Bəhruz Quliyev: “Müharibə dönəmində Azərbaycan mətbuatı vahid cəbhədə vuruşdu”
“Ümumiyyətlə Azərbaycan mətbuatı heç bir zaman erməni və digər millətlərin kilsəsi haqqında neqativ məlumatlar verməyib və vermək ixtiyarında da deyil. Çünki bu bizim daxili və milli mədəniyyətimizə sığmır”. Bunu SİA-ya SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Siyasi ekspertin sözlərinə görə, ermənilərin dini-tarixi abidələrimizə qarşı etdikləri vandal hərəkətlər dünyaya çatdırılmalıdır: “Amma etiraf etmək lazımdır ki, biz bu məlumatları dünyaya çatdırmaqda bir qədər zəiflik nümayiş etdiririk. Özümüz deyib, yazıb və oxumaqla böyük iş görə bilmərik. Biz bunu dünyaya çatdırmalıyıq. Lakin təəssüflər olsun ki, dünyada da bir qısqanclıq hökm sürür. Necə ki siyasətdə, diplomatiyada ikili baxış standartı var, həmin baxışlar eyni zamanda bizim milli mədəniyyətimizə, mənəviyyatımıza qarşı da yönəldilib. Məhz o baxışların nəticəsidir ki, biz bu gün həqiqətləri dünyaya çatdıra bilmirik.
Vətən müharibəsi dönəmində cənab Prezident İlham Əliyev xarici mətbuata kütləvi şəkildə 30-dan artıq müsahibələr verdi. Həmin müsahibələrin hər biri bütün dünya mətbuatında yayımlandı. Bir məqamı qeyd etmək istərdim ki, həmin müsahibələrin özündə də bəzən ittihamedici notlar hiss olunurdu. Bəzi suallar təxribatçı və provakasiya xarakteri daşıyırdı. Axı jurnalist hansı hüquqla bir ölkənin başçısına qarşı bu formada suallar ünvanlaya bilər? Təbii ki, dövlət başçımız çox ustalıqla və qətiyyətli şəkildə həmin təxribatçı suallara cavab verdi. Jurnalistin davranışı bir növ həmin dövlətlərin münasibətini ortaya qoydu. Başqa bir misal çəkmək istərdim. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyənə görə Fransanın “TF1” telekanalı Fransada yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qaldı. Bu faktla söz və mətbuat azadlığı kobud şəkildə pozudu. Fransız jurnalistləri peşə fəaliyyətlərinə görə təhdid etdilər. Erməni lobbiçiliyi və diasporasının təzyiqi, təqibi nəticəsində həmin sujet çıxarıldı və bir daha yayımlanmadı. Dünya bunu eşitməlidir. Çox sevinirəm ki, müharibə dönəmində Azərbaycan mətbuatı vahid cəbhədə vuruşdu. Amma gəlin biz bu cəbhədə özümüz deyib, özümüz eşitməyək. Xatırlayırsınızsa, müharibə dönəmində informasiya məkanımıza çoxsaylı hücumlar oldu və bunun qarşısı alındı. Mətbuat sahəsində də biz onları üstələdik və qalib gəldik”.
Rasimoğlu Ceyhun.
Səs.- 2020.- 21
noyabr.- S.7.