“Human Rights Watch” Ermənistanın Azərbaycana
qarşı törətdiyi müharibə cinayətlərindən
bəhs edən hesabat yayımladı
“Human Rights Watch” II Qarabağ müharibəsi
zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi
müharibə cinayətlərindən bəhs edən hesabat
yayımlayıb.
Trend-in məlumatına görə,
hesabatda bildirilib ki, mühairbənin ilk günü Ermənistanın
atdığı mərmi Azərbaycanın Naftalan şəhərində
13 yaşlı Şəhriyar Qurbanovu və onun 14 yaşlı
əmisi qızı Fidan Qurbanovanı ailənin digər
üç üzvü ilə birlikdə evlərinin həyətindəcə
öldürdü, müharibə zamanı daha 10 azərbaycanlı
uşaq öldürülüb.
Qeyd edilib ki, döyüşlər
zamanı və sonrasında "Human Rights Watch" tədqiqatçıları
silahlı qüvvələrin mülki əhalini hücumdan
qorumaq üçün beynəlxalq müharibə qanunları
çərçivəsində üzərlərinə
götürdükləri öhdəlikləri yerinə
yetirib-yetirmədiklərini öyrənmək
üçün araşdırmalar aparıblar.
Bu hesabat 27 sentyabr və 9 noyabr
tarixləri arasında gedən döyüşlər
zamanı məktəblərə edilən hücumları
araşdırır və qarşıdurma zamanı məktəb
uşaqlarına dəyən zərərin nəticələrini
ortaya çıxarır.
Hesabata əsasən, Azərbaycanda 54 məktəb
dağıdılıb və zərər görüb. Bir
sıra uşaq baxçası, incəsənət və idman
məktəbləri, texnikumlar hücuma məruz qalıb.
Azərbaycanın qədim karvan
yolu üzərində yerləşən Tərtər şəhəri
döyüşlər zamanı Ermənistan tərəfindən
atılan raket və ağır artilleriya zərbələrinə
məruz qalıb. Şəhərin əsas küçəsində
olan demək olar ki, hər vitrin hücumlar nəticəsində
darmadağın olub.
"Human Rights Watch" nəticəyə
gəlib ki, erməni silahlı qüvvələrinin dəfələrlə
şəhərin sıx məskunlaşmış yerlərinə
qeyri-dəqiq, partlayıcı silah sistemlərindən istifadə
etməsi hədəflərə fərq qoymadan baş
vermişdir və beləliklə, bu, qanunsuz hücumdur.
Tərtər şəhərinin 1 nömrəli
məktəbi artilleriya zərbələrinə məruz
qalıb. Hücum nəticəsində həyətin
qırmızı kərpic divarları üzərində dərin
mərmi izləri qalıb, pəncərə çərçivələri
və şüşələr sındırılıb, sinif
otaqlarına ciddi ziyan dəyib. Dəymiş zərbədən
yaxınlıqdakı uşaq bağçası da zərər
görüb, pəncərə şüşələri
dağılıb. Dəymiş ziyanı
araşdırdığımız zaman məktəb gözətçisi
məktəblər döyüşlərə görə
bağlanmadan öncə 1300 şagirdin məktəbdə qeydiyyatdan
keçdiyini deyib.
Tərtərdə 1 saylı məktəbdən
bir neçə kilometr aralıda yerləşən 5 saylı
məktəb hücuma məruz qalıb. Məktəb direktoru
müsahibə zamanı bildirib ki, hücum nəticəsində
sinif otaqları, pəncərələr və onlayn dərs
vermək üçün müəllimlərin istifadə
etdiyi komputerlər darmadağın edilib, elektrik naqilləri kəsilib.
Bir az aralıda yaşayan 30
yaşlı Cavid Ağayevin sözlərinə görə, ən
az üç artilleriyanın cəlb edildiyi digər bir
hücum oktyabr ayının ortalarında baş verib və
atılan mərmi Şıxarx orta təhsil məktəbini və
eyni küçədə yerləşən musiqi məktəbini
dağıdıb.
Hesabatda deyilir: "Noyabr ayının əvvəllərində
Tərtərdə kimliyinin açıqlanmasını istəməyən
yüksək vəzifəli məmurla görüşdük.
O, boz və zeytun rənglərinin kamuflyajından ibarət
forma geyinmişdi. O, bizi şəhərin mərkəzində
regional mərkəzin altında yerləşən zirzəmiyə
apardı və bizə orada müharibə zamanı dəyən
ziyanla bağlı uzun bir siyahı oxudu. Onun sözlərinə
görə, on dörd dövlət məktəbi, üç
uşaq bağçası və bir peşə məktəbi
zədələnib və ya dağıdılıb. Hadisələr
zamanı 17 mülki vətəndaş öldürülüb
və 114.000 sakindən 10.000-i ərazidən evakuasiya edilməli
olub. Biz Tərtərdə zərər görmüş məktəbləri
ziyarət etdik və 5 hücum nəticəsində dəymiş
ziyanın şahidi olduq.
Azərbaycanın ikinci ən böyük şəhəri
olan Gəncədə Kənd Təsərrüfatı
Universitetində baytarlıq fənni üzrə dərs deyən
Dr. K. Məmmədova bizə hücumun dəqiq tarixini 5 oktyabr
səhər 2:37 radələrində olduğunu qeyd edib və
hücum zamanı öz keçmiş məktəbi olan 4
saylı orta məktəbin dağıdıldığını
vurğulayıb.
Məktəbin arxa girişinin
qarşısındakı küçəyə düşən
artilleriya raketi Rusiya istehsalı Smerch (Tornado) olub, milli Minatəmizləmə
Agentliyi bildirib. Qeyd edilib ki, Smerch 7,6 metr uzunluğunda olub, 258
kiloqram yüksək partlayıcı daşımaq qabiliyyətində
olub. Partlayış məktəbin arxa qanadındakı pəncərələri
və qapıları, sinif otaqlarını dağıdıb və
daxili həyətin qarşı tərəfindəki
otaqların pəncərələrinı sındırıb.
Gözətçinin sözlərinə
görə, məktəbdə 3200 şagird qeydiyyatdan
keçib".
8 oktyabr
Şahidlər bildirir ki, saat 11 -də başqa
bir Smerch raketi Azərbaycanın üçüncü
böyük şəhəri olan Bərdədə 5 nömrəli
orta məktəbin həyətinə düşüb. Məktəb
1500 şagirdə bağlı olsa da müharibə nəticəsində
evlərindən didərgin düşmüş 300 nəfər
üçün sığınacaq kimi fəaliyyət
göstərib. Məktəb direktoru Teymur Həmidov bildirib ki,
hücum zamanı 15 müəllim və digər heyət
üzvləri məktəbdə olub. 5 nəfər xəsarət
alıb.
Həmidovun sözlərinə görə,
raket ölümcül döyüş
başlığını mümkün ki, yerə dəymədən
öncə sərbəst buraxıb, o, yarı yerə
batmış və quyruğu “üç metr yuxarıya
doğru havada” olub.
14 oktyabr
Səhər saat 10-da iki
ağır artilleriya raketi Tərtərin iki kilometr
uzaqlığında yerləşən Düyərli kənd
məktəbinin həyətinə düşüb.
Üçüncü raket məktəbin damına dəyərək
beş sinif otağını yararaq keçib və
bütün məktəbi yandırıb.
Əlli yeddi yaşlı müəllimə Arzu
Quliyeva hadisə zamanı yolun digər tərəfində yerləşən
evində olub. Raketin qalıqları onun damına da dəyib və
yanğın başlayıb. Quliyevanın həyat
yoldaşı yanğınsöndürmə xidmətinə zəng
vurmağa çalışıb, lakin telefon xətti hücum
nəticəsində kəsilib. Onun dediklərinə görə,
o, yoldan keçən maşınlara qışqıraraq
yanğınsöndürənləri köməyə
çağırmasını xahiş edib.
Sakinlər və yanğınsöndürənlər
alovlarla mübarizə aparmaq üçün təzəcə
toplaşıblar ki, dördüncü raket atılıb. Yerli
nümayəndə hücum nəticəsində yaralanan yeddi
mülki vətəndaşın adını
açıqlayıb.
Həyat yoldaşı məktəbin müəllimi
olan 44 yaşlı Namiq Süleymanov bizə məktəbin həyətyanı
ərazisində artilleriya mərmisinin yaratdığı iki
krateri göstərib. Biz, eyni ərazidə hələ də
qalmaqda olan mərmi parçalarının şahidi olduq. Məktəbin
arxasında biz L şəkilli xəndək gördük.
Süleymanovun sözlərinə görə, bu,
sığınacaq olub. Hücumlar səbəbindən bu
qorunmaq planı ləğv edilmişdi.
Bir məktəbi və ya mülki ərazini qəsdən
hədəfə almaq müharibə cinayəti sayılır.
17 oktyabr
Saat 1.30 radələrində iki
Scud-B ballistik raket Azərbaycanın ikinci ən böyük
şəhəri Gəncəni vuraraq 21 nəfərin
ölümünə səbəb olub. İlk partlayış
Muxtar Hacıyev küçəsindəki evləri
dümdüz edərək 250 metr aralıda yerləşən
29 saylı orta təhsil məktəbini və 10 nömrəli
uşaq bağçasını dağıdıb. Zərbə
hətta 850 metr aralıda yerləşən 18 saylı məktəbin
pəncərələrini sındırıb. Hücum
zamanı 10 mülki vətəndaş evlərində həlak
olub. Onların dördü 29 saylı məktəbin
şagirdləri olub – 11 yaşlı Orxan, onun bacısı 6
yaşlı Məryəm, həmçinin onların digər
bacısı və anası; nənəsi tərəfindən
himayə edilən 13 yaşlı Artur və digər 4 ailə
üzvləriylə birlikdə həlak olan 14 yaşlı
Nigar.
Məktəbin həyəti şüşə
qırıntıları, dağılmış taxta pəncərələrin
qalıqları və sınmış parta və oturacaqlarla
dolu idi. Dağıntıları qeydə alan məktəbin rəhbərliyi
bizə bildirdi ki, məktəb evləri
dağılmış şagirdlərlə əlaqəni
itirib: “Onların indi harda olduğunu təsbit etmək asan
deyil və bu səbəbdən onları distant təhsillə
təmin edə bilmirik.” Məktəb digər tələbələr
üçün onlayn tədris üsulu ilə təhsili davam
etdirməyə cəhd edirdi.
Scud-B raketləri özləri ilə birlikdə
təxminən 1000 kiloqram həcmində yüksək
partlayıcı daşıya bilər. 1960 ci ildə Sovet
İttifaqında istehsal edilən raketlərin təxminən
100 metrə yaxın qeyri-dəqiq radiusu var. Bu tip silahlar qeyri-dəqiq
hesablamayla daha geniş ərazini dağıtmaq gücünə
sahibdir.
2 noyabr
Ermənistanla təmas xəttindən bir
neçə kilometr məsafədə yerləşən Azərbaycanın
Ağdam rayonunun Məhrizli kəndində raket səhər
saat 6 radələrində kəndin yeganə məktəbinin
sinif otaqlarını vurub. Hücum zamanı məktəbin
divarları, qapısı, pəncərələri və ləvazimatlar
dağılıb. Oktyabrın 10-da baş vermis digər bir
artilleriya hücumu artıq məktəbin həyətini vurub
ziyan yetirmişdi. Məktəbin 300 şagird və 35 müəllim
heyəti var idi.
Atəşkəsdən sonra
Noyabrın 9-da Azərbaycan hərbi
qüvvələri Şuşa (Bu şəhər 1990-cı
illərin əvvəlindən başlayaraq ermənilərin nəzarətində
olub) şəhərinə nəzarəti ələ
aldıqdan sonra Azərbaycan prezidenti və Ermənistan baş
naziri Rusiyanın vasitəçiliyi ilə atəşkəs
müqaviləsi imzalayıb və bununla
döyüşlərə son qoyulub.
Azərbaycan 6-həftəlik müharibədən
sonra nəzarətə aldığı ərazilərin yenidən
bərpası üçün 2.2 milyard manat (US $1.29bn)
ayırıb. İlkin 7 milyon manat dağılmış məktəblərin
təmirinə ayrılıb. Azərbaycan təhsil
naziri bizə bildirib ki, “uşaqlar üçün əlverişli
şəhərlər” tikmək üçün beynəlxalq
ictimaiyyətlə əməkdaşlıq edəcəklər.
Ərazilər basdırılmış minalarla doludur və
infrastrukturun böyük hissəsi dağılıb. 1990
-cı illərdən bəri mina qurbanlarının dörddə
birindən çoxu uşaqlar olub.
Hesabatda o da qeyd edilir ki, ABŞ hərbi strateqləri,
deyilənlərə görə, Azərbaycanın
döyüş meydanında uğur qazanmasında rolu olan
Türkiyə və İsrailin pilotsuz uçuş vasitələrinin
- dronların oynadığı rolu öyrənirlər.
Səs.-
2021.- 11 sentyabr.- S.11