Vaqif Poeziya Günlərinin bərpası Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfədir

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı

 

– Aqiyə xanım, Azərbaycan Vətən müharibəsində tarixi Qələbə əldə etməklə öz torpaqlarının işğalına son qoydu. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə davamlı olaraq etdiyi səfərləri necə şərh edirsiniz?

 

– Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra start verilmişdir. Dövlət başçısının həmin ərazilərə etdiyi səfərlər ilk növbədə aparılan işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Bildiyiniz kimi, hələ ötən ilin noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanmışdı. Bu ilin yanvar ayının 14-də isə Qafqazın incisi, Azərbaycan mədəniyyətinin beşiyi olan qədim Şuşa şəhərinin bərpasına başlandı. Ölkə Prezidenti cənab İlham Əliyev ailəsilə birgə Şuşa şəhərinə etdiyi səfərlərdən birinin gedişi zamanı öz çıxışında demişdi: “Otuz il ərzində düşmən torpaqlarımızı işğal altında saxladı. Bu illər ərzində işğalda olan bütün şəhər və rayonlarımız, o cümlədən Şuşa şəhəri talandı, viran qoyuldu, qarət edildi. Ermənilər Şuşanın tarixi erməni şəhəri olduğunu iddia etsələr də, orda heç bir quruculuq işləri aparmayıblar. Erməni vandalları bu torpaqlardan tariximizi, mədəniyyətimizi yox etməyə çalışdılar. Lakin bacarmadılar. Bu gün artıq həmin torpaqların əsl sahibləri geri dönüblər.” Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə etdiyi hər bir səfəri bu torpaqların tarixən Azərbaycan xalqına məxsus olduğu və bundan sonra da əbədi olaraq belə qalacağı barədə bütün dünyaya verdiyi bir mesajdır.

 

– Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra şairin doğma şəhərində yenidən təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər. Həm də bu açılış mərasimi Molla Pənah Vaqifin bərpa olunmuş məqbərəsinin önündə keçirildi. Bu hadisənin ölkənin həm mədəni, həm də ictimai-siyasi həyatında kəsb etdiyi əhəmiyyəti barədə nə deyə bilərsiz?

 

– 30 ilə yaxın müddət ərzində işğal altında olan bütün torpqlarda, o cümlədən Şuşa şəhərində xalqımızın illər-əsrlər boyunca qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz erməni vandalları tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez buralardan qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Torpağın əsl sahibləri həmin torpaqda yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələciyini təmin etmək üçün iş görür. Necə ki, bu gün artıq işğaldan azad edilmiş torpaqlarda Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük vüsətlə quruculuq işləri aparır. Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyi zaman dövlətimizin başçısı demişdi ki,Şuşada Vaqif Poeziya Günləri bərpa ediləcək, “Xarı bülbül” festivalı yenidən keçiriləcək. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bu sözlərin üstündən hələ çox az müddət keçsə də, biz artıq dövlət başçımızın bu vədlərinin də necə ardıcıllıqla həyata keçdiyini müşahidə edirik. May ayının 12-13-də Şuşada, Cıdır düzündə keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalı Azərbaycan mədəniyyətinin növbəti təntənəsi oldu. Bu tarixi hadisədən cəmi üç ay sonra, avqustun 30-da Şuşada Vaqif Poeziya Günləri işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə yenidən təşkil olundu. Çox əlamətdar bir haldır ki, Vaqif Poeziya Günlərinin açılışı məhz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə keçirildi. Qeyd etmək lazımdır ki, Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdi və bu, eyni zamanda həm mədəni-tarixi, həm də siyasi baxımdan son dərəcə önəmli bir hadisə idi. Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Nəzərə almaq lazımdır ki, həmin dönəmdə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi və ermənilər bütün dünyanı Şuşanın erməni şəhəri olduğuna inandırmaq üçün böyük səylər göstərirdilər. Lakin Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldıldı və Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi bir daha öz yerini tapdı. Bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu istiqamətdə atdığı hər bir addım, verdiyi hər bir qərar bütün dünyaya ünvanlanan aydın bir mesaj kimi səslənir –Şuşa Azərbaycandır, Qarabağ Azərbaycandır!

 

– Aqiyə xanım, Şuşa həm də strateji əhəmiyyət kəsb edən coğrafi mövqeyə malikdir. Məhz bu baxımdan mədəniyyət paytaxtımızda bu gün aparılan bərpa işlərini necə səciyyələndirə bilərsiz?

 

– Təbii ki, Şuşa coğrafi yerləşməsinə görə çox böyük strateji əhəmiyyət kəsb edir. Ötən əsrin 92-93-cü illərində məhz Şuşanın itirilməsi digər rayonların işğalına yol açdı. Biz ilk öncə Şuşanın strateji əhəmiyyətini itirdik və bundan sonra düşmən 1992-ci ilin mayında Laçını, 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi. Beləliklə Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı və bu fakt, eləcə də o vaxt Azərbaycanda hökm sürən hərc-mərclik, nizami ordunun olmaması, davam edən vətəndaş qarşıdurması bizim məğlubiyyətimizi qaçılmaz etmişdi. Ancaq Azərbaycan xalqı heç vaxt bu işğalla barışmadı. Bu gün şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün torpaqlarımızı, o cümlədən Şuşanı azad edib və bu, bir reallıqdır. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr ermənilər tərəfindən dağıdıldı. Həmçinin 39 il əvvəl Şuşada Ulu Öndərin iştirakı ilə açılışı olmuş Vaqifin məqbərəsi də Erməni vandalizminin qurbanı oldu. Lakin torpaqlarımız azad ediləndən sonra məqbərənin bərpasını Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürdü. Beləliklə, dahi şairimizin məqbərəsi də, Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi. Ümumiyyətlə, Şuşanın bərpası istiqamətində 7 ay ərzində artıq çox böyük işlər görülüb. Şuşanın elektrik təsərrüfatı bərpa edilib, şəhərə suyun verilməsi bərpa olunub, tarixi abidələrin bərpasına start verilib. O cümlədən Xan qızı Natəvanın bulağı bərpa edilib. Hal-hazırda üç məsciddə təmir-bərpa işləri gedir. Qeyd edək ki, bu məscidlərin təmirini də Heydər Əliyev Fondu öz üzərinə götürüb. Şuşada “Xarıbülbül” hoteli istifadəyə verilib və artıq may-iyun aylarında ilk qonaqlarını qəbul edib. Bütün bunlar bir daha göstərir ki, Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılır və bu tədbirlər artıq öz möhtəşəm nəticələrini verməkdədir.

 

Təəssüflər olsun ki, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri uzun müddət erməni quldurlarının işğal altında olan ərazilərdə törətdikləri vəhşiliklərin üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə dövlət başçımızın təşəbbüsü ilə həmin bölgələrə jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət olunurlar. Artıq bütün dünya qəbul etməlidir ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə sadəcə bu regionda yaşayan xalqlar üçün deyil, bütün bəşəriyyət üçün çox böyük əhəmiyyət kəsb edir.

 

– Aqiyə xanım, bildiyim qədərilə Siz özünüz də Xan qızı Natavanın birbaşa kötücəsisiniz. Bu qan bağlılığı Sizin qəlbinizdə Şuşaya bağlılığınıza nə dərəcədə təsir edir?

 

– Tamamilə düz deyirsiz. Bir qədər sadə olsun deyə nəsil şəcərəmizi belə təsvir edim: mənim atam Həbib Naxçıvanski Əkbər Naxçıvanskinin oğludur. Əkbər Naxçıvanskinin anası Xanbikə də Xan qızı Natavanın doğma qızıdır. Beləliklə, mən birbaşa Xan qızı Natavanın kötücəsiyəm. Babam Əkbər Naxçıvanski isə Xan qızının sevimli nəvəsi olub və onun uşaqlıq illəri məhz nənəsinin, Xan qızı Xurşudbanu Natavanın yanında keçib. Təbii ki, bu qan bağlılığı mənim üçün həm qürur mənbəyidir, həm də Şuşaya olan sonsuz məhəbbətimi şərtləndirən əsas amillərdən biridir. Çox istərdim ki, yaxın vaxtlarda bu qədim və müqəddəs şəhərimizi ziyarət edim, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yenidən Şuşaya qaytardığı Natavan bulağından su içim.

 

 Səs.- 2021.- 2 sentyabr.- S.5.