Müstəqilliyimizin bərpası:
1-ci Respublikadan 3-cü Respublikaya aparan yol
Müstəqilliyi
qazanmaqdan daha vacib və daha çətin bir iş var - bu, onu
qoruyub saxlamaqdır - Heydər Əliyev
1991-ci il oktyabrın 18-də Azərbaycan
özünün dövlət müstəqilliyini bərpa
edib. Həmin gün respublika parlamenti- Ali Sovet “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı”nı qəbul edib. Məhz bu səbəbdən 18 oktyabr Azərbaycanın
yeni tarixində əlamətdar günlərdən biridir.
Sovet
İttifaqının dağılması və "soyuq
müharibə"nin sona çatması
kimi qlobal geosiyasi proseslər fonunda Azərbaycan
Respublikasının dövlət müstəqilliyini elan etməsi
olduqca önəmli, tarixi hadisə idi. Azərbaycan
xalqı illər uzunu azadlıq, müstəqillik
ideyalarını özündə yaşatmışdı.
1918-1920-ci illərdəki elan olunan ilk respublika
bu ideyanın gerçəkləşdirdi, amma təəssüf
ki, uzunömürlü bir müstəqilliyə imza ata bilmədi
və həqiqi müstəqil dövlət kimi beynəlxalq aləmdə
yerini tuta bilmədi. Cəmi 2 il
ömür sürən ilk respublikamız 1920-ci ilin mayınadək
mövcud oldu.
1920-ci ildə
28 aprel sosialist inqilabından sonra yaranmış 2-ci respublika -
Azərbaycan Sovet Sosialist Respublikası da müstəqil
dövlət kimi 2 il mövcud oldu, 1922-ci ildə Sovet
İttifaqına daxil oldu və ümumilikdə 71 il
yaşadı.
3-cü respublikanın yaranması isə daha mürəkkəb
proseslərdən keçdi. XX əsrin 80-ci illərinin
sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan
xalqının müstəqil dövlətçiliyə sahib
olmaq hissləri digər müttəfiq respublikalara nisbətən
daha impulsiv və bariz şəkildə özünü
göstərirdi.
Azərbaycanın müstəqillik yolunda mücadiləsi
faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə
başlandı. Proseslər 1990-1991-ci illərdə daha
geniş və aktiv şəkildə cərəyan etdi. Yanvar hadisələri isə bu aktivliyi, mücadiləni
daha da alovlandırdı.
Ermənilərin Azərbaycan ərazisi olan Qarabağda
başlatdığı seperatçılıq hərəkətlərinə
ittifaq hakimiyyətinin və onun rəhbəri Mixail
Qorbaçovun ədalətsiz yanaşması xalqı qəzəbləndirdi,
xalq meydanlara çıxdı. Bu proseslərin məntiqi
nəticəsi Azərbaycanın 1991-ci ilin sonunda ittifaqdan
ayrılıb müstəqil dövlət kimi yaşamasına
səbəb oldu.
Ali Sovetin
xalqın tələbi ilə
çağırılmış növbədənkənar
sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa
etmək haqqında bəyannamə qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq
hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş
prinsiplərə müvafiq surətdə tanınması
üçün dünya dövlətlərinə
çağırış da yer almışdı.
Ali Sovetin
1991-ci il 30 avqust tarixli iclasında bəyanatla
yanaşı, "Azərbaycan Respublikasının dövlət
müstəqilliyini bərpa etmək haqqında" Konstitusiya
Aktının layihəsini iki həftə müddətində
hazırlamaq barədə qərar da qəbul edildi. Lakin məlum məsələlərdən dolayı
respublika rəhbərliyi bu prosesi 2 aya yaxın ləngitdi.
Bu
müddət ərzində SSRİ-nin əksər müttəfiq
respublikaları, o cümlədən qonşu Ermənistan və
Gürcüstan, Moldova, Qırğızıstan, Özbəkistan,
Tacikistan dövlət müstəqilliyi haqqında Konstitusiya
aktı və ya qanun qəbul etmişdilər. Azərbaycan
isə hələ də gözləyirdi.
Ali Sovetin sessiyasında Azərbaycanın Milli Ordusunun
yaradılması məsələsi gündəmə gəldi
və "Azərbaycan Respublikasının milli
özünümüdafiə qüvvələrinin
yaradılması haqqında" qərar verildi. Qərarın
icrası isə kağız üzərində qaldı.
Bütün bu hadisələr Ermənistanın
Azərbaycana qarşı təcavüzü və
Qarabağdakı separatçılıq hərəkatının
genişlənməsi fonunda baş verirdi.
Sentyabrın 1-də isə separatçılar
Dağlıq Qarabağ Muxtar Vilayətinin səlahiyyətini
itirmiş Xalq Deputatları Soveti adından qondarma
"Dağlıq Qarabağ Erməni Respublikası"nın
yaradılması barədə "qərar" qəbul etdilər. Separatçıların
bu qərarı elan edilən gün "Azadlıq"
meydanında AXC mitinqlərinin qızğın vaxtı idi.
AXC Mütəllibovu hakimiyyətdən salmaq
üçün ümumrespublika tətili elan etmişdi.
Hakimiyyət uğrunda gərgin mübarizə gedirdi. Qarabağ məsələsi
bu mübarizənin kölgəsində qalmış və
görünməz olmuşdu. Ali Sovetin
oktyabrın 8-də işə başlanan növbədənkənar
sessiyanın gündəliyinə dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktının qəbulu məsələsi
salınsa da, dördgünlük müzakirələr nəticəsində
parlament bu məsələni bir həftə sonraya saxladı.
Nəhayət,
1991-ci il oktyabrın 18-də Ali Sovetin
sessiyasında tarixi sənəd qəbul edildi. Səsvermədə
Ali Sovetin 360 deputatından 258-si iştirak etmişdi. Adbaad səsvermdə "Dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktı" yekdilliklə qəbul olundu.
6 fəsil, 32 maddədən ibarət Konstitusiya Aktı
ümumilikdə olduqca sanballı sənəd olsa da, bir
sıra nöqsanlardan da xali deyildi. Xüsusilə
1-3-cü maddələrdə hüquqi-siyasi nöqteyi-nəzərdən
o qədər də mükəmməl olmayan, sonralar beynəlxalq
müstəvidə ermənilərin çeşidli
spekulyasiyalarına rəvac verən təsnifat yer
almışdı ki, bu da bizə “başqağrısı”
oldu.
Həmin maddələrə əsasən, Azərbaycan
Respublikası 1918-1920-ci illərdə mövcud olmuş
Cümhuriyyətin varisi hesab olunurdu. Azərbaycan SSR haqqında isə
heç nə deyilmir, Azərbaycanın 71 illik tarixi hüquqi
müstəvidə təsbit olunmurdu, 71 il
demək olar ki, tarixdən itirilirdi.
Qeyd edək ki, ermənilər Qarabağın Azərbaycana
mənsubluğunu şübhə altına qoymaq
üçün məhz bu məqamdan özlərinə
uyğun şəkildə bəhrələnərək
davamlı olaraq möhtəkirlik edirlər. Çünki
Dağlıq Qarabağı Azərbaycanın muxtar inzibati ərazisi
kimi birmənalı təsbit edən və beynəlxalq
hüquq baxımından mühüm fakt olan qərar
1923-cü ildə, yəni Azərbaycan SSR vaxtında qəbul
edilib. 1991-ci ilin Konstitusiya Aktında Azərbaycan
SSR-in hüquqi tarixinin əks olunmaması ermənilərə
guya Dağlıq Qarabağın heç vaxt Azərbaycanın
yuridiksiyasında olmadığı barədə spekulyasiya etmək
bəhanəsi verir.
Dekabrın 3-də Ali Sovet Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
tanınması xahişi ilə BMT-yə və dünya
dövlətlərinə müraciət etdi. Dekabrın 8-də
Belovejskdə Rusiya, Ukrayna və Belarusiya prezidentləri tərəfindən
SSRİ-nin fəaliyyətinə xitam veriləndən sonra beynəlxalq
təşkilatlar və dünya dövlətləri digər
müttəfiq respublikalar kimi, Azərbaycanın da müstəqilliyini
tanımağa başladılar. Dekabrın
9-da İKT Azərbaycanı sıralarına qəbul etdi.
Nəhayət, dekabrın 29-da Konstitusiya Aktı
ümumxalq səsverməsinə çıxarıldı və
95 faiz seçicinin iştirak etdiyi referendum müstəqillik
faktını rəsmiləşdirdi. Beləliklə, Azərbaycan
Respublikası, 1992-ci ilə müstəqil dövlət kimi qədəm
qoydu. İrəlidə müstəqilliyin
mürəkkəb, keşməkeşli illəri dururdu.
Lakin yenicə müstəqilliyini əldə etmiş
ölkənin nə təcrübəli hakimiyyəti, nə
maliyyə imkanları, nə ordusu yox idi. Qarabağda
alovlanan və qızışan müharibədə
uğursuzluqlar bir-birinin ardınca davam edirdi.
İqtisadi və sosial böhran pik həddə
çatmışdı. Ölkədə separatizm və xaos
baş alıb gedirdi, dövlətin parçalanması və
dağılması təhlükəsi
böyümüşdü. Güclü, qətiyyətli
və xalqı birləşdirə biləcək bir siyasətçiyə
ehtiyac var idi.
Bunu bacaracaq yeganə şəxs, dünyanın ən
qüdrətli dövlətinin rəhbərlərindən
olmuş, dünya miqyaslı siyasətçi Heydər
Əliyev idi.
Ümumilli lider xalqın müstəqillik
arzularının gerçəkləşməsində, həyata
keçirilməsində könüllü olaraq iştirak etmək
istəyərək hələ 1990-da Moskvadan Azərbaycana
qayıtmışdı. Bu ərəfədə
o, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə
deputat seçilmişdi.
Heydər
Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də
Naxçıvan Ali Məclisinin iclasında muxtar
respublikanın adından "sovet sosialist" sözlərinin
götürülməsi, Azərbaycan Cümhuriyyətinin
üçrəngli, aypara və səkkizguşəli ulduz
nişanlı bayrağının dövlət bayrağı
kimi qəbul edilməsi və bu barədə Azərbaycan
parlamenti qarşısında qanunvericilik təşəbbüsü
qaydasında məsələ qaldırılması haqqında
önəmli tarixi qərarlar qəbul edildi.
Naxçıvanda həyata keçirilən tədbirlər
bütün Azərbaycana nümunə olmuşdu. 1991-ci il
fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası
demokratik qüvvələrin tələbi ilə bir sıra
tarixi qərarlar qəbul etdi. Dövlətin
adı dəyişdirilərək "Azərbaycan
Respublikası" adlandırıldı, 1918-1920-ci illərdə
mövcvud olmuş Azərbaycan Cümhuriyyətinin
bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
1992-ci ildə belə bir şəraitdə bir sıra
ziyalılar “Səs” qəzetində həmin vaxt
Naxçıvanda Ali Sovetin sədri işləyən Heydər
Əliyevə müraciət etdilər. Ümumilli lider müraciətə
cavab verdi və ölkənin böhrandan
çıxış yollarını göstərdi. Mitinqlərə çıxan kütlə Heydər
Əliyevə dəstəkləyir və onu köməyə
çağırırdı.
Nəhayət, 1993-cü ildə xalqın tələbi
ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Ali Sovetin sədri
seçilən Heydər Əliyev prezident Əbülfəz
Elçibəyin hakimiyyəti qoyub qaçmasından sonra
keçirilən seçkilərdə xalqın böyük səs
çoxluğu ilə Prezident seçildi. Bununla da, ölkədə xaosa, separatizmə son
qoyuldu. İqtisadi, sosial islahatlar
başladı.
Ümummilli
lider Heydər Əliyev hər zaman bir fikri
vurğulayırdı: “Müstəqilliyi qazanmaqdan daha vacib bir
şey var- bu, həmin müstəqilliyi qorumaqdır”. Ümummilli lider Azərbaycanın dövlət
müstəqilliyini nəinki qorudu, həm də onu elə
möhkəmləndirdi ki, bu müstəqillik özünə
əbədilik statusunu təmin etdi.
Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm
də digər aspektlərdən tam müstəqil
güclü dövlətdir. Bu nəhəng prosesi
isə ulu öndər Heydər Əliyev gərgin zəhmət
əsasında qısa müddətdə yaratdı. İndi həmin prosesi Onun layiqli
davamçısı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycan xalqının ən böyük
problemini həll edərək- Qarabağı azad edərək
müzəffər sərkərdə kimi adını tariximizə
qızıl hərflərlə yazdıran İlham Əliyev
Azərbaycanın sosial-iqtisadi inkişafını da təmin
edib və ölkəmizin dünya birliyində layiqli yeri
tutmasına səbəb olub.
Bu gün ümummili liderin sözləri ilə desək,
Azərbaycan dünyaya Günəş kimi doğur. Müstəqilliyimiz əbədi
olsun!
Elçin Bayramlı
Səs.- 2021.- 19 oktyabr.- S.15.