Vasili Koltaşov:
“Ermənistan müstəqil
siyasət apara bilməz” -
Ötən
həftə Moskvada Azərbaycan, Rusiya və Ermənistan
baş nazir müavinləri arasında Cənubi Qafqaz regionunda
nəqliyyat əlaqələrinin bərpası məsələsinin
müzakirə olunduğu görüş keçirilib. Bundan sonra “RİA Novosti” agentliyi Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında görüşün
gözlənildiyi və
görüşün yekunlarına
əsasən yeni saziş imzalana biləcəyi barədə
məlumat yaydı. Daha sonra təfərrüatlar
ortaya çıxdı
- Azərbaycanla Ermənistan
arasında sərhədlərin
demarkasiyası və kommunikasiyaların açılmasına dair sənədlərin imzalanması
gözlənilir.
Rusiya Prezidentinin
mətbuat katibi Dmitri Peskov planlaşdırılan
görüşlə bağlı
informasiyanı təsdiqləməsə
də, təkzib də etməyib. O, bildirib ki, Rusiya-Azərbaycan-Ermənistan
sammitinin keçirilməsi
ilə bağlı razılaşma olarsa, Moskva bununla bağlı informasiya verəcək.
İrəvanda da oxşar fikirlər
səsləndirilib. Bununla
belə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyanın
dediyinə görə,
yeni danışıqlar
tamamilə mümkündür:
“Fərqli formatlarda
fərqli görüşlər
üçün təkliflər
var və bunlar müzakirə olunur”.
Ermənistan hökumətinin başçısı
Nikol Paşinyanın özü bu yaxınlarda bəyan etdi ki, Ermənistan
yaxın vaxtlarda Azərbaycanla regional kommunikasiyaların açılması
üzrə konkret nəticələr əldə
olunmasına ümid edir.
Bununla yanaşı,
Ermənistan müxalifəti
noyabrda Nikol Paşinyanın “Ermənistanın
qəti təslim olması haqqında” sənədlər imzalayacağına
şübhə etmir və buna görə
də erməniləri
oktyabrın 30-da keçiriləcək
mitinqə çağırır.
“Buz həqiqətən
sınıbmı?” və
kommunikasiyaların açılması
və sərhədlərin
demarkasiyası üzrə
proses başlayırmı?
Oxu.Az-ın müvafiq
sualına cavab verən rusiyalı iqtisadçı, Yeni Cəmiyyət İnstitutunun
direktoru Vasili Koltaşov bildirib ki, Nikol Paşinyan
şəraitin girovuna
çevrilib.
- Ermənistanın baş naziri heç də xoşuna gəlməyən
yolla getməyə məcburdur. Söhbət nəqliyyat kommunikasiyalarının
açılmasından gedir.
O, anlayır ki, qlobal inflyasiyada, dünya bazarlarındakı
qeyri-müəyyənlik və
Ermənistanın Rusiya
bazarından asılılığı
şəraitində İrəvan
nəqliyyat kommunikasiyalarını
açmaq və iqtisadi əlaqələri
bərpa etmək məcburiyyətində qalacaq.
Bu çətin və ağrılı prosesdir, lakin bundan qaçmaq mümkün deyil.
Nikol Paşinyan çətinliklə
hakimiyyətdə qaldı.
Aydındır ki, Ermənistanda bu ilin iyununda keçirilən
seçkilərdə insanlar
reputasiyası ilə bağlı böyük problemləri olan əvvəlki hakimiyyətlərin
əleyhinə olduğu
qədər Paşinyanın
“lehinə” səs verməyiblər. Ermənistan
gərginliyin azalmasını
gözləyir, ötənilki
müharibə çox
da uzun olmasa,
nəticələri ciddi
oldu. Əməkdaşlıq
olmadan və ötən ilin noyabrında imzalanmış
müqavilələr yerinə
yetirilmədən böhrandan
çıxmaq mümkün
olmayacaq. Ona görə də hesab edirəm ki, kommunikasiyaların blokdan çıxarılması
qaçılmazdır. Prosesin
çox asan olmayacağı aydın məsələdir, ancaq başqa variant yoxdur, iqtisadi komponenti aktivləşdirmək
lazımdır.
Aydındır ki, Azərbaycan kommunikasiyaların açılmasında
maraqlıdır. Rusiya
da regionda gərginliyi aradan qaldırmaq, Avrasiya məkanında ticarəti
inkişaf etdirmək istəyir. Buna görə də Moskva ölkələr arasındakı münasibətlərdə
hakim rolunu saxlayır. Burada əsas sual həmişə Ermənistanla
bağlı olub. Erməni siyasi ruhu ölkə üçün rolun və təsirin artırılmasını tələb
edirdi, digər dövlətlərlə qarşılıqlı
əməkdaşlıq ikinci
planda idi.
- Ruben Melkonyan adlı
bir erməni türkoloq var. O, bu yaxınlarda bəyan etdi ki, indi
Ermənistan hətta müşahidəçi də
deyil, regionda gedən proseslərdə iştirak etmir. Etirazlara davam
edən və hətta İrəvanda barrikadalar qurmağa hazır olduqlarını bəyan edən radikal erməni müxalifətinin nümayəndələri
də bununla razılaşırlar. Aksiyalar zamanı
radikallar arasında türklərə qarşı
mübarizəyə çağıran
“Zartnir, lao” (“Oyan, oğlum”) mahnısı səslənir,
türklər deyəndə
azərbaycanlılar da nəzərdə
tutulur. Ermənistandakı revanşistlər baş qaldırırlar, bəs onlar vəziyyətə təsir
edə bilərlərmi?
- Onlara (revanşistlərə
- red.) sual sadədir: siz əvvəl harda olmusunuz? Davadan sonra yumruqları yelləmirlər, bu ki aydındır. Hərbi konflikt göstərdi ki, Ermənistan müstəqil siyasət yürüdə bilməz,
o “Rusiya ilə yeni münasibətlər”
qura biləcək vəziyyətdə deyil (bu, Paşinyanın ifadəsidir). Ermənistan özünü
Qərbə yönəltməyə
çalışırdı. Cəhd etdilər, bəs nə alındı? Türkiyə NATO ölkəsidir və Azərbaycanı (siyasi baxımdan - red.) dəstəklədi.
Ermənistan revanş üçün
resursu haradan tapacaq? Revanşist duyğular daha
çox milli miflə, hansısa böyük, nəhəng
bir şey arzusu ilə əlaqəlidir. Əslində erməni milləti böyük deyil. Ermənilər Ermənistanı tərk edir, Rusiyaya köçür və orada öz
vətənlərindən daha
yaxşı yaşayırlar.
Revanşizmdən danışmaq - Nikol
Paşinyana edilən təzyiqdir. Bəli,
etirazlar, yolların bağlanması, mitinqlər
ola bilər.
Amma bundan artıq heç nə.
Hazırda azərbaycanlılar və
ermənilərin uzun müddətdir etmədikləri
kimi bir-biriləri ilə söhbət etmələri, iqtisadi əməkdaşlıqlığı inkişaf etdirmələri
zəruridir. Bu, ziddiyyətləri
həll etməyə kömək edəcəkdir.
Bir-birini
iblisləşdirməyə dəyməz. İqtisadi əməkdaşlığın
inkişafı, kanalların,
ilk növbədə kommunikasiya
kanallarının açılması
çox vacibdir.
Bu, Ermənistan iqtisadiyyatına
və erməni xalqına ancaq xeyir verəcək... İrəvan
“Böyük Ermənistan”
haqqında fantaziyaları,
yeni sərhədləri
unutmalıdır. Ötən əsrin
90-cı illərindəki xaos
sona çatdı və hətta həmin vaxt belə “Böyük Ermənistan” yox, o zaman Azərbaycan ərazisinin bir hissəsini işğal edən bir ölkə
ortaya çıxdı.
İndi isə Ermənistan öz imkanları daxilində yaşamalı, ayıq başla siyasət aparmalıdır.
Səs.-
2021.- 27 oktyabr.- S.13.