Leyla Əliyeva: Arzum budur ki, Tahir Salahovun zəngin
irsi bundan sonra da xalqlarımızı
yaxınlaşdırmaqda davam etsin
Oktyabrın 14-də Moskvada, Xalq Təsərrüfatı
Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda
SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı,
Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovun xatirə
gecəsi və onun əsərlərinin sərgisi
keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində
Raya Abbasovanın müasir dövrün görkəmli sənətkarının
həyat və fəaliyyətindən bəhs edən “Dialoq”
kitabının təqdimatı keçirilib. Böyük sənətkarın
nəvəsi Kayxan Salahov tərəfindən
hazırlanmış “Sonsuzluq” adlı videoinstalyasiya da qonaqlara
təqdim edilib.
Tədbirdə çıxış edən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib:
-Görkəmli rəssam Tahir Teymur oğlu
Salahovun xatirə gecəsində sizi salamlamağa çox
şadam. Bu, çox rəmzi haldır ki, bugünkü tədbir
Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin
“Azərbaycan” pavilyonunda keçirilir. Doğma Bakı kimi
Moskva şəhəri də Tahir Teymur oğlu
üçün çox əziz idi. Tahir Salahov öz
yaradıcılığı ilə bütün
dünyanı fəth etdiyinə baxmayaraq, onun həyatının
əsas hadisələri məhz Rusiyada və Azərbaycanda
baş verib. Onun nadir yaradıcılıq üslubu və
xarakteri məhz burada formalaşıb. İncəsənət
dünyanı gözəlləşdirir. Tahir Salahovun
yaradıcılığı sayəsində biz onun
dünyasını – harmoniya və xoş duyğularla dolu
nurlu dünyanı görürük. Biz xoşbəxtik ki, bu
heyrətamiz insanla bir dövrdə yaşamışıq,
onunla tanış olmuşuq, ünsiyyət
saxlamışıq. Onun sənətini fərqləndirən
məhz sevgidir – Vətənə, təbiətə, insanlara
sevgi. Tahir Salahovun qəhrəmanları onun müasirləri,
neftçilər, yazıçılar, bəstəkarlardır.
O, obrazlar yaratmır, insanlar yaradırdı. Ona görə də
onun əsərlərinə baxanda inanırıq və hiss
edirik ki, bunlar canlı əsərlərdir, həyatın
özü kimi canlıdır.
Bu gün bizimlə olduğunuza görə sizə
təşəkkür edirəm. Tahir Salahovun ailəsinə,
Zelfira İsmayılovna, sizə bizi dəstəklədiyinizə
görə, bu tədbirin hazırlanmasında iştirak
etmiş, ona qəlbinin bir hissəsini qoymuş insanların
hamısına təşəkkür etmək istəyirəm.
Arzum budur ki, Tahir Salahovun zəngin irsi bundan sonra da
xalqlarımızı yaxınlaşdırmaqda davam etsin, gənc
istedadlara yol açsın.
Sizin hamınıza xoşbəxtlik,
cansağlığı arzu edirəm, ən xoş diləklərimi
bildirirəm. Sağ olun.
X X X
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu bu tədbirin təşkilinə görə
Heydər Əliyev Fonduna təşəkkürünü
bildirərək qeyd edib ki, Heydər Əliyev Fondu və onun
Rusiyadakı nümayəndəliyi Azərbaycan ilə Rusiya
arasında qarşılıqlı münasibətlərin
möhkəmlənməsi üçün Tahir Salahov kimi
çox iş görür.
Polad Bülbüloğlu deyib: “Unudulmaz rəssam,
unudulmaz insan, möhtəşəm filosof. Görünür,
həyatda mənim çox bəxtim gətirib ki, 1960-cı
illərin əvvəlindən başlayaraq biz ünsiyyətdə
olmuşuq, çoxsaylı səfərlərdə olmuşuq,
sovet dövründə, 1968-ci ildə Meksika kimi unikal ölkədə
20 gün bir yerdə olmuşuq. Bu, unudulmaz günlər idi. Həmin
günlər həmişəlik yaddaşımızda
qalıb. Bu gün görkəmli rəssamın aramızda
olmamasını təsəvvür etmək çətindir.
Lakin onun əsərləri var. Allaha şükür, biz elə
bir dövrdə yaşayırıq ki, video, foto, kino var. Bir
insan, şəxsiyyət kimi onun xatirəsi həmişə
bizimlə olacaq. Deyirlər insanı xatırlayırlarsa, deməli
o yaşayır. Onu isə çox adam xatırlayır. Onun əsərləri
əsasında Azərbaycan haqqında, Rusiya haqqında fikirlər
yürüdəcəklər”.
Dövlət Tretyakov qalereyasının baş
direktoru Zelfira Trequlova Tahir Salahov ilə yaxından
tanış olduğunu söyləyib. O deyib: “Ona bir insan kimi
hədsiz hörmət edirdim və bir rəssam kimi onun
qarşısında baş əyirdim. Mən Tretyakov
qalereyasına gələndə uzun illər boyu
düşündüyüm və arzuladığım bir
işi görməyə nail oldum. Bu, Tretyakov qalereyasında
Tahir Teymuroviçin əsərlərinin parlaq retrospektivi idi.
2016-cı ildə Tahir Salahovun Tretyakov qalereyasında ilk sərgisi
açıldı. Tahir Salahov böyük rəssam olmaqla bərabər,
həm də qeyri-adi zahiri və daxili gözəlliyə
malik, inanılmaz dərəcədə müdrik və eyni
zamanda, çox təvazökar və nəzakətli adam idi”.
Z.Trequlova vurğulayıb ki, Tahir Salahov qeyri-adi
sənətkar idi. Onun yaradıcılığında milli
motivlər Moskvada görkəmli müəllimlərindən
öyrəndikləri ilə uzlaşırdı. O, kifayət
qədər erkən yaşlarında xarici ölkələrə
səfər etməyə başlayıb, o dövrün
dünya incəsənətini görüb.
Tahir Salahovun nəvəsi rəssam Kayxan Salahov
böyük ustada həsr edilmiş “Sonsuzluq” adlı
videoinstalyasiyanı təqdim edib. K.Salahov AZƏRTAC-ın
müxbiri ilə söhbətində qeyd edib ki, bu iş gənc
nəslin diqqətini Tahir Salahov
yaradıcılığına cəlb etməlidir.
Tədbir iştirakçılarının diqqətinə
təqdim edilmiş, “Dialoq” kitabının müəllifi Raya
Abbasova söhbətində bildirdi ki, Tahir Salahov ilə onun
tanışlığı çoxdan
başlamışdı. R.Abbasova dedi: “2000-ci illərin əvvəlində
mən ondan ilk müsahibə aldım. Sonradan dəfələrlə
görüşdük. Tahir Teymuroviçin 90 illiyinə həsr
edilmiş kitab üzərində işləmək mənə
təklif olunanda məmnuniyyətlə razılıq verdim.
Tahir Teymuroviç haqqında kitab yaratmaq ideyasına görə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya
hədsiz minnətdaram”.
Sərginin ekspozisiyasında rəssamın
şəxsi arxivlərdə saxlanılan işləri, ailə
albomundan fotoşəkillər təqdim olunub.
Tədbirdə Azərbaycanın və
Rusiyanın görkəmli mədəniyyət xadimləri
iştirak ediblər.
Səs.- 2021.- 16 oktyabr.- S.3.