sürətlənməsi,
məşğulluğun artırılması,
ən əsası isə azad olunmuş
ərazilərin bərpası
və yenidən qurulması üçün
İtaliya, Türkiyə
və İsrail ilə strateji müttəfiqliyin gücləndirilməsi,
bu ərazilərə
Qətər, Portuqaliya,
İspaniya, Baltikyanı
ölkələr, Polşa
və hətta Albaniya kimi yeni
tərəfdaşların gəlməsi
deməkdir. Başqa sözlə desək, Qarabağ savaşının
başa çatması
Cənubi Qafqazda yeni bir dövrün
əsasını qoydu.
Hazırda bir
sıra fürsətlər
yaranıb. Şübhəsiz
ki, həm də diqqətdən kənar qalmamalı risklər var: Oxçuçay problemi və çayın Ermənistan tərəfindən
çirkləndirilməsi. Lakin uzunmüddətli perspektivdə iqtisadi artımda və enerji modelində nə qədər tez şaxələnmə
baş verərsə,
bu, bir o qədər yaxşı olar.
-Azərbaycanın haqlı Qələbəsində
əsas rol oynayan amillər barədə nə deyə bilərsiniz?
-Azərbaycan Türkiyə və İsrail istehsallı müasir silahlarla müharibə aparırdı.
Bu da Azərbaycanın
Ermənistanı tam məğlubiyyətə uğratmasına
imkan verdi. Nəticədə düşmən
işğal etdiyi ərazilərdən çıxarıldı.
Azərbaycanın müharibə təcrübəsi
dünyanın müxtəlif
yerlərində diqqət
mərkəzində oldu.
Çünki bu Qələbə geosiyasi əhəmiyyətli hadisənin
əsasını təşkil
etdi. Deyə bilərəm ki,
Cənubi Qafqazda güc balansının türk dünyasının
xeyrinə dəyişməsinə
yol açdı. Fikrimcə, digər məsələ mənəvi
amildir ki, bu da, şübhəsiz,
müharibə dövründə
olduqca mühüm rol oynadı.
Azərbaycan hələ müharibə
başlamazdan xeyli əvvəl qalib gəlmişdi. Qarabağ savaşı Ermənistanın
1990-cı illərin sonlarından
başlayan tənəzzülünün
pik nöqtəsi oldu. Azərbaycanın Qarabağ üzərində
suverenliyini bərpa etməsi qaçılmaz idi.
Əslində, rəsmi Bakıda İrəvanda çatışmayan
hər şey var idi - möhkəm
və səmərəli
faydalı ittifaqlar, güclü və artan iqtisadiyyat, sabit gəlir mənbəyi, müasir hərbi sənaye, həmçinin əlverişli
demoqrafiya.
Səs.-
2021.- 9 oktyabr.- S.7.