İntihar
halları - günahkar ailələrdir?
Şiddət, güc və təzyiq tətbiq edərək
insana fiziki və ya zehni zərər verən bir vəziyyətdir. Şiddət
insanların bədəninə və ruh dünyalarına
düzəldilməsi çətin yaralar verir. Son zamanlar çox yayılan məişət
zorakılığı, şiddətə məruz qalan şəxsin
psixi sağlamlığına mənfi təsir göstərir.
Uşaqlıq dövründə ailədə
emosional-fiziki zorakılığa məruz qalan uşaqların
yetkinlik yaşlarında müxtəlif formalarda və dərəcələrdə
zehni problemləri yaşaması qaçılmazdır. Son günlər ailədaxili münaqişələr
səbəbi ilə ana və uşaq ölümlərinin
sayı kəskin şəkildə artır. Bəs, buna səbəb nədir? Bu vəhşiliyin altında nələr yatır?
Günahkar kimdir? Məsələ
ilə bağlı SİA araşdırma aparıb.
İnsanların ən özəl sahəsi və hər
cür bəladan sonra sığınacaqları ən əhəmiyyətli
liman olan təhlükəsiz ailə mühiti, şiddət səbəbi
ilə insanın özünü təhlükəli hiss edən
bir yerə çevrilir. Məişət zorakılığı
hadisələri çox vaxt gizli qalır. Göründüyü kimi, "şəxsi həyat",
"ər arvadını döyə də bilər və sevə
də bilər" kimi ənənəvi fikirlər var.
Şiddət, istər fiziki, istər duyğusal, istərsə
də cinsi, insanların bədənində və ruh
dünyalarında bərpa olunması çətin yaralar
verir. Bu səbəbdən də göz ardı edilməməli,
inkar edilməməli və son dərəcə önəm
verilməməli olan bir məsələdir. Məişət zorakılığı daha
çox qadınlara və uşaqlara qarşı yönəlib,
şiddətə haqq qazandıran isə əsasən
kişilərdir. Fiziki və cinsi
zorakılığın yüzdə 90-nı ailə üzvləri
tərəfindən edilir.
Məişət
zorakılığı və statistika
Türk Ailə Araşdırma İnstitutu tərəfindən
1995-ci ildə edilən bir araşdırmaya görə, məişət
zorakılığına məruz qalanların 80%-i heç
bir şey edə bilməyəcəklərinə inanır. 2000 -ci ildə edilən bir
araşdırmada, Türkiyənin şərqində və cənub-şərqində
qadınların 50,8 %-i,
razılığı olmadan evləndiklərini ifadə ediblər.
Azərbaycanda 2010-cu ildə qəbul edilmiş məişət
zorakılığı haqqında qanuna nəzər
saldıqda məişət zorakılığının
qarşısının alınması üçün polis və
yerli icra orqanlarının qarşısına müəyyən
öhdəliklərin qoyulduğunu görə bilərik. Qanunda məişət
zorakılığı ilə üzləşmiş şəxslərin
hara müraciət etməsi, ilkin olaraq hüquqi və psixoloji
yardımların göstərilməsi, qadının
sığınacağa göndərilməsi və sosial
yönümlü yardımların göstərilməsi
öz əksini tapsa da, bunları yerinə yetirmək
üçün nə təlimatlandırılmış
polis, psixoloq, sosial işçilər, ictimai vəkillər
kimi mövcud insan resursları, nə də
sığınacaqlar və müvəqqəti
yaşayışla təmin edilmək üçün nəzərdə
tutulan proqramlar mövcuddur. Məişət
zorakılığı haqqında qanunda yuxarıdakı icra
edilməli olan proses bu cür izah olunur: “7.0.1. zərurət
olduqda zərər çəkmiş şəxsin dövlət
vəsaiti hesabına dərhal tibbi yardımla, yardım mərkəzində
müvəqqəti sığınacaqla, geyim və qida məhsulları
ilə təmin edilməsi, habelə onun barəsində
psixoloji reabilitasiya kursunun aparılması məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanına məlumat göndərmək”.
Qanunda proses öz əksini tapsa da, icra edilməsi labüd
sayılmış aktlar və bu qanundan irəli gələn
öhdəliklər həyata keçirilmir və bu işdə
dövlətin səfərbərliyi müşahidə edilmir.
Qanundan irəli gələrək
yaradılmış qadın krizis mərkəzlərində
işçilər çalışmır və bu yerlərin
aktiv fəaliyyət göstərməsi üçün maddi
yardım yönəltmə və digər islahatlar
aparılmır. Buna görə də
çox vaxt məktəb və ya maarif mərkəzlərində
yaradılmış bu otaqlar yaranma məqsədləri
üçün istifadə edilmir və ya bağlı
saxlanılır.
Bioloji səbəblərə
kişi hormonlarının təsiri,
şizofreniya, paranoid şizofreniya kimi bəzi ruhi xəstəliklər
və antisosial şəxsiyyət pozğunluğu kimi bəzi
ruhi xəstəliklər daxildir. Reallıqdan uzaqlaşma,
qısqanclıq və zərər görmə paranoyası ilə
xarakterizə olunan şizofreniya da şiddətə səbəb
ola bilər. Qəzəbi
idarə etmənin də pozulduğu depressiya, məişət
zorakılığının çox yayılmış bir səbəbidir.
Zərər verməkdən zövq alan və
bir az da olsun peşman olmayan münasibətlərlə irəliləyən
"Psixopatik xarakter pozuqluğu" da şiddətin bioloji səbəblərindən
biridir. Şizofreniya və depressiya müalicə
edildikdə şiddətli davranış əhəmiyyətli
dərəcədə azalır. Ancaq eyni
müvəffəqiyyət antisosyal şəxsiyyətlər
üçün sual altında deyil.
Şiddət
növləri
"Sən
bacarıqsızsan, nə bilirsən"
"İşimi
görürəm, evə pul gətirirəm, daha nə istəyirsən"
"İstəyirəm
ki, bu gecə yanımda olasan"
"İşləyə
bilməzsən"
"Pul yoxdur. Haradan tapırsan tap".
Fiziki
Şiddət
Şəxsin əsas ehtiyaclarını rədd etmək,
silah və ya bıçaqla yaralamaq, şapalaqlamaq, itələmək,
döymək, yumruqlamaq, saçlarını çəkmək,
qolunu sıxmaq kimi problemli davranışlar fiziki şiddət
sahəsinə daxil edilir.
Duyğusal
və Şifahi Şiddət
Alçaltmaq, söymək, təhdid etmək, tənqid
etmək, qışqırmaq, sorğu-sual etmək, ələ
salmaq, aşağılamaq, qayğı göstərməmək,
günahlandırmaq kimi münasibətlər emosional şiddət
nümunələridir. Xüsusilə qadınların emosional
ehtiyaclarını ödəməmək və qadınlara
qayğı göstərməmək həm də emosional
şiddətdir.
Cinsi
Şiddət
İstəmədən cinsi əlaqəyə məcbur
etmək, təcavüz etmək, digər insanlarla cinsi əlaqəyə
məcbur etmək, cinsi təcavüz, namus və adət-ənənə
səbəbiylə təzyiq göstərmək cinsi
zorakılıq daxilindədir.
İqtisadi
Şiddət
Həyat yoldaşından pul almaq, istəmədiyi bir
işlə məşğul etmək, onu pulsuz buraxmaq, istəsə
də işə göndərməmək kimi iqtisadi şiddət
vəziyyətləri var.
Sosial əlaqələrin
məhdudlaşdırılması
Dostlarla görüşməyi qadağan etmək, zorla
evlənmək, gedəcək yerləri məhdudlaşdırmaq
və ya qadağan etmək kimi sosial ünsiyyət
ehtiyaclarını məhdudlaşdırmaq, şiddətdir və
özünü daha çox emosional, şifahi və fiziki
şiddətlə göstərir.
Məişət
zorakılığı və uşaqlar
"Mən
günahkaram... anamı qoruya bilmədim ..."
"Bütün
bunlar mənə görə olur"
"Mənim
zəhləm gedir"
"Kömək
edə bilmirəm ... çarəsizəm"
"Xahiş
edirəm atamı və ya anamı mənə pisləmə...
Mən tərəf tuta bilmərəm"
Bu daxili çıxışlar uşağın baş
verənlərə görə özünü
günahlandırmasının ifadəsidir, çox vaxt bunun fərqində
deyil. Çox nadir hallarda uşaqların oxşar cümlələri
ucadan söylədiyini görürük, lakin bu, bu travmatik təcrübələrin
təsirinin uşaqlıqda, xüsusən də valideynlər
arasında şiddət görən uşaqlarda mütləq
baş verəcəyini və bu təsirlərin onları izləyəcəklərini
dəyişdirmir. Uşağın beyni və
zehni qabiliyyəti bu hadisələrin şahidi olmaq
üçün kifayət qədər inkişaf etməmişdir.
Ailədəki uşaqlar şiddətdən çox təsirlənirlər. Ailədə
zorakılığa şahid olan uşaq qorxusunu, qəzəbini,
kədərini göstərməməyə meyillidir. Ailə üzvlərinin bu vəziyyəti və
uşaqla hisslərini danışması vacibdir. Uşağa arxayın olmaq lazımdır.
Zorakılığın şahidi olan uşaq
özünü zorakılıqda günahlandıra və
özünü məsuliyyətə cəlb edə bilər. Bu prosesdə
valideynlərin bu vəziyyətin uşaqla əlaqəli
olmadığını açıq və birmənalı
şəkildə söyləmələri vacibdir. Bundan əlavə, uşaq anasını və ya
atasını günahlandıra bilər. Bu
vəziyyətdə uşağı mühakimə, tənqid
və müdafiə etmədən dinləmək
lazımdır.
Ailədə şiddətə şahid olan uşaq
şiddət göstərməyə başlaya bilər. Məsələn,
məktəbdə dostunuza vurmaq və ya
yoldaşınızı incitmək kimi problemli
davranışlar çox yayılıb. Şiddətin
yanlış bir davranış olduğu ona izah edilməli və
hisslərin ifadə edilmə yolları və bu sıx
duyğu ilə necə mübarizə aparılması ilə
bağlı təlimat vermək vacibdir. Belə
bir vəziyyətdə peşəkar dəstək
axtarılmalıdır.
Ailə uşağa daşıya bilmədiyi yükləri
verməməlidir. Şiddətə məruz qalan valideyn
uşağından kömək istəyir, uşağın tərəfini
tutmasını istəyir və ya bunu nəzərdə tutur,
uşaq vasitəsilə həyat yoldaşı ilə ünsiyyət
qurmağa çalışır, uşağa aralarında
olanları danışır.
Məsələ
ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu
fikirlərini bu cür ifadə edib: “İndi bu cür hallar
çox təəssüf ki, çoxalaraq tez-tez baş verir.
Burada günahı o tərəfdə, bu tərəfdə, kişi və ya qadında axtarmaq məsələnin
sadə tərəfidir. Məsələnin əsas
səbəbi daha dərindir. Biz bu cəmiyyətdə
gündən-günə mürəkkəbləşən, həssaslaşan
cəmiyyətdə elə bir humanitar, sosial siyasət həyata
keçirməliyik ki, belə halların sayı az olsun. Burada insanlarda günah
azdır. Çünki insanlar vəhşi
deyil ki, mühit təsir etsin. Onlarda ətrafda
baş verənlər təsir edir”.
“Hər
bir insanın davranışına təsir edən 4
mühüm amil var:
1- insanın öz xisləti, öz daxili aləmi,
psixologiyası
2 - mühit
3 - aldığı informasiyalar
4 - üstünlük verdiyi dəyərlər”.
“Biz cəmiyyətdə elə bir sosial siyasət həyata
keçirməliyik ki, bu 4 faktordan istifadə edərək, əhalinin
davranışı daha arzuolunan səviyyədə olsun. Amma bu işlərlə təəssüf
ki, lazımi səviyyədə məşğul olan yoxdur və
bununla bir adam məşğul ola bilməz.
Bununla məşğul olmaq üçün xüsusi elmi mərkəz
lazımdır, heç çox adam
lazım deyil, 10 nəfər bəs edər. O elmi mərkəzdə
bu işlər dərindən təhlil olunmalı,
araşdırılmalıdır və həmin 4 faktorun
kombinasiyasından istifadə etmək lazımdır ki,
davranış bu şəkildə olmasın. Birinci
faktor Azərbaycan xalqı öz daxili etibarilə, qəlbi
etibarilə, ruhu etibarilə çox yaxşı, ahəngdar
bir xalqdır, vəhşi xalq deyil. Deməli,
bu faktorun biri bizim ümumi işin xeyrinədir. İkincisi bu mühit elə olmalıdır ki, burada
insanlar sağda solda görsünlər ki, ailə dəyəri
nədir, ailəyə münasibət necədir”.
“Mən sizə deyim ki, 50 il bundan qabaq indikindən
yaxşı idi. Onda ailəyə qarşı ictimai rəy
var idi. Ər də arvad da bilirdi ki, onun ailə
qarşısında borcu nədir. İslam
dini camaata indikindən yaxşı təsir edirdi, deyirdi ki,
insanların ailə qarşısında borcu var. İnsanlar
informasiyanı əsasən əxlaqi mənəvi dəyərlər
aşılayan bədii ədəbiyyatdan, kinodan, televiziyalardan
alırdı. İnsanların
üstünlük verdiyi dəyərlər o vaxtı daha
çox mənəvi dəyərlər idi. İndi bu hadisələr ona görə baş verir
ki, mənəvi dəyərlər
sıxışdırılır, axşama kimi televiziyada
müxtəlif teleseriallar, müxtəlif verilişlər ailədaxili
münasibətlərin gərginləşməsinə daha
çox səbəb olur. Ona görə bu
məsələlər mən sosioloq üçün
çox ürək ağrıdıcıdır. Mən, nə etmək lazım olduğunu 20 ildir
deyirəm. Mənim təkliflər paketim
var. Nə vaxt lazımdı mən bu təkliflər paketini təqdim
etməyə hazıram. Əgər bu məsələlər
tapşırılsa, lahiyə hazırlayıb məmnuniyyətlə
təqdim edərəm. Demək olar ki, mən
belə bir təkliflər paketi hazırlamışam. Bununla bağlı mətbuatda da
çıxışlarım olur. Dəyişməyəcəksə,
bundan da qat-qat pis olacaq. Günahı
insanlarda yox, sosial siyasətdə, mühitdə, informasiyada,
üstünlük verilən dəyərlərdə axtarmaq
lazımdır”.
Psixoloq
Mahuxanım Teymurova isə fikirlərini belə ifadə edib:
“Oğlunu tərbiyə edə bilməyən qadın,
oğlunu adam edə biləcək qız
axtarır... Burada qadının qadına
şiddəti və zülmü başlayır”. Yenə
bir ailədaxili münaqişə, yenə dünyasını
dəyişən qadın və körpə, yenə
dağılan 1 ailə, yenə 1 cinayət..... Məsələyə
baxdığımız zaman ilk olaraq günahkarın kim olduğunu axtarırıq və birilərini
günahlandırırıq. Halbuki günahkarı axtarmaq yerinə,
bu hadisələrin niyə baş verdiyini, niyə hər dəfə
bu dünyadan ailədaxili münaqişəyə görə,
kişilər tərəfindən 1,2,3.. canın getdiyini soruşmuruq? Əsas
bu hadisələrin niyə baş verdiyini, niyə hər
gün bir qadının öldüyünü, niyə evində
fiziki və psixoloji şiddətə
uğradığını soruşmuruq???
Bizləri bu vəziyyətə gətirən əsas səbəb
- "Cəmiyyətin mental düşüncələr və
qoyduğumuz damğalardır". Kişi güclü olmalıdı,sözün deməlidi, yumruğun stola
vurmalıdı.....Qadın səssiz olmalıdı, nə
deyirlər onu etməlidir, ailə həyatında hansısa
fiziki ya da psixoloji şiddətə məruz qalırsa ,o ailədə
qalmalıdır... Bu düşüncələri
bizlər yaradırıq. Bizlər edirik.
Hətta bu düşüncələri
uşaqlıqdan edirik. Oğlandır nə istəsə
edə bilər...Kiməsə artıq söz dedisə
: aaa uşaqla işiniz olmasın, deyir, desin....Mənim
oğlum güclüdü... Qız
susmalıdı...Qardaşın nə deyir o
düzdü...Qız fikrin deməməlidir....Artıq hərəkət
etməməlidir..Sən qız
uşağısan çox oynama...Onu etmə, bunu etmə...
kimi düşüncələrimizi uşaqlarımıza deyərək,
hiss etdirərək onları böyüdürük.
Oğlan güclü, ağlamayan, qadına
sözünü keçirən, öz sözünü deyən
biri olmalıdır. Əgər belə olmasa insanlar, həmin
insanın qarşısında durur və sən necə
kişisən? Necə oğlansan?
Heç kişi adam ağlayar? Heç kişi adam qadının sözünü dinləyər?
kimi ifadələr deyərək həmin
insanı alçaldırıq və "mən zəifəm"-i
bəlli etməmək üçün özünü
güclü biriymiş kimi göstərir. Əsas
da kişilər psixoloji nöqtədən zəif
olduqlarını gizləmək üçün, fiziki
güclərindən istifadə edirlər. İnsanlara sübut etməyə
çalışırlar ki, mən zəif deyiləm. Halbuki o, "mən zəifəm" təməl
inancına inanır və onu qorumaq üçün
özünə sərhəd çəkir. “Mən
bunları bunları etməliyəm və yaxud da etməməliyəm”
deyir... “Mən ağlamamalıyam” Niyə?
Çünki ağlayan bir kişinin zəif biri olduğuna
inanır... Çünki ona bunu öyrədiblər.
Halbuki istər kişi olsun, istər
qadın hamı ağlaya bilər... Ağlamaq da duyğudur...
Necə xoşbəxt oluruqsa, eləcə də ağlaya bilərik...
Qadınlar isə səssiz qalmağı öyrəniblər. Qadınların,
uşaqların ölmələrinin əsas səbəblərindən
biri onlara qayıdacaq bir evlərinin olmamasını hiss etdirmələridir.
Çox ailədə bu problem var. Qız əgər
ailə həyatı qurubsa və o ailə həyatında
fiziki, psixoloji şiddətə məruz qalırsa, dizin
qırıb oturmalıdır...Ona qayıdacaq bir evinin
olmamasını hiss etdirirlər və yaxud deyirlər. Niyə?
Çünki cəmiyyətin nə deyəcəyini, həmin
qıza nə damğa qoyacaqlarını, onun haqqında nələr
danışacaqlarını düşünürlər. Azərbaycan xalqının
çoxu həyatı özləri üçün deyil,
başqaların düşüncələrinə görə
yaşayırlar..Əlbəttə ki, buna
yaşamaq demək olarsa...
Əsas suala gəlsək, "Niyə ailə içi
şiddət olur? Səbəbləri nələrdir?"
Ailədaxili münaqişənin biyoloji,
psixoloji və sosial səbəbləri var. Bioloji səbəbi-kişi
hormonlarının təsiri, şizofreniya, paranoid
şizofreniya kimi bəzi ruhi xəstəliklər və
antisosial şəxsiyyət pozğunluğu kimi bəzi ruhi xəstəliklər
daxildir.
Psixoloji səbəbi
- adam hakim olmaq, qadınları
sıxışdırmaq, çatışmazlıqlarını
ört-basdır etmək və gücünü qəbul etdirmək
üçün şiddət tətbiq etməyə
başlayır. Şiddətdən istifadə
etdiyi an, kişinin ən zəif olduğu vaxtdır. Yəni zəif və bacarıqsız kişilər
zorakılığa əl atırlar. Sosial
səbəb - şiddət, öyrənilən bir
davranışdı. Bunu ailəsindən, ətrafından
öyrənir və tətbiq edir. Uşaqların
şiddətlə bağlı olan kinolara baxması,oyunların oynanılması düzgün
deyil. Çünki şiddətə baş vuracaq... Bizim məqsədimiz sonlandırmaq olmalıdır.
Bunun üçün də
uşaqlarımıza düzgün tərbiyə verməliyik.
Hər şeyin başlanğıcı
uşaqlıqdadır.
Məsələ
ilə bağlı şəhər sakinləri arasında
sorğu keçirərək onların da fikirlərini öyrəndik:
Şəhər
sakini Minarə Hacıyeva: “Dünyada geniş
yayılmış bir mövzuya çevrilən və
bütün cəmiyyətlərə dərin təsir
göstərən qadınlara qarşı zorakılıq,
xüsusən də son vaxtlarda ölkəmizdə tez-tez
gündəmdədir. Zorakılıq dedikdə
ağla gələn ilk şey, şübhəsiz ki, fiziki
güc istifadəsinə əsaslanan qəddar qüvvədir,
amma əslində şiddəti yalnız fiziki
ölçüdə azaltmaq mümkün deyil. Fərdlərin zorakılığa meylliliyi
ümumiyyətlə bütün cəmiyyətin bir məsələsidir.
Qadına yönəlik şiddətdə
kişinin təhsil durumu və uşaqlıq dövründə
ailəsindən fiziki və ya psixoloji şiddət görməsi
onun gələcəkdə evlilik dönəmində həyat
yoldaşına da şiddət tətbiq etməsi ilə nəticələnir.
Uşaqların dünyasında valideynlər qəhrəman
olurlar. Hər davranışlarında mənfi,
ya da müsbət valideynlərindən nümunə götürürlər.
Təəssüflər olsun ki, böyüklər
ailədəki zorakılığı uşaqlıqdan öyrənirlər.
Hər anlaşılmazlıqda cəzalandıran,
hətta kiçik səhvləri də görməməzliyə
vurmayan, cəza tətbiq edən, evdə daima ittiham və təhqirdən
istifadə edən valideyn uşağın sonrakı illərdə
də eyni təcrübələri tətbiq etməsinə səbəb
olur. Başqa sözlə, uşaq insanlarla
anlayış dilini yox, insanlarla zorakılıq dilini öyrənir.
Bugünkü qanlı cinayətkarlar dünənin
məsum uşaqlarıdır. Qadın istəmədən
evində qatil böyüdür. Böyüdür
ki, gələcəkdə 20 bıçaqla başqa bir
qadını öldürsün. Özünü,
öz uşaqlarının gələcəyini məhv etsin.
Uşaq göz açandan anasına,
bacısına və yaxud ailənin böyüklərinə,
atasına hansı münasibəti görürsə, o
münasibəti də həyatında tətbiq edir. Unutmamalıyıq ki, zorakılığın hər
bir forması şəxsi məsələdir, məişət
məsələsi kimi baxılmağı və səssiz
olmağı tələb etmir. Heç bir
səbəb canlıya qarşı şiddət tətbiq edilməsini
bəhanə edə bilməz. Buna görə
də qadınlara qarşı fərdi
zorakılığın qarşısını almaq
üçün ən qısa müddətdə bütün
zəruri addımlar atılmalı, ölüm və
ölümlə nəticələnə biləcək
zorakılıq hallarına son qoyulmalıdır”.
Şəhər
sakini Aytac Ali: “Çox təəssüflər olsun ki, ölkə
gündəmində belə bir xəbər var. Əslində
günahkar ən birinci həmin xanımın əridir. Amma deyilənə görə, qız onunla
nişanlı olan vaxtda da belə zorakılıq və
şiddət halları baş verirmiş. Heç
bir halda şiddətə dözmək, onu sevgi ilə kölgələmək
olmaz. Belə olanda acı sonluq
qaçınılmaz olur. Kaş ki bu cür hadisələrin
sayı azalsa... Lakin çoxalmağa və
getdikcə dəhşətli olmağa başlayır. Düşünürəm ki, artıq ailələr
üçün yeni qayda və qanunlar tərtib edilməlidir.
Düzü, burada insan ən başda özü
məsuliyyətli olmalı, ya da valideynləri belə
halların yaşanmaması üçün
çalışmalıdır. Qızlarımız
da artıq daha güclü olmağa, kimin nə dediyinə
yox, öz həyatlarına və gələcəklərinə
baxmalıdırlar. Bəlkə də
vaxtında həmin xanım nişanı qaytarsa belə bir
hadisə yaşanmazdı. Əgər
yaşanıbsa bəlkə onlar üçün çox
gecdir, amma bu taleyi yaşayan və şiddətə dözən
insanlar üçün dərs olmalıdır”.
Şəhər
sakini Aysel Məmmədova: “Məncə, problem ilk olaraq
kişidədir. İndi sual verərsiniz ki, “niyə kişidədir?”. Ümumiyyətlə, qadınla kişi arasındakı problem uşağın
gözləri qarşısında olmamalıdır. Çünki bu ilk növbədə
uşağın psixologiyasına təsir edir. Uşağın psixologiyasına təsir edən
halda isə cəmiyyətə normal fərd yetişdirmək
mümkün deyil. Əgər biz cəmiyyətə
sağlam fərd formalaşdırmaq istəyiriksə
uşağın da "xəmiri"ni
düzgün yoğurmalıyıq. Düşünürəm
ki, dava olsa da, hansı situasiyadan asılı olmayaraq ana
uşağı o yüksəkliyə çıxarmamalı
idi”.
Şəhər
sakini Ziya Hikmətoğlu: “Fikrimcə ailədə həm
fiziki, həm də psixoloji şiddət olduqda, insanlar son
çarə kimi intiharı seçir. Amma mən
belə düşünürəm ki, insanın
düşünəcəyi ən son çıxış
yolu intihardır. Azərbaycanda bildiyiniz
kimi ailə qadın probləri üzrə minlərlə
qurumlar, polislərimiz var. O qadın o qurumlara müraciət edə
bilərdi. Onlardan yardım ala, həm
özünü, həm də körpəsinin həyatını
xilas edə bilərdi. Mənim fikrimcə
burada günahkar kişidir. O, ailəsini düzgün anlasaydı,
ailəsinə hörmətlə yanaşsaydı bu olanlar
baş verməzdi”.
Şəhər
sakini Ülkər Xəlilli: “Ana və uşağın
ölümündə ata günahkardır. Məncə,
belə insanlara müalicə və psixoloji dəstək
lazımdır. Bunun
qarşısını ancaq belə almaq olar. Evlənmədən öncə belə, yəni
şiddətə meyilli insanlar psixoloqa görünüb
yoxlanılmalıdır”.
Şəhər
sakini Fidan Məmmədova: “Bu məsələyə ilk
növbədə aydınlıq gətirərək demək
istəyərdim ki, cəmiyyətimizdə qadın
hüquqları heçə sayılır. Qızlara evlərdə
məsləhət verilir ki, “burada bizim sözümüz
keçir, ailə quranda da yoldaşın nə dedi, o olacaq”. Hər şey baxın, elə burdan, bu cür səhv
tərbiyə metodundan başlayır. Niyə kişi nə dedi o olmalıdır? Qadın hissiz, duyğusuz dəmir
parçasıdırmı alınıb satılsın, istəniləndə
şiddət görsün? Qadın güc
göstərilmək üçün idman oyuncağı
deyil. Onun da hüquqları, söz
azadlığı var. Cəmiyyətimizdə bu cür vəhşiliklər
məhz qadın hüquqlarının tanınmaması,
tapdalanması üzündən baş verir. Buna əslində qadınlar özləri də
şərait yaradır. Qızların ata
ocağında təhsil almaması, sözünü
keçirdə bilməməsi, gözü bağlı, ancaq
"sevirəm" deyib ailə qurması və başqa
heçnəyi düşünməməsi, götür-qoy
etməməsi bu cür qadın şiddətlərinə,
zorakılıqlarına gətirib çıxarır. Ona görə bütün qadınlar öncədən
sözünü deməyi bacarmalı, düzgün insan
seçməlidir. Sevgi hər şeyi həll
etmir. "Sevirəmsə dözməliyəm,
hər dediyini etməliyəm" deyə bir cümlə
absurtdur. Bunu qarşılıqlı olaraq kişi
də düşünməli, kişi də əməl etməlidir.
Bu amillər təkcə qadın
üçün yaradılmayıb. Mən
bütün zorakılıqların, qadın cinayətlərinin
kökünü bunlarda görürəm”.
Ayşən Vəli
Səs.- 2021.- 4 sentyabr.- S.8-9.