Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan Bayrağı ucaldıldı

    

Oktyabrın 18-i böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni öz sahibinə qovuşdurdu

 

44 günlük Vətən müharibəsi Zəfər tariximizi yazaraq, qısa zaman kəsiyində bizləri böyük tarixi qələbəyə apardı. Bu qələbəni qazanmağımız 44 gün ərizində olsa da, bu tarixə qədər Azərbaycan böyük yol keçmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qələbə sevincini bizlərə yaşatdı. Azərbaycanda aparılan ordu quruculuğu işləri, dövlətimizin iqtisadi gücünün artması, dünya birliyində nüfuzunun yüksəlməsi, uğurlu diplomatik siyasət xalqımızı qələbəyə doğru aparırdı. 44 günlük Vətən müharibəmizdə hər səhərimiz qələbə sorağı ilə açılırdı. Ali Baş Komandanın qətiyyətli mövqeyi ordumuzda, əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradırdı. İşğaldan azad olunan ərazilərimiz igid oğulların qanı-canı bahasına geri alınırdı. Hər qarış torpaq Şəhidlərimizin qanı ilə suvarılırdı. Böyük qəhrəmanlıq dastanına çevrilən uğurlu əməliyyatlar dünya dövlətləri tərəfindən belə, izlənilirdi. 30 ilə yaxın işğalda olan ərazilərimizdə düşmən tapdağından azad olunaraq, qürurumuz olan Azərbaycan bayrağı dalğalandırılırdı.

 

"AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ QƏDİM XUDAFƏRİN KÖRPÜSÜNÜN ÜZƏRİNDƏ AZƏRBAYCAN BAYRAĞINI QALDIRDILAR"

 

Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü üzərindən Azərbaycan bayrağı dalğalandırıldı. "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində yazmışdır.

 

Cəbrayıl rayonunda yerləşən bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir. Körpünü inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara "Xudafərin" adı verilib. Araz çayı üzərində salınan iki Xudafərin körpüsündən birincisi "Baş Xudafərin körpüsü" adlanır. Onun uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.1993-cü ildə mənfur ermənilərin ərazimizə soxulması nəticəsində körpüyə ciddi zərər dəyişmişdir, hazırda körpünün müəyyən hissəsi durur.

 

Oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Cəbrayıl rayonunda yerləşən tarixi Xudafərin körpüsünün üzərində 27 il sonra üçrəngli Azərbaycan bayrağı ucaldıldı. Vətən Müharibəsində böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni öz sahibinə qovuşdurdu. Bu müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Ali Baş Komandan İlham Əliyev çatdırdı.

 

Zümrüd BAYRAMOVA

 

 Səs.- 2021.- 16 oktyabr.- S.7.