Böyük alim və qayğıkeş
ana – AİDA İMANQULİYEVA
Mehriban
Əliyeva: "Aida xanımın arzuları, onun elmi irsi bu
gün də yaşayır və dövlətimizə xidmət
edir"
Bir insan obrazı xarakterdə, elmi-ictimai fəaliyyətdə
yaranır. Onun portret cizgiləri, məhz
yaşadığı ömür yolunun onilliklərində
cızılır. Bir ömrü elmə, ictimai işlərə
həsr etmək neçə ömürlərə
işıqlı yol açmaq, böyük xəzinə
yaratmaqdır. O xəzinəni ki, paylaşdıqca tükənmir,
əksinə daha da zənginləşir. Böyük şərqşünas,
ədəbiyyatşünas, tənqidçi, tərcüməçi,
filologiya elmləri doktoru Aida İmanquliyeva kimi. Bir ömür
məhz elmə, onun inkişafına töhfə verməklə
yaşanılıb.
Tərcümeyi-halına qısa bir şəkildə
nəzər salsaq görərik ki, Aida İmanquliyeva 1939-cu il
oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində
anadan olmuşdur. Burada 132 saylı orta məktəbi
qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb
şöbəsində təhsil almış, Moskvada SSRİ
Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda ərəb filologiyası üzrə
aspiranturanı bitirmişdir. Azərbaycan Elmlər
Akademiyasının Yaxın və Orta Şərq Xalqları
İnstitutunda kiçik elmi işçi, sonra baş elmi
işçi, ərəb filologiyası şöbəsinin
müdiri, elmi işlər üzrə direktor müavini, həmin
institutda direktor vəzifəsində
çalışmışdır.
Belə bir şərəfli elmi yolu keçən
Aida xanımın "Mixail Nüaymə və XIX əsr
qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi
"Azərbaycan" jurnalında dərc olunmuşdur. O, Livan
yazıçısı M.Nüaymənin bir neçə hekayəsini
ərəb dilindən ruscaya çevirib "Vostoçnı
almanax"da çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının
aktual problemləri və rus-ərəb ədəbi əlaqələri
haqqında məqalələri dövri mətbuatda - toplularda
və elmi-kütləvi məcmuələrdə müntəzəm
çap olunmuşdur.
Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunun nəşr etdirdiyi "Ərəb
filologiyası məsələləri" məcmuəsinin tərtibçisi
və redaktoru olmuşdur. "Yaxın Şərq
xalqlarının müasir ədəbiyyatında tərəqqi
və ictimai ədalət uğrunda mübarizə
problemi", "Yaxın və Orta Şərqdə milli
azadlıq hərəkatı məsələləri",
"Şərq filologiyası məsələləri",
"Yaxın Şərq xalqları ədəbiyyatı
imperializmə qarşı mübarizədə" kimi məqalələr
məcmuələrinin redaksiya heyətinin üzvlərindən,
müəlliflərindən və redaktorlarından biri
olmuşdur. İctimai işlərdə fəal
çalışmışdır.
"AZƏRBAYCAN ELMİNİN,
DÜŞÜNCƏLƏRİNİN,
FƏLSƏFƏSİNİN İSLAM ALƏMİNDƏ
YAYILMASINA NAİL OLMUŞDUR"
Ümumittifaq Şərqşünaslar Cəmiyyəti
Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan
bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı,
Düşənbə, Hamburq şəhərlərində
keçirilən Şərq problemlərinə həsr
olunmuş beynəlxalq konfranslarda məruzələrlə
çıxış etmişdir. O, aktiv bir vətəndaş-alim,
elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm
xadimi kimi elm tarixinə iz salmışdır. Aida xanım,
eyni zamanda istedadlı və bacarıqlı bir elm təşkilatçısı
idi. O, yalnız Azərbaycan ədəbiyyatşünaslığının
deyil, ümumiyyətlə milli şərqşünaslıq
elminin inkişafında əhəmiyyətli rol
oynamışdı.
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva Aida xanım haqqında belə yazır: "Aida
xanımın bütün elmi yaradıcılığı Azərbaycan
ilə Şərq dünyası arasında əlaqələrin
qurulub möhkəmlənməsinə yönəldilmişdir.
Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin,
fəlsəfəsinin, islam aləmində yayılmasına
nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda,
demək olar ki, Aida xanımın bütün arzuları
artıq reallıqdır və respublikamızın müsəlman
ölkələri islam dünyası ilə nəinki elmi, mədəni
əlaqələr, həm də ən yüksək səviyyədə
iqtisadi, siyasi əlaqələr qurubdur. Bütün bu
sahələrdə Aida xanımın arzuları, onun elmi irsi
bu gün də yaşayır və dövlətimizə xidmət
edir".
NƏCİB, XEYİRXAH İNSAN,
İCTİMAİ XADİM YETİŞDİRMƏK
BÖYÜK ƏMƏK VƏ FƏDAKARLIQDIR
Bu gün onun əsl Ana obrazı bütün
xırdalıqları ilə övladlarının
simasında, əməllərində görünür. Zəngin
irsə malik olan Aida xanım, eyni zamanda həm də ailəsinin,
övladların qayğısına qalaraq böyük bir Ana
obrazını yarada bilib. Cəmiyyət üçün, xalq
üçün nəcib, xeyirxah insan, ictimai xadim yetişdirmək
böyük əmək və fədakarlıqdır. Öz
iş rejimini necə dəqiqliklə qura bilib ki, hər bir
şeydə istəyinə nail olub. Gündəlik gərgin
iş rejimində ailəyə diqqətini
azaltmamışdır. O, hər şeydən əvvəl
öz ailəsinin xanımı olmuş, gözəl qadın,
qayğıkeş bir anaya çevrilmişdir. Aida
xanımın ailəsi bütün Azərbaycan ailələri
üçün nümunədir. Bu gün onun ruhu
şaddır, ona görə ki, gözəl əməllərini
onun layiqli, ləyaqətli övladları davam etdirirlər.
Aida xanım qızları Mehriban Əliyeva və Nərgiz
Paşayevanın təlim-tərbiyəsi ilə çox ciddi
məşğul olmuş, onların mükəmməl təhsilə
yiyələnmələrinə ciddi
çalışmış və buna nail ola bilmişdir. Aida xanım ölkəmizin adını yüksəklərə
qaldıran Mehriban xanım kimi övlad bəxş edib.
İnsanlara qayğı, ehtiram, həssas münasibət.
Əhalinin sosial həyatının dəyişdirilməsi,
onun rifahının təmin edilməsi, aztəminatlı təbəqələrə
kömək göstərilməsi sosial müdafiəyə
ehtiyacı olan insanların maddi durumunun
yaxşılaşdırılmasına istiqamətlənən
layihələr Mehriban Əliyevanı xalqın sevimli Birinci
Xanımına çevirib. Bu məhz şəcərədən
gəlir. Ailə şəcərəsindən, ailənin təməlindən
süzülüb gələn dəyərlərdir ki,
sonrakı illərdə Mehriban xanım Əliyeva fəaliyyətində
özünü göstərmişdir.
Azərbaycan dövlət idarəçiliyində
ciddi rol oynayan, cəmiyyətin tərəqqisi naminə sosial
layihələrin müəllif olan, yüksək mənəvi
keyfiyyətləri ilə cəmiyyətdə xeyriyyəçi,
şəfqətlik, mərhəmət simvoluna çevrilən
Mehriban Əliyeva əməli fəaliyyəti ilə müasir
tariximizdə özünəməxsus yerə və rola
malikdir. Mehriban xanım Əliyeva bu gün vətənpərvər
və xeyirxah ziyalı kimi mənsub olduğu nəslin gözəl
ənənələrini yaşadaraq Azərbaycanın
ictimai-siyasi həyatında xüsusi fəallıqla öz
işini davam etdirir. Özünə və ətrafındakı
insanlara ciddi tələbkarlıqla, yüksək
meyarlarla yanaşma, hər bir işdə peşəkarlıq
nümunəsi bu ailədən aşılanıb.
XEYRİYYƏÇİLİK VƏ
HUMANİSTLİK NÜMUNƏSİ
Müstəqil Azərbaycanda
Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən
və mövcud prinsiplər və ənənə ilə fəaliyyət
göstərən, eləcə də, Heydər Əliyev
ideyalarını yaşadan və Onun adını
daşıyan Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti
Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında
həyata keçirilən davamlı tədbirlər bəhrəsini
verir. Fondun prezidenti Mehriban Əliyeva humanitar missiyada həyata
keçirdiyi layihələrlə bütün yaş həddində
olan vətəndaşların qayğı və problemlərin
təminatçısına çevrilib. Məlum
olduğu kimi, ölkə ərazisində uşaq
bağçalarının, orta məktəblərin, səhiyyə
müəssisələrinin təmir və inşası, eləcə
də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan
uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi
dayaq olması, şəkərli diabet, böyrək
çatışmazlığından əziyyət çəkənlərə
pulsuz və yüksək səviyyədə yardım və
kömək göstərilib.
Azərbaycanın Birinci xanımı Mehriban
xanım Əliyeva Azərbaycanda əhalinin
sağlamlığının qoruyucusuna çevrilib.
İnsanlara qayğı, ehtiram, həssas münasibət əsas
meyarına çevrilib. Bu bir xeyriyyəçilik,
humanistlikdir. İnsanların qəlbində bir ümid
çırağı yandırılıb. Heydər Əliyev
Fondunun genişmiqyaslı layihələri ilə ölkəmizdə
uşaqlar üçün qastroenteroloji sanatoriya, psixo-nevroloji
mərkəz istifadəyə verilmişdir. Beynəlxalq əməkdaşlıq
çərçivəsində dünyanın
tanınmış şirkətləri tərəfindən
Fonda təqdim olunmuş hemodializ və endoskopik aparatlar
hazırda müvafiq tibb müəssisələrində
uğurla tətbiq olunur. Fondun təşəbbüsü
ilə paytaxt və regionlarda mütəmadi olaraq qanvermə
aksiyaları, ürək
çatışmazlığından, dodaq və damaq
bitişməzliyi patologiyasından əziyyət çəkən
uşaqlar üzərində əməliyyatlar, aztəminatlı
ailələrdən olan şəxslərin müayinələri
və digər tədbirlər həyata keçirilir.
İndiyə qədər 35 mindən çox
insan yerli klinikalarda müalicə edilib, 8 minə yaxın xəstə
respublikanın müxtəlif tibb müəssisələrində
cərrahiyyə əməliyyatı olunub, onların bir qismi
müayinə və əməliyyat üçün xarici
ölkələrə göndərilib.
Səhiyyə yönümlü
layihələr sırasında Heydər Əliyev Fondunun fəaliyyətində
uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin
qarşısının alınması üçün
preventiv tədbirlər, maarifləndirmə işlərinin
aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin
müalicəsi, sümük iliyinin
köçürülməsi ilə bağlı məsələlər
də yer alır. Paytaxtımızda inşa olan Talasamiya Mərkəzi
Mehriban Əliyevanın təşəbbüsü ilə həyata
keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə tikilən və bu gün həmin xəstəliyə
düçar olanların ümid yerinə çevrilən mərkəz
Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə"
proqramı çərçivəsində inşa olunub.
Burada quraşdırılan avadanlıqlar müalicənin ən
yüksək səviyyədə aparılmasına şərait
yaradır. Səhiyyə sahəsində görülən
işlər, həyata keçirilən layihələr Heydər
Əliyev Fondunun əhalinin sağlamlığının
qorunması işinə ən dəyərli töhfələrdir.
Bu qayğı humanizmin ən nümunəvi göstəricisidir.
"İŞĞALDAN AZAD OLUNMUŞ
TORPAQLARIMIZDAKI HAZIRKI MƏNZƏRƏNİ HƏR
BİRİMİZ ÜRƏK AĞRISI İLƏ SEYR
EDİRİK"
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi
ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə
edən layihə və proqramlar həyata keçirir. Fondun
tarixi, mədəniyyət və dini abidələrin qorunub
saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti
hər kəsə məlumdur. Odur ki, Heydər Əliyev Fondu qədim
Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin
bərpası üzrə yeni layihəyə başlayıb.
Fondun prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsindəki
paylaşımında bildirmişdi ki, işğaldan azad
olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni
hər birimiz ürək ağrısı ilə seyr edirik: "Erməni təcavüzkarları bu illər ərzində
şəhər və rayonlarımızı, oradakı
yaşayış və inzibati binaları, bütün
infrastrukturu dağıtmış, təbii sərvətlərimizi
talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni
abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur.
Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan
Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət
qalmamışdır".
Mehriban Əliyeva qeyd etmişdir
ki, layihə çərçivəsində yerli və xarici
mütəxəssislərin iştirakı ilə bölgədəki
ziyarətgahlarımızın bərpası, konservasiyası
və yenidən qurulması həyata keçiriləcəkdir.
İşğal illəri ərzində Şuşa şəhərində
və Ağdam rayonunda dağıntılara məruz
qalmış dini ibadət yerlərinin bərpası üzrə
müvafiq işlərə artıq başlanılmışdır.
Fəaliyyəti dövründə həyata
keçirdiyi bu və ya digər layihələr Azərbaycanın
çiçəklənməsi, beynəlxalq nüfuzunun
artmasına böyük töhfələr verir. Mayın 12-də
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa
"Xarıbülbül" musiqi festivalına ev sahibliyi
etdi. Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə yenidən Şuşada Cıdır düzündə təşkil
olunan "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin
əziz xatirəsinə həsr olunmuşdu. Bu gün
işğaldan azad olunan dini-mədəniyyət abidələrinin
bərpasına öz töhfəsini verir. Hər dəfə
Cənab Prezident ilə işğaldan azad olunan ərazilərimizə
səfəri və öz təssüratlarını ifadə
etməsi vətənpərvərlik duyğularının təcəssümüdür.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2021.- 12 oktyabr.- S.7.