Azərbaycanın yenidən dövlət müstəqilliyini əldə etməsi xalqımızın həyatında mühüm tarixi hadisə oldu

 

 

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının müsahibəsini təqdim edirik:

 

- Mübariz müəllim, 44 günlük  Vətən müharibəsinin başlamasından bir il ötür. Bu müharibədə Azərbaycanın möhtəşəm qələbə qazanması ilə  bağlı  fikirlərinizi bilmək maraqlı olardı.

 

- Vətən müharibəsində qələbənin əldə edilməsinin əsasında ciddi siyasi-iqtisadi, hərbi və mənəvi-psixoloji səbəblər dayanır ki, onların da formalaşması və həlledici şərtlər kimi çıxış etməsi müxtəlif mərhələlərdən keçmişdir. Bildiyiniz kimi, Azərbaycanın yenidən dövlət müstəqilliyini əldə etməsi xalqımızın həyatında mühüm tarixi hadisə oldu. Həmin dövrdə xalqımızın milli maraqlarını ifadə edən dövlət siyasətinin  aparılması vacib idi. Lakin,  keçmiş iqtidarların dövləti idarəetmə səriştəsinin olmaması nəticəsində Azərbaycan ağır sosial-iqtisadi və  siyasi böhranla üzləşdi, cəmiyyətdə hərc-mərcliyin baş alıb getməsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına şərait yaratdı. Ziddiyyətli xarakter daşıyan xarici siyasətin nəticəsində Azərbaycan beynəlxalq aləmdə təkləndi, dünya birliyində onun haqqında qeyri-ciddi dövlət obrazı formalaşdı.

 

Azərbaycanı üzləşdiyi böhrandan Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xilas etdi. Heydər Əliyev ictimai-siyasi sabitliyin yaradılması və sosial-iqtisadi böhranın aradan qaldırılması  üçün müdrik siyasət həyata keçirməyə başladı. Demokratik siyasi sistem və bazar iqtisadiyyatı münasibətləri inkişaf etdi. Cəmiyyətin bütün sahələrinin inkişafını nəzərdə tutan məqsədyönlü siyasətin  nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi təmin edildi, onun dünya birliyində mövqeyi gücləndi.  Müstəqil dövlət quruculuğunun tərkib hissələrindən biri kimi vahid komandanlığa əsaslanan,  ölkənin təhlükəsizliyini  təmin edə biləcək  Silahlı Qüvvələr yaradıldı. Heydər Əliyev Azərbaycanın xarici siyasətini beynəlxalq hüquqi normalar, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə edilməməsi kimi prinsiplər əsasında qurdu. Xarici siyasət aparılarkən Azərbaycanın geosiyasi vəziyyəti, onun dünya ölkələri ilə ayrı-ayrılıqda və çoxtərəfli formatda münasibətlərinin xüsusiyyətləri nəzərə alındı. Regional və beynəlxalq təşkilatlarla əlaqələr yaradıldı və xalqımızın mənafeyi naminə onların imkanlarından istifadə olunmağa başlanıldı. Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və digər nüfuzlu qurumlarla Azərbaycanın əlaqələri möhkəmləndi.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq Heydər Əliyevin apardığı xarici siyasətin əsas istiqamətlərindən birini təşkil etmişdir. Ümummilli Lider BMT Təhlükəsizlik  Şurasının 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etməsinə nail olmuş, münaqişə ilə bağlı Azərbaycanın prinsipial mövqeyini dəfələrlə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər təşkilatların tribunalarından səsləndirmiş, beynəlxalq birliyi problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırmışdır. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatların qərarları  sadəcə olaraq ədalətin öz əksini tapdığı, lakin icra edilməyən sənəd parçası olaraq qalırdı. Lakin səbir, iradə və qətiyyət bu münaqişənin həllində əhəmiyyətli  rol oynadı. 44 günlük Vətən müharibəsində  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  şanlı qələbə əldə etdi.    

 

- Vətən müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən əsas səbəblər içərisində Prezident İlham Əliyevin liderlik və hərbi sərkərdəlik keyfiyyətlərini, onların mahiyyətini  necə xarakterizə edərdiniz?

 

- Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Vətən müharibəsində qazanılmış şanlı qələbə  "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyən Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik fəaliyyətini təhlil etdikdə onun güclü siyasi iradəyə və idarəetmə bacarığına malik, xalqına və dövlətinə bağlı müdrik lider olduğunu görürük. Bunun nəticəsidir ki, Azərbaycan davamlı inkişaf və modernləşmə yolu ilə irəliləyən, dünya siyasətində öz yeri və rolu olan dövlət kimi tanınır, xarici ölkələr ona hörmət və ehtiramla yanaşırlar. Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına və möhkəmlənməsinə həsr edən Lider kimi xalqımızın böyük rəğbətini qazanıb.

 

Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur. Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir.  Vaxtilə müharibə şəraitində yaşayan ölkəmizin bütün sahələrindəki davamlı inkişaf  Prezident İlham Əliyevin qarşısına qoyduğu məqsədləri uğurla yerinə yetirdiyini göstərir.  Vətən müharibəsində xalqımız Prezident İlham Əliyevin müzəffər komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin bir daha şahidi oldu.

 

- Müharibədə qələbəni təmin edən sosial-iqtisadi amillərin rolu, xüsusilə ordu quruculuğu sahəsində görülmüş işlərin  əhəmiyyəti  barədə fikirləriniz...

 

- Prezident İlham Əliyevin rəhbərliyi ilə   Azərbaycanın  sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər Vətən müharibəsində qələbənin qazanılmasında  mühüm rol oynamışdır.  Azərbaycan müharibədə sosial-iqtisadi baxımdan inkişaf etmiş güclü dövlət kimi iştirak etdi. Müharibəyəqədərki dövrdə və hazırda ölkəmizin maddi-mənəvi resursları səmərəli şəkildə dövlətin inkişaf strategiyasının həyata keçirilməsinə cəlb olunmuşdur.  Azərbaycan böyük enerji-nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri kimi regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində vacib rol oynayır. Prezident İlham Əliyev ölkəmizin enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla nəqli istiqamətində praqmatik siyasət həyata keçirir və şaxələndirilmiş nəqliyyat infrastrukturu vasitəsilə beynəlxalq birliyin diqqətini Azərbaycana cəlb edir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirərək, Azərbaycanın karbohidrogen ehtiyatlarından  əldə olunan gəlirləri ölkəmizin inkişafına yönəldir. Azərbaycanla dünya dövlətləri arasında ticarət-iqtisadi əlaqələr möhkəmlənir.  Prezident İlham Əliyevə dərin inam və etibardan irəli gələrək, ölkəmizin iqtisadiyyatına böyük həcmdə xarici sərmayələrin qoyulması qeyri-neft sektorunun və müxtəlif sənaye sahələrinin inkişafına böyük təsir göstərir. Azərbaycan bir çox postsovet dövlətləri ilə müqayisədə  ümumi iqtisadi gücünə, milli iqtisadiyyatın  kəmiyyət və  keyfiyyət parametrlərinə  görə qabaqcıl yerlərdən birini tutur. Bütün bu uğurlar özünün parlaq ifadəsini Vətən müharibəsində sübut etdi.

 

Eyni zamanda, ordu quruculuğundakı nailiyyətlər Vətən müharibəsində qələbənin əldə olunmasında mühüm rol oynamışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğunun yeni mərhələsi,  hərbi hissələrin müasir standartlara uyğun qurulması, ordumuzun müasir silahlarla təminatı sahəsində görülmüş işlər xüsusilə vurğulanmalıdır. Vətən müharibəsi güclü maddi-texniki bazaya və yüksək hərbi hazırlığa, vətənpərvərlik əhval-ruhiyyəsinə malik Azərbaycan Ordusunun qüdrətini  bütün dünyaya nümayiş etdirdi. Hələ müharibə  başlamamışdan əvvəl  dünyanın nüfuzlu “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının məlumatında bildirilirdi  ki,  2020-ci il üzrə “Ən güclü ordu” reytinqinə görə Azərbaycan Ordusu dünyanın 138 dövlətinin orduları sırasında 64-cü yerdədir. Siyahıda Gürcüstan 89-cu, Ermənistan isə 111-ci sıradadır. Azərbaycan Ordusu yalnız Cənubi Qafqazda deyil, həmçinin MDB məkanında lider mövqelərdən birini tutur. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu işğal olunmuş ərazilərmizi erməni qəsbkarlarından yüksək hərbi peşəkarlıqla azad etdi.         

 

- Azərbaycanın apardığı  xarici siyasətin və diplomatik mübarizənin Vətən müharibəsində qələbənin əldə edilməsində rolunu necə şərh edərdiniz?

 

- Vətən müharibəsində qələbə  Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı ardıcıl, qətiyyətli diplomatik mübarizə ilə sıx şəkildə bağlıdır. Ötən illər ərzində xalqımızın milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin apardığı xarici siyasət həm də Azərbaycana beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırıb.  Cənubi Qafqazın aparıcı dövləti kimi ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənib. Digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq Prezident İlham Əliyevin siyasətinin əsas prinsiplərindən birini təşkil edir. Bu siyasətin nəticəsində ölkəmizlə dünya dövlətləri arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq möhkəmlənir, Azərbaycan vətəndaşlarının firavan və təhlükəsiz şəraitdə yaşayışı təmin olunur.

 

Prezident İlham Əliyevin apardığı xarici siyasət Azərbaycanı dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə vacib tərəfdaş kimi tanıdır, onun BMT, Avropa İttifaqı, ATƏT, MDB, İƏT, Qoşulmama Hərəkatı kimi təşkilatlarla əlaqələrini möhkəmləndirir. 2011-ci il oktyabrın 24-də 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi xalqımızın tarixində mühüm hadisədir. Bununla yanaşı, nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi Azərbaycanın uğurlu diplomatiyasının nəticəsidir. Xarici siyasət sayəsində əldə olunmuş nailiyyətlər ölkəmizin müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafına mühüm təsir göstərir. Müasir dövrdə beynəlxalq aləmdə baş verən geosiyasi ziddiyyətlərə  baxmayaraq, Azərbaycan davamlı inkişaf yolu ilə irəliləyən dövlət kimi dünya ölkələri arasında özünə layiqli yer tutur.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ötən illər ərzində dövlətimiz fəal və çevik xarici siyasət həyata keçirib. Dağlıq Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə müfəssəl və dolğun məlumatlar çatdırılıb, Ermənistanın yalançı təbliğatı ildən-ilə fiaskoya uğrayıb. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi normalar çərçivəsində nizamlanmasına çalışıb, Azərbaycanın prinsipial mövqeyini dəfələrlə BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq və regional təşkilatların tribunalarından səsləndirib, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, dünya dövlətlərini isə problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırıb. Ermənistanın beynəlxalq hüquqi normalara saymazyana münasibəti və Azərbaycanın haqlı tələblərinə göz yumması uzun müddət davam edə bilməzdi. Vətən müharibəsi başlayarkən dünya ictimaiyyəti Ermənistanın hərbi təcavüzkarlığı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini  bilərəkdən  yerinə yetirməkdən boyun qaçırması ilə bağlı ilə bağlı kifayət qədər məlumatlara malik idi.

 

- Vətən müharibəsində qələbəni təmin edən mühüm amillərdən biri də ölkəmizdəki vətəndaş həmrəyliyi  və milli birlikdir. Bununla bağlı fikirləriniz maraqlı olardı....

 

- Müharibə dövründə xalqımız Prezident İlham Əliyevin apardığı siyasətlə bağlı həmrəylik nümayiş etdirdi. Bir daha aydın oldu ki, Azərbaycan dövlətinin bütün sahələrində uğurların əldə edilməsində vətəndaş həmrəyliyi və milli birlik özünəməxsus yer tutur. Milli birliyin təmin olunması, müxtəlif ictimai-siyasi qüvvələr arasında etimad mühitinin yaradılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar ictimai fikirdə onun haqqında uzaqgörən və ədalətli lider obrazını daha da möhkəmləndirir.

 

Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin  nəticəsidir ki, Azərbaycan dünyada müxtəlif sivilizasiyaların qovuşduğu tolerant məkan, multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Ölkəmizdə müxtəlif dinlər və mədəniyyətlər arasında qarşılı etimad mühiti mövcuddur.  Milli və dini münasibətlərin inkişafı sahəsində Prezident İlham Əliyevin apardığı siyasət etnik və dini mənsubiyyəti, mədəni dəyərləri və adət-ənənələrindən asılı olmayaraq ölkə vətəndaşları tərəfindən dəstəklənir. Müxtəlif dini konfessiyaların fəaliyyəti üçün yaradılmış şərait cəmiyyətin mənəvi sərvətləri sırasında vicdan və dini etiqad  azadlığının özünə mühüm yer tutmasını təmin edir. Prezident İlham Əliyevin ölkəmizdəki ictimai-siyasi qüvvələr, dini konfessiyalar və müxtəlif millətlər, etnik qruplar  arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində apardığı siyasətin əhəmiyyəti Vətən müharibəsində  bir daha sübut edildi. Müharibə dövründə Vətənini sevən hər bir azərbaycanlı siyasi, dini və etnik mənsubiyyətindən asılı olmayaraq Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib vətəndaş həmrəyliyi və milli birlik  nümayiş etdirdilər.

 

- Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş  quruculuq-bərpa  işləri aparılır. Bunun tərkib hissəsi kimi dini ibadət yerlərinin  təmiri və tikintisinə xüsusi diqqət yetirilir. Siz bu barədə nə söyləmək istərdiniz?

 

- Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistanın  törətdiyi  dağıntıların miqyası onu görənləri dəhşətə gətirir. Bunu həmin ərazilərə səfər edən ölkəmizdəki diplomatik korpusun, eyni zamanda beynəlxalq təşkilatların və KİV-in  nümayəndələri də dəfələrlə etiraf edirlər. Erməni tapdağından təmizlənən şəhər və rayonlarımızın çoxunda düşmən bir dənə də olsun salamat tikili saxlamayıb. Prezident İlham Əliyevin öz çıxışlarında Azərbaycanın işğaldan azad olunmuş  ərazilərində yaşayış məntəqələrinin və xalqımıza məxsus maddi-mədəniyyət abidələrinin Ermənistan tərəfindən yerlə-yeksan edildiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması  böyük əhəmiyyət daşıyır.  Məlum olduğu kimi, Ermənistanın işğalından azad olunmuş  ərazilərdəki xalqımıza məxsus çoxəsrlik qədim tarixi-dini abidələr də dağıdılıb və yaxud  onların bir qismi saxtalaşdırılaraq erməniləşdirilib. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi Azərbaycan xalqının minilliklər ərzində yaşadığı ərazilərdə onun tarixi keçmişini və mənəvi yaddaşını məhv etmək idi. Torpaqlarımızın işğaldan azad olunmasından sonra ortaya çıxan mənzərə erməni millətçiliyinin insanlıq əleyhinə olduğunu  bir daha göstərdi. Ermənilər tərəfindən müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri, məzarlar və qəbirstanlıqlar dağıdılmaqla yanaşı, həm də təhqir olunub. Məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı  erməni millətçiliyinin barbarlığını göstərir. Ermənistandan  fərqli olaraq,  Azərbaycanda müxtəlif dinlərə məxsus olan abidələrə dövlət səviyyəsində  diqqət və qayğı göz qabağındadır. Təkcə bir fakt - Bakının mərkəzindəki erməni kilsəsinin dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ölkəmizdə dini müxtəlifliyin  qorunduğunun sübutudur. 

 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Heydər Əliyev Fondunun  xalqımıza məxsus mədəni-dini irsin yenidən dirçəldilməsi istiqamətindəki fəaliyyəti xüsusi qeyd olunmalıdır. 30 illik işğaldan sonra azad olunan ərazilərdə  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xalqımıza məxsus tarixi-dini  abidələrin  bərpası işlərinə başlanılıb. Prezident İlham Əliyev tərəfindən Şuşada yeni məscidin təməlinin qoyulması, Yuxarı Gövhər Ağa məscidinin təmir olunması, Zəngilanda erməni vandallığına məruz qalan məscidin, eləcə də Ağdamda “Qiyaslı” məscidinin yenidən qurulması işlərinə başlanılması, “Qazançı” kilsəsində bərpa işlərinin aparılması  və s. Azərbaycan dövlətinin milli-mənəvi, tolerant dəyərləri yüksək qiymətləndirdiyini göstərir. Bu il oktyabrın 3-də Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndinə səfəri zamanı orada  ermənilərin dağıtdığı alban-udi və rus-pravoslav kilsələrində olması, hər iki ibadətgahda təmir və bərpa işlərinin aparılacağını bildirməsi    Azərbaycan dövlətinin bütün dinlərə  hörmətlə yanaşdığını  ifadə edir.

 

- Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, qələbəmizdə mənəvi hazırlıq həlledici rol oynamışdır. Yüksək vətənpərvərlik ruhunda gənc nəsil yetişdi və torpaqlarımızı işğaldan  azad etdi...

 

- Azərbaycanda gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların intellektual potensialından səmərəli istifadə etmək,  sosial-iqtisadi məsələlərinin  həllinə və s.  dəstək verməkdən ibarətdir. Gənclər siyasətinin  əsas vəzifələrini gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsiplərinə söykənməklə, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması və s. təşkil edir.

 

Prezident İlham Əliyevin siyasətində  gənclərin vətənpərvərlik ruhunda  tərbiyə olunması məsələsi xüsusi yer tutur. Azərbaycan gənclərinin inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla həyata keçirilməsi gənclərin  ictimai-siyasi, iqtisadi və mədəni həyatda  fəal iştirakı,  gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, gənclərin inkişafına dövlət səviyyəsində diqqət və qayğının nəticəsi özünü Vətən müharibəsində bir daha  göstərdi. Azərbaycan gənclərinin  müharibə başlayarkən  könüllü və kütləvi şəkildə  hərbi çağırış məntəqələrinə müraciət edərək,  döyüşlərdə iştirak etmək istəkləri  yüksək vətənpərvərlik əhval-ruhiyyəsinin ifadəsi  idi. Vətən müharibəsində şanlı qələbənin əldə edilməsində Azərbaycan gənclərinin şücaət və qəhrəmanlığının böyük rolu olmuşdur.             

 

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimiz əsasən gənclərdən ibarətdir. Onlar  Vətənimizi, xalqımızı, onun qürurunu, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Xalqımıza Zəfər sevincini yaşadan Azərbaycan Silahlı Qüvvələrinin zabit-əsgər heyətinə, müharibədə sağlamlığını itirən cəsur qazilərimizə, şəhidlərimizə və onların yadigarlarına ömür boyu  minnətdar və borcluyuq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğı hər birimiz üçün örnək olmalıdır. Xüsusilə,  27 sentyabr - Anım Günündə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilən yürüşü xatırlatmaq istərdim.  Dərin məna daşıyan  bu aksiya ölkə rəhbərliyi səviyyəsində Azərbaycan xalqının öz şəhidlərinin əziz xatirəsinə verdiyi yüksək dəyərin nümunəsi idi.

 

Şəhidlərimizin əziz xatirəsi Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - Heydər məscidi, Təzəpir məscidi, “Jen Mironosits” pravoslav kafedral kilsəsi, Bakının Avropa Aşkenazi Yəhudi Sinaqoqu, Ağdam Cümə məscidi, Kəlbəcərdəki Xudavəng məbədi, Laçındakı Ağoğlan məbədi, Şuşadakı Yuxarı Gövhər Ağa  məscidi və digər məscidlərdə, kilsələrdə, sinaqoqlarda da dərin ehtiramla yad edilmişdir. Dini ibadət yerlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub, dini ayinlər icra olunub,  həmçinin ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilib.  Qeyd edim ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu şəhid ailələri ilə bağlı bir çox layihələr  həyata keçirir.  Fondun xətti ilə şəhidlərin doğum günlərində və  bayramlarda onların ailələrinin   ziyarət edilməsi, “Şəhid yadigarları”, “Biz Zəfərin övladıyıq”  kimi tədbirlərin  həyata keçirilməsi mütəmadi xarakter daşıyır.

 

Qarabağda erməni vandallar tərəfindən dağıdılan dini abidələr haqqında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə  çəkilmiş  videoçarx və sənədli filmlər televiziya kanallarında, sosial mediada  nümayiş  etdirilir. Komitənin təşəbbüsü ilə Vətən müharibəsi haqqında  kitablar nəşr edilir, o cümlədən xarici mətbuatda müsahibə və məqalələr dərc olunur. Dövlət Komitəsi milli-mənəvi dəyərlərin  təbliği, xüsusilə gənclərin vətənpərvərlik və həmrəylik ruhunda tərbiyə olunması məqsədilə KİV, eləcə də sosial media vasitəsilə maarifləndirmə işi aparır.

 

- Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin tarixi-siyasi əhəmiyyəti nədən ibarətdir?

 

- Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistanın hərbi qüvvələrini darmadağın etməklə həm də onun işğalçılıq siyasətini iflasa uğratdı. Prezident İlham Əliyevə olan yüksək inamın nəticəsi idi ki, xalqımızın vətənpərvər övladları onun çağırışına qoşularaq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda səfərbər olub silaha sarıldılar. Rəşadətli Azərbaycan Ordusu "Dəmir yumruq” əməliyyatında böyük şücaət göstərərək xalqımızın tarixinə parlaq səhifələr yazdı. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Ali Baş Komandan İlham Əliyev əsgərlərimizin qəhrəmanlığı ilə fəxr etdiyini və qürur duyduğunu bildirdi.

 

Azərbaycan dövləti erməni işğalçılarını torpaqlarımızdan qovmaqla bölgədə yeni reallıq yaratdı və 27 il idi ki, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Vətən müharibəsində möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və Azərbaycan Ordusunun igid, mərd, qorxubilməz döyüşçülərinin qəhrəmanlığı nəticəsində reallaşdı. Müharibənin gedişində hərbçilərimizin yüksək əhval-ruhiyyəsinin və mənəvi-psixoloji hazırlığının,  döyüş tapşırıqlarını böyük məharətlə yerinə yetirdiklərinin şahidi olduq.

 

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən birgə Bəyanatın imzalanması Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi qələbəsini təsdiq edən tarixi hadisə oldu. Bununla da müharibənin ilk günlərindən etibarən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri Ermənistan hakimiyyətinin qəbul etməkdən başqa çıxış yolu qalmadı. Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi. İşğal olunmuş torpaqlarda dalğalanan Qələbə bayrağımız da bu möhtəşəm tədbirə gətirildi, 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Həmçinin, paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də göstərildi. Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Azərbaycan Ordusunun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımız bu tarixi Zəfəri böyük səbirsizliklə gözləyirdi və hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması sübut etdi ki, Azərbaycan əsgəri Vətənini qorumaq  uğrunda canından keçməyə hazırdır.

 

Müsahibəmin   sonunda fürsətdən istifadə edərək, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad edilməsində qəhrəmancasına, rəşadətlə iştirak etmiş hərbi qulluqçuları, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini və  xalqımızı  qarşıdan gələn Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bizlərə bu qürurlu günləri yaşatmaq üçün canından keçən Vətən övladlarının ailələrinə səbir diləyir, qazilərimizə cansağlığı arzulayıram.

 

- Müsahibəyə görə sağ olun.

 

 Səs.- 2021.- 12 oktyabr.- S.8-9.